Məhkəmə qərarları › İş №2(010)-686/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-686/2021

26.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-686/2021 26.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əlavə xərcdən azad edilmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əlavə xərcdən azad edilmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5986/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş 100 manat əlavə xərcin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Cavabdehlə rəsmi nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X12 adlı övladları dünyaya gəlmişdir. Cavabdehlə ilk vaxtlar münasibətləri normal olsa da sonradan münasibətləri pozulmuşdur. Bundan sonra, cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladı xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ondan hər ay 154 manat məbləğində aliment tutulması, xx.xx.2017-ci il təvəllüdlü X6 əməliyyat olunması üçün birdəfəlik 1500 manat məbləğində pul ödənilməsi, xx.xx.2017-ci il təvəllüdlü X6 müalicə olunması ilə əlaqədar yaranmış əlavə xərclərə görə hər ay kifayət qədər gəlirlərinin olmasını əsas gətirərək onun xeyrinə hər ay 1000 manat məbləğində pul ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)- 5986/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək ondan xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2018-ci il tarixindən başlayaraq hər ay 154 manat və 100 manat əlavə xərc olmaqla, cəmi 254 manat məbləğində alimentin iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə icraya yönəldilmiş, icra məmuru tərəfindən ondan qətnamənin icrası tələb edilmişdir. O da məhkəmənin qətnaməsinə əsasən 254 manat məbləğində pulu hər ay vaxtlı-vaxtında ödəmişdir. Cavabdeh alimentin məbləğinin artırılması ilə bağlı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində iddia qaldırmış və iddiası təmin olunaraq, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsi isə alimentin məbləği artırılaraq 170 manat olmuşdur. O da qeyd edilməlidir ki, xx.xx.2017-ci il təvəllüdlü X12 hal-hazırda sağlamdır. Onun heç bir müalicəyə ehtiyacı yoxdur. Onun anadangəlmə dilaltı nahiyəsində kista var. Bu da əməliyyat olunub sağalmışdır. Uşaq hal-hazırda sağlamdır. Onun heç bir əməliyyata və müalicəyə ehtiyacı yoxdur. Bu səbəbdən də əlavə xərcin ləğv olunması ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan başqa, onun başqa ailəsi də olmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(011)-5956/2014 saylı qətnaməsin əsasən ondan xx.xx.2007-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün X3 xeyrinə 103 manat aliment və müalicə olunduğu müddətdə hər ay 50 manat pul vəsaiti tutulması qət edilmişdir. Hazırda isə Covid-19-la bağlı hamıda olduğu kimi onun da vəziyyəti dəyişmişdir. O, işləmir və başqa yerdən gəlirləri yoxdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, cavabdehlə birgə nikahdan doğulmuş qızının saxlanılması hər ay 170 manat aliment, 100 manat isə əlavə xərc ödəyir. Onun hər ay bu qədər pul ödəməyə maddi imkanı yoxdur. Bundan əlavə, uşağın əməliyyatının birini özü etdirmiş, 600 manat ödəmiş, digərindən isə məlumatı olmamışdır. Hazırda uşaq sağlamdır və heç bir ağır xəstəliyi yoxdur. Uşağın saxlanılması üçün qanunla nə qədər müəyyən edilərsə aliment ödəməyə razıdır. Hazırda aliment borcu da yoxdur. Lakin uşaq ağır xəstə olmadığına görə ondan əlavə xərc tələb edilməsi əsassızdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, uşaq xəstədir, dilinin altındakı kista onu incidir. Bir neçə dəfə əməliyyat olunmuşdur. İddiaçı cəmi bir dəfə uşağı xəstəxanaya aparmış, uşağı orada qoyub getmiş, sonra maraqlanmamışdır. Məhkəmə qətnaməsi ilə təyin edilən aliment və əlavə xərcdən başqa heç bir ödəniş etmir, uşağın müalicəsi üçün heç bir maddi dəstək vermir. Halbuki, imkanı yaxşıdır. İmkanı o qədər yaxşıdır ki, digər nikahdan olan oğluna taksi tutub aylıq 400 manat ödəniş edir, bundan əlavə həmin uşaqda ciddi xəstəlik olmaya-olmaya ona görə alimentdən əlavə aylıq 50 manat əlavə xərc də ödəyir və şikayət etmir. Ancaq qızına gəldikdə isə alimentdən başqa heç nə vermək istəmir. Digər oğlunun 3 il sonra 18 yaşı tamam olur, onun qızı isə hələ balacadır və xəstədir. Onun bu pula daha çox ehtiyacı var, çünki uşağı tez-tez xəstəxanalara aparmalı olur. Uşağın adi geyim əşyaları öz paltarlarından bahalıdır. Belə bir vəziyyətdə iddiaçının hazırda ödədiyi pul belə uşağın saxlanılması üçün kifayət etmir. Bu pul kəsilərsə vəziyyəti daha da pis olacaq. İddiaçınn gəlirləri aylıq 1000 manatdan çox olur. O özünü qəsdən maddi imkanı olmayan şəxs kimi göstərməyə çalışır. Oğluna gəldikdə onun üçün bütün şəraiti yaradır, onunla gəzir, əylənir, pullar xərcləyir. Qızının isə adi müalicəsinə pul xərcləmək istəmir. Odur ki, məhkəmədən bütün bu qeyd edilənləri nəzərə almaqla iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X12 (atası İddiaçı, anası Cavabdeh) xx.xx.2017-ci ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 490 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(011)-5956/2014 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, xx.xx.2007-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2014-cü il tarixdn başlayaraq cavabdeh İddiaçı X5 xeyrinə hər ay 103 manat miqdarında aliment tutulması, xx.xx.2014cü il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X9 müalicə olunduğu müddətdə cavabdeh İddiaçı hər ay 50 manat pul vəsaitinin tutularaq iddiaçı X4 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-5986/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, cavabdeh İddiaçı xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2018-ci il tarixindən başlayaraq hər ay 154 manat və 100 manat əlavə xərc olmaqla, cəmi 254 manat məbləğində alimentin iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-3448/2020 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-5986/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanaraq, xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-5986/2018 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinə 154 manat sabit pul məbləğində aliment tutulması ilə bağlı hissədə tam icra edildikdən sonra xitam verilməsi, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. “Avrasiya” Hospital tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Miranzadə Dənizin xəstəliyi ilə bağlı diaqnoz sənədinin surətinin görünür ki, dil altı nahiyədə 20x12 mm ölçüdə kista qeyd olunur. Hər iki çənəaltı, qulaqdibi tüpürcək vəzilərinin strukturu patalogiyasız. Daş, törəmə qeyd olunmur. “Avrasiya” Hospital tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli mədaxil orderinin surətindən görünür ki, X6 əməliyyatı üçün xəstəxananın kassasına 600 manat məbləğində ödəniş edilmişdir. “X19” klinikasında xx.xx.2018-ci il tarixdə X11 MRT müayinəsi nəticəsində müəyyən edilmişdir ki, dilin mərkəzi hissəsində orta xətdə tərkibində arakəsmə olan 30x21 mm ölçüdə ikikameralı, incə divarlı kistoz törəmə izlənilir. Arxada yer alan kamera nisbətən qatı tərkiblidir. “X19” klinikasında xx.xx.2020-ci il tarixdə X15 MRT müayinəsi nəticəsində müəyyən edilmişdir ki, dilin mərkəzi hissəsində orta xətdə tərkibində arakəsmə olan 18x15 mm ölçüdə incə divarlı kistoz törəmə izlənilir. Xəstənin xx.xx.2018-ci il tarixli müayinəsi ilə müqayisədə kistanın ölçüləri kiçilmişdir. Azərbaycan Tibb Universitetinin X8 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli xəstənin epikrizinin surətindən görünür ki, X10 dilaltı tüpürcək vəzin ranulası diaqnozu qoyulmuş, törəmənin çıxarılması əməliyatı keçirilmiş, əməliyyatdan sonra xəstəyə profilaktik antibakterial, ağrıkəsici terapiya aparılmış, xəstə yaxşılaşma ilə evə yazılmışdır. Vizual müayinə zamanı: dilaltı nahiyədə şişkinlik qeyd olunur. Şişkinlik üzərində selikli qişa göyümtüldür, ağrısızdır. Ağız boşluğu selikli qişasını normaldır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya X1 tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş patoloji raporun surətindən görünür ki, X10 dilaltı kista klinik diaqnozu qoyulmuşdur. Məhkəmə tərəfindən tərəflərin izahatları dinlənilərək və yuxarıda qeyd edilən iş materialları əsasında müəyyən edildi ki, İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2017il təvəllüdlü X12 doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh İddiaçı xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154 manat və 100 manat əlavə xərc olmaqla, cəmi 254 manat məbləğində alimentin iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Daha sonra, Cavabdeh alimentin, əlavə xərcin artırılması və 1500 manat əməliyyat pulunun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, alimentin miqdarı 170 manata artırılmış, iddia qalan hissədə təmin edilməmişdir. Hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edən İddiaçı isə xx.xx.2017-il təvəllüdlü X6 ağır xəstə olmadığını və əlavə xərcin ödənilməsinə maddi imkanı olmadığını bildirərək əlavə xərcdən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməmişdir. Azərbaycan Respuklikasının Ailə Məcəlləsinin: 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə əsasən, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2015-ci il tarixli Qərarında qeyd edilir ki, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Qərarda daha sonra qeyd edilir ki, qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi Ailə Məcəlləsinin 81.1-ci maddəsində valideynlərin əlavə xərclərə cəlb edilməsinin müstəsna halları kimi uşağın ağır xəstə və ya şikəst olduğu hallar müəyyən edilmişdir. Yəni ailə qanunvericiliyinə əsasən, yetkinlik yaşına çatmamış uşaq üçün valideyn o halda əlavə xərclərə cəlb edilə bilər ki, uşaq ağır xəstə və ya şikəst olsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixi, 2(010)-5986/2018 saylı qətnaməsi ilə əlavə xərc təyin edilərkən X7 bir sıra xəstəliklərin olması müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında izahat verən Cavabdeh qeyd etmişdir ki: “Övladı X10 doğulan kimi müayinə olunduğu zaman “displaziya” sümük-əzələ sistemi xəstəliyi, çanaq-omba oynağında çıxıq diaqnozu qoyulmuşdur. Bundan başqa, övladında bir neçə xəstəliklər aşkar olunmuşdur. O, qeysəriyyə əməliyyatı ilə vaxtından əvvəl doğulduğu üçün onda nevroloji simptomlar (zəif əmmə və ya əmməmə, əmgəyin həddindən tez bitməsi – 3 ayında, ətrafların hərəkət aktivliyinin zəifliyi, əzələlərin yüksək tonusu, yığılması, qəbizlik və s.), rəxitlik (qurbağa qarınlıq, döş qəfəsinin batıqlığı və s.) döş qəfəsinin timusu (beyində oksigen çatışmazlığı və nəfəs darlığı), dilinin altında xoşxassəli kistoz törəmə vardır. Belə ki, övladı “X19” klinikasında xx.xx.2018-ci il tarixində müayinədən keçən zaman dilin mərkəzi hissəsində, orta xətdə tərkibində arakəsmə olan 30x21 mm ölçüdə ikikameralı, incə divarlı kistoz törəmə aşkar olunmuşdur”. Bütün bu sadalanan xəstəliklər cəm halda məhkəmə tərəfindən ağır xəstəlik kimi qiymətləndirilərək atanın uşağın müalicəsi üçün əlavə xərcə cəlb edilməsinin zəruri olduğu nəticəsinə gəlinmişdir. Hazırda isə uşağın səhhəti iilə bağlı vəziyyət əhəmiyyətli dərəcədə dəyişmişdir. Belə ki, artıq uşaqda yuxarıda sadalanan xəstəliklərdən xoşxassəli dilaltı törəmədən başqası yoxdur. Bu zaman xüsusi nəzərə alınmalıdır ki, məhkəmə iclasında izahat verən cavabdeh hansısa digər xəstəlik(lər)dən bəhs etməmiş, yaxud bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. O, yalnız uşağın dilinin altında kista olduğunu və buna görə müalicə aldığını bildirmişdir. Eyni zamanda, məhkəməyə təqdim edilmiş müxtəlif, epikriz, diaqnoz, müayinə və müalicə nəticələrinə dair sənədlərin heç birində dilaltı kistadan başqa hansısa digər xəstəlik göstərilməmişdir. Digər tərəfdən, uşaqda olan dilaltı kistanın ölçüsü də kiçilmişdir. Belə ki, məhkəmənin qətnaməsində istinad edilmiş “X19” klinikasında xx.xx.2018-ci il tarixində aparılan müayinənin nəticəsində uşağın dilinin mərkəzi hissəsində, orta xətdə tərkibində arakəsmə olan 30x21 mm ölçüdə ikikameralı, incə divarlı kistoz törəmə aşkar edilmişdisə, eyni klinikada eyni həkim tərəfindən xx.xx.2020-ci il tarixdə keçirilmiş müayinədə xəstənin xx.xx.2018-ci il tarixli müayinəsi ilə müqayisədə kistanın ölçülərinin kiçildiyi (18x15 mm) qeyd edilmişdir. Üstəlik nəzərə alınmalıdır ki, törəmə bədxassəli yox, xoşxassəli törəmədir. Bu vəziyyətdə məhkəmə hesab edir ki, xx.xx.2017-ci il təvəllüdlü X7 nə ağır xəstəlik, nə də şikəstlik əlaməti mövcud deyil. Onda olan yeganə xəstəlik dilinin altındakı kistadır ki, onun da ölçüləri artıq kiçilmiş, xəstəlikdə ağırlaşma müəyyən edilməmişdir. Digər tərəfdən Cavabdeh uşağın müalicəsi üçün külli miqdarda pul sərf etdiyini, əməliyyatların bahalı olduğunu bildirsə də bununla bağlı heç bir sübutu (məsələn, xəstəxana tərəfindən verilmiş əməliyyat üçün ödənilmiş pulun qəbzi) məhkəməyə təqdim etməmişdir. Əksinə, iddiaçı isə uşağın əməliyyatı üçün 600 manat ödədiyini təsdiq edən qəbzin surətini iddia ərizəsinə əlavə etmişdir. Cavabdeh tərəfindən məhkəməyə yanız müxtəlif aptek və mağazalardan alınan uşaq qidalarının, bəzi hallarda isə uşaqla əlaqəsi olmayan gündəlik qidaların alınması ilə bağlı qəbzlər təqdim edilmişdir. Məhkəmə hesab edir ki, bu qəbzlərin heç biri əsasında uşaqda ağır xəstəlik olması və müalicəsinə külli miqdarda vəsait tələb olunması nəticəsinə gəlmək mümkün deyil. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iş materialları əsasında tərəflərin birgə nikahından doğulmuş uşağın ağır xəstə olması, mütəmadi müayinə və müalicəyə ehtiyacı olması, bunun üçün hansısa yüksək məbləğdə vəsaitin tələb olunması və digər valideynin bu xərclərə cəlb edilməsinin zəruriliyi nəticəsinə gəlmək mümkün deyil. Əksinə, iş materialları əsasında uşaqda əvvəllər bir sıra xəstəliklər olduğu, hazırda isə həmin xəstəliklərdən yalnız birinin – xoşxassəli dilaltı kistanın qaldığı, onun da ölçüsünün kiçildiyi, heç bir ağırlaşmanın baş vermədiyi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə hesаb edir ki, məhkəmə qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X12 üçün İddiaçı hər ay 100 manat əlavə xərcin tutulmasına əsas olmuş xəstəliklər aradan qalxdığından və hazırda uşaqda ağır xəstəlik olması müəyyən olunmadığından iddia təmin edilməli, İddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)- 5986/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş 100 manat məbləğində əlavə xərcin ödənilməsindən qətnamə qanuni qüvvəyə mindiyi tarixdən azad edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)- 5986/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş 100 manat məbləğində əlavə xərcin ödənilməsindən qətnamə qanuni qüvvəyə mindiyi tarixdən azad edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar