Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5530/2021 28.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X36 iclas katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra "xxxx" MMC) qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 500000 manat məbləğində pulun mənəvi zərərə görə tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum əri Tahir Nəcəfquliyev Azərbaycan Dövlət Neft Şirkətinin nəzdində olan “Neftqaztikinti” trestinin 3 saylı tikinti quraşdırma idarəsində quraşdırıcı işləmişdir. 31 avqust 2012-ci il tarixdə, səhər saat 07 radələrində Tahir işə getmək üçün evdən çıxmışdır. Saat 9 radələrində eşidəndə ki, Lökbatan qəsəbəsində 124 saylı marşrut avtobusu qatarla toqquşub, çoxlu xəsarət alan var, dərhal ərinin mobil telefonuna zəng vurub əlaqə saxlamaq istəmişdir. Lakin tanımadığı bir nəfər cavab verib telefonu hadisə yerində tapdığını, telefonun sahibinin isə “Semaşko” xəstəxanasına aparıldığını demişdir. Bundan sonra ərinin toqquşma zamanı qatarın altına düşərək öldüyü ona məlum olmuşdur. Həmin hadisə ilə əlaqədar cinayət işi qaldırılmışdır. X63 2012-ci il avqust ayının 31-də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində sürücü işləyərək, “Lökbatan qəsəbəsi - 28 may küçəsi” 124-cü marşrut xətti ilə hərəkət edən “Daewoo” markalı, AZ-**-TF-*** dövlət nömrə nişanlı sərnişin avtobusunu idarə edərək, Bakı şəhər istiqamətində gedərkən, Heybət-Puta mənzilinin 513-cü km-nin piket 3də yerləşən qorunan keçiddə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin 3-cü hissəsinin 2-ci və 5-ci bəndlərini pozaraq şlaqbaumun vəziyyətindən və mövcudluğundan asılı olmayaraq, keçidə qatar (lokomotiv, drezina) yaxınlaşmamasına əmin olmadan keçməməli olduğu halda, qanunun həmin tələblərini pozaraq sağ tərəfdən Bakı istiqamətində hərəkətdə olan qatarın yaxınlaşmasına, salondakı sərnişinlərin qatarın artıq çatmasını deyərək qışqırmalarına, habelə qatarın həyəcan siqnalına əhəmiyyət verməyib, avtobusu dayandırmayaraq qatarın qarşısına sürmüş, nəticədə saat 07:28 dəqiqədə 97 saylı Ağstafa-Bakı sərnişin qatarı ilə toqquşmuş, hadisədə avtobusda olan sərnişinlərdən - X22, X5, X37, X23, X14, X55, X9, X15, X38, X24, X39, X10, X29, X49, X40, X75, X6, X56, X16, X57, X2, X18, X64, X11, X50, X58 az ağır, X59, X30, X25, X12, X89 ağır xəsarətlər almış, X19, X41, X31, X20, X21, X65 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölmüşlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2013-cü il tarixli, 1(101)-248/2013 saylı hökmünə əsasən X63 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib, 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 27 fevral 2014-cü il tarixli qərarı ilə təyin edilmiş cəza 9 ilə qaldırılmışdır. Ali Məhkəmənin 28 oktyabr 2015-ci il tarixli qərarı ilə Fərid Ağayev tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2013-cü il tarixli, 1(101)- 248/2013 saylı qanuni qüvvə minmiş hökmü ilə baş vermiş hadisədə cavabdehin təqsiri təsdiq olunur və hazırkı mülki işdə preyudisial əhəmiyyət daşıyır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək bildirdi ki, iddiaçının ərinin vəfat etdiyi yol nəqliyyat hadisəsində cavabdeh MMC-nin işçisi qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təqsirli bilinmişdir. İddiaçı tərəfindən dəymiş maddi və məvəvi ziyanın kompensasiya edilməsi tələbi ilə bağlı müxtəlif iddialarla məhkəməyə müraciət edilmişdir. Mənəvi ziyan tələbi ilə "xxxx" QSC-yə qarşı qaldırılan iddia isə o əsasla qismən edilmişdir ki, mənəvi ziyanın bir hissəsi hazırkı iş üzrə cavabdehdən tutulmalıdır. Həmçinin, o da nəzərə alınmalıdır ki, baş verən hadisədən sonra iddiaçı beyin infarktı keçirmişdir. Bu səbəblərdən hesab edir ki, iddia təmin edilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X42 iddianı qəbul etməyərək bildirmişdir ki, hadisə ilə bağlı cinayət işi açıldıqdan sonra, istintaq getdiyi dövrdə iddiaçıya 10000 manat məbləğində pul verilmişdir. Eyni zamanda, iddiaçının ərinin işlədiyi neft şirkəti tərəfindən də ona 25000 manat məbləğində pul ödənilmişdir. Hazırda isə iddiaçı tərəfindən "xxxx" MMC-dən mənəvi ziyan kimi tələb edilən pul MMC-nin balansında olan puldan çoxdur. Belə ki, hazırda MMC-nin balansında 32.64 manat pul var. Balansda olan nəqliyyat vasitələrinin isə çoxu rəsmi şəkildə balansdan silinmiş, qalan bir neçəsi də silinmək üzrədir. Bununla belə əgər iddiaçı tərəfindən hadisədən ən azından 5-6 il sonra, 2017-2018-ci illərdə məhkəməyə müraciət edilsə idi nisbətən yüksək məbləğdə kompensasiya təklif edilə bilərdi. Lakin hazırda müəssisə ləğv edilmişdir və təhvil-təslim işləri üçün cəmi beş işçi qalmışdır. Belə bir vəziyyətdə iddiaçı tərəfindən tələb edilən məbləğin MMC tərəfindən ona ödənilməsi praktiki baxımdan da mümkün deyil. Hazırkı vəziyyətdə cavabdeh tərəfindən iddiaçıya ən yaxşı vəziyyətdə 1000 manat məbləğində mənəvi ziyana görə kompensasiya təklif edilə bilər. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirdi ki, sözügedən hadisə 31 avqust 2012-ci il tarixində baş vermişdir. Baş vermiş hadisənin istintaqı zamanı yol-nəqliyyat hadisəsinin baş verməsində X63 ilə yanaşı "xxxx" QSC tərəfindən tənzimlənən şlaqbaum ötürücüsünün növbətçi işçisi də təqsirkar hesab olunaraq, cinayət məsuliyyətinə cəlb olunmuşdur. Belə ki, təhqiqat işlərindən sonra Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılaraq hər iki şəxs cinayət məsuliyyətinə cəlb edilmişlər. Yol-nəqliyyat hadisəsinin baş verməsində "xxxx" MMC-nin heç bir təqsiri yoxdur. Belə ki, avtobus tam saz vəziyyətdə yola buraxılmış, sürücü isə reysqabağı tibbi müayinədən keçirilərək təlimatlandırılmışdır. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanunun 56.1-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirərkən sərnişinlərin həyatına və ya sağlamlığına vurulmuş zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin təsiri nəticəsində baş verdiyini sübut edə bilmədikdə daşıyıcı vurulmuş zərərə görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu yol nəqliyyat hadisəsində sürücünün və dəmiryol keçidində işləyən şlaqbaum ötürücüsünün tam təqsirkar olduqları sübuta yetirilmiş və məsuliyyətə cəlb olunaraq 9 il müddətinə azadlıqdan məhrum edilmişdir. Hadisənin sırf təsadüf və sürücü X43 və şlaqbaum ötürücüsünün səhlənkarlığı nəticəsində baş verməsi tam təsdiqini tapdığından hər iki şəxs cinayət məsuliyyətinə cəlb edilmişlər. "xxxx" MMC dövlət müəssisəsidir. Hadisədən 9 ildən artıq bir vaxt keçməsinə baxmayaraq, əlavə “3 nömrəli ВАМ" MMC-dən maddi və mənəvi yardım istənilməsi düzgün deyil. Çünki müəssisənin bu hadisədə heç bir təqsiri yoxdur və sürücü X44 və şlaqbaum ötürücüsünün təqsirkar olduqları hər mənada sübuta yetirilmişdir. Avtonəqliyyat vasitəsi, yəni avtobus işə tam saz halda çıxmış, heç bir nasazlıq bu hadisəyə səbəb olmamışdır. Nəqliyyat Nazirliyinin tapşırığının icrası olaraq "xxxx" MMC-nin 2012-ci il 31 avqust tarixli 28/Ü nömrəli əmri ilə baş vermiş ağır yol nəqliyyat hadisəsinin araşdırılması və hadisə nəticəsində ölənlərin və yaralananların ailə üzvlərinə mənəvi kömək göstərilməsi məqsədilə işçi qrupu yaradılmışdır. Həmin işçi qrupu tərəfindən bu hadisə nəticəsində zərərçəkmişlərə və ölənlərin ailə üzvlərinə, maddi və mənəvi yardım edilmişdir. Lakin iddiaçı həmin vaxt işçi qrupunun üzvlərinə ona edilən maddi və mənəvi yardımı qəbul edərkən məbləğ barədə heç bir narazılıq ifadə etməmişdir. Bundan başqa, iddiaçı hələ 2014-cü ilin əvvəllərində onlara qarşı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində zərərin ödənilməsinə dair iddia qaldırmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3337/2014 saylı, 18 iyun 2014-cü il tarixli qətnaməsi ilə iddia əsassız olduğundan rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-56402/2014 saylı, 25.09.2014-cü il tarixli qətnaməsi ilə həmin qərar qüvvədə saxlanılmışdır. Əlavə olaraq ki, həmin ailələrə edilən yardımlar barədə sənədlər Nəqliyyat Nazirliyi ləğv olunduğundan Milli Arxivə təhvil verilmişdir. "xxxx" MMC dövlət müəssisəsi olaraq öz fəaliyyətini cari ilin aprel ayından Bakı Nəqliyyat Agentliyinin (BNA) 09.04.2021-ci il tarixli, 10-19-0004 nömrəli məktubuna əsasən tam dayandırmış və istismarında olan marşrut xətləri BNA tərəfindən “Bakubus” nəqliyyat müəssisəsinə verilmişdir. 120 işçisi olan müəssisədə hal-hazırda 6 nəfər işçi fəaliyyət göstərir ki, o da müəssisənin qorunması və başqa maliyyə sənədlərinin yaxın vaxtda harasa təhvil verilməsi məqsədi üçündür. Müəssisənin maliyyə vəsaiti olmadığından 6 nəfər üçün də əmək haqqının verilməsi üçün çətinliklərlə üzləşirlər. Hesab edir ki, bütün bu hallar işə baxılarkən nəzərə alınmalıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 iyun 2014-cü il tarixli 2(006)-3337/2014 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" MMC-yə qarşı məhkumlar X63 və X4 təqsiri üzündən ailə başçısı X7 ölümü nəticəsində vurulmuş 41890 manat əsas borc və kredit faizinin cavabdehlərdən onun xeyrinə tutulması barədə iddiası təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin 25 sentyabr 2014-cü il tarixli, 2(103)-5402/2014 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 iyun 2014-cü il tarixli 2(006)-3337/2014 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 fevral 2015-ci il, tarixli, 2(102)-567/15 saylı qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 25 sentyabr 2014-cü il tarixli 2(103)-5402/2014 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 28 oktyabr 2015ci il tarixli, 1(102)-1686/15 saylı qərarının notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2013-cü il tarixli, 1(101)- 248/2013 saylı hökmü ilə X63 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 il müddətinə, X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 27 fevral 2014-cü il tarixli, 1(103)- 297/2014 saylı qərarı ilə məhkumların müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edimiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2013-cü il tarixli, 1(101)-248/2013 saylı hökmü dəyişdirilmiş, E.İsmayılova Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 262.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti bir il artırılaraq doqquz il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, F.Ağayevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti bir il artırılaraq doqquz il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 28 oktyabr 2015-ci il tarixli, 1(102)-1686/15 saylı qərar ilə Bakı Apelyasiya Məhkəməsinin 27 fevral 2014-cü il tarixli, 1(103)-297/2014 saylı qərarından məhkumlar tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, X17 və X63 barəsində Bakı Apelyasiya Məhkəməsinin 27 fevral 2014-cü il tarixli, 1(103)-297/2014 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının 16.03.2021-ci il tarixli, 2(102)-1260/2021 saylı qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03.06.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh "xxxx" QSC-dən dəymiş mənəvi zərərə görə 30000 manat pulun tutulub İddiaçı ödənilməsi və qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09.09.2020-ci il tarixli qətnaməsi ilə verilmiş apellyasiya şikayətləri təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03.06.2020-ci il tarixli qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının 16.03.2021-ci il tarixli, 2(102)-1260/2021 saylı qərarı ilə cavabdeh "xxxx" QSC-nin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6533/2020 saylı, 09.09.2020-ci il tarixli qətnaməsi ləğv edilərək, mülki iş baxılması üçün həmin məhkəməyə qaytarılmış, İddiaçı kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11.06.2021-ci il tarixli, 2(103)-5230/2021 saylı qətnaməsindən görünür ki, iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2359/2020 saylı, 03.06.2020-ci il tarixli qətnaməsi mənəvi zərərin məbləği hissəsində dəyişdirilmiş, vurulmuş mənəvi zərərin əvəzi olaraq "xxxx" QSC-dən alınaraq İddiaçı ödənilməli olan pul məbləğinin 10000 (on min) manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, 31.08.2012-ci il tarixdə "xxxx" MMC-nin sürücüsü X63 idarə etdiyi avtobusla “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, qatarla toqquşmuş, baş vermiş qəza nəticəsində 26 nəfər az ağır, 5 nəfər ağır xəsarət almış, 6 nəfər, o cümlədən iddiaçının əri X21 ağır xəsarət alaraq ölmüşdür. Baş vermiş hadisədə "xxxx" MMC-nin sürücüsü X63 və "xxxx" QSC-nin əməkdaşı X8 təqsirli bilinmiş, həmin şəxslər məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bundan sonra İddiaçı mərhum əri X7 "xxxx"xxxx"xxxx" MMC və "xxxx" QSC-dən tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, Məhkəmənin 18.04.2014-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bu qətnamədən verilmiş apellyasiya şikayəti, daha sonra kassasiya şikayəti təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Daha sonra İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ərinin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsində çəkdiyi mənəvi ziyana görə cavabdehdən ******* (bir milyon) manat məbləğində kompensasiya tələb etmişdir. Müvafiq iş üzrə keçirilmiş məhkəmə proseslərinin yekununda "xxxx" QSCdən iddiaçıya dəymiş mənəvi ziyana görə 10000 (on min) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırda isə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət "xxxx" MMC-dən 500000 (beş yüz min) manat məbləğində pul tələb etmişdir. Göründüyü kimi işin mübahisəsiz halları ondan ibarətdir ki, 31.08.2012-ci il tarixdə baş vermiş və iddiaçının ərinin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsində iş üzrə cavabdeh "xxxx" MMC-nin sürücüsü qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təqsirli bilinmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ərinin ölməsi ilə əlaqədar iddiaçının mənəvi sarsıntı keçirməsi qəbulediləndir və bu hal qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən mübahisələndirilmir. Belə ki, iddiaçının "xxxx" QSC-yə qarşı qaldırdığı iddia üzrə qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarından görünür ki, baş vermiş hadisə nəticəsində İddiaçı mənəvi ziyan dəydiyi müəyyən edilmişdir. Belə olan halda həmin hal hazırkı iş üzrə mübahisələndirilmədən qəbul edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23.02.2016-cı il tarixli Qərarı). Bundan başqa, aydındır ki, iddiaçıya mənəvi ziyan dəyməsinə səbəb olan yolnəqliyyat hadisəsində hazırkı iş üzrə cavabdeh "xxxx" MMC-nin sürücüsü təqsirli bilindiyindən İddiaçı məhz cavabdeh "xxxx" MMC-dən ona dəymiş mənəvi ziyana görə pul tələb etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2002-ci il tarixli qərarı). Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır (“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarı). Məhkəmə İddiaçı cavabdeh "xxxx" MMC-dən özünə dəymiş mənəvi ziyana görə pul tələb etməkdə haqlı olduğunu hesab etsə də tələb edilən 500000 (beş yüz min) manat məbləğində pulu işin hallarına uyğun hesab etmir. Belə ki, mənəvi zərərin məbləği təqsirli şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir. Məsələn, bir şəxsin avtomobil qəzasında vəfat etməsi ilə şəxsin qəsdən həyatdan məhrum edilməsinin məruz qoyduğu mənəvi zərərin məbləği fərqləndirilməlidir. Təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, miqdarın çox yüksək olmaması da nəzərə alınmalıdır. Əks təqdirdə zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxarmış olar. Hazırkı işin xüsusi halı ondan ibarətdir ki, iddiaçı daha əvvəl eyni hadisə nəticəsində ona dəymiş mənəvi ziyanla bağlı tələblə "xxxx" QSC-yə qarşı da müraciət etmiş, nəticədə "xxxx" QSC tərəfindən iddiaçıya dəymiş mənəvi zərərə görə 10000 (on min) manat məbləğində pul ödənilməsi qət edilmişdir. Həmin işə baxan kassasiya və daha sonra apellyasiya instansiyası məhkəmələri iddiaçıya dəymiş mənəvi zərər üçün 10000 manat məbləğində kompensasiya müəyyən edərkən həmçinin, o halı da nəzərə almışdır ki, iddiaçının eyni tələblə "xxxx" MMC-yə qarşı da müraciət etmək hüququ vardır. Lakin işə baxan məhkəmələr müəyyən etməmişdir ki, "xxxx" MMC-dən tutulacaq mənəvi zərərin məbləği də "xxxx" QSC-dən tutulan məbləğə bərabər olmalıdır. Belə ki, hər bir halda mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Hazırkı iş üzrə cavabdeh "xxxx" MMC-ni "xxxx" QSC-dən fərqləndirən başlıca xüsusiyyətlərdən biri MMC-nin əmlak vəziyyətidir. Belə ki, “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11.10.2021-ci il tarixli fərmanı ilə "xxxx" MMC, eləcə də Fərmanda adı qeyd edilmiş digər MMC və idarələrin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxs yaradılması qərara alınmışdır. Eyni zamanda, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilmiş “09 aprel 2019-cu il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı”ndan görünür ki, "xxxx" MMC-yə məxsus 35 ədəd avtonəqliyyat vasitəsi 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılmış və iş materiallarından görünür ki, bu avtomobillər artıq MMC-nin balansından silinmişdir. Belə bir vəziyyətdə mənəvi ziyanın məbləği müəyyən edilərkən "xxxx" MMC-nin cari əmlak vəziyyəti də mütləq nəzərə alınmalıdır. Çünki təqsirli tərəfin maddi vəziyyəti mənəvi zərərin müəyyən edilməsində əhəmiyyətli faktorlardan hesab olunur. Təsadüfi deyil ki, Avropa Məhkəməsinin təcrübəsində mənəvi zərərin məbləği məsələsi həll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır (Məhkəmənin cavabdeh dövlətdə qurbanları iqtisadi inkişaf səviyyəsinə uyğun olaraq ayırd etdiyi mübahisə olunur (Basarba OOD Bolqariyaya qarşı 20 yanvar 2011-ci il tarixli qərar). Məsələn, məhkəmə “əsas mükafatın” əlaqədar ölkədəki yaşayış səviyyəsinə görə azaldıla biləcəyinə qərar verib (Apicella İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli qərar. “Ərizəçinin daha zəngin və ya kasıb bir ölkədə yaşamasından asılı olmayaraq eyni pozuntu üçün oxşar məbləğlər verməyi mənasızdır. Çünki pulun dəyəri fərqli və həqiqətən yerli iqtisadi inkişafdan və alıcılıq qabiliyyətindən asılıdır”). Mənəvi zərərin miqdarı müəyyən edilərkən həmçinin, o da diqqətdə saxlanılmalıdır ki, İddiaçı ərinin ölümü ilə nəticələn yol nəqliyyat hadisəsindən tam doqquz il keçdikdən sonra bu hadisəyə görə ona dəymiş mənəvi ziyanın kompensasiyasını cavabdeh "xxxx" MMC-dən tələb etmişdir. Hansı ki, bu müddət o qədər uzun olmuşdur ki, artıq iddiaçının ərinin ölümündə təqsirli bilinən şəxslərə təyin edilmiş cəzanın müddəti belə bitmişdir. Bunun əksinə, İddiaçı ərinin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsində təqsirləndirilən şəxslərin təqsiri hələ qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə sübuta yetirilmədən mərhum ərinin "xxxx" MTK qarşısında olan mənzilə görə qalıq kredit borcunun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Yəni iddiaçı “mənzilə görə qalıq borcun ödənilməsi” tələbinə “mənəvi zərərə görə kompensasiya” tələbi ilə müqayisədə öncəlik verərək hadisədən yalnız doqquz il sonra məhkəməyə müraciət etməyi zəruri bilmişdir. Məhkəmə hesab edir ki, bütün bu hallar iddiaçıya məhz "xxxx" MMC tərəfindən dəyən mənəvi zərərin məbləği müəyyən edilərkən nəzərə alınmalıdır. Çünki məhkəmə mənəvi zərərin məbləğini müəyyən edərkən zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrının dərəcəsini nəzərə alır. Bu hissədə məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi (vəkili) tərəfindən hadisədən sonra iddiaçının beyin infarktı keçirdiyi qeyd edilsə də bu halı təsdiq edəcək hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Yalnız Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş müayinəyə dair məlumatın surəti iddia ərizəsinə əlavə edilmişdir. Bu sənəd iş üzrə mötəbər sübut kimi qəbul edilməsə belə məhkəmə bu sənədə istinad edən iddiaçı tərəfin diqqətinə çatdırır ki, bu sənəddən görünür ki, iddiaçıya “beyin infarktının nəticələri...” diaqnozu ilə verilmiş əllillik baş vermiş hadisədən beş ilə yaxın müddət keçdikdən sonra - 10.04.2017-ci il tarixdə təyin edilmişdir. İddiaçının hadisədən bilavasitə sonra bu xəstəliyə tutulması və beş il sonra əlillik alması istisna edilməsə də nəzərə alınmalıdır ki, istənilən halda bunu sübut etmək iddiaçının üzərinə düşür. Hazırkı vəziyyətdə isə iddiaçı bu əsasla hədsiz psixoloji sarsıntıya məruz qaldığını və bu sarsıntı nəticəsində qeyd edilən xəstəliyə tutulduğunu iddia edə bilməz. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən bütün halları nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi ziyanın əvəzi olaraq "xxxx" MMC tərəfindən 1000 (min) manat məbləğində kompensasiya ödənilməsi məqsədəuyğun hesab oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Son olaraq, məhkəmə onu da qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarı Plenum Qərarında izah edilmişdir ki, mülki işlər üzrə mənəvi zərərin ödənilməsi tələbi əmlak xarakteri daşıdığına görə bu mənəvi zərərin ödənilməsi barədə müstəqil tələb kimi irəli sürülən iddia ərizələrindən dövlət rüsumu “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində müəyyən olunmuş məbləğlərdə tələb olunan mənəvi zərərin məbləğindən asılı olaraq, zərərin ödənilməsi üsulu əmlak xarakterli tələblə əlaqədar olmadıqda isə qeyri-əmlak xarakterli iddialar üçün müəyyən edilmiş məbləğdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilməmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 1000 (min) manat məbləğində mənəvi zərərə görə pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilməmiş 10 (on) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 1000 (min) manat məbləğində mənəvi zərərə görə pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 10 (on) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-5530/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5530/2021
28.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver