Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-6325/2025 02.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiаçı İddiaçı Cavabdeh qarşı aliment tələbinə dаir ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı aliment tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X1 üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində alimentin tutulması və cavabdehdən mediasiya üçün ödənilmiş 50 manat məbləğində pul vəsaitinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə xx.xx.2012-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Rəsmi nikahdan xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X5 adlı iki uşaq dünyaya gəlmişdir. Hazırda cavabdehlə ayrılmışlar və faktiki nikah münasibətlərini kəsmişlər. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək və izahatına əlavə olaraq bildirdi ki, hər ay hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində aliment tutulmasını xahiş edir. Özü hazırda işləyir və aylıq 400-450 manat məbləğində əmək haqqı alır. Cavabdehin rəsmi iş yeri olmasa da, kifayət qədər qazancı var. Belə ki, cavabdeh mağaza işlədir və aylıq kredit ödəyir. Təkbaşına uşaqlara baxmaqda çətinlik çəkir. Ona görə də, cavabdehdən aliment tutulmalıdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, uşaqlarına alimentdən kənar maddi yardım göstərir. Uşaqlarına baxmaq və onlara köməklik etmək uşaqların atası kimi onun vəzifəsidir. İddiaçının ailələrini dağıtmasının səbəbi ona məlum deyil. O, həmişə ailəsinə və uşaqlarına baxmış, iddiaçı işə düzələrkən ona işləməməsini, evdə oturaraq uşaqlara baxmasını söyləmişdir. Rəsmi iş yeri olmasa da, aylıq 500-600 manat məbləğində qazancı olur. Hər ay qardaşlarının köməkliyi ilə kredit ödənişləri də həyata keçirir. İddiaçının tələb etdiyi məbləğdə aliment ödəməyə hazırda maddi vəziyyəti imkan vermir. Odur ki, iddianın qismən təmin edilməsini xahiş etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2012-ci il tarixli, AZ-İ seriyalı, 781717 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh və X4 arasında xx.xx.2012-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 04 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Sadıqov, arvada Sadıqova soyadı verilmişdir. xx.xx.2017-ci il tarixli, AZ-İV seriyalı, 036224 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2017-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. xx.xx.2023-cü il tarixli, AZ-İV seriyalı, 860408 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2023-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Mediasiya Şurasının Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş MŞB/8/2025-01572 nömrəli arayışdan müəyyən olunur ki, tərəflər arasında xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində aliment tələbinə dair ilkin mediasiya sessiyası keçirilmiş, lakin irəli sürülmüş tələblər üzrə qarşılıqlı razılıq əldə edilməmiş və ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi qərara alınmışdır. İlkin mediasiya xərci (50 manat) və poçt-kargüzarlıq xərci (10 manat) iddiaçı tərəfindən ödənilmişdir. İşin faktiki halları. Tərəflər arasında xx.xx.2012-ci il tarixdə rəsmi nikah bağlanmış, onların birgə nikah münasibətlərindən iki uşaq – xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X5 doğulmuşdur. Həmin uşaqlar hazırda faktiki olaraq analarının yanında qalır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası Maddə 3.
1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 18.
1. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Maddə 27.
1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olanhəyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.
2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyatşəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 110. Alimentin indeksasiyası. 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı
8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234. Qətnamənin icra edilməsi. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu
Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar.
Məhkəmənin mövqeyi
İşin faktiki hallarından görünür ki, tərəflərin birgə nikah münasibətlərindən iki uşaq – xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X5 doğulmuşdur. Həmin yetkinlik yaşına çatmayan uşaqlar hazırda iddiaçının, yəni analarının yanında qalmaqla, uşaqların bütün gündəlik məişət qayğılarının çəkilməsi və zəruri tələbatlarının ödənilməsi uşaqlar yanında qalan valideynin üzərinə düşür. İddiaçı cavabdehlə birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları hər ay hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində aliment tutulmasını məhkəmədən xahiş etmiş, məhkəmə iclasında iştirak edən cavabdeh tələb olunan məbləğdə aliment ödəməyə imkanı olmadığını maddi vəziyyəti ilə əsaslandırmışdır. İddiaçı iddia tələbində cavabdehlə birgə nikah münasibətlərindən doğulmuş uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün aliment məbləğinin hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müvafiq mislinə uyğun formada təyin edilməsini məhkəmədən xahiş etsə də, işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək məhkəməyə verdiyi izahatında alimentin məbləği ilə bağlı tələbini dəqiqləşdirərək, hər ay hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində aliment tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün aliment tutulması ilə bağlı ilk növbədə qeyd edir ki, uşaqları saxlamaq, onların qayğısına qalmaq hər iki valideynin vəzifəsi olsa da, uşaqlar daimi olaraq iddiaçının yanında qaldığından onların saxlanılmaları ilə bağlı gündəlik qayğılar da iddiaçının üzərinə düşür. Bu səbəbdən iddiaçının uşaqlara qulluq etməsi, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarını çəkməsi cavabdehdən tutulacaq alimentin məbləği müəyyən edilərkən diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin onu da nəzərə alır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Bütün bu qeyd edilənləri, lakin hər bir halda ən əsası uşaqların üstün maraqlarını və diqqətəlayiq mənafelərini nəzərə alan məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Lakin nəzərə alınmalıdır ki, yuxarıda da istinad edilmiş Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yenə yuxarıda istinad edilmiş əlaqəli qərarında da qeyd edildiyi kimi, istinad edilən maddənin tələbindən görünür ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Odur ki, məhkəmə bir uşağın saxlanılması üçün cavabdehdən 200 manat sabit pul məbləğində aliment tutulması nəticəsinə gəldiyindən müvafiq məbləğin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə uyğun olaraq indeksasiyası məqsədilə cavabdehdən 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğinin (400 manat) 0.5 misli miqdarında aliment tutulmalıdır. Uşaqların saxlanılmaları üçün alimentin hansı tarixdən tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulduğundan bu qətnamə ilə alimentin tutulmasına xx.xx.2025-ci il tarixdən hesablanmaqla başlanmalıdır. Bundan əlavə, aliment tutulması zamanı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(010)-385/2025 nömrəli qərardadı ilə müvəqqəti alimentin tutulması nəzərə alınmalıdır.
Məhkəmə xərcləri
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112-ci maddəsinə müvafiq olaraq, alimentin alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusuna uyğun qiymətləndirilir. Aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (400 x 12 = 4800 manat) mütənasib olan 68 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan əlavə, iddiaçı ilkin mediasiya sessiyası üçün ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin də cavabdehdən tutulmasını xahiş etsə də, müvafiq xahişin hazırkı qətnamə ilə təmin edilməsi üçün qanuni əsaslar mövcud deyil. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Lakin, iş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, hər iki tərəf mediasiya prosesində iştirak etmiş, lakin irəli sürülmüş tələblər üzrə qarşılıqlı razılıq əldə edilməmişdir.
Məhkəmənin gəldiyi nəticə
Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-ci il tarixindən başlayaraq, xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiа qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(010)-385/2025 nömrəli qərardadı ilə müvəqqəti alimentin tutulması nəzərə alınsın. Ödənilməmiş 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.