Məhkəmə qərarları › İş №2(010)-543/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-543/2024

18.04.2024 · Müqavilələrin ləğv edilməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-543/2024 18.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi ilə, birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavadbeh İddiaçı1, birinci iddia üzrə iddiaçılar, ikinci iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 və birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) “alqı-satqı müqaviləsinin ləğv edilməsi və istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair (Birinci iddia) və iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh2 qızı və X9) “daşınmaz əmlakın açıq hərracda satılması və satış pulunun mülkiyyətçilər arasında paylara uyğun bölüşdürülməsi” tələbinə dair (İkinci iddia) mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Birinci iddia İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən qanunla qorunan mülkiyyət hüquqları pozulduğu üçün cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı arasında ünvan 1 ünvanında notarial qaydada bağlanmış alğı-satqı müqaviləsinin ləğv edilməsi, ev əmlak payından istifadəyə maneələrin aradan qaldırılması, pozulmuş əmlak hüquqlarının bərpası barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən bacısı Cavabdeh1 2/20 və 1/10 hissədə İddiaçı1 məxsus və 1/10 pay hissədə İddiaçı2 məxsus vərəsəlik paylarından olan ünvan 1 ünvanında, ümumi sahəsi 173.4 kv.m olan evi razılıqları olmadan notarial qaydada müqavilə ilə Cavabdeh2 qızına satmışdır. Alıcı Muradova X8 Cəmilə Yusif qızından aldığı yaşayış evinin hissəsini ticarət dükanına çevirmiş, İddiaçı1 məxsus 2/20 və 1/10 hissəni, eləcə də İddiaçı2 məxsus digər 1/10 pay hissəsini qanunsuz olaraq zəbt etmiş, ona maddi və mənəvi zərər vurmuş və vurmaqda davam edir. Belə ki, iddiaçılara aid ev əmlak payından yaranmış giriş-çıxış maneələri ilə bağlı, eləcə də yeni tikililər aparılmaqla ev əmlakının müvafiq hissələrindən istifadənin qarşısı alınmaqla istifadə etmək mümkünsüz olmuşdur. Cavabdehlər tərəfindən ümumi paylı mülkiyyət iddiaçıların iradəsi ziddinə olaraq digər şəxsə satılmaqla qanunla müəyyən edilən və qorunan mənafeyi pozulmuş və məhkəmə qaydasında hüquqlarının müdafiəsinə zərurət yaranmışdır. Bununla yanaşı, onu da bildirir ki, hazırda mübahisələndirdiyi iddiaçılara məxsus pay hissələrində ev əmlakının paylar üzrə naturada bölünməsi və ayrılması mümkün olduğu halda cavabdehlərin ev əmlakının paylara naturada bölünməsi ilə bağlı mümkünlüyünü inkar etmələrinin səbəbi məhz iddiaçılara məxsus payların əsassız varlanma yolu ilə tutaraq əldə etməkdir. İddia tələbinin dəqiqləşdirilməsi Birinci iddia üzrə iddiaçıların, ikinci iddia üzrə cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızı arasında ünvan 2 ünvanında notarial qaydada bağlanmış, satıcı X3 ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 173.4 kv.m olan (mənzilin paylı mülkiyyət üzrə 2/20 pay – 173.4 kv.m hissəsini) xx.xx.2018-ci il tarixli, AN-İ seriyalı, ******* saylı notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinin ləğv edilməsi, iddiaçılara aid ev əmlak payından və ümumi istifadəyə maneələrin aradan qaldırılması, pozulmuş əmlak hüquqlarının bərpası barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə etiraz Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, cavabdeh alğı-satqı müqaviləsi bağlandığı gündən 3 ay ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, bununla da müraciət etmək hüququnu itirmişdir. Qanuni qüvvəsini almış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1606/2023 saylı qətnamə ilə payların naturada ayrılmasına dair iddia tələbi rədd edilmişdir. Beləliklə, paylar naturada ayrılmadığından və ayrıla bilmədiyindən kimin kimə maneə yaratmasının müəyyən edilməsi mümkün deyil. Bundan əlavə, payların naturada ayrılması haqqında iddia ərizələri icraatda olan zaman, eləcə də verdiyi apelyasiya şikayətində cavabdeh İddiaçı1 açıq mövqe bildirərək Cavabdeh1 payların naturada ayrılması haqqında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bu fakt onu göstərir ki, İddiaçı1 Cavabdeh1 paylarını tanımış, bəyənmiş və mübahisələndirmək fikri olmamışdır. Odur ki, məhkəmədən iddia müddətinin tətbiq edilməsini, hazırki mülki işi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan e-2(010)-5933/2023 saylı mülki işlə bir icraata birləşdirilməsi haqqında qərardad qəbul edilməsini və İddiaçı1 və İddiaçı2 “alğı-satqı müqaviləsinin ləğvi, əmlak payından istifadəyə maneələrin aradan qaldırılması haqqında” iddia tələbinin rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İkinci iddia İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh2 qızı və X9) “daşınmaz əmlakın açıq hərracda satılması və satış pulunun mülkiyyətçilər arasında paylara uyğun bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən daşınmaz əmlakın dövlət reyestrində “**********49-10301” reyestri nömrəsi ilə qeydiyyata alınmış ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılıdığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ümumi sahəsi 173.4 kv/m olan, ünvan 4 ünvanında yerləşən paylı mülkiyyətdə olan daşınmaz əmlakın mülkiyyətçilərindən biridir. Daşınmaz əmlak 2/20 pay üzrə mərhum Koroğlu Axtarəli oğlunun, 2/20 pay üzrə İddiaçı1, 16/20 pay üzrə isə onun mülkiyyətindədir. O, daşınmaz əmlakın əhəmiyyətli (4/5) hissəsini notarial alğı-satqı müqaviləsi əsasında üçüncü şəxslər Cavabdeh2 qızı və X4 almışdır. Evi ona satan şəxslər paylarla bağlı hər hansı mübahisənin olmadığını, vaxt tapan kimi İddiaçı1 da notariat kontoruna gəlib öz payını təqdim edəcəyini, mərhum Koroğlu Axtarəli oğlunun payı ilə bağlı vərəsəlik məsələləri həll olunduqdan sonra o payında onun mülkiyyətinə verilməsinin təmin olunacağını bildirmişlər. Buna baxmayaraq sonradan cavabdeh İddiaçı1 ilə payın təqdim olunması ilə bağlı aparılmış danışıqlar fayda verməmiş, İddiaçı1 payı vermək istəmədiyini bildirmiş və bu səbəbdən də mübahisə yaranmışdır. Vahid çıxarışla rəsmiləşdirilmiş əmlak əslində iki ayrı-ayrı fərdi yaşayış evindən ibarətdir: ev “A” və ev “B”. “A” evində cavabdehlər yaşayır, “B” evində isə o yaşayır. “A” evinin ümumi sahəsi 45.8 kv/m, “B” evinin isə ümumi sahəsi 127.6 kv.m-dir. Hər iki evin ümumi sahələrinin cəmi 173.4 kv/m-dir. Onun payının 16/20 olması onu göstərir ki, ona düşən hissə 138.72 kv.m-dir (173,4/20 = 138.72). Onun qənaətinə görə, faktiki yaşadığı “B” evinin tam, eyni zamanda cavabdehlərin yaşadığı “A” evinin 11.2 kv/metr hissənin mülkiyyətçisidir. Buna baxmayaraq paylar naturada ayrılmadığına görə daşınmaz əmlakın hansı hissəsinin kimin mülkiyyətində olmasını israr etmək mümkün deyil, cavabdehlərlə də qarşılıqlı razılıq əldə etmək mümkün olmur. Belə ki, cavabdehlər məsələni məhkəmədən kənar qaydada həll etməyə istiqamətlənmiş, onun xahişlərini davamlı şəkildə rədd etmişlər. Payların naturada ayrılması ilə bağlı əvvəllər Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət olunmuş, məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, payların naturada ayrılması haqqında iddia tələbi rədd edilmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh İddiaçı2 daşınmaz əmlak üzərində mərhum Koroğlu Axtarəli oğlunun payını faktiki qəbul etmişdir. O, cavabdehlərə təkliflə müraciət edərək öz payını təklif etmişdir. Qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onlardan hər-hansı cavab daxil olmamışdır. Cavabdehlərin təklifinə müsbət cavab verməməsini nəzərə alaraq hesab edir ki, daşınmaz əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib sürətdə bölüşdürülməsi vacibdir. İddia tələblərinin birləşdirilməsi Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-861/2024 saylı qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı (Cavabdeh2 qızı və Əliyeva (Muradova) Reyhan Koroğlu qızı üçüncü şəxs qismində cəlb edilməklə) “daşınmaz əmlakın açıq hərracda satılması və satış pulunun mülkiyyətçilər arasında paylara uyğun bölüşüdürülməsi” tələbinə dair e-2(010)-861/2024 saylı mülki işin iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair 2(010)-543/2024 saylı mülki işə birləşdirilməsi qərara alınmışdır. Tərəflərin izahatları Məhkəmənin hazırlıq iclasında birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh İddiaçı1 birinci iddianı müdafiə edərək, ikinci iddianı isə qəbul etməyərək bildirmişdir ki, bacısı Cavabdeh2 qızı ondan və qardaşı İddiaçı2 xəbərsiz atalarından onlara miras qalmış payı alğı-satqı ilə Cavabdeh1 satmışdır. Ata payında ona vərəsəliklə 1/10 hissə, qardaşı İddiaçı2 də 1/10 hissə düşmüşdür. Atasını sağlığında məhkəmə tərəfindən pay bölgüsü olmuş, lakin o, bibisi oğlu ilə evləndiyindən və həmin həyətdə bibisinin də payı olduğundan ona ordan da gəlin kimi pay düşmüşdür. O, hazırda həmin həyətdə gəlin kimi bibisinin payında yaşayır. O və qardaşı Əli hazırda ata payından onlara düşən hissədən istifadə edə bilmirlər. Onlar həmin payların satılmasına razı deyillər, çünki bacısı Gültamam oranı onlardan xəbərsiz satmışdır. Məhkəmənin hazırlıq iclasında birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh İddiaçı2 birinci iddianı müdafiə edərək, ikinci iddianı isə qəbul etməyərək bildirmişdir ki, o, həyətə gəlib baxış keçirən ekspertin rəyi ilə də razı deyildir və ekspert yalan danışır. Məhkəmənin hazırlıq iclasında birinci iddia üzrə iddiaçılar, ikinci iddia üzrə cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 birinci iddianı müdafiə edərək, ikinci iddianı isə qəbul etməyərək bildirmişdir ki, sözügedən həyətdə iddiaçıların hər ikisinin atadan qalma payı vardır. Alqı-satqı müqaviləsi ciddi pozuntularla bağlanmışdır. Həmin pozuntuların kim tərəfindən edilməsini dəqiq bilmir. Düzdür, müqavilə onların paylarına münasibətdə bağlanmıyıb. Lakin payçı kimi əmlak satılan zaman ilk iddiaçılara təklif olunmalı idi. Buna baxmayaraq onlara təklif olunmamışdır. Əmlaka yiyələnmək baxımından iddiaçılar hüququ olan şəxslərdir. Buna görə də iddiaçıların hüquqları ciddi şəkildə pozulmuşdur. Hesab edir ki, müqavilə ləğv edilməlidir. Bundan əlavə olaraq bildirmişdir ki, ekspert rəyində əmlakın bölünə bilməyən əmlak olması qeyd edilmişdir. Lakin ekspert əmlaka yerində baxış keçirsəydi, onda görərdi ki, əmlak bölünə bilən əmlakdır. Buna görə də ekspert rəyi ilə də razı deyillər. Hətta Cavabdeh1 dəfələrlə İddiaçı1 təkidlə payını ona satmasını demişdir. Lakin İddiaçı1 öz payını satmaq istəmədiyini bildirmişdir. Məhkəmənin hazırlıq iclasında birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 birinci iddianı qəbul etməyərək, ikinci iddianı isə müdafiə edərək bildirmişdir ki, Cavabdeh1 payları tam qanuni formada almışdır. Onlar ilk əvvəl iddiaçıların payının məcburi qaydada onlara satılmasını təklif etmiş və bununla bağlı iddia qaldırmışlar. Konstitusiya Məhkəməsinin bununla bağlı mövqeyi də var. Ona görə də məhkəmə əsaslı olaraq onların iddiasını rədd etmiş və onlar bu qətnamə ilə razılaşaraq apellyasiya şikayəti verməmişlər. Bundan sonra onlar yeni iddia ilə, yəni payların naturada bölünməsi ilə bağlı iddia qaldırmışlar. Bu zaman ekspertiza təyin olunmuş və ekspert gəlib həmin əraziyə baxış keçirmişdir. Baxış zamanı ekspert müəyyən etmişdir ki, iddiaçıların yaşadığı “A” tikilisində ümumiyyətlə ayaqyolu, mətbəx və bu kimi həyat üçün əhəmiyyətli olan tikililər yoxdur və buna görə də rəydə bölünə bilən payların müəyyən edilmədiyini qeyd etmişdir. Rəyi əsas gətirərək məhkəmə onların bu iddiasını da rədd etmişdir. Lakin onlar payların naturada bölünməsini çox istəmişlər. Buna baxmayaraq qarşı tərəf, yəni İddiaçı1 həmin qətnamədən apellyasiya şikayəti vermiş və hakim də düzgün olaraq şikayəti mümkünsüzlüyü ilə bağlı geri qaytarmışdır. Belə ki, qarşı tərəf rədd olunmuş iddiadan apellyasiya şikayəti verə bilməzdi, bu qanunaziddir. Buna baxmayaraq bu hal özü də onu göstərir ki, İddiaçı1 həmin zaman payların naturada bölünməsini istəyirmiş, lakin indi isə iddia qaldırır ki, müqavilə ləğv edilsin. Ümumiyyətlə hazırkı iş üzrə iddiaçıların heç biri bu iddianı qaldırmaq hüququna malik deyildir. Çünki, Mülki Məcəllənin 421, 422-ci maddələrində qeyd olunur ki, yalnız müqavilə tərəfləri əvvəl öz aralarında müqavilənin ləğvi ilə bağlı razılığa gələ bilərlər. Əgər razılıq alınmırsa, müqavilə tərəfləri müqavilənin ləğvi ilə bağlı məhkəməyə müraciət edə bilərlər. Lakin müqavilənin etibarsızlığını isə hüquqlarına toxunan şəxslər mübahisələndirə bilər. Belə ki, Mülki Məcəllənin 218.3-cü maddəsinə əsasən, pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. Burda da iddiaçılar o hüququndan istifadə etməmiş və həmin hüququnu artıq itirmişlər. Məhkəmə baxış iclasında birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh İddiaçı1 birinci iddianı müdafiə edərək və ikinci iddianı qəbul etməyərək bildirdi ki, bacısı xəbərsiz, gizlin şəkildə alğı-satqı müqaviləsi bağlamış və həm atasını həm də bacılarının payını satmışdır. Həm özü həm də qardaşı mübahisəli daşınmaz əmlakın onların payına düşən hissəsini satmaq istəmirlər, çünki orada yaşayırlar və yaşayacaqlar. Cəmilə isə həmin ünvanda yaşamır. Odur ki, məhkəmədən birinci iddianın təmin edilməsi, ikinci iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh İddiaçı2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh İddiaçı2 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə baxış iclasında birinci iddia üzrə iddiaçıların, ikinci iddia üzrə cavabdehlərin vəkili və nümayəndəsi birinci iddianı müdafiə edərək və ikinci iddianı qəbul etməyərək bildirdi ki, iddia tələbləri əsaslıdır və təmin olunmalıdır. Lakin qarşı tərəfin iddiası isə əsassızdır. Qarşı tərəf subyektiv hüququndan istifadə edərək birinci iddia üzrə iddiaçıların iradələrinə zidd olaraq onları mülkiyyət hüququndan məhrum etmək istəyir. Mübahisəli daşınmaz əmlakda həm Aygünün həm də Əlinin payları vardır. Daşınmaz əmlakın alğı-satqı müqaviləsi isə pozuntuyla bağlanmışdır. Həmin pozuntunu ya şəxs ya da notarius etmişdir, lakin pozuntunun kim tərəfindən törədilməsi ona məlum deyildir. Sözügedən müqavilə birinci iddia üzrə iddiaçıların paylarına münasibətdə isə bağlanmamışdır. Əmlaka yiyələnmək baxımından hüquqlarını müdafiə etdiyi birinci iddia üzrə iddiaçıların hüquqları pozulmuşdur. Ekspertizada ekspert həmin əmlakı bölünə bilməyən əmlak kimi qeyd etsə də, həmin əmlak bölünə bilən əmlakdır. Cəmilə Aygünə dəfələrlə deyib ki, öz payını ona satsın. Lakin Aygün bununla razılaşmamışdır. Aygünün əlində çıxarış var, çıxarışda həm qeyd olunmayan hissə, həm də açıq qalan pay var. Odur ki, məhkəmədən birinci iddianın təmin edilməsi, ikinci iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 birinci iddianı qəbul etməyək və ikinci iddianı müdafiə edərək bildirdi ki, ekspert həmin daşınmaz əmlakla bağlı artıq 1 dəfə rəy verərək qeyd etmişdir ki, bölünə bilməyən ərazidir. Qarşı tərəfin nümayəndəsi və vəkili həm müqavilənin ləğv edilməsini, həm də maneələrin aradan qaldırılmasını qeyd etsə də bu düzgün deyildir. Payların naturada ayrılması ilə bağlı ekspert rəyi ilə yanaşı eyni zamanda məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi də mövcuddur. Hazırkı mübahisənin sivil yolla həll olunmasını istəyirlər. Qarşı tərəf artıq dəfələrlə onlara etdikləri təklifə müsbət yanaşmamışlar, deməli onlar mübahisənin məhkəmədənkənar həll edilməsi ilə bağlı razılığa gəlmək istəmirlər. Odur ki, məhkəmədən birinci iddianın təmin edilməməsi, ikinci iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş birinci iddia üzrə Cavabdeh2 qızı (ikinci iddia üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs) məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçı Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçı Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş ikinci iddia üzrə işə cəlb edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Birinci iddia üzrə işə cəlb edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoru ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş və çıxarılacaq qətnaməni məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Birinci iddia üzrə işə cəlb edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 070913 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Koroğlu Axtarəli oğlu xx.xx.2003-cü il tarixdə (73 yaş) ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2003-cü il tarixdə 767 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 295606 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Məryəm Axtarəli qızı xx.xx.2007-ci il tarixdə ölmüş, bu barədə xx.xx.2007-ci il tarixdə 855 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli, 2-339 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsindən müəyyən olunur ki, Yeni Suraxanı qəsəbəsi, Tağıyev küçəsi, 18 saylı evin “A” tikilisinin tinindən “B” tikilisinə tərəf tindən Tağıyev küçəsinə perpendikulyar istiqamətdə su anbarı Koroğlu Axtarəli oğlunun ərazisində qalmaqla həyət hasarı çəkilməklə həyətyanı sahədən istifadə qaydasının müəyyən edilməsi, hasarın hər iki tərəfin xərci hesabına çəkilməsi və su anbarından ümumi qaydada istifadə edilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(010)-138/2013 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən müəyyən olunur ki, Cavabdeh2 qızı və X7 iddiası təmin edilərək Koroğlu Axtarəli oğlundan miras qalmış əmlakın vərəsələr arasında bölünməklə - 1/10 pay X2, 1/10 pay İddiaçı1, 1/10 pay İddiaçı2 verilməsi və 7/10 pay Cavabdeh2 qızı və X7 arasında bərabər paylara bölünməklə payları müəyyən edilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)- 3156/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 qarşı “mülkiyyət hüquqlarına xitam verilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 1606/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 qarşı (İddiaçı2 üçüncü şəxs qismində cəlb edilməklə) “payın naturada ayrılması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 173.4 m2 olan fərdi yaşayış evi üzərində 2/20 hissədə İddiaçı1 (xx.xx.2015-ci il tarixdə), 16/20 hissədə Cavabdeh1 (xx.xx.2017-ci il tarixdə) payı qeydə alınmış və Koroğlu Axtarəli oğlunun 2/20 hissədə payı açıq qalmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, , ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 173.4 m2 olan fərdi yaşayış evi üzərində 2/20 hissədə İddiaçı1 (xx.xx.2015-ci il tarixdə), 2/20 hissədə X1 (xx.xx.2017-ci il tarixdə), 14/20 hissədə Cavabdeh1 (xx.xx.2015-ci il tarixdə) payı qeydə alınmış və Koroğlu Axtarəli oğlunun 2/20 hissədə payı açıq qalmışdır. X6 və Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, X6 ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 173.4 kv/m olan mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən – 2/20 hissəni (17.34 kv/m) Cavabdeh1 mülkiyyətinə vermişdir. Satıcı daşınmaz əmlakı 10.000 (on min) manat qiymətinə satmış, Alıcı isə həmin qiymətə almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, , ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 173.4 m2 olan fərdi yaşayış evi üzərində 2/20 hissədə İddiaçı1 (xx.xx.2015-ci il tarixdə), 14/20 hissədə Cavabdeh1 (xx.xx.2015-ci il tarixdə) payı qeydə alınmış və 4/20 hissədə Koroğlu Axtarəli oğlunun payı açıq almışdır. Bakı şəhəri 10 saylı notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2003-cü il tarixdə vəfat etmiş Koroğlu Axtarəli oğlunun əmlakının 1/10 hissəsinə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Z.Tağıyev küçəsi, ev 18-də qeydiyyatda olan qızı – İddiaçı1 vərəsədir və 2/10 hissə açıq saxlanılır. Şəhadətnamə verilən miras əmlak AR Bakı şəhəri İHBA ÖBMİ Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1999-cü il tarixdə verilmiş 03Y/S saylı reyestr kitabının 325-ci səhifəsində 30/1079 sayı ilə qeydə alınmış Qeydiyyat Vəsiqəsinə və AR ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhəri, Əİ tər, xx.xx.2013-cü il tarixdə verdiyi 06/1593 saylı Arayışa əsasən, mərhum Koroğlu Axtarəli oğluna məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zeynalabidin Tağıyev küçəsində yerləşən ümumi sahəsi 173.4 kv.m, o cümlədən yaşayış sahəsi 70.4 kv.m, yardımçı sahəsi 103 kv.m olan 4 (dörd) otaqlı 18 a saylı fərdi yaşayış evindən və ümumi sahəsi 39.3 kv.m olan həyətyanı tikililərdən ibarətdir. Göstərilən miras əmlakın qalan 7/10 hissəsinə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı1 xx.xx.2023-cü il tarixdə ünvanlanmış məktubdan müəyyən olunur ki, sözügedən ünvanda arxiv texniki pasportunda göstərilən tikililərdən “A” və “B” literli yaşayış evləri və İV saylı köməkçi tikili mövcuddur. “Q” literli tikili və İİ, İİİ, V saylı köməkçi tikililər sökülmüşdür. Əlavə olaraq sahəsi 160.0 kv.m olan bir mərtəbəli yaşayış evi, sahəsi 125 kv.m olan qeyri-yaşayış binası və köməkçi tikililər inşa edilmişdir. Eyni zamanda hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur. Birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən qızı birinci iddia üzrə iddiaçılar, ikinci iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 göndərilmiş təklifdən müəyyən olunur ki, Cavabdeh1 öz payının əvəzi olaraq 350.000 manat məbləğində kompensasiya haqqının ona ödənilməsi ilə bağlı İddiaçı1 və İddiaçı2 təklif göndərmiş, əks halda daşınmaz əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edəcəyini bildirilmişdir. xx.xx.2023-cü il tarixli poçt qəbzi iş materiallarına əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçı Cavabdeh1 iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşin faktiki halları ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 173.4 m2 olan fərdi yaşayış evi ümumi paylı mülkiyyətdədir. Həmin əmlak üzərində 2/20 hissədə İddiaçı1, 16/20 hissədə Cavabdeh1 payı qeydə alınmış və Koroğlu Axtarəli oğlunun 2/20 hissədə payı açıq qalmışdır. Həmin paylı mülkiyyətdə olan paya kompensasiya ödəmək yolu ilə mülkiyyət hüququna xitam verilməsi və əmlakın naturada bölünməsinin məhkəmə qətnamələri ilə mümkün hesab edilməməsi işin mübahisəsiz halıdır. Tətbiq edilən hüquq Azərbaycan Respbulikasının Mülki Məcəlləsi Maddə 215. Paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi. 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Maddə 218. Satın almaqda üstünlük hüququ. 218.1. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. 218.1. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. 218.2. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. 218.3. Pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respbulikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun Qərarı

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.

2. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.

Məhkəmənin mövqeyi Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə birinci iddia üzrə iddia tələbinin “müqavilənin ləğvi”nə dair hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Baxılan işin mübahisəsiz hallarından görünür ki, mübahisəli əmlak ümumi paylı mülkiyyətdədir. Ümümi paylı mülkiyyətın mülkiyyətçilərindən biri olan Kərimova Şərabani öz payını Cavabdeh1 satmışdır. Hazırda digər mülkiyyətçilər olan birinci iddia tələbi üzrə iddiaçılar alqı-satqı zamanı onların razılığının alınmadığını bildirərək, alqı-satqı müqaviləsinin ləğvinini tələb edirlər. Göründüyü kimi, iddia tələbi alqı-satqı müqaviləsinin ləğvi ilə bağlı olmaqla, ləğvin səbəbi kimi paylı mülkiyyətin mülkiyyətçisinin öz payınına sərəncam verilməsi ilə bağlı qaydaların pozulmasına istinad olunmuşdur. Mülki qanunvericiliyə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur, əşya mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Ümumi paylı mülkiyyət hüququndakı payın üçüncü şəxslərə satılması zamanı riayət edilməli qaydalar Mülki Məcəllənin 218-ci maddəsi ilə tənzimlənir. Belə ki, ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə satıcı öz payını istədiyi şəxsə sata bilər. Pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. İşin maretiallarından və tərəflərin verdiyi izahatlardan da müəyyən olunur ki, X5 ümumi paylı mülkiyyətdə olan payını 05 avqust 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən (2/20, 17.34 kv/m) Cavabdeh1 satmışdır. Məhkəmə qeyd edir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırki işdə birinci iddia tələbi üzrə iddiaçları ləğvini tələb etdiyi həmin müqavilə üzrə müqavilə tərəf olmadığından, onun hazırki iddianı, yəni alqı-satqı müqaviləsinin ləğvi tələbinə dair iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Məhkəmə həmçinin vurğulayır ki, iddiaçıların müqavilənin ləğvinə dair irəli sürdüyü dəlillər digər payçının razılığı alınmadan evin satılmasıdır. Sözügedən dəlilə münasibətdə məhkəmə qeyd edir ki, mülki qanunverciliyin həmin hüququ təsbit edən müddəasının (§MM 218.2 218.3) mənasına görə, paylı mülkiyyətdə olan payın satın almaqda üstünlük hüququ pozulmaqla satılması, müvafiq müqavilənin etibarsız sayılmasını şərtləndirən hal deyildir. Qanunvericilik belə halda, hüququ pozulan paylı mülkiyyətçiyə üç ay ərzində alıcının hüquq və vəzifələrinin ona keçirilməsini tələb etmək imkanı vermişdir. Lakin birinci iddia tələbi üzrə iddiaçılar bu hüquqlarından istifadə etməməklə, müqavilənin bağlanmısandan uzun müddət keçdikdən sonra həmin müqavilənin ləğvini tələb edirlər. Məhkəmə qeyd edir ki, ümumi paylı mülkiyyətlə bağlı bir neçə məhkəmə mübahisələri olmuşdur və iddiaçılar Kərimova Şərabani öz payını Cavabdeh1 satdığınıdan uzun müddətdir ki, xəbərdardırlar. Məhkəmə birinci iddia üzrə iddia tələbinin “ev əmlak payından və ümumi istifadəyə maneələrin aradan qaldırılması, pozulmuş əmlak hüquqlarının bərpası”na dair hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir. Məhkəmə hesab edir ki, sübut etmə yükü üzərinə düşməsinə baxmayaraq iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları təkzibedilməz, əsaslı şübhələrdən kənar sübutlarla sübut edə bilməmişdir. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixli qərarında X17 Məhkəməsinin də hüquqi mövqeyi belə olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbti probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur və bu zaman sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallardan irəli gələ bilər. (§68) Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da X17 Məhkəməsi öxşar hüquqi mövqe göstərərək, məhkəmənin sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartlarının təbiq edilməsini müəyən etmişdir. Hazırki işdən görünür ki, iddiaçılar ərizəsində qeyd etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmə tərəfə həmin halların mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim etmək üçün şərait yaratmış, bir neçə hazırlıq iclasları keçirilmiş, prosessual hüquq və vəzifələr izah edilmiş, lakin iddiaçılar ərizədə qeyd etdiyi halların mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdirlər. Məhkəmə ikinci iddia tələbinə münasibətdə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, «Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. İşin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(010)-3156/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 qarşı “kompensasiya ödənilməsi yolu ilə mülkiyyət hüquqlarına xitam verilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-1606/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 qarşı (İddiaçı2 üçüncü şəxs qismində cəlb edilməklə) “payın naturada ayrılması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, əmlakın naturada bölünməsi barədə iddia qaldırılsa da, həmin iddia tələbi mübahisəli daşınmaz əmlakın naturada bölünməsi mümkün olmadığından məhkəmə iddianı təmin etməmiş, bu halda da Qanunun tələbinə uyğun olaraq məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Ayrılmaq istəyən mülkiyyətçi Cavabdeh1 öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququndan istifadə edərək digər mülkiyyətçilərə bu barədə təklif göndərmiş, lakin həmin təklifə hər hansı cavab almamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 23 iyul 2013-cli il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması və ya xitam verilməsi ilə bağlı məsələlərin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi daşıyırlar. İşin icraatı zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinin tələblərinə uyğun olaraq ayrılan mülkiyyətçi olan iddiaçının öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri olan cavabdehlər (birinci iddia üzrə iddaçılar) tərəfindən ona ödənilməsinə razı olub-olmaması məsələsini aydınlaşdırmış və cavabdehlər (birinci iddia üzrə iddaçılar) heç bir təklifə razı olmadıqlarını bildirmişlər. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, tərəflər arasında kompensasiya məbləği barədə qarşılıqlı razılaşma olmadığından, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinin tələblərinə əməl edilmiş hesab edilməlidir. Bu səbəbdən də məhkəmənin qənaətinə görə mübahisəli daşınmaz əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi məbləğdən mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi tələbi əsaslı olduğundan, iddia təmin olunmalıdır.

Məhkəmə xərcləri İş materiallarından görünür ki, birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh İddiaçı1 hazırkı birinci iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qiymətləndirilməyən iddia ərizələrinin verilməsi üçün müəyyən edilmiş dövlət rüsumu məbləğinə uyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cü maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və birinci iddia üzrə iddia təmin edilmədiyi üçün İddiaçı1 tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı1 aid edilməlidir. İkinci iddia üzrə iddia tələbi təmin edildiyindən Cavabdeh1 tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı2 və İddiaçı1 müştərək qaydada tutularaq Cavabdeh1 ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) “alqısatqı müqaviləsinin ləğv edilməsi və istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi təmin edilməməli, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh2 qızı və X9) “daşınmaz əmlakın açıq hərracda satılması və satış pulunun mülkiyyətçilər arasında paylara uyğun bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi təmin edilməli, daşınmaz əmlakın dövlət reyestrində **********49-10301 nömrə ilə qeydiyyata alınmış, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 173.4 kv.m olan daşınmaz əmlak açıq hərracda satışa çıxarılmalı və hərracdan əldə edilən pul məbləği paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməli, İddiaçı1 tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı1 aid edilməli və Cavabdeh1 tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı2 və İddiaçı1 müştərək qaydada tutularaq Cavabdeh1 ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

qət etdi:

İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) “alqı-satqı müqaviləsinin ləğv edilməsi və istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh2 qızı və X9) “daşınmaz əmlakın açıq hərracda satılması və satış pulunun mülkiyyətçilər arasında paylara uyğun bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi təmin edilsin. Daşınmaz əmlakın dövlət reyestrində **********49-10301 nömrə ilə qeydiyyata alınmış, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 173.4 kv.m olan daşınmaz əmlak açıq hərracda satışa çıxarılsın və hərracdan əldə edilən pul məbləği paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülsün. İddiaçı1 tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı1 aid edilsin. Cavabdeh1 tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı2 və İddiaçı1 müştərək qaydada tutularaq Cavabdeh1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar