Məhkəmə qərarları › İş №2(010)-926/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-926/2021

29.03.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-926/2021 29.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X3, Cavabdeh MTK-nin vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə üzrə öhdəçiliklərin yerinə yetirilməsi vəzifəsinin həvalə olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh MTK-na qarşı müqavilə üzrə öhdəçiliklərin yerinə yetirilməsi vəzifəsinin həvalə olunması tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh MTK tərəfindən inşa edilmiş Suraxanı rayou, Qaraçuxur ŞTQ-si 4048/49 ünvanda yerləşn 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 104,6 kv.m olan 75 saylı 3 otaqlı mənzillə bağlı aparılan təmir işlərinə əsassız müdaxilənin aradan qaldırılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MTK ilə xx xxxx 2020-ci il tarixdə müqavilə bağlamış və cavabdeh tərəfindən inşa edilmiş Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ŞTQ-si 4048/49 ünvanda inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 104,6 kv.m olan 75 saylı, 3 otaqlı mənzilin dəyəri olan 73220 manat pul vəsaiti ödəmiş və xx xxxx 2020-ci il tarixdə cavabdeh tərəfindən maliyyə vəsaitinin tam ödənilməsi barəsində arayış verilmişdir. Hazırda sahibliyində və istifadəsində olan mənzillə bağlı aparılan təmir tikinti işlərinə cavabdeh müdaxilə edir və bunun səbəbini izah etmir. xx.xx.2020-ci il tarixdə cavabdehə kassa mədaxil qəbzinin verilməsi və təmirlə bağlı əsassız müdaxilənin dayandırılması və s. iradlarının cavab verilməsini xahiş etsə də, müraciəti cavabsız qalmışdır. Odur ki, qeyd edilənlərə əsasən iddiasının təmin edilməsini xahiş edir. Məhkəmənin iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X6 iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verib bildirdi ki, iddiaçı tərəfindən evin qiyməti, yəni 73220 manat məbləğində pul tam şəkildə Cavabdeh MTK-ya ödənilib, ödəniş qəbzi olmasa da, cavabdeh tərəfindən məbləğin tam şəkildə ödənilməsi barədə arayış var. Ustalar evdə təmir işləri görmək istədikdə ustaların işinə maneə yaradılır. Bu barədə akt da tərtib olunub. Mənzilin əvəzi olaraq beton materiaları verilməli olduğu qeyd edilsə də belə bir şərt yoxdur, çünki İddiaçı tikinti materiallarının dövriyyəsilə məşğul olmur. Ona görə də, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MTK-nin vəkili X4 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etmiş və etiraz ərizəsi təqdim edərək, qeyd etmişdir ki, İddiaçı həmin mənzilin əvəzində Cavabdeh MTK-nı armatur-betonla təmin etməli olduğu halda materialları verməmişdir. Blok istismara verilməyib, mənzilə baxış da keçirilə bilər. Tərəflər arasında müqavilə bağlanmasına baxmayaraq pul ödənilməyib. Müqavilənin şərtinə görə müqavilənin ödənişi yalnız kassa mədaxil qəbzi ilə əsas sayılır. İddiaçı tərəfdə isə belə bir qəbz yoxdur. Ortada üçüncü şəxs də var və o, öz üzərinə düşən öhdəliyi icra etməyib. Məhkəmə tərəflərin izahatını dinləyib, işin hallarını və sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - xx.xx.2020-ci il tarixli, № 075003 saylı müqavilənin surətindən görünür ki, Cavabdeh MTK İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ŞTQ-si 4048/49 ünvanda inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 104,6 kv.m olan 75 saylı mənzil izolə olunmuş 3 otaqdan ibarət mənzil verir. Müqavilə üzrə məzilin dəyəri bir kv.m sahə üçün 700 AZN təşkil edir. Cəmi 104.6 kv.m sahəsi üçün 73220 AZN təşkil edir. Bu müqavilənin ödənişi yalnız kassa mədaxil qəbzi ilə əsas sayılır. Bu müqavilə ilə müəyyən olunmuş yuxarıda göstərilən mənzilin qiymətinin bir hissəsi, müqavilə qiymətinin 100 % miqdarında, yəni 73220 AZN məbləğində ödənilib. “Payçı” göstərilən məbəğin qalan hissəsinin ödənişi, “İcraçı” ya tikinti materialları (armatur və beton) verərək ödəyəcəkdir. - xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ŞTQ-si 4048/49 ünvanda inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 104,6 kv.m olan, 3 otaqlı, 75 saylı mənzilin dəyəri Cavabdeh MTK-ya tam ödənilmişdir. - xx.xx.2021-ci il tarixli X2 və X7 tərəfindən imzalanmış aktdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ŞTQ-si 4048/49 ünvanda inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 104,6 kv.m olan, 3 otaqlı, 75 saylı mənzildə təmir apardıqları zaman MTK-nın komendantı tərəfindən təmirin aparılmasına icazə verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, 2020-ci ilin noyabr ayında təmir işləri aparmaqla bağlı söhbətlər oldu, sözügedən mənzilə sement gətirmişlər, təmir işləri apardıqları zaman İntiqam adlı şəxs gəlib işi dayandırmaqlarını tələb etdi. Onunla yanaşı 3-4 nəfər usta da var idi. O, briqadaya rəhbərlik etmiş, yarım gün suvaq işləri görmüşlər. Mənzil 103 kv.m idi və 13-cü mərtbədə yerləşirdi. Eşitdiyinə görə mənzilin kvadratı 550 manat satılıb və sonradan qiyməti daha ucuz olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ustadır, Yusif onlara Qaraçuxurda təmir işləri olduğunu bildirmiş, sözügedən mənzilə sement və materillar daşımışlar, mənzil 11 ya da 12-ci mərtəbədə yerləşdi, 3 otaqlı idi. O, Yusif və Fuad bir yerdə təmir işləri görməyə başladıqda onlara icazə vermədilər. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh MTK arasında mənzilin alqı-satqısı ilə bağlı müqavilə imzalanmışdır. İddiaçı tərəfin dəlili ondan ibarətdir ki, mənzilin dəyərini tam ödəməsinə baxmayaraq cavabdeh kooperativin əməkdaşları ona mənzildə təmir işləri aparmağa imkan vermir. Cavabdeh tərəf əməkdaşlarının təmir aparılmasına imkan verməməsi faktını dolayı təsdiq edir və etirazı ondan ibarətdir ki, iddiaçı tərəfindən mənzilin dəyəri tam şəkildə ödənilməyib, müqavilə şərtlərinə görə dəyərin yarı hissəsi kooperativə beton, armatur verməklə ödənilməli idi, lakin iddiaçı bu öhdəliyini yerinə yetirməmişdir. Ümumiyyətlə bina tam tikilib təhfil verilmədiyinə görə iddiaçının həmin mənzildə təmir aparması qanunsuzdur. Bundan başqa, mənzilin dəyəri tam ödənilmədiyinə görə də, təmir aparıla bilməz. Mənzildə təmir işlərinin aparılmasına maneənin olub-olmaması məsələsini araşdırmadan öncə, məhkəmə iddiaçının həmin mənzillə bağlı hazırkı iddianı irəli sürməyə subyektiv hüququnun olub-olmamasının müəyyən edilməsini zəruri hesab edir. Tərəflər arasında bağlanmış xx xxxx 2020-ci il tarixli, 075003 № li müqavilənin Ödəniş haqqının məbləği və ödəniş qaydasını tənzimləyən İV bəndində qeyd edilib ki, müqavilənin ümumi dəyəri 73220 manat təşkil edir. (4.1) Müqavilədə bir tərəfdən ödənişin yalnız kassa mədaxil qəbzi ilə əsas sayılması qeyd edilmiş, digər tərəfdən müqavilə qiymətindən 100 % miqdarında, yəni 73220 manatın ödənildiyini, qalan hissənin isə payçının icraçıya armatur və beton verməklə ödəyəcəyi qeyd edilmişdir. Eyni zamanda mənzilin dəyərinin tam ödənilməsi ilə bağlı cavabdeh tərəfindən iddiaçıya arayış (maliyyə arayışı) verilmişdir. Göründüyü kimi, müqavilədə qeyri-müəyyən şərtlər mövcuddur. Mülki Məcəllənin: 404.1-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə görə bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3-cü maddəsinə görə əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4-cü maddəsinə görə müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. 404.5-ci maddəsinə görə qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Tərəflər arasındakı müqavilə təfsir edilərkən müəyyən olunur ki, bu müqavilə tikinti kooperativi ilə payçı arasında mənzilin alqı-satqısı barədə bağlanmış standart müqavilədir. Yalnız, müqavilədə qiymətin 100 % miqdarında ödənildiyi qeyd edilmiş, eyni zamanda qalan hissənin tikinti materialları şəklində ödəniləcəyi göstərilmişdir. Həmçinin, ödənişin yalnız kassa mədaxil qəbzi ilə əsas sayıldığı bildirilmişdir. Məhkəmə müqavilənin bu hissəsini yuxarıda qeyd edilmiş maddi hüquq normaları baxımından təfsir edilməli olan hissə kimi qəbul edir. Çünki, həm iddiaçı tərəf tələbinin əsası kimi bu şərtlərə istinad edir, həm də cavabdeh etirazının əsası kimi bu şərtlərə istinad edir. Məhkəmə mülki dövriyyədə bu tip hüquq münasibətləri ilə bağlı formalaşmış işgüzar adətləri və ümumilikdə müqavilənin digər şərtlərini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən müqavilədə göstərilmiş mənzilin dəyəri ödənilmişdir. Payçının icraçıya dəyərin qalan hissəsinin tikinti materialları şəklində ödəməli olması müddəsı, dəyərin hansı hissəsinin nəzərdə tutulduğu, tikinti materiallarının hansı həcmdə verilməli olması göstərilmədiyinə görə (ondan əvvəl qeyd edilmişdir ki, müqavilə üzrə mənzilin dəyəri 73220 AZN-dir, müqavilə qiymətindən 100 % yəni 73220 AZN ödənilib) qeyri-müəyyən müddəa kimi cavabdehin əleyhinə təfsir edilir. Çünki, bu müqavilə cavabdeh kooperativ tərəfindən tərtib edilmiş standart müqavilədir. Mülki Məcəllənin 419.2-ci maddəsinə görə müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Məhkəmə bu nəticəyə gələrkən cavabdeh tərəfindən iddiaçıya mənzilin tam dəyərinin ödənilməsi barədə arayışın verilməsini də nəzərə alır. Beləliklə, müəyyən edilir ki, iddiaçının hazırkı iddianı irəli sürməkdə subyektiv hüququ vardır. Çünki o mübahisəli mənzilə məhdud əşya (istifadə - sahiblik) hüququna malikdir. İddiaçıya mənzilin təmiri zamanı cavabdeh tərəfindən yaradılan maneənin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, hər iki tərəfin izahatları və şahid ifadələri ilə müəyyən edilir ki, bu maneə iddiaçının sifarişi ilə mənzili təmir etməyə gələn ustaların həmin mənzilə buraxılmamasından ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə isə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia əsaslıdır və cavabdeh tərəfindən mənzillə bağlı aparılan təmir işlərinə törədilən maneələr aradan qaldırılmalıdır. Çünki, iddiaçının mənzilə məhdud əşya hüququ vardır və o bu hüququna əsaslanmaqla cavabdehdən təmir işlərinə yaradılan maneənin aradan qaldırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin qeyd edilən maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh "Cavabdeh" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si 4048/49 ünvanında ikinci blok 15-ci mərtəbədə yerləşən ümumi sahəsi 104,6 kv.m olan 75 saylı 3 otaqlı mənzillə bağlı aparılan təmir işlərinə cavabdeh "Cavabdeh" Mənzil Tikinti Kooperativi tərəfindən törədilən maneələr aradan qaldırılsın. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh "Cavabdeh" Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar