Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5729/2025 12.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə İddiаçı İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən birgə nikahdan anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.75 misli həddində sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuş və nikahları Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsində 581 nömrə ilə qeydə alınmışdır. Birgə nikahdan iki uşaqları – xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 anadan olmuşdur. Hazırda neçə ildir ki, cavabdehlə faktiki olaraq ayrı yaşayır və cavabdeh uşaqların saxlanılmasında ona nə maddi, nə də mənəvi hər hansı köməklik göstərmir. Bu səbəbdən də, o, uşaqların ehtiyaclarını qarşılamaqda çətinlik çəkir və məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Hesab edir ki, uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 300 manat, cəmi 600 manat sabit pul məbləğində aliment tutularaq ona verilməlidir. Həmçinin, mediasiyaya müraciət etsə də, cavabdehlə hər hansı razılıq əldə edilmədiyi üçün bu barədə xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış təqdim edilmişdir.
Tərəflərin izahatları.
3. Məhkəmə baxış iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil iddia tələbini qismən qəbul edərək bildirdi ki, cavabdehin kredit öhdəlikləri mövcuddur. Hazırda cavabdehin maddi vəziyyəti iddiaçı ilə birgə nikahdan doğulan uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment ödəməyə imkan vermir. Cavabdehin rəsmi iş yeri var və aylıq gəliri 350 manat təşkil edir. Hesab edir ki, aliment cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında müəyyən edilməlidir. Odur ki, iddia tələbinin qismən təmin edilməsini xahiş etdi.
İş materialları.
5. xx.xx.2010-cu il tarixli, AZ-İ seriyalı, 584959 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X5 arasında xx.xx.2010-cu il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 581 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir.
6. AZE seriyalı, 11784326 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2010-cu il tarixdə Şəki şəhərində doğulmuşdur.
7. AZE seriyalı, 11784357 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2014-cü il tarixdə Bakı şəhərində doğulmuşdur.
İşin faktiki halları.
8. İddiaçı Cavabdeh ilə birgə nikah münasibətlərindən iki uşaq – xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 doğulmuşdur. Həmin uşaqlar hazırda faktiki olaraq anasının yanında qalır.
Tətbiq edilən hüquq.
9. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
10. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası.
Maddə 3.
1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 18.
1. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Maddə 27.
1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olanhəyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.
2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyatşəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
11. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 110. Alimentin indeksasiyası. 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
12. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.
8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində alimenttəyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234. Qətnamənin icra edilməsi. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında.
14. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu.
Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar.
Məhkəmənin mövqeyi.
15. İşin faktiki hallarından görünür ki, İddiaçı və Cavabdeh birgə nikah münasibətlərindən iki uşaq – xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 doğulmuşdur. Həmin yetkinlik yaşına çatmayan uşaqlar hazırda iddiaçının, yəni analarının yanında qalmaqla, uşaqların bütün gündəlik məişət qayğılarının çəkilməsi və zəruri tələbatlarının ödənilməsi uşaqlar yanında qalan valideynin üzərinə düşür.
16. İddiaçı Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.75 misli həddində sabit pul məbləğində aliment tutulmasını məhkəmədən xahiş etmiş, məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulmasını məhkəmədən xahiş etmişdir.
17. Məhkəmə uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün aliment tutulması ilə bağlı ilk növbədə qeyd edir ki, uşaqları saxlamaq, onların qayğısına qalmaq hər iki valideynin vəzifəsi olsa da, uşaqlar daimi olaraq iddiaçının yanında qaldığından onların saxlanılması ilə bağlı gündəlik qayğılar da iddiaçının üzərinə düşür. Bu səbəbdən iddiaçının uşaqlara qulluq etməsi, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarını çəkməsi cavabdehdən tutulacaq alimentin məbləği müəyyən edilərkən diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin onu da nəzərə alır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir.
18. Bütün bu qeyd edilənləri, lakin hər bir halda ən əsası uşaqların üstün maraqlarını və diqqətəlayiq mənafelərini nəzərə alan məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay qazancın və (və ya) başqa gəlirlərin 1/3 hissəsi miqdarında və sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.462 misli həddində sabit pul məbləğində aliment tutulması işin hallarına və uşaqların üstün maraqlarına uyğundur.
19. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilən məlumata əsasən, Cavabdeh adına qüvvədə olan 01 ədəd əmək müqaviləsi (vəzifə - bölmə rəhbəri, satış, əmək haqqı – 400 manat) mövcuddur. Cavabdehin nümayəndəsinin (vəkilinin) iddia tələbinə şifahi etirazının dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında (hər ay 133 manat) aliment tutulması uşaqların üstün maraqlarına və diqqətəlayiq mənafelərinə tam uyğun deyil.
20. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İstinad edilən maddi hüquq normasının məcburi göstərişlərindən aydın olur ki, alimentin sabit pul məbləğində tutulması yalnız xeyrinə aliment tutulan şəxsin xahişi ilə mümkündür. Təsadüfi deyil ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında da qeyd edilir ki, ... Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir... .
21. Hər bir halda alimentin sabit pul məbləğində tutulması üçün qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin hər biri eyni vaxtda və kompakt şəkildə mövcud olmalıdır. Baxılan iş üzrə cavabdehin aylıq əmək haqqının olması, alimentin cavabdehin aylıq qazancından tutulmasının uşaqların, eləcə də xeyrinə aliment tutulan şəxsin maraqlarını əhəmiyyətli dərəcədə pozmaması nəzərə alınmalı, aliment həm hər ay ödənilməli olan sabit pul məbləği qaydasında, həm də hər ay cavabdehin aylıq qazancının və (və ya) başqa gəlirlərinin müəyyən hissəsi miqdarında müəyyən edilməlidir.
22. Lakin nəzərə alınmalıdır ki, yuxarıda da istinad edilmiş Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yenə yuxarıda istinad edilmiş əlaqəli qərarında da qeyd edildiyi kimi, istinad edilən maddənin tələbindən görünür ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.
23. Odur ki, məhkəmə bir uşağın saxlanılması üçün cavabdehdən 185 manat sabit pul məbləğində aliment tutulması nəticəsinə gəldiyindən müvafiq məbləğin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə uyğun olaraq indeksasiyası məqsədilə cavabdehdən 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğinin (400 manat) 0.462 misli miqdarında aliment tutulmalıdır.
24. Uşaqların saxlanılmaları üçün alimentin hansı tarixdən tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulduğundan bu qətnamə ilə alimentin tutulmasına xx.xx.2025-ci il tarixdən hesablanmaqla başlanmalıdır.
Məhkəmə xərcləri.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Alimentin tutulması tələbi ilə məhkəməyə müraciət edən İddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (500x12=6000 manat) mütənasib olan 80 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
27. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-ci il tarixindən başlayaraq, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancın və (və ya) başqa gəlirlərin 1/3 hissəsi miqdarında və sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.462 misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır.
28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancın və (və ya) başqa gəlirlərin 1/3 hissəsi miqdarında və sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.462 misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə aliment hissəsində dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 80 (səksən) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.