Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7006/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-926/2021 saylı 29 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MTK-na qarşı müqavilə üzrə öhdəçiliklərin yerinə yetirilməsi vəzifəsinin həvalə olunması tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh MTK tərəfindən inşa edilmiş Suraxanı rayou, Qaraçuxur ŞTQ-si 4048/49 ünvanda yerləşn 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 104,6 kv.m olan 75 saylı 3 otaqlı mənzillə bağlı aparılan təmir işlərinə əsassız müdaxilənin aradan qaldırılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MTK ilə 04 iyun 2020-ci il tarixdə müqavilə bağlamış və cavabdeh tərəfindən inşa edilmiş Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ŞTQ-si 4048/49 ünvanda inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 104,6 kv.m olan 75 saylı, 3 otaqlı mənzilin dəyəri olan 73220 manat pul vəsaiti ödəmiş və 04 iyun 2020-ci il tarixdə cavabdeh tərəfindən maliyyə vəsaitinin tam ödənilməsi barəsində arayış verilmişdir. Hazırda sahibliyində və istifadəsində olan mənzillə bağlı aparılan təmir tikinti işlərinə cavabdeh müdaxilə edir və bunun səbəbini izah etmir. 10.10.2020-ci il tarixdə cavabdehə kassa mədaxil qəbzinin verilməsi və təmirlə bağlı əsassız müdaxilənin dayandırılması və s. iradlarının cavab verilməsini xahiş etsə də, müraciəti cavabsız qalmışdır. Odur ki, qeyd edilənlərə əsasən iddiasının təmin edilməsini xahiş edir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-926/2021 saylı 29 mart 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si 4048/49 ünvanında ikinci blok 15-ci mərtəbədə yerləşən ümumi sahəsi 104,6 kv.m olan 75 saylı 3 otaqlı mənzillə bağlı aparılan təmir işlərinə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən törədilən maneələrin aradan qaldırılması, ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh MTK apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələblərinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilsin xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə qanunsuz və əsassızdır. Belə ki, iddiaçı tərəfindən ödəniş edilmədiyi üçün ona kassa mədaxil qəbzi verilməmişdir. Həmçinin, iddiaçı bildirir ki, mənzildə tikinti təmir işlərinin aparılması üçün MTK-nın əməkdaşları ona maneə yaradır. Lakin maneənin dənəd ibarət olmasını iddiaçı tərəf məhkəmə iclasında sübut edə bilməmişdir. Mübahiləsi mənzilin yerləşdiyi blokda ümumiyyətlə yaşayış yoxdur. Buna səbəb isə mənzilin istismara qəbul aktının olmamasıdır. Həmçinin iddiaçı tərəflər arasında bağlanmış müqavilənin tələbərini pozaraq, həmin mənzilin əvəzində cavabdeh armatur-betonla təmin etməli olduğu halda materialları verməmişdir. Blok istismara verilməyib, mənzilə baxış da keçirilə bilər. Tərəflər arasında müqavilə bağlanmasına baxmayaraq iddiaçı tərəfindən pul ödənilməmişdir. Müqavilənin şərtinə görə müqavilənin ödənişi yalnız kassa mədaxil qəbzi ilə təsdiq oluna bilər. İddiaçı tərəfdə isə belə qəbz yoxdur. Güründüyü kimi, məhkəmə işə baxılmasına formal yanaşmış, sübtları düzgün qiymətləndirməmiş, çəkimə prinsipi qaydalarına riayət etmədən, qarşı tərəfin mübahisə predmeti olan mənzillə bağlı müqavilə şərtlərinə riayət etməməsini nəzərə almadan qanunsuz və əsassız qərar qəbul etmişdir. Bundan başda, məhkəmə istismara qəbul edilməmiş binada iddiaçı tərəfindən təmir işlərinin aparılmasın icazə verməklə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini kobud pozmuşdur. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-926/2021 saylı 29 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 04.06.2020-ci il tarixli, № 075003 saylı müqavilənin surətindən görünür ki, Cavabdeh MTK İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ŞTQ-si 4048/49 ünvanda inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 104,6 kv.m olan 75 saylı mənzil izolə olunmuş 3 otaqdan ibarət mənzil verir. Müqavilə üzrə məzilin dəyəri bir kv.m sahə üçün 700 AZN təşkil edir. Cəmi 104.6 kv.m sahəsi üçün 73220 AZN təşkil edir. Bu müqavilənin ödənişi yalnız kassa mədaxil qəbzi ilə əsas sayılır. Bu müqavilə ilə müəyyən olunmuş yuxarıda göstərilən mənzilin qiymətinin bir hissəsi, müqavilə qiymətinin 100 % miqdarında, yəni 73220 AZN məbləğində ödənilib. “Payçı” göstərilən məbəğin qalan hissəsinin ödənişi, “İcraçı” ya tikinti materialları (armatur və beton) verərək ödəyəcəkdir. İş materiallarında olan 04 iyun 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ŞTQ-si 4048/49 ünvanda inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 104,6 kv.m olan, 3 otaqlı, 75 saylı mənzilin dəyəri Cavabdeh MTK-ya tam ödənilmişdir. İş materiallarında olan 12.01.2021-ci il tarixli X1 və X4 tərəfindən imzalanmış aktdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ŞTQ-si 4048/49 ünvanda inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 104,6 kv.m olan, 3 otaqlı, 75 saylı mənzildə təmir apardıqları zaman MTK-nın komendantı tərəfindən təmirin aparılmasına icazə verilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, 2020-ci ilin noyabr ayında təmir işləri aparmaqla bağlı söhbətlər oldu, sözügedən mənzilə sement gətirmişlər, təmir işləri apardıqları zaman İntiqam adlı şəxs gəlib işi dayandırmaqlarını tələb etdi. Onunla yanaşı 3-4 nəfər usta da var idi. O, briqadaya rəhbərlik etmiş, yarım gün suvaq işləri görmüşlər. Mənzil 103 kv.m idi və 13-cü mərtbədə yerləşirdi. Eşitdiyinə görə mənzilin kvadratı 550 manata satılıb və sonradan qiyməti daha ucuz olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ustadır, Yusif onlara Qaraçuxurda təmir işləri olduğunu bildirmiş, sözügedən mənzilə sement və materillar daşımışlar, mənzil 11 ya da 12-ci mərtəbədə yerləşdi, 3 otaqlı idi. O, Yusif və Fuad bir yerdə təmir işləri görməyə başladıqda onlara icazə vermədilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə görə bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 404.3-cü maddəsinə görə əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Həmin Məcəllənin 404.4-cü maddəsinə görə müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Həmin Məcəllənin 404.5-ci maddəsinə görə qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Tərəflər arasındakı müqavilə təfsir edilərkən müəyyən olunur ki, bu müqavilə tikinti kooperativi ilə payçı arasında mənzilin alqı-satqısı barədə bağlanmış standart müqavilədir. Yalnız, müqavilədə qiymətin 100 % miqdarında ödənildiyi qeyd edilmiş, eyni zamanda qalan hissənin tikinti materialları şəklində ödəniləcəyi göstərilmişdir. Həmçinin, ödənişin yalnız kassa mədaxil qəbzi ilə əsas sayıldığı bildirilmişdir. Məhkəmə müqavilənin bu hissəsini yuxarıda qeyd edilmiş maddi hüquq normaları baxımından təfsir edilməli olan hissə kimi qəbul edir. Çünki, həm iddiaçı tərəf tələbinin əsası kimi bu şərtlərə istinad edir, həm də cavabdeh etirazının əsası kimi bu şərtlərə istinad edir. Beləliklə, müəyyən edilir ki, iddiaçı ilə cavabdeh MTK arasında mənzilin alqı-satqısı ilə bağlı müqavilə imzalanmışdır. İddiaçı tərəfin dəlili ondan ibarətdir ki, mənzilin dəyərini tam ödəməsinə baxmayaraq cavabdeh kooperativin əməkdaşları ona mənzildə təmir işləri aparmağa imkan vermir. Cavabdeh tərəf əməkdaşlarının təmir aparılmasına imkan verməməsi faktını dolayı təsdiq edir və etirazı ondan ibarətdir ki, iddiaçı tərəfindən mənzilin dəyəri tam şəkildə ödənilməyib, müqavilə şərtlərinə görə dəyərin yarı hissəsi kooperativə beton, armatur verməklə ödənilməli idi, lakin iddiaçı bu öhdəliyini yerinə yetirməmişdir. Ümumiyyətlə bina tam tikilib təhfil verilmədiyinə görə iddiaçının həmin mənzildə təmir aparması qanunsuzdur. Bundan başqa, mənzilin dəyəri tam ödənilmədiyinə görə də, təmir aparıla bilməz. Mənzildə təmir işlərinin aparılmasına maneənin olub-olmaması məsələsini araşdırmadan öncə, məhkəmə iddiaçının həmin mənzillə bağlı hazırkı iddianı irəli sürməyə subyektiv hüququnun olub-olmamasının müəyyən edilməsini zəruri hesab edir. Tərəflər arasında bağlanmış 04 iyun 2020-ci il tarixli, 075003 № li müqavilənin Ödəniş haqqının məbləği və ödəniş qaydasını tənzimləyən İV bəndində qeyd edilib ki, müqavilənin ümumi dəyəri 73220 manat təşkil edir. (4.1) Müqavilədə bir tərəfdən ödənişin yalnız kassa mədaxil qəbzi ilə əsas sayılması qeyd edilmiş, digər tərəfdən müqavilə qiymətindən 100 % miqdarında, yəni 73220 manatın ödənildiyini, qalan hissənin isə payçının icraçıya armatur və beton verməklə ödəyəcəyi qeyd edilmişdir. Eyni zamanda mənzilin dəyərinin tam ödənilməsi ilə bağlı cavabdeh tərəfindən iddiaçıya arayış (maliyyə arayışı) verilmişdir. Məhkəmə mülki dövriyyədə bu tip hüquq münasibətləri ilə bağlı formalaşmış işgüzar adətləri və ümumilikdə müqavilənin digər şərtlərini nəzərə alaraq haqlı olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən müqavilədə göstərilmiş mənzilin dəyəri ödənilmişdir. Payçının icraçıya dəyərin qalan hissəsinin tikinti materialları şəklində ödəməli olması müddəsı, dəyərin hansı hissəsinin nəzərdə tutulduğu, tikinti materiallarının hansı həcmdə verilməli olması göstərilmədiyinə görə (ondan əvvəl qeyd edilmişdir ki, müqavilə üzrə mənzilin dəyəri 73220 AZN-dir, müqavilə qiymətindən 100 % yəni 73220 AZN ödənilib) qeyrimüəyyən müddəa kimi cavabdehin əleyhinə təfsir edilir. Çünki, bu müqavilə cavabdeh kooperativ tərəfindən tərtib edilmiş standart müqavilədir. Həmçinin qeyd edilməlidir ki, cavabdeh tərəfindən iddiaçıya mənzilin tam dəyərinin ödənilməsi barədə arayış verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 419.2-ci maddəsinə görə müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Beləliklə, müəyyən edilir ki, iddiaçının hazırkı iddianı irəli sürməkdə subyektiv hüququ vardır. Çünki o mübahisəli mənzilə məhdud əşya (istifadə - sahiblik) hüququna malikdir. İddiaçıya mənzilin təmiri zamanı cavabdeh tərəfindən yaradılan maneənin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, hər iki tərəfin izahatları və şahid ifadələri ilə müəyyən edilir ki, bu maneə iddiaçının sifarişi ilə mənzili təmir etməyə gələn ustaların həmin mənzilə buraxılmamasından ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə isə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Beləliklə, məhkəmə haqlı olaraq hesab etmişdir ki, hazırkı iddia əsaslıdır və cavabdeh tərəfindən mənzillə bağlı aparılan təmir işlərinə törədilən maneələr aradan qaldırılmalıdır. Çünki, iddiaçının mənzilə məhdud əşya hüququ vardır və o bu hüququna əsaslanmaqla cavabdehdən təmir işlərinə yaradılan maneənin aradan qaldırılmasını tələb etməkdə haqlıdır. Apellyasiya şikayətinə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Belə ki, cavabdeh iddiaçı tərəfindən ödəniş edilmədiyi üçün ona kassa mədaxil qəbzi verilmədiyini qeyd etsə də, tərəflər arasında bağlanmış 04 iyun 2020-ci il tarixli, 075003 № li müqavilənin Ödəniş haqqının məbləği və ödəniş qaydasını tənzimləyən İV bəndində qeyd edilib ki, müqavilənin ümumi dəyəri 73220 manat təşkil edir. (4.1) Müqavilədə bir tərəfdən ödənişin yalnız kassa mədaxil qəbzi ilə əsas sayılması qeyd edilmiş, digər tərəfdən müqavilə qiymətindən 100 % miqdarında, yəni 73220 manatın ödənildiyini, qalan hissənin isə payçının icraçıya armatur və beton verməklə ödəyəcəyi qeyd edilmişdir. Məhkəmə kollegiyası mülki dövriyyədə bu tip hüquq münasibətləri ilə bağlı formalaşmış işgüzar adətləri və ümumilikdə müqavilənin digər şərtlərini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən müqavilədə göstərilmiş mənzilin dəyəri ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-926/2021 saylı 29 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh MTK-nın apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-926/2021 saylı 29 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7006/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7006/2021
25.08.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver