Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5404/2020 23.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeha qarşı “sığorta ödənişi məbləğinin, işlərin görülməsi xərcinin və dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeha qarşı “sığorta ödənişi məbləğinin, işlərin görülməsi xərcinin və dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdeh 490 manat sığorta ödənişi məbləğinin, 1500 manat işlərin görülməsi xərcinin və 30 manat dövlət rüsumunun, cəmi 2020 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə məhkəməyə təqdim edilərkən ərazi aidiyyəti və iddia ərizəsinin forması və məzmunu ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələbləri pozulduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində Cavabdehun xarici vətəndaş olduğu qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası vətəndaşı olmayan şəxslərə qarşı iddialar cavabdehin olduğu (rəsmi qeydə alındığı) yerə görə verilir. MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Deməli, hazırkı iş üzrə ərazi aidiyyətinin müəyyən edilə bilməsi üçün cavabdehin rəsmi qeydə alındığı yerin müəyyən edilməsi zəruridir. Azərbaycan Respublikasındakı xarici vətəndaşların qeydiyyatını isə müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında“ Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21-ci maddəsi ilə müəyyən edilmiş müddətdə və qaydada olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir). Cavabdehin rəsmi qeydə alındığı yer barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş məlumatı əks etdirən sənədin əslini təqdim etmək isə iddiaçı kimi “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəzifəsidir. Lakin hazırkı işdən görünür ki, iddiaçı tərəfindən müvafiq sənədin yalnız surəti məhkəməyə təqdim edilmişdir. Halbuki, MPM-in 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Bu Məcəllənin 89.4-cü maddəsinə əsasən, sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. Cavabdehun Azərbaycan Respublikasında rəsmi qeydə alındığı yerin müəyyən edilməsini təsdiq edəcək yeganə sənəd müvafiq icra hakimiyyəti orqanının bu barədə qeydiyyatını əks etdirən sənəddir. Odur ki, bu sənədin surəti deyil, əsli məhkəməyə təqdim edilməlidir. Yalnız belə olan halda məhkəmə tərəfindən cavabdehin Azərbaycan Respublikası ərazisində sonuncu dəfə rəsmi qeydə alındığı yer bilinməklə işin ərazi aidiyyəti müəyyən edilə bilər. Eyni zamanda, müvafiq sənədin əslinin deyil, surətinin məhkəməyə təqdim edilməsi iddia ərizəsinin forma və məzmunu ilə bağlı MPM-in 149-cu maddəsinin tələbinin pozulması deməkdir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 149.2.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları ərizədə göstərilməlidir. Azərbaycan Respublikasının MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyatı üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeha qarşı “sığorta ödənişi məbləğinin, işlərin görülməsi xərcinin və dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeha qarşı “sığorta ödənişi məbləğinin, işlərin görülməsi xərcinin və dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-5404/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5404/2020
23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver