Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-6397/2025 05.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Fəridə İslam qızı İddiaçı Cavabdeh qarşı aliment miqdarının azaldılması tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi. İddia tələbi İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı aliment miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mövcud maddi vəziyyəti nəzərə alınaraq təyin edilmiş aliment məbləğinin azaldılması, alimentin hazırkı məbləğinin müvafiq şəkildə daha aşağı məbləğə endirilməsi və alimentin sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 7-1. Ailə münasibətlərindən irəli gələn mübahisələrin mediasiya vasitəsilə həlli. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.6. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; Maddə 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.7. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.6-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 26.1. Ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: 26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası; Maddə 28.1. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən mülki prosessual qanunvericiliyin aşağıda göstərilən tələblərinə əməl edilmədiyindən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddiaçı cavabdehlə birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün məhkəmə tərəfindən indeksasiya olunmuş aliment məbləğinin azaldılması və həmin aliment miqdarının sabit pul məbləği formasında müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi ailə münasibətlərindən irəli gələn mübahisə olmaqla, aliment miqdarının azaldılmasından ibarətdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Analoji mövqe həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsində də təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinə əsasən, iddia ərizəsində “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməli və həmin məcəllənin 150.1.7-ci maddəsinə əsasən, iddia ərizəsinə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Mülki məhkəmə icraatı haqqında qanunvericiliyin qeyd edilən tələblərinin pozulması isə birbaşa olaraq iddia ərizəsinin qaytarılması üçün əsas kimi müəyyən edilmişdir. İş materiallarının araşdırılması zamanı iddia ərizəsində tərəflərin aliment miqdarının azaldılması tələbi ilə bağlı mediasiya prosesində iştirakına dair məlumat göstərilməmiş və bu faktı təsdiq edən müvafiq sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Yəni, iddiaçı tərəfindən məhz aliment miqdarının azaldılması tələbi ilə bağlı mediasiya təşkilatına müraciət edilməmiş və ya bu məzmunda müraciət edilsə belə qeyd edilən faktı təsdiq edən mötəbər sənədlər (ilkin mediasiaya sessiyasında iştirak edilməməsi barədə, prosesin davam etdirilməməsi barədə və ya mediasiya prosesinə xitam verilməsi barədə) iddia ərizəsinə əlavə edilməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməsini təsdiq edən müvafiq sənəd (mədaxil qəbzi) iş materiallarına əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin məcəllənin 108.1.1-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməli olduğu hallardan biri kimi iddia ərizəsinin verilməsi imperativ qaydada təsbit edilmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən, iddia ərizəsinə əlavə edilməli olan sənədlərdən biri də dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəddir və bu sənədin iddia ərizəsinə əlavə olunmaması iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsas təşkil edir. Analoji mövqeni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsi bir daha təsdiq edir. Belə ki, həmin maddəyə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçının tələbi məhz aliment miqdarının azaldılması (məhkəmə qərardadına əsasən indeksasiya edilmiş mislinin dəyişdirilməsi) olduğundan, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə qiymətləndirilməyən iddia ərizələrinin verilməsi üçün müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməlidir. Nəzərə alınmalıdır ki, müvafiq qanunla yalnız alimentin alınması (istinad edilən qanunun 9.1.2-ci maddəsi) ilə bağlı iddiaçıların dövlət rüsumu ödəməkdən azad edilməsi nəzərdə tutulmuş, məhkəmə tərəfindən təyin edilmiş aliment miqdarının azaldılması və ya ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqına müvafiq olaraq indeksasiya edilmiş mislinin dəyişdirilməsi (azaldılması) tələbləri ilə bağlı iddiaçıların dövlət rüsumundan azad edilməsi imkanı təsbit edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsindən azad edilməsi ilə bağlı heç bir məlumat ərizədə qeyd olunmamış və buna dair sənədlər təqdim edilməmişdir. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçıya yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı aliment miqdarının azaldılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-6397/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-6397/2025
05.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver