Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5879/2025 02.03.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Elmi-İstehsalat Müəssisəsinə qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Elmi-İstehsalat Müəssisəsinə (bundan sonra – cavabdeh) qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7000 manat məbləğində ödənilməmiş məzuniyyət pulunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh MMC-nin tərkib hissəsi olan “Dalğa Elmi-İstehsalat Müəssisəsi”ndə sex rəisi vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində aylıq əmək haqqı 720 manat təşkil etmişdir. Cavabdeh müəssisədə işlədiyi 16 il ərzində cəmi 2 ilin məzuniyyət pulu ona ödənilmiş, yerdə qalan 14 ilin məzuniyyət pulu isə bu günədək ödənilməmişdir. Belə ki, cavabdeh müəssisə hər il ona vədlər verərək, məzuniyyət pulunu ödəyəcəyini bildirsə də, sözünə əməl etməmişdir. Sonunda isə cavabdeh müəssisə ona bildirmişdir ki, təqaüdə çıxdıqdan sonra ödənilməyən məzuniyyət pulları tam ödəniləcəkdir. 3 ildir ki, təqaüdə çıxmağına baxmayaraq, cavabdeh müəssisə tərəfindən ona heç bir məzuniyyət pulu ödənilməmişdir. Beləliklə, cavabdeh müəssisə hər il onu get-gələ salmaqla məşğuldur. Odur ki, cavabdeh tərəfindən ödənilməyən 14 ilin məzuniyyət pulunun, yəni 7000 manat məzuniyyət pulunun ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən qabaq Mediasiya Təşkilatında mübahisə ilə əlaqədar iclas təyin edilmiş, lakin cavabdeh həmin iclasda iştirak etməmişdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsi və iddia müddəti tətbiq edilməklə, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarına əlavə edilən sənədlər onlar əsasında təsdiq edilən faktlar Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “MKNRS” İstehsalat Birliyinin "xxxx" Elmi-İstehsalat Müəssisəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş 7-k nömrəli əmrin surətindən müəyyən olunur ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə müvafiq olaraq ləğv edilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" Elmi-İstehsalat Müəssisəsi (işəgötürən) və İddiaçı (işçi) arasında xx.xx.2007-ci il tarixdə bağlanmış 6 nömrəli əmək müqaviləsinin surətindən müəyyən olunur ki, “İşçi” Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" Elmi-İstehsalat Müəssisəsində 104 nömrəli sexin rəisi vəzifəsinə (peşəsinə) işə qəbul edilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" İstehsalat Birliyi "xxxx" Elmi-İstehsalat Müəssisəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş 248-K nömrəli əmrin surətindən müəyyən olunur ki, İddiaçı - plastmass və vulkanizasiya olunmamış rezinlərin emal və təzyiqdə emal sexinin rəisinə istehsalatda iş həcminin artması ilə əlaqədar olaraq, 2006-2007 və 2007-2008-ci illərin məzuniyyəti əvəzinə (60 gün) pulla kompensasiya ödənilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" İstehsalat Birliyi "xxxx" Elmi-İstehsalat Müəssisəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş 119-K nömrəli əmrin surətindən müəyyən olunur ki, İddiaçı - ştamplama, plastik məmulatların emalı və halvanika sexinin rəisinə xx.xx.2008 – xx.xx.2009-cu iş ilinə görə 36 təqvim günü (əsas 30 gün, əlavə 06 gün, əmək stajına görə) əmək məzuniyyəti verilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" İstehsalat Birliyi "xxxx" Elmi-İstehsalat Müəssisəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş 203-K nömrəli əmrin surətindən müəyyən olunur ki, İddiaçı - ştamplama, plastik məmulatların emalı və halvanika sexinin rəisinə xx.xx.2009 – xx.xx.2010-cu iş ilinə görə 36 təqvim günü (əsas 30 gün, əlavə 06 gün, əmək stajına görə) əmək məzuniyyəti verilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" İstehsalat Birliyi "xxxx" Elmi-İstehsalat Müəssisəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş 107-K nömrəli əmrin surətindən müəyyən olunur ki, İddiaçı - ştamplama, plastik məmulatların emalı və halvanika sexinin 12-ci dərəcəli sex rəisinə xx.xx.2010 – xx.xx.2011-ci iş ilinə görə 36 təqvim günü (əsas 30 gün, əlavə 06 gün, əmək stajına görə) əmək məzuniyyəti verilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" İstehsalat Birliyi "xxxx" Elmi-İstehsalat Müəssisəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş 229-K nömrəli əmrin surətindən müəyyən olunur ki, İddiaçı - ştamplama, plastik məmulatların emalı və halvanika sexinin 12-ci dərəcəli sex rəisinə xx.xx.2011 – xx.xx.2012-ci iş ilinə görə 36 təqvim günü (əsas 30 gün, əlavə 06 gün, əmək stajına görə) əmək məzuniyyəti verilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" İstehsalat Birliyi "xxxx" Elmi-İstehsalat Müəssisəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş 235-K nömrəli əmrin surətindən müəyyən olunur ki, İddiaçı - ştamplama, plastik məmulatların emalı və halvanika sexinin 12-ci dərəcəli sex rəisinə xx.xx.2012 – xx.xx.2013-cü iş ilinə görə 36 təqvim günü (əsas 30 gün, əlavə 06 gün, əmək stajına görə) əmək məzuniyyətinə görə pul əvəzi verilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" İstehsalat Birliyi "xxxx" Elmi-İstehsalat Müəssisəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 7-K nömrəli əmrin surətindən müəyyən olunur ki, İddiaçı - ştamplama, plastik məmulatların emalı və halvanika sexinin 12-ci dərəcəli sex rəisinə xx.xx.2013 – xx.xx.2014-cü iş ilinə görə 36 təqvim günü (əsas 30 gün, əlavə 06 gün, əmək stajına görə) əmək məzuniyyəti verilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" İstehsalat Birliyi "xxxx" Elmi-İstehsalat Müəssisəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 72-K nömrəli əmrin surətindən müəyyən olunur ki, İddiaçı - ştamplama, plastik məmulatların emalı və halvanika sexinin 12-ci dərəcəli sex rəisinə xx.xx.2014 – xx.xx.2015-ci iş ilinə görə 36 təqvim günü (əsas 30 gün, əlavə 06 gün, əmək stajına görə) əmək məzuniyyəti verilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" İstehsalat Birliyi "xxxx" Elmi-İstehsalat Müəssisəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 57/Ş nömrəli əmrin surətindən müəyyən olunur ki, İddiaçı - ştamplama, plastik məmulatların emalı və halvanika sexinin 12-ci dərəcəli sex rəisinə xx.xx.2015 – xx.xx.2016-cı iş ilinə görə 36 təqvim günü (əsas 30 gün, əlavə 06 gün, əmək stajına görə) əmək məzuniyyəti verilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" İstehsalat Birliyi "xxxx" Elmi-İstehsalat Müəssisəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 145/Ş nömrəli əmrin surətindən müəyyən olunur ki, İddiaçı - ştamplama, plastik məmulatların emalı və halvanika sexinin 12-ci dərəcəli sex rəisinə xx.xx.2016 – xx.xx.2017-ci iş ilinə görə 36 təqvim günü (əsas 30 gün, əlavə 06 gün, əmək stajına görə) əmək məzuniyyəti verilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" İstehsalat Birliyi "xxxx" Elmi-İstehsalat Müəssisəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 21/k nömrəli əmrin surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" İstehsalat Birliyi "xxxx" Elmi-İstehsalat Müəssisəsinin ştamplama, plastik məmulatların emalı və halvanika sexinin 11-ci dərəcəli sex rəisi vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, xx.xx.2021-ci il tarixdən xitam verilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə ünvanlanmış 15/55 nömrəli cavab məktubunun surətindən müəyyən olunur ki, işlədiyi dövr ərzində nəzərdə tutulan əmək məzuniyyətinə görə kompensasiyanın verilməməsinin həmin illərdə müəssisədə olan maliyyə sıxıntıları ilə əlaqədar olması, əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsində nəzərdə tutulan fərdi əmək mübahisələrinin predmeti olmasına baxmayaraq, bununla bağlı həmin məcəllənin 296-cı maddəsində nəzərdə tutulan iddia müddətinin buraxılması qeyd edilmiş, həmçinin mülki prosessual qanunvericiliyə əsasən, bütün fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarının, eləcə də maraqlarının qorunması və təmin edilməsi məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə hüququna malik olması bildirilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" İstehsalat Birliyinin "xxxx" Elmi-İstehsalat Müəssisəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 115/70 nömrəli məktubun surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Müdafiəs Sənayesi Nazirliyinin xx.xx.2006-cı il tarixli, 01 nömrəli əmrinə əsasən, “NORD” Elmi-İstehsalat Birliyi ləğv edildiyindən, onun bazasında yaradılmış "xxxx" Elmi-İstehsalat Müəssisəsinin (indiki "xxxx" EİM) xx.xx.2006-cı il tarixli, 7-k nömrəli əmri ilə siyahı üzrə bütün işçilər işdən azad edilmiş, müraciətdə də qeyd edildiyi kimi əmək fəaliyyətinə 1986cı il tarixdən başlamış İddiaçı həmin əmrə əsasən işdən azad olunmuş, sonradan xx.xx.2007-ci il tarixli, 16-k nömrəli əmrlə "xxxx" Elmi-İstehsalat Müəssisəsinə işə qəbul olunaraq, onunla yeni əmək müqaviləsi bağlanmışdır. İşlədiyi müddət ərzində İddiaçı 2006-2007 və 2007-2008-ci illərin əmək məzuniyyəti (60 gün) kompensasiya olunmuş, 2008-2012-ci illər üzrə əmək məzuniyyətlərini (hər biri 36 gün) istifadə etmiş, 2012-2013cü ilin əmək məzuniyyəti kompensasiya olunmuş, 2013-2017-ci illər üzrə əmək məzuniyyətlərini (hər biri 36 gün) istifadə etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixində öz xahişi ilə işdən azad edilmiş və son haqq-hesab hesablanaraq ödənilmişdir. Maliyyə çətinlikləri ilə əlaqədar olaraq, İddiaçı əmək haqqından DSMF-na hesablanmış və tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə olan borclar tam ödənilməmişdir. Həmin borclar maliyyə imkanları daxilində hissə-hissə ödənilir. Mediasiya Şurasının Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş MŞB/3/2025-00565 nömrəli arayışdan müəyyən olunur ki, iddiaçı xx.xx.2025-ci il tarixdə keçirilmiş məzuniyyət pullarının ödənilməsi tələbinə dair ilkin mediasiya sessiyasında iştirak etmiş, qarşı tərəfə ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq (xx.xx.2025-ci il tarixdə bildiriş göndərilmişdir), qarşı tərəfin səlahiyyətli nümayəndəsinin mediasiya prosesində iştirakını təmin etmək mümkün olmamışdır. İlkin mediasiya xərci (50 manat) və poçt-kargüzarlıq xərci (10 manat) iddiaçı tərəfindən ödənilmişdir. İşin faktiki halları İddiaçı xx.xx.2007-ci il tarixdən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" Elmi-İstehsalat Müəssisəsində 104 nömrəli sexin rəisi vəzifəsinə (peşəsinə) işə qəbul edilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" İstehsalat Birliyi "xxxx" Elmi-İstehsalat Müəssisəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 21/k nömrəli əmrə əsasən, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" İstehsalat Birliyi "xxxx" Elmi-İstehsalat Müəssisəsinin ştamplama, plastik məmulatların emalı və halvanika sexinin 11-ci dərəcəli sex rəisi vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, xx.xx.2021-ci il tarixdən xitam verilməsi əmr edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" X3 Məsuliyyətli Cəmiyyəti "xxxx" Elmi-İstehsalat Müəssisəsinin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə verməklə, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372. İddia müddəti anlayışı. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375. İddia müddətinin tətbiqi. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 294. Fərdi əmək mübahisələrinə baxan orqanlar.
1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri.
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Qeyd: Bu maddənin altıncı hissəsində iddiaçının “yaxın qohumu” dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzürlü hal hesab edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi
İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.2007-ci il tarixdən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" Elmi-İstehsalat Müəssisəsində 104 nömrəli sexin rəisi vəzifəsinə (peşəsinə) işə qəbul edilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" İstehsalat Birliyi "xxxx" Elmi-İstehsalat Müəssisəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 21/k nömrəli əmrə əsasən, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" İstehsalat Birliyi "xxxx" Elmi-İstehsalat Müəssisəsinin ştamplama, plastik məmulatların emalı və halvanika sexinin 11-ci dərəcəli sex rəisi vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, xx.xx.2021-ci il tarixdən xitam verilmişdir. Cavabdehin nümayəndəsi (vəkili) iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi tətbiq edilməklə, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci bəndinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin məcəllənin 296-cı maddəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin maddənin 2-ci bəndinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 4-cü bəndinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Göründüyü kimi, əmək qanunvericiliyi fərdi əmək mübahisələrinin həllində iqtisadi baxımdan daha zəif tərəf olan işçinin iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnu onun bilavasitə hüququnun pozulduğunu aşkar etdiyi gün ilə əlaqələndirmiş və məhdudlaşdırmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün dedikdə - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün başa düşülür. Baxılan işin hallarından müəyyən olunur ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri məhz ödənilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın verilməsi ilə bağlıdır. Yəni, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsinin predmetini pul tələblərinin təmin edilməsi təşkil edir. İşçinin bu konteksdə hüquqlarının pozulduğunu aşkar etdiyi günün müəyyən edilməsi qanunla müvafiq kateqoriyadan olan mübahisələrə iddia müddətinin tətbiqi məsələsinə qiymət verilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndində nəzərdə tutulmuş əsasla (tərəflərdən birinin təşəbbüsü) xitam verilməsinə dair əmrdən həmin əmrin iddiaçının şəxsi təşəbbüsü nəticəsində qəbul edilməsi nəzərə alındığı təqdirdə məlumatlı olması şübhəsiz və aşkardır. Bundan əlavə, iş materiallarına əlavə edilmiş kompensasiya üzrə haqq-hesab vərəqəsindən müəyyən olunur ki, işçinin əmək fəaliyyəti ilə məşğul olduğu dövr ərzində işçi tərəfindən istifadə edilməmiş məzuniyyət günlərinin sayı və həmin günlərə görə ödənilməli olan kompensasiyanın məbləği dəqiq şəkildə hesablanmışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 4cü bəndinə əsasən, əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Belə olan halda, işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin, eləcə də son haqq-hesaba dair sənədlərin əldə edildiyi gün xx.xx.2021-ci il həm də işçinin hüquqlarının pozulmasının aşkar edildiyi gün olaraq qəbul edilməlidir. İşçinin, yəni hazırkı iş üzrə iddiaçının hüquqlarının pozulmasını aşkar etdiyi günün xx.xx.2021-ci il olaraq qəbul edildiyi təqdirdə, məhkəməyə müraciət hüququnu məhdudlaşdıran xüsusi iddia müddətinin (1 il) ötürüldüyü də mübahisəsizdir. İddiaçının cavabdehə qarşı qaldırdığı müvafiq iddia tələbləri üzrə əmək qanunvericiliyində nəzərdə tutulmuş iddia müddəti ötürülsə də, qanunverici bir sıra hallarda bu müddətin ötürülməsinin üzrlü hesab edildiyi halların dairəsini də dəqiq müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndinə əsasən, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Göründüyü kimi, əmək qanunvericiliyi fərdi əmək mübahisəsinə baxan orqan qismində məhkəmənin iddia müddətinin tətbiqi barədə ərizə verildikdə sözügedən kateqoriyadan olan mübahisələrə mahiyyəti üzrə baxılma imkanını yalnız bir şərtdən, yəni buraxılmış müddətin üzrlü hesab edilərək bərpasından asılı etmişdir. Həmçinin, qanununun qeyd edilən norması imperativ xarakter daşımaqla, bu və ya digər qaydanın tətbiqi imkanını istisna edir. İşin hallarından görünür ki, iddiaçının nümayəndəsi (vəkili) qanunla məhkəməyə müraciət etmək üçün imperativ olaraq müəyyən edilmiş müddətin ötürülməsinin məhz üzrlü səbəblərdən baş vermə əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndində sadalanan klassik şərtlərdən hər hansı birinə istinad etməmiş, hüquqlarını müdafiə etdiyi şəxsin cavabdeh olan inzibati orqanın mübahisənin müsbət həllinə dair vədlərinə inandığını, hüquqlarının pozulması ilə əlaqədar hərəkətsiz qalmadığını və daimi olaraq cavabdehə müraciət etdiyini bildirmişdir. Məhkəmə bu hissədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verildikdən sonra mütəmadi olaraq cavabdehə müraciətlər etdiyini bildirsə də, bu “mütəmadi” müraciətləri təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə ünvanlanmış 15/55 nömrəli cavab məktubunun surətindən müəyyən olunur ki, işlədiyi dövr ərzində nəzərdə tutulan əmək məzuniyyətinə görə kompensasiyanın verilməməsinin həmin illərdə müəssisədə olan maliyyə sıxıntıları ilə əlaqədar olması, əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsində nəzərdə tutulan fərdi əmək mübahisələrinin predmeti olmasına baxmayaraq, bununla bağlı həmin məcəllənin 296-cı maddəsində nəzərdə tutulan iddia müddətinin buraxılması qeyd edilmiş, həmçinin mülki prosessual qanunvericiliyə əsasən, bütün fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarının, eləcə də maraqlarının qorunması və təmin edilməsi məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə hüququna malik olması bildirilmişdir. İşçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmri, eləcə də son haqq-hesab sənədlərini əldə etdikdən sonra istifadə edilməmiş, lakin dəyəri ödənilməyən məzuniyyət günlərinin sayı və məbləği barədə məlumatlı olmaması qeyri-mümkün olduğu üçün, işçinin hüquqlarının pozulduğunu aşkar etdiyi günün yuxarıda qeyd edilmiş təqvim tarixi kimi müəyyən edilməsi tərəflərin arasında yaranmış mübahisəli hüquq münasibətlərinə və iş üzrə müəyyən edilmiş hallara tam uyğundur. Bundan əlavə, işçinin pozulmuş hüquqlarının bərpasına dair cəhdləri, yəni mütəmadi olaraq işəgötürənə yazılı və ya şifahi müraciətlər etməsi və cavabdehin ona güman olunan vədləri iddiaçının hüquqlarının hələ pozulmadığı anlamına gəlmir. Son haqq-hesab sənədlərində ödənilməli bu və ya digər pul məbləğinin qeyri-obyektiv formada əks etdirilməsini güman edən işçinin həmin sənədləri əldə etdiyi, sənədlərdən məlumatlı olduğu gün artıq öz əmək hüquqlarının pozulmasını aşkar etdiyi gün kimi qəbul edilməlidir. Hüquqların pozulması aşkar edildikdən sonra bu və ya digər orqana, eləcə də işəgötürənə edilən hər hansı müraciət isə fərdi əmək mübahisəsinin məhkəmədən kənar qaydada həlli məqsədi daşıyan hərəkətləri özündə ehtiva edir və hüquqların pozulmasının aşkar edildiyi günün dəyişdirilməsi üçün əsas hesab edilmir. Hər bir halda, iddiaçının nümayəndəsinin (vəkilinin) iddia etdiyi kimi, cavabdeh işəgötürən tərəfindən istifadə edilməmiş, lakin dəyəri ödənilməmiş əmək məzuniyyəti günlərinə görə ödənilməli olan kompensasiya barədə borcunu etiraf etməsinə dair yazılı müraciətin tarixi, yəni xx.xx.2024-cü il tarixi işçinin hüquqlarını pozulduğunu aşkar etdiyi gün kimi qəbul edilsə belə, yenə də qanunla müəyyən edilmiş xüsusi iddia müddətinin ötürülməsi aşkar görünür (müvafiq dəlilə qiymət verilməsi işçinin əmək hüquqlarının pozulmasının aşkar edildiyi günün müəyyən edilməsi barədə məhkəmənin gəldiyi qənaətin dəyişdirilməsinə səbəb olmur). Məhkəmə son olaraq onu da qeyd etməyi zəruri hesab edir ki, buraxılmış müddət bərpa edilmədiyi üçün mübahisəyə mahiyyəti üzrə baxılmasına, yəni iddia tələbinin əsaslılığına və təqdim edilmiş sübutlara tətbiq edilməli olan hüquq normalarına əlavə olaraq hüquqi qiymət verilməsinə zərurət yoxdur.
Məhkəmənin gəldiyi nəticə
Beləliklə, məhkəmə təqdim edilmiş sübutların hər birini aidlik, mümkünlük və mötəbərlik nöqteyi-nəzərindən, həmin sübutların məcmusunu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Elmi-İstehsalat Müəssisəsinə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.