Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-6194/2025 29.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Məmmədova Xatirə Xanbala qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Yetkinlik yaşına çatmayan 01 aprel 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli (bu il üçün 248 manat) həddində sabit pul məbləğində alimentin tutulması, eyni zamanda alimentin tutulmasının mediasiyaya müraciət edildiyi xx.xx.2025-ci il tarixdən hesablanması, ilkin mediasiya sessiyası üçün ödənilmiş 50 (əlli) manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması. İddia tələbinin dəlliləri İddiaçı 2021-ci ilin sentyabr ayında Cavabdeh ilə nikaha girmiş və bu evlilikdən sonra onların arasında romantik münasibətlər yaranmışdır. 2021-ci ilin sentyabr ayında tərəflər faktiki nikah münasibətlərinə daxil olaraq cavabdehə məxsus fərdi yaşayış evində birgə yaşamağa başlamışlar. Bu münasibətlərdən 01 aprel 2022-ci il tarixində övlad - X3 dünyaya gəlmişdir. Lakin 2025-ci ilin avqust ayında tərəflərin münasibətləri pozulmuş və onlar ayrılmışdır. Ayrıldıqdan sonra cavabdeh uşağın saxlanılması üçün heç bir xərc çəkməkdən imtina etmişdir. iddiaçı uşağı körpə yaşında olduğu üçün işləyə bilmir və onun gündəlik ehtiyaclarını ödəmək imkanına malik deyil. Cavabdeh hazırda usta kimi fəaliyyət göstərir. Onun aylıq gəliri 1500 manatdan artıqdır. Buna baxmayaraq, cavabdeh uşağın saxlanılması üçün heç bir maliyyə dəstəyi göstərmir və övladının ehtiyaclarını qarşılamaqdan boyun qaçırır. İddiaçı uşağa baxdığı üçün işləmir və hesab edir ki, uşağın 18 yaşı tamam olunanadək ona da aliment ödənilməlidir. Bununla bağlı mediatora müraciət edilsə də hər hansı bir müsbət nəticə olmamışdır, (ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış işə əlavə olunur). xx.xx.2025-ci il tarixli, MŞB/6-01640 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi" barədə arayışa əsasən, cavabdeh ilkin mediasiya sessiyasının yeri və vaxtı barədə məlumatlandırsa da ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Tərəflərin izahatları xx.xx.2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə İddiaçı ərizəsi daxil olmuşdur. Həmin ərizədə göstərilmişdir ki, hazırda himayəsində azyaşlı uşaq olduğuna və onun gündəlik baxımı ilə əlaqədar məhkəmə iclasında şəxsən iştirak etmək imkanı yoxdur. Bu səbəbdən məhkəmədən xahiş edir ki, işə onun iştirakı olmadan baxılsın. Bildirir ki, iddia ərizəsində göstərilmiş halları və tələbləri tam həcmdə təsdiq edir və iddianı dəstəkləyir. Cavabdehdən azyaşlı uşağın saxlanılması üçün qanunvericiliyə uyğun qaydada alimentin təyin edilməsi, iddianın təmin olunması barədə qanuna müvafiq qərarın (qətnamənin) qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qismən qəbul edərək, izahatında göstərdi ki, o, İddiaçı ilə 2021-ci ildə ailə həyatı qurmuşdur. 2 aydır ki, faktiki nikah münasibətləri pozulub. O, təxminən 2-3 aydır işsizdir və maddi vəziyyəti pis olduğu üçün aylıq 248 manat ödəniş edə bilməyəcək. Övladının saxlanılması üçün aylıq 100 manat ödəniş edə bilər. İş materialları 1 saylı Bakı "Asan Xidmət" mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 arasında nikah xx.xx.2021-ci il tarixdə bağlanmışdır. 4 saylı Bakı "Asan Xidmət" mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2022-ci ildə doğulmuş, valideynləri Cavabdeh və İddiaçıdır. Bakı 6 saylı Mediasiya Təşkilatının "ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli MŞB/6-01640 saylı arayışından görünür ki, İddiaçı təsvir etdiyi ailə mübahisəsi üzrə xx.xx.2025-ci il tarixə saat 12:00 keçiriləcək ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İşin faktiki halları İddiaçı ilə cavabdeh İddiaçı oğlu xx.xx.2021-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Tərəflərin bu nikahından 01 aprel 2022-ci il təvəllüdlü X3 adlı övladları anadan olmuşdur, uşaq hal-hazırda iddiaçının yanındadır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. "Uşaq hüquqları haqqında " Azərbaycan Respublikası Qanunu:
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19 Valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.
Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası. Maddə 3.
1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.
1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.
2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarı.
8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
Məhkəmənin mövqeyi Məhkəmə 01 aprel 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulması ilə bağlı ilk növbədə qeyd edir ki, uşağı saxlamaq, onun qayğısına qalmaq hər iki valideynin vəzifəsi olsa da, uşaq daimi olaraq iddiaçının yanında qaldığından onun saxlanılması ilə bağlı gündəlik qayğılar da iddiaçının üzərinə düşür. Bu səbəbdən iddiaçının uşağa qulluq etməsi, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarını çəkməsi cavabdehdən tutulacaq alimentin məbləği müəyyən edilərkən diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin onu da nəzərə alır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Bütün bu qeyd edilənləri, lakin hər bir halda ən əsası uşağın üstün maraqlarını və diqqətəlayiq mənafelərini nəzərə alan məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 248 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Lakin nəzərə alınmalıdır ki, yuxarıda da istinad edilmiş Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yenə yuxarıda istinad edilmiş əlaqəli qərarında da qeyd edildiyi kimi, istinad edilən maddənin tələbindən görünür ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Odur ki, məhkəmə saxlanılması üçün cavabdehdən 248 manat sabit pul məbləğində aliment tutulması nəticəsinə gəldiyindən müvafiq məbləğin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə uyğun olaraq indeksasiyası 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğinin (400 manat) 0,62 misli miqdarında aliment tutulmalıdır. Uşaqların saxlanılmaları üçün alimentin hansı tarixdən tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı Bakı 6 saylı Mediasiya Təşkilatına xx.xx.2025-ci il tarixdə ailə mübahisəsi ilə bağlı ərizə ilə müraciət etmiş və xx.xx.2025-ci il tarixdə iddiaçıya "ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli MŞB/6-01640 saylı arayışı təqdim olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş uşağının saxlanılması üçün alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablanmaqla başlanmalıdır.
Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda qeyd edilən normalarına əsasən ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə, 50 manat məbləğində mediasiya xərci tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2025-ci il tarixdən hesablanmaqla, 01 aprel 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Cavabdeh ödənilməmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixdən hesablanmaqla, 01 aprel 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Cavabdeh 50 (əlli) manat məbləğində mediasiya xərci tutularaq İddiaçı xeyrinə, ödənilməmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova