Məhkəmə qərarları › İş №2(010)-778/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-778/2023

27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-778/2023 27.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun əvəzinə ödədiyi 7685.54 manat kredit borcu və 10.000 manat məbləğində dəymiş mənəvi ziyanın tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" ASC-ilə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 48 ay müddətinə Cavabdeh illik 28 faiz olmaqla 7685,54 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC-ilə onun arasında xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. "xxxx" ASC Cavabdeh ilə onu məhkəməyə verərək, onlardan müştərək qaydada 6436, 7 manat əsas məbləğdən, 471,11 manat faiz, cəmi 6907.81 manat məbləğində pulun və 20 manat dövlət rüsumunun tutulmasını tələb etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-8339/2017 saylı, 30 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh və ondan müştərək qaydada 6436, 7 manat əsas, 471,11 manat faiz və ödənilmiş 20 manat dövlət rüsumu tutulması qət edilmişdir. Onu da qeyd edir ki, qətnamə qanuni qüvvəsini aldıqdan sonra borc tutularaq onun əmək haqqı kartından çıxılırdı. Ona görə də, o, məcbur olub ödənilməmiş pulun hamısını, yəni, 5292,14 (beş min iki yüz, doxsan iki manat, on dörd qəpik) "xxxx" ASC-yə ödəyərək bütün borcu bağlamışdır. Bu səbəbdən də, cavabdeh tərəfindən ödənilməmiş kredit borcunu tamamilə o ödədiyi üçün 7685,54 (yeddi min altı yüz səksən beş manat əlli dörd qəpik) manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verib, onun bank arayışında qeyd edilən məbləğdən əlavə də ödənişlər etdiyini bildirib, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, iddiaçı tərəfindən məhz 5292,14 manat ödəniş edilib və tələblə bu hissədə razıdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Xətai Rayon Məhkəməsinin 2(011)-8339/2017 saylı, 30 oktyabr 2017-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada 6436,7 manat əsas, 471,11 manat faiz, cəmi 6907.81 manat və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi və cavabdehlərdən 10 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Ödəniş kartı üzrə Çıxarış”dan görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə zamin İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddət ərzində kredit borcu üzrə 1820.12 manat məbləğində ödəniş edilmişdir. - xx.xx.2021-ci il tarixli, 135000/4580 nömrəli arayışdan görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə zamin İddiaçı tərəfindən 5292.14 manat məbləğində ödəniş edilmiş və xx.xx.2021-ci il tarixə kredit borcu bağlanmış və və onun hazırda həmin kredit üzrə heç bir öhdəliyi yoxdur. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, Cavabdeh ilə "xxxx" ASC arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqavilə üzrə İddiaçı Cavabdeh bank qarşısındakı öhdəliklərinin icrası ilə əlaqədar zamin durmuşdur. Həmin kredit müqaviləsi üzrə zamin - İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddət ərzində 1820.12 manat ödəniş etmişdir. Daha sonra borclu kreditor qarşısında öhdəliklərini icra etmədiyi üçün Xətai Rayon Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi ilə cavabdehlərdən müştərək qaydada 6436,7 manat əsas, 471,11 manat faiz və ödənilmiş 20 manat dövlət rüsumunun iddiaçı “Kapital Bank" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Daha sonra İddiaçı tərəfindən 5292.14 manat məbləğində kredit borcu üzrə ödəniş edilmişdir. Hazırda iddiaçı ümumilikdə ödədiyi pul məbləğinin və mənəvi ziyan olaraq 10.000 manat pul vəsaitinin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə iddia tələbini qismən, 5292.14 manat hissədə qəbul edir. İddiaçının zamin qismində cavabdehin əvəzinə kredit müqaviləsi üzrə ödəniş etməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1.-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 475.1-ci maddəsinə görə, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. 475.2-ci maddəsinə görə, zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin əvəzinə zamin durduğu kredit müqaviləsi üzrə ödənişlər etdiyinə görə, cavabdehin həmin ödənişləri iddiaçıya qaytarmaq öhdəliyi yaranmışdır. Qaytarılmalı məbləğlı bağlı, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən 7685.54 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi hissəsində qismən əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı zamin durduğu xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddət ərzində 1820.12 manat ödəniş etmiş, məhkəmə qətnaməsindən sonra isə "xxxx"ASC-yə 5292.14 manat ödəniş etmişdir. Göründüyü kimi İddiaçı tərəfindən ümumilikdə 7112.26 manat kredit ödənişi həyata keçirilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə qismən təmin edilməli, cavabdehdən 7112.26 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı tərəfin bank arayışından əlavə onun əlavə ödənişlər də etməsi və bununla bağlı qəbzləri məhkəməyə təqdim etməsinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilmiş, xx.xx.2021-ci il tarixli ödəniş qəbzləri tarixinə görə bankın verdiyi arayışdan əvvəl tərtib edilmişdir. Deməli, qəbzlər üzrə ödənişlər bankın xx.xx.2021ci il tarixli arayışında nəzərə alınmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən vurulmuş mənəvi ziyana görə 10.000 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslı deyildir. Qeyd edilməlidir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 oktyabr 2008-ci il tarixli 07 saylı Qərarında göstərilmişdir: ««İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir…Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.». Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə sübutetmə ilə bağlı yuxarıda qeyd olunan normalara istinad edərək qeyd edir ki, hazırkı iddianın qeyd olunan hissədə əsaslı olması üçün mənəvi zərər vura biləcək hərəkətlərin cavabdeh tərəfindən edilməsinin sübut edilməsi zərurəti vardır. Lakin hazırki işdə iddiaçı tərəfindən ona mənəvi zərərin vurulmasına səbəb olan hərəkətlərin cavabdeh tərəfindən edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. İddianın birinci hissəsinin qismən təmin edilməsi isə, özü-özlüyündə mənəvi ziyan tələbinin də təmin edilməsi üçün əsas yaratmır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 91.12 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin müvafiq madddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 7112.26 (yeddi min yüz on iki manat, iyirmi altı qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçı Cəbrayılov Rabı̇ l İsmayıl oğluna ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 91.12 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar