Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5405/2021 06.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment və maddi yardım” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment və maddi yardım” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə nikahından 02.05.2021-ci ildə doğulmuş X1 18 yaşına çatana qədər saxlanılması üçün cavabdehin aylıq gəlirlərinin ¼ qədər alimentin, həmçinin 150 manat anaya maddi yardımın Cavabdeh tutularaq ona ödənilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, o, Cavabdeh ilə 24.11.2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Cavabdehlə nikahından 02 may 2021-ci ildə Rüqəyyə adlı qızları doğulmuşdur. Hazırda cavabdehlə münasibətləri məhz cavabdehin təqsirindən korlandığı üçün faktiki ailə münasibətlərinə xitam verilmişdir və o, valideynlərinin yanına qayıtmışdır. Cavabdeh uşağın saxlanılmasında heç bir qaydada iştirak etmir, onun xərclərinin ödənilməsini təmin etmir. O həm uşağa baxır, həm də uşağın maddi tələbatları onun valideynləri tərəfindən ödənilir. Cavabdeh "xxxx" Şirkətində işləyir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qismən qəbul edərək bildirdi ki, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində mütəxəssis vəzifəsində işləyir və uşağa aliment verilməsinə razıdır, lakin iddiaçıya maddi yardım üçün pul tutulmasına razı deyildir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 4 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 02.07.2021-ci il tarixdə verilmiş AZ-İV seriyalı 613305 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 02 may 2021ci il tarixdə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2021-ci ilin iyul ayının 02-ci günündə 3141 nömrə ilə qeyd edilmişdir. Şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. 08.09.2021-ci il tarixli, MŞİH-01161 №-li “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, tərəflər ilkin mediasiya prosesindən sonra prosesi davam etdirməmək barədə qərar veriblər. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər hal-hazırda nikahdadırlar. İddiaçı ilə cavabdehin birgə nikahlarından 02 may 2021-ci il təvəllüdlü X2 doğulmuşdur. Cavabdeh övladına baxmadığına görə iddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Uşaq Hüquqları haqqında Qanunun 5-ci maddəsinə əsasən, Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. «Uşaq hüquqları haqqında» 20.11.1959-cu il tarixli Bəyannamənin 6-a maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12.11.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75-4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: (76.1.1) 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. “Elektron Məhkəmə” İnformasiya Sistemindən edilmiş çıxarışdan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində mütəxəssis vəzifəsində işləyir və əmək haqqı 1073,45 manatdır. Məhkəmə hesab edir ki, Cavabdeh 02 may 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancın (başqa gəlirlərin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutulmalıdır. İddia tələbinin maddi yardımla bağlı hissəsinə gəldikdə isə məhkəmə belə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə, iddiaçının azyaşlı uşağına baxdığı üçün işləyə bilmədiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay 50 manat sabit pul məbləğində maddi yardımın tutulması ağlabatan qiymət kimi qəbul edilə bilər. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi 14 sentyabr 2021-ci il tarixdən etibarən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 02 may 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancın (başqa gəlirlərin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment, habelə 02 may 2021-ci il təvəllüdlü X1 üç yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat maddi yardım İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 02 may 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancın (başqa gəlirlərin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment, habelə 02 may 2021-ci il təvəllüdlü X1 üç yaşına çatanadək saxlanılması üçün hər ay 50 (əlli) manat maddi yardım İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Alimentin və maddi yardımın tutulması müddəti 14 sentyabr 2021-ci il tarixdən müəyyən edilsin. Qətnamə aliment və maddi yardım hissəsində dərhal icra olunsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(010)-5405/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5405/2021
06.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver