Məhkəmə qərarları › İş №2(010)-6/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-6/2021

11.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-6/2021 11.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan QSC «xxxx» KB-nin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə İddiaçı Ləğv prosesində olan QSC «xxxx» KB-nin cavabdehlər Cavabdeh1 MMCyə və Cavabdeh2 qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Ləğv prosesində olan QSC «xxxx» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 131.718 manat pul məbləğində vurulmuş maddi zərər və 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 tutularaq Ləğv prosesində olan QSC «xxxx» KB-nın xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. «İddiaçı Ləğv prosesində olan QSC «xxxx» KB-nin etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, 04 oktyabr 2012-ci il tarixində Qapalı Səhmdar Cəmiyyəti «xxxx» Kommersiya Bankı Cavabdeh1 və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 21 nömrəli üçtərəfli müqavilə imzalanmışdır. Müqavilənin predmetinə görə tərəflər internet şəbəkəsində Təchizatçının Cavabdeh1 MMC informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üçün bank kartlarından istifadə etməklə (internet-mağaza) Bankın müştəriləri tərəfindən həyata keçirilən əməliyyatlar üzrə hesablaşmaları təşkil etmək və yerinə yetirmək öhdəliyi götürmüşlər. Yəni müqavilənin predmetinə görə müqavilə tərəflərinin əsas vəzifələri - Vasitəçi olaraq “xxxx” MMC-nin kartlardan istifadə etməklə internet şəbəkəsi vasitəsilə xidmətlərin ödənişi üzrə əməliyyatların həyata keçirilməsi üçün təchizatçı Cavabdeh1 MMC-nin ödəniş üzrə şlüzə çıxışının təmin edilməsi, Bank olaraq «xxxx» KB vasitəçi tərəfindən hazırlanmış hesablaşma məlumatlarının Banka verildikdən sonra kartlarla aparılmış əməliyyatların məbləği müəyyən olunmuş haqq tutulduqdan sonra Təchizatçının cavabdehin hesabına köçürməyi, Təchizatçı cavabdeh isə öz növbəsində göstərilən xidmətlər müqabilində kart sahiblərindən kartları qəbul edərək bank kartları vasitəsilə ödənişlərin aparılmasını təmin etmək və s. kimi müəyyən edilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən Bank araşdırma (şübhəli əməliyyatların aşkara çıxarılması məqsədilə) apardığı müddətdə müqavilədə göstərilmiş hal baş verdikdə Təchizatçı (cavabdeh) aparılmış əməliyyatlara dair sənədləri Banka təqdim etməyi öhdəsinə götürür. Banka yuxarıda göstərilən sənədlər təqdim edilmədiyi təqdirdə, Bankın həmin əməliyyatlara dair haqqı ödəməmək hüququ yaranır. Cavabdehin internet saytında ödəniş kartları ilə edilmiş əməliyyatların problemli olması barədə beynəlxalq ödəniş sistemləri tərəfindən məlumat daxil olmuş və nəticədə isə daxil olan chargeback-lərin (kart sahiblərinin ödənişlərə etirazı) sayı günbəgün artmağa başlamışdır. 08.01.2013-cü il tarixinə 35 chargeback daxil olmuş və bunlar üzrə aparılmış əməliyyatların cəmi 172.388.3 manat məbləğində olmuşdur. Qaydalara əsasən isə daxil olmuş chargeback-lər üzrə geri ödəniş edilməli və kart sahiblərinin iddiaları dərhal təmin edilməlidir. Aparılmış əməliyyatların qanuniliyi şübhə doğurduğundan, bu əməliyyatlarla bağlı sənədlərin banka təqdim edilməsi üçün cavabdehə dəfələrlə müraciət edilmişdir. Lakin cavabdeh qeyd olunan sənədləri təqdim etməkdən yayınmış, bu səbəbdən bank daxil olmuş chargebacklər üzrə iddia məbləğlərini öz hesabına ödəmiş, bunun nəticəsində banka 172.388.3 manat məbləğində maddi ziyan vurulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 02 oktyabr 2015-ci il tarixli Qərarı ilə dəyişdirilmədən saxlanılmış Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyun 2015-ci il tarixli - Cavabdeh1 MMC-nin təsisçisi və direktoru Cavabdeh2 AR CM-nin 177.3.1, 177.3.2, 271.2.1, 271.2.2 və 271.2.3-cü maddələri ilə məhkum olunmasına dair hökmünə əsasən o, "Cavabdeh1” MMC-nin direktoru olaraq vəzifəli şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə cinayət əməlləri nəticəsində «xxxx» Kommersiya Bankına 187.763,92 manat külli miqdarda ziyan vurmuş, dəymiş ziyandan 56.045,53 manat ödənilmişdir. Beləliklə maddi ziyanın dəyəri 131.718 manat təşkil edir. Banka vurulan maddi ziyan formasında təzahür etmiş hüquq pozuntusu Bankın iştirakçısı olduğu ictimai münasibətlərə, işgüzar dövriyəyə mənfi təsir göstərdiyindən forma və məzmun baxımından əmlak xarakterli zərər (ziyan) törənmiş, bu zərər yetirmə Bankın mülkiyyət hüquqlarını pozmuş, bunun nəticəsində bank öz mülkiyyətindən (maddi vəsait) məhrum olmuşdur. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, həmin prosesdə Cavabdeh2 başqa şəxslər də iştirak etmişlər. Zaur internetmağaza vasitəsilə alqı-satqı həyata keçirmiş və onun cəmi qazancı 0,025% təşkil etmişdir. Zaur tərəfindən pullar Ukrayna Respublikasına göndərilmiş, lakin mal göndərilmədiyindən Zaur barəsində cinayət işi qaldırılmışdır. Müştərilər öz banklarına şikayət etmiş, banklar isə pulu Bank Standartdan tələb etmişlər. Həmin cinayət işi Bank Standartının şikayəti əsasında başlanılmışdır. "Cavabdeh1” MMC isə hazırda fəaliyyət göstərmir və 2018-ci ildə bağlanmışdır. Buna görə də iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Cavabdeh1 MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş QSC «xxxx» KB ilə "Cavabdeh1” MMC arasında bağlanmış 28.09.2012-ci il tarixli, CAA.313440.01 saylı X4 görünür ki, Bank Azərbaycan Respublikası qanunvericiliyi bankdaxili reqlament və bu müqaviləyə əsasən “Müştəri”yə açılmış hesaba daxil olan pul hesabını daxil etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərilərin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin 02.10.2015-ci il tarixli 1(103)-1038/2015 saylı qərarından görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası CMnin 177.3.1, 177.3.2, 271.2.1, 271.2.2 və 271.2.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyun 2015-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 02.03.2016-cı il tarixli 1(102)-338/2016 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.3.1, 177.3.2, 271.2.1, 271.2.2 və 271.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olmuş Cavabdeh2 barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02.10.2015-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işinin Apelyasiya instansiya Məhkəməsində yenidən baxılması təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin 06.03.2020-ci il tarixli 1(103)-8/2020 saylı qərarından görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 177.3.1, 177.3.2, 271.2.1, 271.2.2 və 271.2.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyun 2015-ci il tarixli hökmü dəyişdirilərək, həmin hökmlə Cavabdeh2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1, 177.3.2-ci maddələri ilə təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 05 (beş) ilə endirilmiş, bu qərarla təyin edilmiş cəza həmin hökmlə Cinayət Məcəlləsinin 271.2.1, 271.2.2 və 271.2.3-cü maddələri ilə təyin edilmiş 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 66.3 və 66.4-cü maddələrinə əsasən qismən toplanılmaqla, ona qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh2 19 may 2014-cü il tarixdən 06 oktyabr 2016-cı il tarixədək həbsdə olduğu müddət, yəni 02 (iki) il 04 (dörd) ay 16 (on altı) gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 10 (on) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməklə, cəzasının əvvəli 07 noyabr 2019-cu il tarixdən hesablanmış və hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23.02.2016-cı il tarixli qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 216.1-ci maddəsinə əsasən, işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin 06.03.2020-ci il tarixli 1(103)-8/2020 saylı qərarı ilə Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 177.3.1, 177.3.2, 271.2.1, 271.2.2 və 271.2.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyun 2015-ci il tarixli hökmü dəyişdirilərək, həmin hökmlə Cavabdeh2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1, 177.3.2-ci maddələri ilə təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 05 (beş) ilə endirilmiş, bu qərarla təyin edilmiş cəza həmin hökmlə Cinayət Məcəlləsinin 271.2.1, 271.2.2 və 271.2.3-cü maddələri ilə təyin edilmiş 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 66.3 və 66.4-cü maddələrinə əsasən qismən toplanılmaqla, ona qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh2 19 may 2014-cü il tarixdən 06 oktyabr 2016-cı il tarixədək həbsdə olduğu müddət, yəni 02 (iki) il 04 (dörd) ay 16 (on altı) gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 10 (on) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməklə, cəzasının əvvəli 07 noyabr 2019-cu il tarixdən hesablanmış və hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Həmin cinayət işi üzrə QSC «xxxx» KB zərərçəkmiş şəxs kimi tanınsa da, mülki iddia verilməmiş və hazırda iş üzrə cinayət faktı və maddi ziyan dəyməsi faktı sübuta yetirildiyi üçün bu iddianı verməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh2 barəsində qanuni qüvvəyə minmiş hökmlə ümumilikdə zərərçəkmiş hüquqi şəxs QSC «xxxx» KB-na 131718 manat, yəni külli miqdarda maddi ziyan vurması faktı müəyyən olunduğundan iddia təmin olunmalı, Cavabdeh1 MMC-dən və Cavabdeh2 birgə qaydada 131718 manat vurulmuş maddi ziyan tutularaq hüquqi şəxs ləğv prosesində olan QSC «xxxx» KB-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh1 MMC-dən və Cavabdeh2 birgə qaydada 131 718 (yüz otuz bir min yeddi yüz on səkkiz) manat vurulmuş maddi ziyan və 30 (otuz) manat dövlət rüsumu tutularaq ləğv prosesində olan QSC «xxxx» KB-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar