Məhkəmə qərarları › İş №2(010)-890/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-890/2023

07.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-890/2023 07.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2013-cü il tarixli 972 №-li qeyd nömrəli birgə nikahdan doğulan X1 yetkinlik yaşına çatana qədər hər ay 220 (iki yüz iyirmi) manat məbləğində alimentin, faktiki ayrı yaşadığı müddət üçün 2022-ci il may, iyun, iyul və avqust aylarına hesablanan 772 manat (yeddi yüz yetmiş iki manat) məbləğində ödənilməyən alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddiaçı ilə Cavabdeh 07 iyun 2013-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2014 təvəllüdlü X3 doğulmuşdur. Nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olmuşdur, Bir müddət keçdikdən sonra ailə münasibətləri tədricən soyuyaraq hazırda tamamilə kəsilmişdir. Artıq iki ilə yaxın müddətdir ki, ayrı-ayrılıqda yaşayırlar. Yetkinlik yaşına çatmayan uşağı isə iddiaçının himayəsindədir. Uşaq obstruktiv bronxit (allergik bronxit) xəstəliyindən əziyyət çəkir və həkimin göstərişinə əsasən müəyyən dərmanlar qəbul edir. İddiaçı isə 375 manat maaş alır, bu qazancla uşağın təminatını ödəmək çətindir. Cavabdeh uşağın maddi vəziyyəti ilə maraqlanmır, heç bir köməklik göstərmir. Sadəcə iddiaçı oktyabr 2022-ci il tarixində aliment tələbi ilə bağlı mediasiyaya müraciət etdikdən sonra qaynanası müəyyən məbləğlərdə ödənişlər edərək yardım etməyə çalışır. Lakin həmin ödənişlər uşağın təminatını tam olaraq ödəmir. Ona görə də məhkəməyə aliment tələbi ilə müraciət etmək məcburiyyətindədir. Hesab edir ki, uşağın maddi ehtiyaclarını ödəməsi üçün, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, Cavabdeh tərəfindən uşağın saxlanması xərcləri ödənməlidir, cavabdehdən uşağın saxlanması üçün məhkəmə qaydasında alimentin tutulması tam qanunauyğundur. Hesab edir ki, birgə nikahdan olan X1 yetkinlik yaşına çatana qədər hər ay 220 (iki yüz iyirmi) manat məbləğində alimentin, faktiki ayrı yaşadığı müddət üçün 2022-ci il may, iyun, iyul, avqust aylarına hesablanan 772 (yeddi yüz yetmiş iki) manat məbləğində ödənilməyən alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbini müdafiə edərək, iddiasına uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. O, bildirdi ki, alimentin tutulması ilə bağlı qətnamə olmasa da, cavabdeh uşağının saxlanılması üçün ona mütəmadi ödənişlər edirdi. Lakin, 2022-ci ilin may, iyun, iyul və avqust ayları üçün ödənişləri etməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh məhkəməyə teleqram daxil olmuşdur. Həmin teleqramda cavabdeh, İddiaçı aliment tələbinə dair iddiasinin qismən təmin olunmasını və alimentin tutulmasını iddianın məhkəməyə verildiyi tarixdən hesablanmasını xahiş etmişdir. Belə ki, ayri yaşadığı müddət ərzində, yəni İddiaçı da iddia ərzində qeyd edildiyi tarixdən övladı Məhəmmədin ehtiyacları tərəfindən qarşılanır. Bundan əlavə üzrlü səbəblərdən məhkəmə iclasinda iştirak edə bilməyəcəyini nəzərə alınmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Səadət sarayı (Bakı Nikah evi) xx.xx.2013-cü il tarixdə verilmiş nikahın haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X2 xx.xx.2013-cü il tarixdə nikaha daxil olmuşar. 4 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2014-cü ildə doğulmuş və valideynləri Cavabdeh və İddiaçıdır. Bakı 6 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli MŞB/6-6823 saylı arayışından görünür ki, Cavabdeh İddiaçı tərəfindən təsvir edilən "aliment" üzrə xx.xx.2022-ci il tarixdə saat 11:00-11:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşin faktiki halları İddiaçı ilə cavabdeh xx.xx.2013-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X3 adlı övladı anadan olmuşdur. Hazırda iddiaçı ilə cavabdeh arasında faktiki nikah münasibətləri mövcud deyil. Tərəflərin azyaşlı övladı iddiaçı ilə birlikdə yaşayır. İddaçı cavabdehdən oğlu X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay 220 (iki yüz iyirmi) manat məbləğində alimentin, eləcə də faktiki ayrı yaşadığı müddət üçün 2022-ci il may, iyun, iyul və avqust aylarına hesablanan 772 manat (yeddi yüz yetmiş iki manat) məbləğində ödənilməyən alimentin tutulmasını istəyir. Cavabdeh isə məhkəməyə müraciət edildiyi tarixdən hesablanmaqla hər ay 220 (iki yüz iyirmi) manat məbləğində aliment ödəməyə razıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: 17 Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34 Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyası: 3 Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyasının 27-ci maddəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 56.1 Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1 Valideynlər övladlarını saxlamağa borcludurlar. 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2 Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Uşaq hüquqları haqqında " Azərbaycan Respublikası Qanunu: 13 Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19 Valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi İddaçı cavabdehdən oğlu X1 yetkinlik yaşına çatana qədər hər ay 220 (iki yüz iyirmi) manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb edir. Cavabdeh bu tələblə razıdır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən faktiki ayrı yaşadığı müddət üçün 2022ci il may, iyun, iyul və avqust aylarına hesablanan 772 manat (yeddi yüz yetmiş iki manat) məbləğində alimentin tutulmasını istəmişdir və bunu onunla əsaslandırmışdır ki, cavabdeh uşağının saxlanılması üçün ona mütəmadi ödənişlər edirdi, lakin, 2022-ci ilin may, iyun, iyul və avqust ayları üçün ödənişləri etməmişdir. İddiaçının bu dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından iddiaçının cavabdehə qarşı aliment tələbi irəli sürməsi, lakin cavabdehin onu verməkdən boyun qaçırması müəyyən edilmir. Məhkəmə hesab edir ki, cavabdehin mütəmadi olaraq övladına maddi yardım göstərməsi, bunun məhz iddiaçının cavabdehdən bunu tələb etməsi nəticəsində baş verməsinə dəlalət etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsinə görə məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.

Məhkəmənin gəldiyi nəticə Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən övladı xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün iddiaçının xeyrinə hər ay 220 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə uyğun olaraq alimentin tutulmasının əvvəli məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin vurğulayır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Sözügedən normadan irəli gələrək məhkəmə qeyd edir ki, bu qətnamə dərhal icra olunmalıdır.

Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda — iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, cavabdehdən dövlət rüsumuna görə 46,40 manat məbləğində pul vəsaiti alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay bir uşağa görə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Cavabdeh 46,40 (qırx altı manat qırx qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar