Məhkəmə qərarları › İş №2(010)-6493/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-6493/2021

24.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-6493/2021 24.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almuradov Ülvi Ramiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Möhlət oğluna qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh Möhlət oğluna qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Möhlət oğlundan 18.12.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanlması üçün hər ay 175 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Möhlət oğlu ilə 17 iyul 2009-cu il tarixdə rəsmi nikah qeydiyyatına girərək ailə qurmuşdur. Onların birgə nikahından 30 dekabr 2007-ci il təvəllüdlü X4 və 07 noyabr 2008-ci il təvəllüdlü X3 adlı iki uşaqları anadan olmuşdur. O, cavabdehlə bir müddət mehriban yaşasa da, sonradan ailədə baş vermiş narazılıqlar, xasiyyətlərinin uyğun gəlməməsi üzündən Suraxanı rayon məhkəməsinin 09 mart 2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və 2 uşağın saxlanılıması üçün cavabdehdən hər uşağa görə 154 manat, cəmi 308 manat aliment tutulması qət edilmişdir. Boşanma ərəfəsində o, hamilə olmuş və onun 18.12.2018-ci ildə X5 adlı övladı anadan olmuşdur. Cavabdehin oğluna görə də aliment ödəməli olduğunu bildirmişdir. İddiaçı 308 manat ödənilən alimentlə uşaqların saxlanılmasında çətinlik çəkdiyini bildirmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək tələb etdiyi aliment məbləğinin cavabdeh tərəfindən ödənilə bilməyəcəyini nəzərə alaraq aliment miqdarının 100 manat məbləğində müəyyən edilməsinə razı olduğunu bildirmişdir. Cavabdeh Möhlət oğluna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə cavabdehin işitrakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: -11.09.2018-ci il tarixli AZ-İ seriyalı 301131 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Möhlət oğlu ilə İddiaçı arasında olan nikah pozulmuşdur. -AZ-İV №227193 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 18.12.2018-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh Möhlət oğlu, anası İddiaçıdır. Beləliklə, məhkəmə iclasında iddiaçının izahatından, mülki işin materiallarından müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh Möhlət oğlu arasında nikah mövcud olmuş, bu nikahdan onların üç yetkinlik yaşına çatmayan övladları var. Nikah məhkəmə qaydasında pozulmuşdur və pozularkən iki uşağa görə cavabdehdən aliment tutulması qət edilmişdir. Hazırda, iddiaçı nikah pozulandan sonra anadan olan azyaşlının saxlanılması üçün cavabdehdən aliment tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəllənin 78.1-ci maddəsində isə göstərilmişdir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə tərələrin maddi vəziyyətini, iddiaçının məhkəmə iclasında alimentin miqdarı barədə xahişini nəzərə alaraq hesab edir ki, Cavabdeh Möhlət oğlundan X1 üçün hər ay 100 (bir yüz) manat məbləğində alimentin tutulması məqsədə və qanuna müvafiqdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda, məhkəmə hesab edir ki, alimentin tutulması, iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə 16.11.2021-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən əlavə olaraq 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin tutulması haqqında qətnamələr dərhal icra olunur. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nın 216-220, 233.1, 360, 362-ci və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21-23-cü maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 16.11.2021-ci il tarixdən hesablanmaqla 18.12.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar