Məhkəmə qərarları › İş №2(010)-574/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-574/2025

14.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-574/2025 14.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiаçı İddiaçı Cavabdeh qarşı aliment tələbinə dаir ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 235 manat, ümumilikdə 705 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2009-cu il tarixdə bağlanmış rəsmi nikahlarından 3 uşaqları – xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X6 anadan olmuşdur. Cavabdehlə aralarında olan rəsmi nikah Biləsuvar Rayon Məhkəməsinin 2(022)-937/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Belə ki, nikahları pozulduğu andan bəri cavabdeh uşaqlarla heç bir əlaqə saxlamamış və onların problemləri ilə maraqlanmamışdır. Cavabdeh onun tələb etdiyi məbləği tam ödəyə bilər. Cavabdehin maddi imkanları çox yaxşıdır. Uşaqlar onun himayəsindədir və onların bütün təlim-tərbiyəsi ilə özü məşğul olur. Cavabdeh isə maddi yardım göstərmir və mənəvi dəstək olmur. Cavabdeh atalıq vəzifəsini yerinə yetirməli və uşaqlarına kifayət edən məbləğdə aliment verməlidir. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsinin məzmunu qanunvericilikdə konkretləşdirilməmişdir. Belə hesab edilir ki, valideynlərin uşaqlarını saxlamaq vəzifəsinə yemək, geyim, müalicə, təhsil və s. sahələrdə zəruri ehtiyacları təmin etmək daxildir. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi uşaqların doğulduğu vaxtdan əmələ gəlib, onlar yetkinlik yaşına çatanadək davam edir. Cavabdeh övladlarının normal böyümələri üçün onlara qayğı göstərməli, onların bütün ehtiyaclarını ödəməlidir. Bu, onun həm atalıq borcudur, həm də qanunun birmənalı tələbidir. Cavabdehlə rəsmi boşandıqdan sonra uşaqlar onun himayəsində qalmışdır. Uşaqlarla tək özü məşğul olur. Uşaqlar böyüdükcə onların tələbatları çoxalır və o, tək bunları qarşılamaq iqtidarında deyildir. Buna görə də, alimenti tələb etmək məcburiyyətindədir. Hətta, daha əvvəl qanunvericiliyə əsasən, aliment tələbi etdiyi zaman ona tələbindən imtina etməyi və bunun üçün hər ay ödəniş edəcəyini vəd etmişdir. Lakin, indiki zamana qədər qəsdən və bilərəkdən pul ödəməkdən yayınmışdır. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Azərbaycan Respublikası Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 828769 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2008-ci il tarixdə Biləsuvar rayonu, Biləsuvar şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 527 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 828770 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2010-cu il tarixdə Biləsuvar rayonu, Biləsuvar şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 965 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 828771 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2014-cü il tarixdə Cəlilabad rayonu, Cəlilabad şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 254 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 449262 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2008-ci ildə İddiaçı doğulmuş X4 atası hesab edilmiş, bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 200 nömrə ilə qeyd edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(022)-937/2019 nömrəli qətnaməsindən müəyyən olunur ki, iddia təmin edilmiş, iddiaçı X7 və Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə Biləsuvar rayon qeydiyyat şöbəsində 01 nömrəli kitabın 275-ci səhifəsində rəsmiləşən nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X1 anaları X2 yanında qalmaları müəyyən edilmişdir. Azərbaycan Respublikası Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 359127 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh və X3 nikahı Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(022)-937/2019 nömrəli qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2019-cu il tarixdə xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 63 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Quliyeva soyadı verilmişdir. Mediasiya Şurasının Bakı 11 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş MŞB/11/2024-00980 nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı xx.xx.2024-cü il tarixdə keçirilmiş aliment tələbinə dair ilkin mediasiya sessiyasında iştirak etmiş, qarşı tərəfə (Cavabdeh) ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq (xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmişdir), onun mediasiya prosesində iştirakını təmin etmək mümkün olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 20 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” BMT Konvensiyası Maddə 3.Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 18.1. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Maddə 27. Hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 110. Alimentin indeksasiyası. 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarı “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1.2. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin faktiki hallarından göründüyü kimi tərəflərin ailə münasibətlərindən üç uşaq doğulmuşdur və bu uşaqlar hazırda iddiaçının yanında qalırlar. Bu baxımdan həmin uşaqları yanında saxlayan iddiaçı onların saxlanılmaları ilə bağlı gündəlik qayğıları çəkdiyi üçün cavabdehdən aliment tələb etməkdə haqlı olmuşdur. İddiaçı birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Eyni zamanda, cavabdehin aliment tələbi ilə bağlı hər hansı etirazı məhkəməyə daxil olmamışdır. Alimentin məbləği ilə bağlı məhkəmə nəzərə çatdırır ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Digər tərəfdən qanunvericiliyin tələbinə və humanizm prinsipinə görə uşağın mənafeyi valideynin mənafeyindən daha üstün sayılmalıdır. Mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması uşaqların üstün mənafelərinin qorunmasına yönəldilmişdir. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarının uşaqları ilə bölüşdürməyə borcludurlar. Sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək tərəflərin hər birinin maddi və ailə vəziyyətini, valideynlərin uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malik olmalarını, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alıb belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməklə hər uşağa görə aliment 210 manat həddində müəyyən edilməli, xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.61 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Cavabdehdən alimentin tutulmasına hansı tarixdən başlanmalı olması ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixində daxil olduğundan bu qətnamə ilə aliment tutulmasına həmin tarixdən başlanmalıdır. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112-ci maddəsinə müvafiq olaraq, alimentin alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusuna uyğun qiymətləndirilir. Aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (630x12=7560 manat) mütənasib olan 95.60 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.61 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, ödənilməmiş 95.60 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməli və qətnamə aliment hissəsində dərhal icra edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.61 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Ödənilməmiş 95.60 (doxsan beş manat altmış qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar