Məhkəmə qərarları › İş №2(010)-5833/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5833/2021

07.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5833/2021 07.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbi üzrə məhkəmə əmri çıxarılmasına dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə əmr icraatı qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (borclu "xxxx" MMC) Borclu qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbi üzrə məhkəmə əmri çıxarılmasına dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Borclu "xxxx" MMCnin xeyrinə 789.9 manat məbləğində əsas borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. İlk növbədə, dövlət rüsumu qanunla müəyyən edilmiş məbləğdə ödənilməmiş, ərizəyə 20 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmişdir. Halbuki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Nəzərə alınmalıdır ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət rüsumlarının məbləğləri barədə dəyişiklik 01.10.2021-ci il tarixdən qüvvəyə minmişdir. Qanunun əvvəlki variantında müvafiq ərizə ilə məhkəməyə müraciət etmək üçün 20 manat məbləğində dövlət rüsumu ödənilməsi müəyyən edilsə də hazırkı ərizə 04.10.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Ərizənin hansı tarixdə kreditor tərəfindən poçta verildiyini müəyyən etmək üçün poçt zərfinin üzərində olan kod "xxxx" MMC-nin rəsmi internet səhifəsindən “poçt göndərişlərinin izlənməsi” xidməti vasitəsilə yoxlanılmış və müəyyən edilmişdir ki, müvafiq göndəriş 01.10.2021-ci il tarixdə poçta təhvil verilmişdir. Bu baxımdan ödənilməli olan rüsum “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun hazırda qüvvədə olan variantına uyğun olaraq 100 manat məbləğində müəyyən edilir. Lakin kreditor yalnız 20 manat məbləğində rüsum ödəməklə kifayətlənmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, ərizəyə Borclu borcun ödənilməsi tələbi ilə bağlı edilən formal xəbərdarlıq əlavə edilsə də həmin xəbərdarlığın borcluya göndərilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış müqavilənin 11.1-ci və 11.2-ci maddələrində göstərilmişdir ki, müqavilənin yerinə yetirilməsi prosesində yaranmış mübahisələr danışıq yolu ilə həll edilir. Mübahisələri danışıq yolu ilə həll etmək mümkün olmadıqda onlar məhkəmə qaydasında həll edilir. Nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış müqavilədə də qeyd edildiyi kimi mübahisə varsa, tərəflər əvvəlcə bunu öz aralarında danışıqlar yolu ilə həll etməyə cəhd etməli, daha sonra məhkəməyə müraciət etməlidir. Bu zaman müraciətin iddia icraatı, yaxud əmr icraatı qaydasında edilməsinin iş üçün heç bir əhəmiyyəti yoxdur. Çünki, hər iki halda tərəflərdən biri digər tərəfin müqavilə öhdəliklərini pozduğunu hesab edir və pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək qərarına gəlir. Lakin, artıq yuxarıda qeyd edildiyi kimi tərəf bu cür ərizə ilə məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin danışıqlar yolu ilə həllinə cəhd etdiyini göstərən müvafiq sənədləri məhkəməyə təqdim etməli idi. Göründüyü kimi, ərizə yuxarıda göstərilən nöqsanlara məhkəməyə təqdim edilmişdir. Odur ki, ərizə icraata qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 278.4-cü maddəsinə əsasən ərizənin bu Məcəllənin 278.1-ci və 278.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Həmçinin, kreditor nöqsanları aradan qaldırdıqdan sonra növbəti dəfə eyni ərizə ilə məhkəməyə müraciət edəcəksə nəzərə almalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 278.1-ci və 278.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 275-284-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbi üzrə məhkəmə əmri çıxarılmasına dair ərizə geri qaytarılsın. Kreditora izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar