Məhkəmə qərarları › İş №2(010)-888/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-888/2023

19.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-888/2023 19.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı İddiaçı Cavabdeh1 və digərinə qarşı qarşı “evə köçürülmə və qanunsuz tikililərin sökülməsi” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 və digərinə qarşı qarşı “evə köçürülmə və qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu ailə üzüvlərilə birlikdə cavabdehlərlə paylı mülkiyyətlərində olan Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsi, 277 saylı 6 otaqlı, 94,2 kv.m yaşayış sahəli, 23,2 kv.m köməkçi sahəli evə köçürülməsi, evin yerləşdiyi 410 kv.m torpaq sahəsində sökülmüş tikililərin cavabdehlərin hesabına bərpa edilməsi, qanunsuz inşa edilmiş kürsülü, mansarlı evin və mebel istehsalı üçün inşa edilmiş qeyri-yaşayış sahəsinin (sexin) sökülməsi, torpaq sahəsinin istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə görə ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların tələbini əsaslandırdığı hallar, iddia bir neçə cavabdehə qarşı yönəldikdə isə onların hər birinə qarşı yönəlmiş tələb göstərilməlidir. İddia ərizəsindən görünür ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmunu üçün nəzərdə tutulan tələblərə riayət edilmədən məhkəməyə verilmiş və iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb dəqiq və konkret olmamaqla yanaşı qeyri-müəyyəndir. Belə ki, iddiaçı iddia ərizəsinin “xahiş edirəm” hissəsində “onun ailə üzüvlərilə birlikdə evə köçürülməsi”ni xahiş etsə də, ailə üzvlərin kimlərdən ibarət olduğunu göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məcəllənin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. Göründüyü kimi iddiaçı tərəfindən onun ailə üzvlərinin kim olduğunun göstərilməsi zəruridir. Belə ki, iddiaçının ailə üzvləri yetkinlik yaşına çatmış şəxslər olacağı halda həmin şəxslər öz mənafelərinin müdafiəsi üçün müstəqil iddiaçı kimi çıxış etməli olacaqlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152-ci və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : İddiaçı Cavabdeh1 və digərinə qarşı qarşı “evə köçürülmə və qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar