Məhkəmə qərarları › İş №2(010)-561/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-561/2023

07.04.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-561/2023 07.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və onun nümayənədəsi (vəkili) Vəkil2 və Cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh (üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti) qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh sürücü işlədiyi 12 il müddətində ödənilməmiş əmək haqqının orta hesabla 1 ay üçün 300 manat olmaqla, cəmi 43200 manat pulun (əmək haqqının) tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2009-cu ilin iyun ayının 1-dən 31 mart 2021-ci il tarixə kimi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi DANX "xxxx" MMC-nin Sumqayıt Regional Bölməsində “Xırdalan - Goradil qəsəbəs - Quşçuluq” marşurutu üzrə hərəkət edən marşrut avtobusunda (2009-cu idən 2011-ci ilə qədər 249 saylı avtobus olub, 2011-ci ildən 2021-ci ilədək isə 149 saylı avtobus olub) sürücü işləmişdir. Sürücü işlədiyi 12 il ərzində cavabdeh tərəfindən ona heç bir əmək haqqı və məzuniyyət pulu ödənilməmişdir. Həmin dövr üçün ödənilməmiş əmək haqqının ona ödənilməsi barədə cavabdehə pretenziya qaydasında müraciət etmiş, lakin cavabdeh tərəfindən heç bir addım atılmamışdır.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, avtobus sürücüsü işlədiyi 12 il müddətində ona əmək haqqı ödənilməmişdir. Belə ki, o, həmin vaxtlarda cavabdehə gündəlik plan vermiş, cavabdehə gündəlik ödəməli olduğu pulu verdikdən sonra, ona 3-5 manat pul qalmışdır. Həmin dövlərdə heç bir əmək haqqı almamışdır. Buna görə də ailəsinin maddi yardımı hesabına yaşamalı olmuşdur. Cavabdeh onunla əmək müqaviləsi də bağlamamışdır. Həmin vaxtlar qanunu bilmədiyi üçün hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməmişdir. Hazırda isə 12 il ərzində ödənilməmiş əmək haqqını cavabdehdən tələb edir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iddiaçının nümayənədəsi (vəkili) Vəkil2 iddianı müdafə edərək bildirdi ki, iddiaçı 2008-ci ildən sürücü işləmiş, əmək haqqı gündəlik ödənilmişdir. Lakin onun əmək müqaviləsi 2014-cü ildə bağlanmışdır. Bank tərəfindən təqdim olunmuş çıxarışdan görünür ki, iddiaçının hesabına yalnız 2020-ci ildə üç aylıq əmək haqqı köçmüşdür. İddiaçı ilə əmək müqaviləsinə 2021-ci ilin mart ayında xitam verilmişdir. Buna baxmayaq ona əmr təqdim olunmamış, son haqq-hesab ödənilməmişdir. İddia müddətinin tətbiqi barədə cavabdehin təqdim etdiyi ərizəni əsassız sayır. Hesab edir ki, məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş müddət ötürülməmişdir. Ona görə ki, iddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, lakin aidiyyət qaydalarının pozulmasına görə iddia ərizəsi məhkəmənin xx.xx.2022ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Bundan sonra 2022-ci ilin iyul ayında mediasiya təşkilatına müraciət edilmişdir. Yəni iddiaçı vaxtında Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, lakin cavabdehin rəsmi qeydiyyat ünvanı Suraxanı rayonu ərazisində olduğundan iddia ərizəsi geri qaytarılmışdır. Hesab edir ki, bu vəziyyətdə iddia müddəti ötürülməmiş hesab edilərək iddia təmin edilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 iddianı qəbul etməyib məhkəməyə təqdim edilən iddiaya etirazın məzmununa uyğun izahat verərək bildirdi ki, iddiaçı göstərdiyi illərdə cavabdehin yanında sürücü işləmişdir. İlk vaxtlar tərəflər arasındakı müqavilə şifahi olsa da əmək haqqı işəmuzd formada ödənilmişdir. 2014-cü ildən əmək müqaviləsi qanunun tələbinə əsasən sistemə yüklənmiş, əmək haqqı isə minimum həddə - 250 manat məbləğində müəyyən edilərək iddiaçını bank hesabına köçürülmüşdür. Əgər iddiaçının bildirdiyi kimi 13 il işləyib əmək haqqı almamışdırsa, bununla bağlı cavabdehə iradını bildirə və ya qanunveciliyə uyğun olaraq məhkəməyə müraciət edə bilərdi. Onun qeyd etdiyi kimi bütün bu müddət ərzində heç bir əmək haqqı almadan işləməsi absurd olmaqla ağlabatan deyil. Onu da qeyd etdi ki, artıq həmin vaxtdan 5 il keçdiyindən mühasibat sənədləri məhv edilmişdir. Hər bir halda iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini də ötürmüşdür və bununla bağlı məhkəməyə ərizə təqdim edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

6. Üçüncü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları.

7. İddiaçı adına verilmiş sosial arayışda onun 2014-cü il noyabr - 2020-ci ilin yanvar ayları üzrə gəlirləri barədə məlumatlar əks olunumuşdur.

8. "xxxx" ASC tərəfindən verilmiş hesabdan görünür ki, hesab sahibi: İddiaçı; Çıxarışın dövrü: xx.xx.2020-xx.xx.2020-ci il. Hesabdan çıxarışdan İddiaçı hesabına “əmək haqqı” təyinatı ilə xx.xx.2020-ci il tarixdə 90 manat; xx.xx.2020-ci il tarixdə 72 manat; xx.xx.2020-ci il tarixdə 244.77 manat; xx.xx.2020-ci il tarixdə 63.3 manat olmaqla, cəmi 470.07 manat məbləğində pul köçürməsi olduğu görünür.

9. Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, MŞM/6- 3909 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi DANX "xxxx" MMC ilə İddiaçı arasında əmək münasibətlərindən irəli gələn mübahisə üzrə tərəflərin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə xəbərdar edilməsi, İddiaçı sessiyada iştirak etdiyi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərini ödəməsi barədə məlumatlar qeyd olunmuşdur. İşin faktiki halları.

10. İddiaçı iddia edir ki, 2009-cu ilin iyun ayından 2021-ci ilin mart ayınadək işəgötürən Cavabdeh məxsus iş yerində avtobus sürücüsü vəsifəsində işləmiş, işlədiyi illər ərzində ona cavabdeh tərəfindən əmək haqqı ödənilməmişdir. Hal-hazırda cavabdehdən ödənilməyən əmək haqqını tələb edir.

11. Cavabdeh isə iddianı qəbul etməmiş və iddia etmişdir ki, həmin vaxtdan uzun müddət keçdiyindən əmək müqaviləsi və digər maliyyə sənədlərini təqdim edə bilmir. Lakin iddiaçıya əmək haqqı ödənilmişdir, əgər əmək haqqı ödənilməsə idi, iddiaçı bu qədər illər ərzində işə davam etməzdi. Həmçinin iddia müddətinin ötürüldüyünü iddia edən cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq.

12. Azərbaycan Respublikasının Əmək Məcəlləsi.

Maddə 3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar.

5. Əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. 5-1. Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Maddə 81. Əmək müqavilələri bağlanmasının sənədləşdirilməsi.

1. Kargüzarlıq işini tənzimləmək məqsədi ilə zəruri hallarda bağlanmış əmək müqaviləsi qüvvəyə mindikdən sonra işəgötürənin mülahizəsinə əsasən onun əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilə bilər.

2. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır. Maddə 85. Əmək müqavilələrinin sənədləşdirilməsinin uçotu qaydaları.

1. İşəgötürən bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, bu müqavilələrlə əlaqədar verilmiş əmrləri (sərəncamları, qərarları), habelə digər əmrləri (sərəncamları, qərarları) xüsusi kitab (jurnal) və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunun qeydiyyatını aparmalıdır. Uçot kompüter vasitəsi ilə aparılmırsa, qeydiyyat kitabı səhifələnməli, qaytanlanmalı və kitabın son səhifəsindəki qaytanın düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır.

2. İşəgötürən qeydiyyat kitabını xüsusi uçot sənədi kimi saxlamalı və aparılan qeydlər səliqə ilə həmin kitaba yazılmalıdır. Kitabdakı qeydlərin qaralanmasına, pozulmasına, səhifələrin cırılmasına, dəyişdirilməsinə yol verilmir.

3. Bu maddədə göstərilən sənədlərin uçotu və qeydiyyatı istər kompüter proqramları vasitəsilə, istərsə də əl üsulu ilə həyata keçirilərkən işəgötürən tərəfindən uçot sənədlərinin mühafizəsi təmin olunmalıdır. Maddə 86. Əmək müqavilələrinin və əmrlərin saxlanılmasının təmin edilməsi.

1. İşəgötürən bağlanmış əmək müqavilələrini, onlara aparılan dəyişiklikləri, verilmiş əmrləri (sərəncamları, qərarları) beş il müddətinə saxlamağa borcludur, onların məhv edilməsi, itirilməsi, korlanması yolverilməzdir.

2. Müəssisə ləğv edildikdə işəgötürəndə saxlanılan əmək müqavilələri müəyyən olunmuş qaydada müvafiq dövlət arxivinə təhvil verilir. Müəssisə yenidən təşkil olunduqda və ya mülkiyyətçisi dəyişdikdə isə həmin müqavilələr yeni işəgötürənə təhvil verilir.

3. Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin (sərəncamın, qərarın) əsli, işəgötürən tərəfindən əmək müqaviləsinin mühafizə edilməsi barədə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş qaydada və müddətdə saxlanılması təmin edilməlidir. Maddə 154. Əmək haqqı.

1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

2. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Maddə 155. Əmək haqqının minimum məbləği.

1. İşçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

2. Minimum əmək haqqı — iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.

3. Aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz. Maddə 157. Əməyin ödənilməsi sistemi və növləri.

1. İşçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Maddə 173. İşçilərin haqq-hesab sənədləri.

1. İşəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir.

2. İşçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) aşağıdakı məlumatlar göstərilir: hesablanmış əmək haqqının ümumi məbləği; əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri; əmək haqqından tutulan məbləğlər — tutulmanın adı, növü, səbəbi və məbləği; faktik ödənilən məbləğ; tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği.

3. Haqq-hesab sənədləri (kitabçaları, vərəqələri, çekləri) onları tərtib edən mühasib tərəfindən imzalanır və hər dəfə əmək haqqı verilərkən işçiyə təqdim edilir. Maddə 177. Orta əmək haqqı və onun hesablanması qaydası

1. Orta əmək haqqı — işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir. Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri.

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 372. İddia müddəti anlayışı. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 375. İddia müddətinin tətbiqi. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377. İddia müddətinin başlanması. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

15. Məhkəmə ilk növbədə iddiaçının 2009-cu ildən 2021-ci ilədək işlədiyi müddətdə heç bir əmək haqqı almamasına və yaxud özünün dediyi kimi 3-5 manat müqabilində 12 il ərzində avtobus sürücüsü işləməsinə münasibətdə qeyd edir ki, iddiaçının bu dəlilləri heç də inandırıcı və ağlabatan deyil. Belə ki, 12 il ərzində iddiaçının heç bir əvəz ödənilmədən, demək olar ki, tam təmənnasız şəkildə avtobus sürücüsü işlədiyini iddia etməsi və məhkəmə iclasında bu illər ərzində əmək haqqı almamasına baxmayaraq hansı səbəbdən işləməyə davam etməsi ilə bağlı heç bir ağlabatan izah verə bilməməsi onun bu dəlillərinin həqiqətə uyğun olmadığını göstərir.

16. İddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2020 – xx.xx.2020-ci illər üzrə bank hesabına köçürmələri özündə əks etdirən hesab çıxarışdan görünür ki, iddiaçının hesabına “əmək haqqı” təyinatı ilə xx.xx.2020-ci il tarixdə 90 manat; xx.xx.2020-ci il tarixdə 72 manat; xx.xx.2020-ci il tarixdə 244.77 manat; xx.xx.2020-ci il tarixdə 63.3 manat olmaqla, cəmi 470.07 manat məbləğində pul köçürülmüşdür.

17. İddia tələbinin əsasını təşkil edən hallardan biri tərəflər arasında bağlanmış əmək müqaviləsində işçinin aylıq əmək haqqının miminum əmək haqqı məbləğində müəyyən edilməsidir ki, işin bu halını cavabdeh tərəf də mübahisələndirməmişdir. Cavabdeh bunu mübahisələndirə də bilməz, çünki aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz (Azərbaycan Respublikasının Əmək Məcəlləsi, maddə 155, 3-cü bənd). Lakin cavabdeh bu əmək haqqının bir hissəsinin əlbəəl, bir hissəsinin isə bank hesabına köçürmə yolu ilə ödənildiyini iddia etmişdir.

18. Məhkəməyə iddiaçının işlədiyi dövrün yalnız qısa bir hissəsi (2020-ci ilin dörd ayı) üzrə hesaba köçürülən əmək haqqını göstərən hesabdan çıxarış təqdim edilmişdir. Həmin çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya həmin dövr üçün dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən az məbləğdə əmək haqqı ödənilmişdir. Belə ki, “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli sərəncamına əsasən 2019-cu ilin sentyabr ayının 1-dən minimum aylıq əməkhaqqının məbləği 250 manat məbləğində müəyyən edilmiş, bu sərəncamın minimum əmək haqqının məbləği ilə bağlı hissəsinə edilmiş növbəti dəyişiklik (minimum əmək haqqının 300 manat məbləğində müəyyən edilməsi) 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minmişdir.

19. Göründüyü kimi xx.xx.2019 – xx.xx.2022-ci il tarixləri arasında Azərbaycan Respublikasında minimum əmək haqqı 250 manat məbləğində olmuşdur. Bu vəziyyətdə 2020-ci ilin dörd ayı üçün hesabına cəmi 470.07 manat məbləğində əmək haqqı köçürülmüş iddiaçı minimum əmək haqqından daha az məbləğdə əmək haqqı almışdır.

20. Cavabdehin iddiaçıya ödənilən əmək haqqının bir hissəsini onun kart hesabına köçürməsi, bir hissəsini isə iddiaçıya əlbəəl verməsi ilə bağlı dəlilərinə münasibətdə məhkəmə qeyd edir ki, iddia etdiyi bu hallarla bağlı sübutetmə yükü cavabdehin üzərinə düşür. Hazırkı işdə isə cavabdeh nəinki iddiaçıya etdiyi əlbəəl ödənişləri sübuta yetirə bilmiş, hətta iddiaçıya bank hesabı vasitəsilə ödənilmiş əmək haqqı ödənişləri, əmək haqqından tutulmalar və s. kimi adi mühasibat hesablamalarını göstərən sənədləri belə məhkəməyə təqdim edə bilməmişdir. Halbuki işə götürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib etməli və saxlanmasını təmin etməlidir. İşçinin də öz növbəsində bu məlumatları əldə etmək hüququ var.

21. Cavabdeh bu sənədləri məhkəməyə təqdim etməmiş, bunun səbəbini isə həmin sənədlərin saxlanması üçün qanunda nəzərdə tutulmuş 5 il müddət keçdiyindən onların məhv edilməsi ilə izah etmişdir.

22. Bununla bağlı məhkəmə cavabdehin nəzərinə çatdırır ki, işçinin iş fəaliyyəti dövründə onun əmək müqaviləsində mütləq şəkildə göstərilməli bütün vəzifələri və hüquqlarının (əmək haqqı, məzuniyyət hüququnun həyata keçirilməsi və s. daxil olmaqla) həyata keçirilməsi barədə məlumatları təqdim etmək onun vəzifəsidir. Əmək Məcəlləsinin yuxarıda istinad edilmiş 86-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən bağlanmış əmək müqavilələrini, onlara aparılan dəyişiklikləri, verilmiş əmrləri (sərəncamları, qərarları) beş il müddətinə saxlamağa borcludur, onların məhv edilməsi, itirilməsi, korlanması yolverilməzdir. Qanunun bu maddəsində nəzərdə tutulan 5 illik müddət işçi ilə işəgötürən arasında əmək münasibətlərinə xitam verildikdən sonrakı müddəti nəzərdə tutur ki, bu müddət əmək qanunvericiliyinə uyğun olaraq və əmək mübahisələrinə baxılması üçün müəyyən edilmiş müddətlərə mütənasib olaraq əmək mübahisələrinin zaman etibarı ilə həll edilməsinin mümkünlüyünə şərait yaratmaqla, sübutların əldə edilməsini əlçatan edir. Bunun davamı olaraq əmək qanunvericiliyi əmək müqavilələrinin, onlara aparılan dəyişikliklərin, verilmiş əmrlərin (sərəncamların, qərarların) məhv edilməsini qadağan edir.

23. Odur ki, məhkəmə cavabdehin həmin dövrdən 5 il müddət keçdiyini əsas gətirərək işçi ilə aralarında bağlanmış əmək müqaviləsinin və maliyyə sənədlərinin məhv edilməsi barədə dəlillərini qanunauyğun hesab etmir. Məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi, maddə 14.2 və 77.1). Həmçinin, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

24. Beləliklə, iddiaçının irəli sürdüyü dəlilləri təkzib edən sübutların cavabdeh tərəfindən məhkəməyə tədqim edilə bilməməsini nəzərə alan məhkəmə iddiaçının işlədiyi dövr üçün cavabdeh tərəfindən ona ödənilməli olandan daha az məbləğdə əmək haqqı ödənildiyi və bununla da iddiaçının hüquqlarının pozulduğu nəticəsinə gəlir.

25. İşin mübahisəsiz hallarında biri də iddiaçının əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmiş olmasıdır. Belə ki, cavabdeh bununla bağlı ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə olan əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verildiyini, həmin vaxtdan iki ilə yaxın vaxt keçdiyini və iddiaçının məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş bir illik iddia müddətini ötürdüyünü əsas gətirərək, iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

26. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh tərəfindən mübahisəyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edilsə də, məhkəmə yuxarıda qeyd edilmiş araşdırmanı apararaq müvafiq nəticəyə gəlməyi zəruri hesab etmişdir. Belə ki, iddia müddəti ilə bağlı mülki qanunvericiliyin yuxarıda istinad edilmiş normalarından göründüyü kimi iddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır.

27. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı).

28. İddia müddətinin ötürülməsi ilə bağlı cavabdeh tərəfin dəlillərinə münasibətdə iddiaçının nümayəndəsi (vəkili) bildirmişdir ki, iddiaçı tərəfindən cavabdehə qarşı yönəldilmiş eyni tələbə dair iddia ərizəsi ilə daha əvvəl Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmiş, lakin Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. İddiaçı tərəfin mövqeyinə görə məhz bu səbəbdən qanunla müəyyən edilmiş bir illik iddia müddəti daxilində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilə bilməmişdir.

29. Məhkəmə bununla bağlı qeyd edir ki, Əmək Məsəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

30. Tərəflərin hər ikisi mübahisələndirmədən qəbul edir ki, onlar arasındakı əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin iddia ərizəsinin geri qaytarılması barədə xx.xx.2022-ci il tarixli qərardadından belə görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə birinci dəfə xx.xx.2022-ci tarixində (“Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən) Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsi iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə müəyyən edilmiş əsasla - “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilməməsi səbəbindən - geri qaytarmışdır. Bundan dörd ay sonra isə - 2022-ci ilin iyul ayında iddiaçı mediasiya prosesində iştirak etmək üçün mediasiya təşkilatına müraciət etmiş və ona xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Daha sonra iddiaçı yenə dörd ay ərzində heç bir prosessual hərəkət etməmiş, yalnız xx.xx.2022-ci il tarixdə müvafiq iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının daha əvvəl eyni iddia ərizəsi ilə başqa məhkəməyə müraciət etməsi və yaxud mediasiya sessiyasında iştirak etməsi kimi hallar hazırkı işdə iddia müddətinin ötürülməsinin üzrlü səbəbləri kimi qiymətləndirilə bilməz.

31. Bundan əlavə, məhkəmə hesab edir ki, iddiaçı özünün iddia etdiyi kimi 2009-cu ildən əmək haqqı almadan, yaxud günlük 3-5 manat muzd qarşılığında işləyibsə, onun hüququnun pozulduğunu bildiyi (bilməli olduğu) gün elə 2009-cu il tarixdə ilk əmək haqqını almadığı gündür. Lakin belə görünür ki, iddiaçı həmin gündən sonra bir il ərzində nəinki pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmiş, xx.xx.2021-ci il tarixədək əmək fəaliyyətini davam etdirmişdir.

32. Məhkəmə onu da qeyd edir ki, iddiaçının işçi kimi hüququnun pozulduğunu bildiyi gün əmək müqaviləsinə xitam verildiyi gün (xx.xx.2021) qəbul edilsə belə (hərçənd bu inandırıcı deyil), bu halda da onun tərəfindən qanunla müəyyən edilmiş bir illik iddia müddəti ötürülməklə məhkəməyə müraciət edilmişdir.

33. Odur ki, məhkəmə iddia müddətinin ötürülməməsi ilə bağlı iddiaçı tərəfin dəlillərini əsaslı hesab etmir. Bundan başqa, iddiaçı özü məhkəmə iclasında verdiyi izahatda iddia müddətini ötürməsini həm də qanunu bilməməsi ilə əsaslandırmışdır ki, bu hal da müddətin ötürülməsinin üzrlü səbəbi kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.6-cı maddəsinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

34. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə iddiaçının 2009-cu ildən 2021-ci ilin mart ayınadək heç bir əmək haqqı almadan əmək fəaliyyəti ilə məşğul olmasına dair iddiasını tam əsaslı saymasa da, işəgötürən kimi bu sənədləri saxlamağa borclu olan cavabdehin iddiaçının əmək fəaliyyəti, eləcə də bu fəaliyyət dövründə ona ödənən əmək haqqı ilə bağlı heç bir sənədi məhkəməyə təqdim edə bilməməsini, iddiaçının təqdim etdiyi hesabdan çıxarış məlumatlarından isə həmin dövr üçün əmək haqqının tam ödənilmədiyinin görünməsini nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya gördüyü işə görə əmək haqqı tam ödənilməmiş, bununla da işəgötürən (cavabdeh) tərəfindən işçinin (iddiaçının) hüquqları pozulmuşdur. Bununla belə iddiaçı hüquqlarının pozulduğunu bildiyi (bilməli olduğu) gündən bir il müddətində pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmədiyindən iddia müddətini ötürmüşdür. Odur ki, iddia təmin edilə bilməz.

Məhkəmə xərcləri.

35. İddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair qəbzdən görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçı tərəfindən 170 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Halbuki “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır.

36. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı azad olduğu halda bu iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün dövlət büdcəsinə 170 manat məbləğində dövlət rüsumu ödəmişdir ki, bu, artıq ödənilmiş dövlət rüsumu hesab olunur və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılmalıdır.

Məhkəmənin gəldiyi nəticə.

37. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməli, ödənilmiş 170 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır.

38. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş 170 (yüz yetmiş) manat məbləğində dövlət rüsumu (tarix: xx.xx.2022, qəbzin nömrəsi: 19180) dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar