Məhkəmə qərarları › İş №2(010)-630/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-630/2020

03.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-630/2020 03.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ HakimTural Nurulla oğlu Məmmədovun sədrliyi, Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə su axıdılmaqla ziyan vurulmasının qarşısının alınması və su qızdırıcısının sökülüb çıxarılması tələbinə dair iddiasına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən 61 saylı mənzildən həmin binada yerləşən iddiaçıya məxsus olan 59 saylı mənzilə su axıdılmasının qarşısının alınması və bununla bağlı cavabdehə məxsus ev 21V ünvanda yerləşən 61 saylı mənzilə zəruri təmir işlərinin aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması, cavabdehə məxsus ünvan 1 ünvanda yerləşən 61 saylı mənzildən kustar üsulla hazırlanmış standartlara cavab verməyən su qızdırıcısı avadanlığının sökülüb həmin mənzildən çıxarılması və mənzildə qeyd olunan və ya ona oxşar avadanlığın yenidən quraşdırılmasının cavabdehə qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxılarkən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsaəsn məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, dəymiş maddi ziyana görə 6000 manat, mənəvi ziyana görə 10000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10,40 manat pul vəsaitinin, ödənilmiş hüquqi xidmət haqqının əvəzi olaraq 301 manatın, cəmi 16311,40 manat pul vəsaitinin Cavabdeh tutulub iddiaçıya ödənilməsi, iddiaçıya məxsus olan 59 saylı mənzilə su axıdılmasının/sızmasının qarşısının alınması və bununla bağlı cavabdehə məxsus ev 21V ünvanda yerləşən 61 saylı mənzilə zəruri təmir işlərinin aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması, cavabdehə məxsus ünvan 1 ünvanda yerləşən 61 saylı mənzildən kustar üsulla hazırlanmış standartlara cavab verməyən su qızdırıcısı avadanlığının sökülüb həmin mənzildən çıxarılması və mənzildə qeyd olunan və ya ona oxşar avadanlığın yenidən quraşdırılmasının cavabdehə qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh artıq 15 ildir ki, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 61 saylı mənzilindən həmin mənzilin alt mərtəbəsində yerləşən iddiaçıya məxsus olan 59 saylı mənzilə mütəmadi olaraq su axıdır. Bununla bağlı cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə və 103 saylı MKİS-ə şikayət edilməsinə baxmayaraq, mənzilə su axıdılmasının qarşısı alınmamışdır. Cavabdehin mənzilindən mütəmadi olaraq iddiaçının mənzilinə su axıdılmasından başqa bir neçə il əvvəl cavabdehin evində suyun açıq qoyulması və uzun müddət axması nəticəsində iddiaçının evini su basmış, evin döşəməsində süni göl yaranmış, evin bütün otaqları, dəhlizi, sanitar qovşağının tavanları, döşəmələri, divar kağızları, müxtəlif ev əşyaları, o cümlədən mebel, yorğan-döşək dəstləri yararsız vəziyyətə düşmüş, evin tavanında çatlar yaranmışdır. Bununla bağlı iddiaçıya külli miqdarda ziyan dəymişdir. İddiaçı xeyli əlavə xərc çəkərək evində kosmetik təmir işləri aparmışdır. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən su axıdılması mütəmadi olaraq davam etdiyindən etdiyi təmir işləri də yararsız vəziyyətə düşmüşdür. Hazırda su axıdılması nəticəsində hamamda kafellərin bir qismi qopubdüşmüş, bir hissəsi isə laxlamağa başlamışdır. Evin dəhlizinin, sanitar qovşağının və mətbəxinin divarlarında və tavanında suvaqlar qopub-düşmüş, evin divarlarında bəzi yerlərdə rütubətdən divar kağızı yararsız vəziyyətə düşmüşdür. Bundan başqa cavabdeh mənzilində isti su əldə etmək məqsədi ilə kustar üsulla hazırlanmış standartlara cavab verməyən su qızdırıcısından istifadə edir. Bir müddət əvvəl həmin su qızdırıcısında kiçik ölçülü partlayış baş vermiş və bunun nəticəsində iddiaçının evində əşyalar silkələnmişdir. Bu hal iddiaçı və qonşular üçün real təhlükə yaradır və bu səbəbdən həmin su qızdırıcısının cavabdehin mənzilindən sökülərək çıxarılması zəruridir. İddiaçı mənzilinə cavabdeh tərəfindən su axıdılması ilə bağlı sonuncu dəfə xx.xx.2019-cu ildə 103 saylı MKİS-ə müraciət etmiş və həmin sahənin mühəndisi, sahə nəzarətçisi və digər nümayəndələrin iştirakı ilə iddiaçının və cavabdehin mənzilinə baxış keçirilmiş və bununla bağlı akt tərtib olunmuşdur. Həmin aktdan görünür ki, cavabdehin mənzilindən iddiaçının mənzilinə daimi olaraq su axıdılır. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmiş və əlavə olaraq göstərmişlər ki, iddiaçı hazırkı tələblə bağlı 10,40 manat dövlət rüsumu, hüquqi xidmət üçün 301 manat xidmət haqqı ödəmişdir. Həmçinin bir neçə il əvvəl cavabdehin evində quraşdırılmış su qızdırıcısında partlayış baş vermiş və nəticədə iddiaçının evinin divarları, tavanı və evdə olan əşyalar silkələnmişdir. İddiaçı yenidən partlayış baş verməsi qorxusu ilə yaşayır və daima stress keçirir ki, bunun üçün də cavabdehdən 10000 manat mənəvi zərər tutulmalıdır. Eyni zamanda iddiaçının evinə su axıdılması nəticəsində iddiaçıya uzun müddət maddi ziyan dəymişdir ki, həmin ziyanın da məbləği 6000 manat qiymətləndirilir. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən etiraf edərək göstərmişdir ki, onun evində quraşdırdığı su qızdırıcı nəticəsində ola bilsin ki, iddiaçının mənzilinə su axıdılmış, sonuncuya maddi ziyan dəymişdir. Lakin, həmin suyun su qızdırıcısından axması məlum deyildir. O, su qızıdırıcısını yaz aylarına kimi evindən çıxaracaqdır. O və ailə üzvləri demək olar ki, evdən istifadə etmirlər və hazırkı mərhələdə iddiaçının evinə su axıdılması inandırıcı deyil. İş üzrə icraat təzələndikdən sonra məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Nümayəndə ekspert rəyi ilə razı olduqlarını bildirib, iddianın təmin olunmasını xahiş etdilər. İş üzrə icraat təzələndikdən sonra məhkəmə iclasında iştirak edən Cavabdeh ekspert rəyi ilə razı olmadığını bildirib, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi maddi ziyanın vurulması hissəsində qismən təmin edilməlidir. Belə ki, İş materiallarına əlavə edilən: - Seriya MA № ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, ev 21V, mənzil 59 İddiaçı məxsusdur. - 104 saylı MKİS tərəfindən verilən arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, ev 21V, mənzil 61 mənzilində yaşayır və qeydiyyatdadır. - Fotoşəkillərdən görünür ki, iddiaçının mənzilinin müxtəlif yerlərinə su axması nəticəsində ziyan dəymişdir. - “Hüquqi yardımın göstərilməsi haqqında” 168 nömrəli müqavilədən görünür ki, İddiaçı ilə vəkil Nümayəndə arasında fiziki şəxsin hüquqlarının müdafiəsi üçün müqavilə bağlanmış, hüquqi yardımın dəyəri 300 manat müəyyən olunmuşdur. - Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 10/354 nömrəli rəyində qeyd edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi O.Şabanov küçəsi, 21 V saylı evin 59 saylı mənzilinin tavanında və divarlarında su sızma ləkələrinin, eləcə də mülki iş materiallarında olan, 104 saylı Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktın məlumatlarına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, 21 V saylı evin 61 saylı mənzilindən suyun sızması müəyyən olunur. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi O.Şabanov küçəsi, 21 V saylı evin 59 saylı mənzilinin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 1809,0 manat məbləğində olduğu müəyyən edilir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi O.Şabanov küçəsi, 21 V saylı evin 61 saylı mənzilində su qızdırıcı avadanlığı quraşdırılmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmamışdır. Məhkəmə, iddiaçının mənzilinə su axımının cavabdehin mənzilindən və onun təqsiri üzündən baş verməsi halına qiymət verərkən ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Beləliklə, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, cavabdeh iddiaçının yaşadığı mənzilin üst mərtəbəsində yaşayır, cavabdehin mənzilindən iddiaçının mənzilinə su sızması baş vermiş və nəticədə iddiaçının mənzilinə maddi ziyan dəymişdir. Su sızıntısının səbəbini texniki cəhətdən müəyyən etmək mümkün olmamışdır. Belə olduğu halda, məhkəmə hazırkı mübahisə ilə bağlı qeyd edir ki, iddiaçının mənzilinə vurulan ziyanla əlaqədar cavabdehin təqsiri işin halları ilə təsdiqlənir. Mülki Məcəllənin 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2.-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Hazırkı işdə su axımının cavabdehin mənzilindən məhz onun və ya ailə üzvlərinin təqsiri üzündən iddiaçının evinə axıdılması faktı öz təsdiqini tapır. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh yuxarıda qeyd edilən maddi hüquq normasına əsasən məsuliyət daşıyır. Məsuliyyətin həddini müəyyən edərkən məhkəmə iş üzrə verilmiş ekspert rəyinə mötəbər sübut kimi əsaslanaraq qeyd edir ki, iddiaçıya cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulan ziyanın həddi 1809 manat müəyyən edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, 21V saylı evin 59 nömrəli mənzilə su axıdılmasının qarşısının alınması məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, 21V saylı evin 61 nömrəli mənzilində zəruri təmir işlərinin aparılması vəzifəsi Cavabdeh üzərinə qoyulması hissəsində də iddia tələbi əsaslıdır və həmin hissədə iddia təmin edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehə məxsus mənzildən kustar üsulla hazırlanmış standartlara cavab verməyən su qızdırıcısı avadanlığının sökülüb həmin mənzildən çıxarılması və mənzildə qeyd olunan və ya ona oxşar avadanlığın yenidən quraşdırılmasının cavabdehə qadağan olunması hissəsində əsassız hesab edir və həmin hissədə iddianın təmin olunmaması qənaətinə gəlir. Belə ki, ekspertiza tədqiqatı zamanı cavabdehə məxsus mənzilə baxış keçirilən zaman sözügedən su qızdırıcısı avadanlığının artıq həmin mənzildə olmadığı müəyyən olunmuşdur. Belə olan halda, həmin avadanlığın mənzildən çıxarılmasından söhbət gedə bilməz. Cavabdehin gələcəkdə oxşar avadanlığı quraşdırıb-quraşdırmaması, həmin avadanlığın texniki qaydalara uyğun olub-olmayacağı, eyni zamanda həmin avadanlığın iddiaçıya hər hansı zərər vurub-vurmayacağı hazırkı mərhələdə müəyyən oluna bilmədiyindən əvvəlcədən belə tələbin təmin edilməsi də əsassızdır. İddia tələbinin mənəvi ziyan hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı ona cavabdehin təqsirli hərəkətləri nəticəsində mənəvi ziyan vurulduğunu isbat edə bilməmiş, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Konstitusiya Məhkəməinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx xxx 2002-ci il tarixli Qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 2008-ci il tarixli 07 saylı Qərarında göstərilmişdir: ««İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və X2 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir…Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın müddəaları və X2 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.». Məhkəmə qeyd edir ki, iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsi yuxarıda qeyd edilən xüsusatlara əsasən əsassızdır və təmin edilə bilməz. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət 10,40 manat məbləğində dövlət rüsumu, eyni zamanda hüquqi yardıma görə ödənilmiş 301 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Ekspertizanın keçirilməsinə görə Cavabdeh 100 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismənt təmin edilsin. Cavabdeh ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, 21V saylı evin 61 nömrəli mənzildən İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, 21V saylı evin 59 nömrəli mənzilinə su axıdılması ilə əlaqədar vurulmuş maddi zərərin əvəzi olaraq İddiaçı xeyrinə 1809 manat məbləğində pul tutulsun. İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, 21V saylı evin 59 nömrəli mənzilə su axıdılmasının qarşısının alınması məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, 21V saylı evin 61 nömrəli mənzilində zəruri təmir işlərinin aparılması vəzifəsi Cavabdeh üzərinə qoyulsun. İş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10,40 manat, hüquqi yardıma görə ödənilmiş 301 manat manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ekspertizanın keçirilməsinə görə Cavabdeh 100 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət Xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar