Məhkəmə qərarları › İş №2(010)-606/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-606/2021

01.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-606/2021 01.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X3, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı əldə edilmiş pul vəsaitinə 1/2 hissədə payın müəyyən olunması və pulun ödənilməsi tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı əldə edilmiş pul vəsaitinə 1/2 hissədə payın müəyyən olunması və pulun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əldə etdiyi 50000 manat məbləğinə 1/2 hissədə pay hüququnun tanınması və həmin məbləğin ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilə aralarında olan əvvəlki ev (ünvan 2) qəzalı vəzyətdə olduğu üçün Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən “xxxx” ASC-dən 40000 manat pulun köçürülməsi nəticəsində Dədə Qorqud qəsəbəsində 6 sot torpaq sahəsində tikilən evin birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilməsi, evin naturada bölünməsi və digər əmlakın 7 ədəd hərəsi 1500 manat olan inək olmaqla, cəmi 10500 manat, 8 ədəd buğa (200 kiloluq) hərəsi 1400 manat olmaqla, cəmi 11200 manat, 50 ədəd toyuq-cücə olmaqla, cəmi 300 manat, 17 qaz, 2 hindquşu olmaqla, cəmi 285 manatın bölünməsi, bölgü zamanı yetkinlik yaşına çatmayan uşaqlarını nəzərə alaraq onun 3/4 hissədə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuş, bu barədə onlara nikah haqqında şəhadətnamə verilmişdir. Birgə nikahlarından onların X8 və X6 adlı iki uşaqları doğulmuşdur. O, cavabdehlə uzun müddət ailə münasibətlərində olmuş, birgə təsərrüfat aparmışlar. 2015-ci il tarixədək münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, 2015-ci il tarixədə o, biçaqlanma nəticəsində ağır vəziyyətdə xəstəxanaya aparılaraq 20 gün müddətində “Azərsu Tikinti” xəstəxanasında müalicə almışdır. Bu müddət ərzində Cavabdeh onunla bir dəfə olsun maraqlanmamışdır. Bıçaqlandıqdan sonra vəziyyəti ilə əlaqədar yaşamaq üçün yardıma ehtiyacı yaranmışdır. Lakin buna baxmayaraq cavabdeh 2 uşağını da götürərək evi tərk emtişdir. Cavabdeh onun etibarından sui-istifadə edərək, etibarnamə almış və bu səbəbdən onun adından müvafiq hərəkətləri həyata keçirmişdir. Belə ki, Cavabdeh onun babasının adına olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin gəlmişdir. Evləndikləri vaxtdan etibarən 2015-ci il tarixədək həmin ünvanda yaşamışdır. Daha sonra xəstəliyi ilə əlaqədar onun hərəkəti müəyyən qədər məhdudlaşmış və cavabdeh onun yerinə müəyyən hərəkətləri həyata keçirmək üçün etibarnamə verməsi üçün onu razı salmışdır. Onun tərəfindən etibarnamə verildikdən sonra 2018-ci il tarixdə Səbail rayon İcra Hakimiyyəti tərəfindən ev qəzalı vəziyyətdə olduğu üçün 50000 manat məbləğində ödəniş olunmuşdur. Bundan xəbərdar olan cavabdeh Suraxanıda yerləşən banka yaxınlaşaraq həmin pul məbləğini götürmüşdür. Lakin nikah dövründə əldə olunduğu üçün həmin pul məbləğində onun da 1/2 pay hüququ vardır. Buna baxmayaraq cavabdeh onun payına düşən məbləği ona ödəməkdən imtina edir. Bu səbəbdən ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh İddiaçı ilə ailə qurmuş və cavabdehə məxsus ünvan 2 ünvanına gəlin köçmüşdür. Onların birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X7 adlı iki uşaqları doğulmuşdur. 2018-ci il tarixdə Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən ev qəzalı vəziyyətdə olduğu üçün 40000 manat məbləğində pulu imza edərək götürmüşlər. Birgə qərarları nəticəsində Dədə Qorqud qəsəbəsində evi tikməyə başlamışlar ki, ailəlikcə orada yaşasınlar. Birgə yaşadıqları dövrdə ərinin təsərrüfatında onlara məxsus 7 ədəd hərəsi 1500 manat olan inək olmaqla, cəmi 10500 manat, 8 ədəd buğa (200 kiloluq) hərəsi 1400 manat olmaqla, cəmi 11200 manat, 50 ədəd toyuq-cücə olmaqla, cəmi 300 manat, 17 qaz, 2 hindquşu olmaqla, cəmi 285 manat olmuşdur. Eyni zamanda həyətdə olan 100 kv.m tikili əri Zaura məxsus olmuşdur. Onu evindən qovan zaman qeyd etdiyi heyvanlardan məhrum olmuşdur. Məhkəmə iclasında ilkin iddiaçının nümayəndəsi X5 məhkəmə iclasında ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək, iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verib, məhkəmədən ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X2 ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini isə müdafiə edərək, qarşılıqlı iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verib, məhkəmədən ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, hər iki iddia tələbi əsassızdır, buna görə də həm ilkin, həm də qarşılıqlı iddia rədd edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, ilkin iddiaçı cavabdeh tərəfindən ona məxsus evə ödənilməli olan pulun etibarından sui-istifadə edilərək götürüldüyünü və həmin məbləğin yarısının ona aid olduğunu bildirir, qarşılıqlı iddiaçı isə götürülmüş pul vəsaiti hesabına tikilmiş evə yarı hissədə mülkiyyət hüququnun tanınmasını, onun naturada bölünməsini və birgə nikahları dövründə əldə edilmiş hevvanların dəyərinin yarısının pulunun alınıb ona ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Hazırkı işdə ilkin iddia üzrə iddiaçı tərəf ona məxsus evə ödənilən kompensasiyanın cavabdeh tərəfindən etibardan sui-istifadə edilərək götürüldüyü, qarşılıqlı iddia üzrə iddiaçı tərəf isə həmin pul vəsaiti hesabına yeni ev tikildiyini və birgə nikahları dövründə heyvanlar saxladıqlarını bildirsələr də, istinad etdiləri hallarla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Məhkəmə iclasları bir neçə dəfə təxirə salınaraq tərəflərə irəli sürdükləri iddialarla bağlı sübutların məhkəməyə təqdim edilməsi təklif edilsə də,tərəflər öz tələblərini sübut edən hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişlər. Ona görə də, məhkəmə hesab edir ki, həm ilkin, həm də qarşılıqlı iddia tələbləri rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, həm ilkin iddia, həm də qarşılıqlı iddia tələbləri əsassızdır. Buna görə də hər iki rədd edilməli, hər iki iddia üzrə dövlət rüsumları iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı əldə edilmiş pul vəsaitinə 1/2 hissədə payın müəyyən olunması və pulun ödənilməsi tələbinə dair ilkin iddiası təmin edilməsin. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar