Məhkəmə qərarları › İş №2(010)-6046/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-6046/2021

13.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-6046/2021 13.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması və aliment» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «alimentin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 11.04.2010-cu il təvəllüdlü X2 və 26.03.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə sabit pul məbləğində (minimum məbləğdən az olmayan 2021-ci il üçün 175 manat) alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia həcminin artırılması barədə ərizə verərək Cavabdeh ilə aralarında bağlanmış 16.05.2009-cu il tarixdə Füzuli rayon Qeydiyyat şöbəsində akt qeydi kitabında 217 nömrə ilə rəsmiləşən nikahın pozulması, həmin nikahdan anadan olmuş 11.04.2010-cu il təvəllüdlü X2 və 26.03.2013-cü il təvəllüdlü X1 onun (iddiaçının) himayəsində saxlanılmasını və Cavabdeh İddiaçı xeyrinə 11.04.2010-cu il təvəllüdlü X2 və 26.03.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər uşağa görə sabit pul məbləğində (minimum məbləğdən az olmayan 2021-ci il üçün 175 manat) alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, onunla Cavabdeh 16.05.2009-cu il tarixdə Füzuli rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olaraq ailə qurublar. Birgə nikahdan 11.04.2010-cu il təvəllüdlü X4 və 26.03.2013-cü il təvəllüdlü X3 adlı övladları anadan olmuşdur. Onun cavabdehlə münasibətləri əvvəllər normal olsa da, sonradan xasiyyətləri bir- birinə uyğun gəlməməsi səbəbindən mübahisələr yaranmağa başlamışdır. Zaman keçdikcə onların arasındakı münasibətləri daha da kəskinləşmişdir. Bundan sonra onların birlikdə yaşamaqları mümkün deyildir. Ailəsi faktiki dağılmışdır və aralarında olan nikah formal xarakter daşıyır. Cavabdehlə hal-hazırda bir ünvanda yaşasalar da, uşaqların maddi tələbatını özü ödəyir. Cavabdeh uzun müddətdir ki, onunla və uşaqları ilə maraqlanmır, uşaqların saxlanılması üçün maddi yardım etmir. Uşaqlar azyaşlı olduqları üçün o, heç yerdə işləyə bilmir və uşaqları özü saxlamaq məcburiyyətindədir. O, cavabdehdən uşaqlara və ona maddi və mənəvi dəstək olmasını, maddi yardıma ehtiyaclarının olduğunu dəfələrlə bildirsə də, cavabdeh ailənin və uşaqların saxlanılması üçün maddi köməklik göstərməkdən yayınmışdır. Uşaqların saxlanması üçün maddi köməyə ehtiyacı vardır. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə teleqram vuraraq bildirmişdir ki, iddia tələbini qəbul edir və boşanmanı tələb edir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Füzuli rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh 16.05.2009-cu il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Məhərrəmova, ərə Abışov soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Füzuli rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 11.04.2010cu ildə doğulmuşdur, anası İddiaçı və atası Cavabdehdur. İş materiallarına əlavə edilmiş Füzuli rayonu, Böyük Bəhmənli kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X3 26.03.2013-cü ildə doğulmuşdur, anası İddiaçı və atası Cavabdehdur. İş materiallarına əlavə edilmiş ilkin Mediasiya Sessiyasından sonra X7 Bilməməsi barədə arayışdan görünür ki, İddiaçı mediasiya şurasında 13.10.2021-ci il tarixdə təyin olunmuş iclasda iştirak etmiş və 50 manat mediasiya xərci ödəmişdir. İş materiallarına əlavə edilmiş 135 saylı MKİS tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 22, yataqxanada məcburi köçkün kimi məskunlaşmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Bu Məcəllənin 22.2.1 və 22.2.2-ci maddələrinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad arasında saziş olmadıqda, məhkəmə, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçı və cavabdeh nikahın pozulmasını xahiş etdiyindən tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Məhkəmə azyaşlı uşaqların daha çox analarına bağlılığını, anadan ayrılacağı təqdirdə bu halın onların psixi, fiziki və mənəvi inkişafına mənfi təsir göstərəcəyini, ümumiyyətlə uşaqların anaların ayrılması üçün müstəsna şəraitin mövcud olmadığını nəzərə alaraq, hesab edir ki, 11.04.2010-cu il təvəllüdlü X4 və 26.03.2013-cü il təvəllüdlü X3 anası İddiaçı himayəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 20 noyabr 1959-cu il tarixli, 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipində qeyd edilir ki, uşaq, şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir, azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında Qanuna əsasən 01 yanvar 2021-ci il tarixdən uşaqlar üçün məbləğ 175 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 175 manat olmasını nəzərə alaraq, 11.04.2010-cu il təvəllüdlü X2 və 26.03.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 14.10.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 9.1.20.-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, cavabdeh Füzuli rayonundan məcburi köçkün olduğundan ondan dövlət rüsumu tutulmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 16.05.2009-cu il tarixdə Füzuli rayon Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 217 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Nikah pozulduqdan sonra 11.04.2010-cu il təvəllüdlü X4 və 26.03.2013-cü il təvəllüdlü X3 anası İddiaçı yanında qalsın. Cavabdeh 11.04.2010-cu il təvəllüdlü X2 və 26.03.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 14.10.2021-ci il tarixdən başlayaraq, hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamə aliment hissəsində dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar