Məhkəmə qərarları › İş №2(010)-543/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-543/2020

26.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-543/2020 26.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2018-ci il tarixdən X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 600 manat olmaqla aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, cavabdehlə nikahları xx xxxx 2015-ci il tarixində pozulmuş və bu barədə Suraxanı rayon VVADQ şöbəsi nikahın pozulması barədə şəhadətnamə vermişdir. Cavabdehlə birgə nikah münasibətlərindən 2 övladları xx xxxxxxx 2007-ci ildə qızları X6, xx xxxxxx 2012-ci il tarixdə isə oğulları X7 anadan olmuşdur. xx xxxx 2015-ci ildə məhkəmə qaydasında nikah pozulduqdan sonra uzun məhkəmə mübahisəsində uşaqlar azyaşlı olduqlarına görə məhkəmənin qərarı ilə cavabdehə verilmişdir. xx.xx.2014-cü il tarixdən başlayaraq 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay aylıq qazancının üçdə bir hissəsi və eləcə də, hər ay hər uşağa görə 72 manat olmaqla, cəmi 144 manat aliment tutularaq Rəhimova (İsmayılova) Nurlana Şükür qızının xeyrinə ödənilməsinə dair Suraxanı Rayon Məhkəməsi 2(010)-149/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnamə çıxarmışdır. Ona kəsilən alimenti qaydasında ödəmiş, uşaqları ilə mütəmadi maraqlanmış, onunla istirahət günlərində vaxt keçirmələrini təmin etmişdir. Yay tətili günlərinin xx.xx.2018-xx.xx.2018-ci il tarixlərində uşaqlar onunla qalmış və bolluca istirahər etmişlər. Bu günlərdə onlarla ətraflı söhbət etmiş və məlum olmuşdur ki, uşaqlar anasını ay ərzində demək olar ki, 2-3 gün görür. Evə gəlmədiyindən uşaqların nənəsi ilə anası arasında tez-tez narazılıq, söz-söhbət yaranmışdır. Bu narazılıqlar və uşaqların analarına geri dönmək istəməməkləri ilə bağlı Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş və uzun məhkəmə çəkişməsindən sonra xx.xx.2019-cu ildə Bakı Apellyasiya məhkəməsinin qərarı ilə övladı X1 onunla yaşaması təmin edilmiş və Ali Məhkəmənin qərarına əsasən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Cavabdehdə qalan övladına görə və keçmiş qətnaməyə əsaslanaraq Yasamal rayon icrası əmək haqqından 50% olmaqla cavabdehin xeyrinə aliment tutulması qərarını vermişdir. Onun cavabdehdən olan qızının və yeni qurduğu ailənin yaşaması üçün heç bir imkan qalmayıb, bu, onun ailəsinə qarşı ədalətsizlikdir. Hazırda cavabdehdən dünyaya gələn qızı xx.xx.2018-ci il tarixdən onunla birlikdə yaşayır. Bu müddət ərzində cavabdeh bir dəfə də olsun onunla maraqlanmamış və həmin vaxtdan heç bir maddi köməklik göstərməmişdir. Əmək haqqının böyük hissəsini tutduqlarına görə uşağı saxlamaq onun üçün maddi cəhətdən çətindir. Cavabdeh orta ixtisas təhsilli, ixtisasca ingilis dili müəlliməsi olsa da onunla yaşadığı dövrdə və sonralar Bakı Avrasiya Universitetində kitabxanaçı vəzifəsində çalışmışdır. Cavabdehin işləməsi üçün heç bir problem yoxdur. Müxtəlif yerlərdə qadın gözəllik salonlarında və apteklərdə işləsə də məhkəmə sorğularında aliment alması üçün heç bir yerdə işləmədiyini qeyd etmişdir. Göründüyü kimi cavabdehdən doğulan 2 övladından biri onunla yaşayır və o, cavabdehdə qalan övladı üçün 340 manata yaxın, əlavə olaraq da yığılmış aliment borcunu ödəməklə təxminən 600 manat aliment ödəyir. Onun əmək haqqı artaraq 1270 manat olsa da, aliment ödədiyindən 300-400 manat aylıq gəliri qalır. Halbuki, gender bərabərliyinə əsasən həm ana, həm də atanın hüquqları eyni olmalı və eyni vəzifələri daşımalıdırlar. Cavabdehin işləməsinə dair hazırda heç bir sübutu olmasa da, cavabdehin işləməməsi onu aliment ödəmək öhdəliyindən azad etməməlidir. Reallığa qalsa, cavabdeh ondan 600 manata yaxın aliment aldığına görə işləməyinə ehtiyacı yoxdur. O, hazırda qızını X12 yazdırmaq üçün hazırlıqlara qoymuş və onun savadlı, mükəmməl təhsil alması üçün əlindən gələni edir. Cavabdeh isə uşağa baxan bir ana deyil və o, əmindir ki, aliment kəsiləcəyi təqdirdə alimenti ödəməmək üçün digər uşağı ona verəcəkdir. Bundan əlavə, o, xx.xx.2015-cı il tarixdə yenidən ailə həyatı qurmuş və bu evlilikdən xx.xx.2016-cı il təvəllüdlü X8 dünyaya gəlmişdir. Yeni ailəsi ilə birlikdə yaşasalar da hazırda həmin nikahdan doğulan uşağı üçün də aliment ödəyir. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. xx.xx.2019-cu il tarixli məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə aralarındakı nikah 2015-ci ildə pozulub və həmin vaxt uşaqların saxlanılması üçün atalarından hər uşağa görə maaş və qazancın 1/3-i və əlavə 72 manat aliment tutulmuşdur. Qızı iddiaçıda qalan müddətdə o, dəfələrlə qızını geri qaytarmağa çalşsa da, qızı onu görmək istəmədiyini və atası ilə qalmaq istədiyini bildirmişdir. Bakı Apellyasiya məhkəməsinin qərarı ilə övladı X1 atası ilə yaşaması təmin edilmişdir. Hazırda qızına görə iddiaçıdan aliment tutulmur. Onun maaşından tutulan pul oğluna görə tutulan aliment pulu və köhnə aliment borclarıdır. Qızının atasının yanında qalması müəyyənləşdirildiyinə görə qızının saxlanılması üçün atasından alimentin tutulması dayandırılıb. İddiaçının əmək haqqı təxminən 1300 manatdır. Aliment bir uşağa görə təxminən 200-250 manat tutulurdu. Göründüyü kimi iddiaçının əmək haqqı xeyli yüksəkdir və o, sadəcə bir uşağa görə aliment ödəyir. Əmək haqqından qalan digər məbləğlə isə özünü və ailəsini saxlamağa kifayət qədər imkanı var. Lakin buna baxmayaraq, iddiaçı qızının saxlanması üçün ondan aliment tələb edir. Halbuki, o, heç bir yerdə işləmir və gəlir yeri yoxdur. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Zülfüqar Sadiqov) 2(010)-149/2015 nömrəli iş üzrə qəbul etdiyi xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X5 qarşı “nikahın pozulması” tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı ilə cavabdeh X9 arasında xx xxxxxx 2006-cı ildə Bakı şəhər Yasamal rayon Qeydiyat şöbəsində bağlanmış nikahın pozulması, iddianın qalan hissədə təmin edilməməsi, xx xxxxxxx 2007-ci il təvəllüdlü X6 və xx xxxxxx 2012-ci il təvəllüdlü X2 boşanmadan sonra cavabdeh X3 yanında qalmaları, xx xxxxxxx 2007-ci il təvəllüdlü X1 və xx xxxxxx 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanmalan üçün İddiaçı hər ay aylıq qazancının üçdə bir (1/3) hissəsi və eləcə də, hər ay hər uşağa görə sabit pul məbləğində 72 (yetmiş iki) manat olmaqla, sabit pul məbləğində cəmi 144 (yüz qırx dörd) manat miqdarında alimentin X3 xeyrinə tutulması, alimentin tutulmasının əvvəlinin xx xxxxxx 2014-cü il tarixdən hesablanması, İddiaçı dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı 238991 №-li nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X9 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2016-cı ilin aprel ayının 02-ci günündə 95 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunduqdan sonra kişiyə İsmayılov, qadına Rəhimova soyadı verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Səlimə Mirəliyeva) 2(010)- 334/2019 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “uşaq tələbi barədə” iddiası tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9272/2019 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “uşaq tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxx 2019-cu il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti qismən təmin edilərək, hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxx 2019-cu il tarixli qətnamə qismən, xx.xx.2007-ci il təvəllüdlü X1 Cavabdeh alınaraq İddiaçı verilməsi barədə tələbin təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, həmin tələbin təmin edilməsi, xx.xx.2007-ci il təvəllüdlü X1 Cavabdeh alınaraq İddiaçı verilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(010)-334/2019 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(103)-9272/2019 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozularaq, uşaqların ananın himayəsinə verilməsi və İddiaçı hər iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay aylıq qazancının üçdə bir hissəsi və eləcə də, hər ay hər uşağa görə 72 manat olmaqla, cəmi 144 manat alimentin tutularaq Rəhimova (İsmayılova) Nurlana Şükür qızının xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “uşaq tələbi barədə” iddiası tələbi rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9272/2019 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən isə xx.xx.2007-ci il təvəllüdlü X1 Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(103)-9272/2019 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. Hazırda İddiaçı xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh aliment tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «X16» BMT-nin xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 6-cı maddəsində göstərilir ki, iştirakçı dövlətlər uşağın sağ qalmasını və sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin edirlər. «X16» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «X16 Konvensiya»nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avrova Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Göründüyü kimi, istər daxili, istərsə də beynəlxalq hüquq normalarının tələblərinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsində isə təsbit edilmişdir ki, tərəflərdən hər biri ilə uşaq qalıbsa bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Göstərilən qanunvericilik normalarının da məzmunundan göründüyü kimi aliment məsələsi həll edilərkən məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, həmçinin aliment ödənilən tərəfin az təminatlı valideyn olması halı nəzərə alınmalıdır. İş materiallarından isə görünür ki, aliment ödənilməsi tələb olunan tərəf, yəni Cavabdeh heç bir yerdə işləmir və məhkəmə qətnaməsi ilə himayəsində qalması müəyyən olunmuş xx xxxxxx 2012-ci il təvəllüdlü oğlu X4 təlim-tərbiyəsi və dərslərilə məşğul olur. Himayəsində azyaşlı uşaq olduğu halda cavabdehin (ananın) işləməsi və yüksək əmək haqqısı olan iddiaçıya (ataya) aliment ödəməsi onun maddi durumunu daha da pisləşdirəcəkdir. Həmçinin, hazırki mülki iş üzrə məhkəmə işin dəlillərinə hüquqi qiymət verərək onu qeyd edir ki, məhkəmələr yalnız təqdim edilmiş sübutlar əsasında araşdırma aparır. Bu sübutları təqdim etmək mülki iş üzrə tərəflərin vəzifəsidir. İddiaçı cavabdehin hazırda işlədiyini, lakin buna baxmayaraq yenə də ondan yüksək məbləğdə aliment alması üçün bunu gizlətdiyini bildirsə də, hazırda cavabdehin işləməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə, iddiaçının özünün də etiraf etdiyi kimi Azərbaycan Dövlət İqtisad Universitetində texniki şöbə müdiri vəzifəsində çalışır və 1270 manat əmək haqqı alır. Bundan əlavə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı qərəzli şəkildə cavabdehdən aliment tələb edir. Belə ki, iddiaçının özünün də etiraf etdiyi kimi onun məqsədi əslində uşağın mənafeyini düşünərək cavabdehdən uşağa baxmağa görə aliment almaq deyil, cavabdehi aliment ödəməyə məcbur etməklə onu maddi və mənəvi cəhətdən sarsıntılara məruz qoymaq və uşağı cavabdehdən geri almaqdır. Halubki, qüvvədə olan məhkəmə qətnaməsinə əsasən xx xxxxxx 2012-ci il təvəllüdlü oğlu X4 anasının himayəsində qalmasına qərar vermiş və digər instansiya məhkəmələri tərəfindən qeyd olunan məhkəmə qətnaməsi həmin hissədə dəyişdirilməmişdir. Göründüyü kimi iddiaçı qərəzli olaraq məhkəmə qətnamələrinin müəyyən etdiyi hallarla razılaşmayaraq onun icrasından boyun qaçırmaq və cavabdehin himayəsindəki uşağı ondan alaraq ümumiyyətlə aliment ödəməkdən yayınmaq fikrindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Beləliklə məhkəmə, cavabdehin (ananın) az təminatlı olmasını, heç bir gəlir yeri olmadığı halda cavabdehdən (anadan) iddiaçının (atanın) xeyrinə aliment ödəniləcəyi təqdirdə iddiaçının (ananın) qarşılacağı çətinlikləri və keçirəcəyi mənəvi-psixoloji sarsıntıları, himayəsində olan uşağına görə iddiaçıdan (atadan) alınan alimenti yenidən öz aliment borcunu ödəmək üçün iddiaçıya (ataya) qaytaracağını və buna görə də öz himayəsindəki uşağına baxa bilməyəcəyini, habelə, bu məzmundakı qətnamənin icrası mümkün olmayan akta çevriləcəyini nəzərə alaraq cavabdehdən (anadan) iddiaçının (atanın) xeyrinə aliment ödənilməsini məqsədəmüvafiq hesab etmir. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia rədd edilməli, İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsi” tələbinə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar