Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5406/2021 19.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh Əsgər oğluna qarşı “aliment” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh Əsgər oğluna qarşı “aliment” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh Əsgər oğlu ilə faktiki birgə nikahından anadan olmuş X2 və X1 maddi və mənəvi tələbatlarının ödənilməsi üçün Cavabdeh Əsgər oğlundan hər bir uşağa görə 175 manat, cəmi 350 manat miqdarında sabit pul məbləğində alimentin ödənilməsinin müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Cavabdeh Əsgər oğlu ilə 25.12.2015-ci ildə faktiki nikah münasibətinə daxil olmaqla evlənmişik. Birgə nikahdan iki övladımız var: 10.03.2017-ci il təvəllüdlü X5 və 21.07.2018-ci il təvəllüdlü X3. Faktiki nikahda olduğumuz üçün uşaqlarımızın atalığı qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş və uyğun şəhadətnamələr alınmışdır. Ər-arvad münasibətlərimizi cavabdehin təqsirli hərəkətləri səbəbindən normal qura bilməmişik. Ailəmizin gələcəyi xatirinə bütün iztirablara dözsəm də cavabdeh bundan nəticə çıxartmamış və layiq olmadığım münasibətini dəyişməmişdir. Hazırda birgə yaşamırıq və birgə təsərrüfat aparmırıq. Zəruri olaraq bildirirəm ki, cavabdehin maddi köməyi olmadan övladlarımızın maddi və mənəvi ehtiyaclarını təkbaşına ödəyə bilmərəm. Belə ki, ixtisasım olmadığı üçün müstəqil işləyib qazanc əldə edə bilmirəm. Cavabdehin könüllü maddi yardım etməli olduğunu ona bildirdikdə yersiz təhqirlərə məruz qalıram. Belə qənaətdəyəm ki, faktiki ərarvad münasibətinə son verdiyimiz üçün cavabdehin ödəməli olduğu aliment övladlarımızın tələbatını qismən ödəyə bilər”. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə etdi ki, cavabdehlə yeddi il birlikdə yaşamış, onların faktiki nikah münasibətlərindən iki uşaqları doğulmuşdur. Son 3-4 aydır ki, ayrılmışlar. Həmin vaxtdan etibarən o, Ramana qəsəbəsində uşaqları ilə birlikdə kirayədə qalır, ayda 150 manat kirayə haqqı ödəyir. Uşaqları azyaşlı olduğuna görə işləyə də bilmir. Cavabdehə uşaqların saxlanılması üçün maddi yardım göstərməsi ilə bağlı müraciət etsə də o, bundan imtina edir. Cavabdeh mediasiya prosesində də aliment ödəməkdən imtina etmiş, uşaqların ona verilməsini istədiyini demişdir. Halbuki, onun aliment ödəməyə kifayət qədər maddi imkanı var. Belə ki, cavabdeh onunla faktiki ailə quran vaxtdan işləyir. O, icarəyə avtoyuma məntəqəsi götürmüşdür və həmin obyekti işlətməklə aylıq 700-800 manat gəlir əldə edir. Eyni zamanda, cavabdehin özünə məxsus evi var, hətta o, birmərtəbəli evinin üzərinə ikinci mərtəbəni tikdirərək evini təmir etdirir. Onun maddi imkanı kifayət qədər yüksəkdir. Bu səbəbdən tələb edilən alimenti ödəyə bilər. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Əsgər oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 11.01.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 14.03.2017-ci il tarixdə verilmiş AZ-İ 321756 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin (təkrar) notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Makhmudov Rızvan 27.02.2017-ci il tarixdə İddiaçı doğulmuş X2 atası hesab edilmiş, bu barədə atalığın müəyyən edilməsi haqqıda akt qeydləri kitabında 10.03.2017-ci il tarixdə 112 nömrə ilə qeyd edilmişdir. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 21.07.2018-ci il tarixdə verilmiş AZ-İ 355502 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Makhmudov Rızvan 09.07.2018ci il tarixdə İddiaçı doğulmuş X1 atası hesab edilmiş, bu barədə atalığın müəyyən edilməsi haqqıda akt qeydləri kitabında 21.07.2018-ci il tarixdə 278 nömrə ilə qeyd edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh Əsgər oğlunun faktiki nikah münasibətlərindən Emil və Gülgəz adlı iki uşaq doğulmuş, cavabdehin uşaqların hər ikisinin atası olduğu atalığın müəyyən edilməsi haqqında şəhadətnamə ilə təsdiq edilmişdir. Tərəflərin faktiki nikah münasibətləri pozulduqdan sonra uşaqlar iddiaçının yanında qalmışdır. Hazırda İddiaçı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh Əsgər oğlundan hər ay hər uşağa görə 175 manat olmaqla, 350 manat sabit pul məbləğində aliment tutulmasını tələb edir. Cavabdeh Əsgər oğlu isə məhkəmə iclasında iştirak etməmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 27ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarda daha sonra göstərilmişdir ki, Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğ eyni zаmаndа tərəflərin birgə faktiki nikahından doğulmuş uşaqlara dа şamil edilir. Məhkəmə uşаqların sаxlаnılmаsı üçün аlimentin miqdarına dаir məsələni həll edərkən uşaqların saxlanmaları ilə bağlı gündəlik qayğıların iddiаçının üzərinə düşməsini və onun uşaqlara qulluq etməsini diqqətəlayiq hal kimi nəzərə alır. Bununla belə məhkəmə hesab edir ki, bir uşaq üçün müəyyən edilmiş minimum istehlak səbətinin təmin edilməsinin yalnız valideynlərdən birinin, yəni atanın üzərinə qoyulması nəticəsinə gəlinməsi ədalətli hesab edilə bilməz. Belə ki, uşaqların saxlanılması hər iki valideynin borcudur. Bu baxımdan məhkəmə hesab edir ki, tərəflərin faktiki nikahından doğulmuş yetkinlik yaşına çatmayan 27.02.2017-ci il təvəllüdlü X5 və 09.07.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh Əsgər oğlundan hər ay hər uşağa 150 manat olmaqla, 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, alimentin tutulması iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi 14.09.2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Son olaraq, məhkəmə alimentin tutulmasınının zəruriliyi ilə bağlı cavabdehin diqqətinə çatdırır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Əsgər oğlundan 27.02.2017-ci il təvəllüdlü X5 və 09.07.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 150 manat olmaqla, 300 (üç yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmаlı, iddia qalan hissədə təmin edilməməli, alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 14.09.2021-ci il tarixdən etibarən hesablanmalı, qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddiа qismən təmin edilsin. 27.02.2017-ci il təvəllüdlü X5 və 09.07.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment 14 sentyabr 2021-ci il tarixdən hesablanmaqla Cavabdeh Əsgər oğlundan tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-5406/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5406/2021
19.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver