Məhkəmə qərarları › İş №2(012)-1907/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1907/2020

11.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1907/2020 11.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı nümayəndələri X8 və X3, Cavabdeh2 MTK-nın nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MTK və Cavabdeh1 qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Abşeron rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m üə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 MTK arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının blok 3, 14-cü mərtəbəsində ümumi sahəsi 43.3 kvadratmetr olan, 1 otaqlı, 80 saylı mənzilin ona təhvil verilməsi vəzifəsinin Cavabdeh2nə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X8 iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı xx xxxxxxx 2012-ci il tarixli müqaviləyə əsasən ünvan 2 A ünvanında inşa olunmuş yaşayış binasının İİİ blok, 14-cü mərtəbəsində ümumi sahəsi 43.3 kvadrat metr olan, 1(bir) otaqlı, 80 saylı mənzili hər kvadrat metri 600 manat olmaqla 25980 manat iddiaçı tərəfindən tam ödənilərək əldə etmişdir. Bu haqda xx xxxxxxx 2012-ci il tarixli maliyyə arayışı imzalanıb təsdiq edilərək iddiaçıya verilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq cavabdeh mənzili iddiaçıya təhvil verməmişdir. xx xxxxxx 2020-ci il tarixdə bildirişlə cavabdeh “xxxxxxx” MMC-nin hüquqi varisi Cavabdeh2 MTK-ya iddiaçı tərəfindən şəxsən rəsmi müraciət olunaraq “xxxxxxx” MMC ilə xx xxxxxxx 2012-ci il tarixli müqaviləyə əsasən ünvan 2 A ünvanda inşa olunmuş yaşayış binasının İİİ blok, 14-cu mərtəbəsində ümumi sahəsi 43.3 kvadrat metr olan, 1 (bir) otaqlı 80 saylı mənzilin iddiaçıya təhvil verilməsi xahiş olunmuşdur. Cavabdeh2 MTK xx xxxxxx 2020-ci il tarixli, 28/02 saylı məktubu ilə ünvan 3 A ünvanında inşa olunmuş yaşayış binasının İİİ blok, 14-cü mərtəbəsində ümumi sahəsi 43.3 kvadratmetr olan, l(bir) otaqlı 80 saylı mübahisəli mənzilin payçı Cavabdeh1 ilə əvvəllər bağlanmış xx xxxxxxx 2010-cu il tarixli müqavilənin əsasında yeni şərtlərlə xx xxxxxxx 2018-ci il tarixli, 324 saylı müqavilə bağlanıldığını, pay haqqı Cavabdeh1 tərəfindən tam ödənildiyini bildirmişdir. “xxxxxxx” MMC ilə xx xxxxxxx 2012-ci il tarixli müqavilənin 1.1-bəndinə əsasən “İcraçı” Abşeron rayon İH başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan qəsəbəsi, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yaşayış binasından İİİ blok, 14-cü mərtəbəsində ümumi sahəsi 43.3 kvadrat metr olan, 80 saylı l(bir) otaqdan ibarət bir pay kimi “Payçı”ya verməyi öz öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən “Payçı” müqavilədə göstərilmiş məbləği vaxtında və tamamilə ödəməyi, mənzili qəbul etməyi öz öhdəsinə götürür. İddiaçı tərəfindən hər kvadartmetri 600 manat olmaqla ümumilikdə 25980 manat pay haqqı cavabdehə ödənilmiş və bu barədə iddiaçıya xx xxx 2012-cu il tarixdə maliyyə arayışı verilmişdir. Tikinti işləri İİİ blokda başa çatmışdır.Həmin müqavilənin 4.1-ci bəndinə əsasən Tikinti işləri başa çatdıqdan sonra “İcraçı” mənzili təhvil verir, “Payçı” mənzili qəbul edir. Ona görə də mənzil İddiaçı təhvil verilməlidir. Digəf tərəfdən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yaşayış binasından İİİ blok, 14-cu mərtəbəsində ümumi sahəsi 43.3 kvadrat metr olan, 80 saylı 1 (bir) otaqlı mübahisəli mənzil Cavabdeh1 ilə “xxxxxxx” MMC arasında xx xxxxxxx 2018-cı il tarixli, 324 saylı müqavilə ilə Cavabdeh1 adına keçirilmişdir. Müqaviləyə əsasən hər kvadartmetri 403 manat olmaqla ümumilikdə 21367 manat ödənildiyi qeyd edilmişdir. Cavabdeh1 ilk öncə xx xxxxxxx 2010-cu il tarixdə Abşeron rayonu, Xırdalan qəsəbəsi, M.Ə.Rəsulzadə və RZ.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yaşayış binasından İİİ blok, 11-ci mərtəbəsində ümumi sahəsi 43,3 kvadrat metr olan, l (bir) otaqlı, 62 saylı mənzili hər kvadratmetri 277 manat olmaqla cəmi 12000 manat ödəyərək əldə etmişdir. Bu barədə Cavabdeh1 xx.xx.2010-cu il tarixdə maliyə arayışı verilmişdir. Sonradan xx xxxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən iddiaçının 80 saylı mənzilinə keçirilmiş və Cavabdeh1 ilə xx xxxxxxx 2010-cu il tarixli müqavilənin əsasında yeni şərtlərlə müvafiq müqavilə bağlanmışdır. Mübahisəli 80 saylı mənzilə dair alqı-satqı müqaviləsi İddiaçı ilə xx xxxxxxx 2012-ci il tarixli müqavilə bağlandığı halda həmin mənzil təkrar xx xxxxxxx 2018-ci il tarixdə Cavabdeh1 əsassız olaraq dəyişdirilmişdir. Cavabdeh2 MTK iddiaçı ilə bağlanmış xx xxxxxxx 2012-ci il tarixli müqavilə ləğv edilmədən və ya etibarsız hesab olunmadan iddiaçının razılığı və iradəsindən kənar mübahisəli 80 saylı mənzilə istənilən sərəncam, o cümlədən üçüncü şəxslərlə həmin mənzilə dair sonrakı tarixlərdə bağlanmış müqavilə heç bir hüquqi əhəmiyyətə malik deyil və hüquqi nəticələr doğurmur. Beləliklə, müqaviləyə əsasən payçı olaraq Cavabdeh2 MTK-ya mənzilə görə İddiaçı tərəfindən tam olaraq haqq ödənilmiş və mənzil üzərində iddiaçının sahiblik və istifadə hüquqları yaranmışdır. Mənzil iddiaçıya təhvil verilməli, Cavabdeh1 ilə Cavabdeh2 MTK arasında bağlanmış xx xxxxxxx 2018ci il tarixli müqavilə etibarsız hesab edilməlidir. Bunlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı digər nümayəndəsi X2 Elnarə Bayram qızının izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 MTK-nın nümayəndəsi X12 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı ilə cavabdeh “xxxxxxx” MMC- arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən, 3-cü blok, 14-cü mərtəbədə yerləşən ümumi sahəsi 43.3 kv metr olan 1 otaqlı mənzil satılmışdır. Mənzilin dəyəri olan 25980 manat iddiaçı tərəfindən tam ödənilmişdir. Eyni zamanda, “xxxxxxx” MMC-ilə X10 arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən, 3-cü blok 14-cü mərtəbədə yerləşən ümumi sahəsi 43 kv metr olan 62 nömrəli mənzil tam dəyəri 12 000 manat ödənilməklə X1. Adıçəkilən mənzil 2018-ci ildə başqa şəxsə satıldığına görə iddiaçıya məxsus mübahisə predmeti olan mənzilə dair xx xxxxxxx 2018-ci l tarixdə “xxxxxxx” MMC-in hüquqi varisi olan Cavabdeh2 MTK ilə X10 arasında 324 nömrəli müqavilə bağlanmış, lakin İddiaçı ilə “xxxxxxx” MMC-arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə ləğv edilməmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan xx xxxxxxx 2010-cu il tarixli müqavilədən görünür ki, icraçı “xxxxxxx” MMC ilə payçı Cavabdeh1 arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən icraçı Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin, 11-ci mərtəbəsində, ümumi sahəsi 43.3 kv.metr olan, İİİ blok, 1 otaqdan ibarət 62 nömrəli mənzili pay kimi payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş 12000 manat məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan xx xxxxxxx 2012-ci il tarixli müqavilədən görünür ki, icraçı “xxxxxxx” MMC ilə payçı İddiaçı arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən icraçı Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış evinin, 14-cü mərtəbəsində, ümumi sahəsi 43.3 kv.metr olan, İİİ blok, 1 otaqdan ibarət 80 nömrəli mənzili pay kimi payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş 25980 manat məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan “xxxxxxx” MMC-nin xx xxxxxxx 2012-ci il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 “A” ünvanında inşa olunan yaşayış binasının İİİ blok, 14-cü mərtəbəsində, ümumi sahəsi 43.3 kv.metr olan, 1 otaqdan ibarət 80 nömrəli mənzilin pay dəyəri 25980 manat payçı İddiaçı tərəfindən ödənilmişdir və İddiaçı “xxxxxxx” MMC-yə heç bir borcu yoxdur. İş materiallarında olan xx xxxxxxx 2018-ci il tarixli, 324 saylı müqavilədən görünür ki, icraçı Cavabdeh2 MTK ilə payçı Cavabdeh1 arasında Cavabdeh2 MTK-nın varisi olduğu “xxxxxxx” MMC ilə Cavabdeh1 arasında əvvəllər bağlanmış xx.xx.2010-cu il tarixli müqavilənin əsasında yeni şərtlərlə müqavilə bağlanmış və bu müqaviləyə əsasən icraçı əvvəlki müqaviləyə uyğun olaraq Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 “A” ünvanında inşa olunan 15 mərtəbəli yaşayış binasının İİİ blok, 14-cü mərtəbəsində, ümumi sahəsi 53.02 kv.metr olan, 1 otaqdan ibarət 80 nömrəli mənzili pay kimi payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş və sonradan şəraitin əhəmiyyətli dərəcədə dəyişilməsi ilə əlaqədar yaranmış əlavə məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan Cavabdeh2 MTK-nın xx xxxxxxx 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 “A” ünvanında inşa olunan yaşayış binasının İİİ blok, 14-cü mərtəbəsində, ümumi sahəsi 53.02 kv.metr olan, 1 otaqdan ibarət 80 nömrəli mənzilin pay dəyəri 21367 manat payçı Cavabdeh1 tərəfindən ödənilmişdir və Cavabdeh1 MTK-ya heç bir borcu yoxdur. İş materiallarında olan Cavabdeh2 MTK tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, 28/02 №-li məktubdan görünür ki, “xxxxxxx” MMC-nin hüquqi varisi olan Cavabdeh2 MTKnın rəhbərliyi İddiaçı rəsmi olaraq bildirmişdir ki, xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 “A” ünvanında inşa olunan yaşayış binasının İİİ blok, 14-cü mərtəbəsində, ümumi sahəsi 43.3 kv.metr olan, 1 otaqdan ibarət 80 nömrəli mənzilə dair hər kvadratmetri 600 manat olmaqla 25980 manat İddiaçın tərəfindən tam ödənilmişdir. Bu haqda xx.xx.2012-ci il tarixli maliyyə arayışı imzalanıb təsdiq edilərək İddiaçı verilmişdir. Lakin həmin 80 saylı mənzilə dair Cavabdeh1 onunla əvvəllər bağlanmış xx.xx.2010cu il tarixli müqavilənin əsasında yeni şərtlərlə xx.xx.2018-ci il tarixli, 324 saylı müqavilə bağlanmışdır. Pay haqqı Cavabdeh1 tərəfindən tam ödənilmişdir. Odur ki, İddiaçı tələblərinin təmin edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Beləliklə, məhkəmədə sübutların tədqiqatı zamanı müəyən edilir ki, “xxxxxxx” MMC-in hüquqi varisiCavabdeh2 MTK tərəfindən xx xxxxxxx 2012-ci il tarixli müqavilənin şərtləri pozulmuş, ünvan 2 A ünvanda inşa olunmuş yaşayış binasının İİİ blok, 14-cu mərtəbəsində ümumi sahəsi 43.3 kvadrat metr olan, 1 (bir) otaqlı 80 saylı mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənildiyinə baxmayaraq, mübahisəli mənzilə dair xx xxxxxxx 2012-ci il tarixli müqavilə qüvvədə olduğu halda, həmin mənzil “xxxxxxx” MMC-in hüquqi varisiCavabdeh2 MTK tərəfindən başqa şəxsə, yəni iş üzrə digər cavabdeh olan Cavabdeh1 satılaraq sonuncu ilə xx xxxxxxx 2018-ci il tarixli 324 saylı müqavilə bağlanmışdır. İş materialları, iddiaçının və cavabdehin nümayəndəsinin izahatı ilə müəyyən edilir ki, iddiaçının cavabdehlə xx xxxxxxx 2012-ci il tarixli müqavilə mahiyyətinə görə həmin müqavilənin mənzilin tikintisi məqsədilə bağlanması, bu səbəbdən də hüquqi təbiətinə görə müqavilənin podrat müqaviləsi olması, mübahisə edilməyən hallarıdır. Məhkəmə işin qeyd olunmuş faktiki hallarına və istinad olunacaq maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh1 ilə Cavabdeh2 MTK arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli müqavilə etibarsız hesab edilməli, ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının blok 3, 14-cü mərtəbəsində ümumi sahəsi 43.3 kvadratmetr olan, 1 otaqlı, 80 saylı mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh2nə həvalə edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Məhkəmə bu normalara istinadən hesab edir ki, “xxxxxxx” MMC-nin hüquqi varisi Cavabdeh2 MTK xx xxxxxxx 2012-ci il tarixli müqaviləyə əsasən ünvan 2 A ünvanda inşa olunmuş yaşayış binasının İİİ blok, 14-cu mərtəbəsində ümumi sahəsi 43.3 kvadrat metr olan, 1 (bir) otaqlı 80 saylı mənzili iddiaçıya təhvil vermək öhdəliyi daşıdığı üçün mübahisəli mənzili iddiaçıya təhvil verməlidir. Bundan başqa iş materiallarında olan xx xxxxxxx 2018-ci il tarixli maliyyə arayışından görünür ki, mübahisəli mənzillə bağlı xx xxxxxxx 2018-ci il tarixli, 324 saylı müqaviləyə görə Cavabdeh1 Cavabdeh2 MTK-ya 21367(iyirmi bir min üç yüz altmış yeddi manat) ödəniş etmişdir. Məhkəmə xx xxxxxxx 2018-ci il tarixli, 324 saylı müqavilənin etibarsız sayılması nəticəsinə gəldiyindən AR MM-in 337.5-ci maddəsinə əsaslanaraq hesab edir ki,müqavilə üzrə ödənilmiş 21367(iyirmi bir min üç yüz altmış yeddi manat) Cavabdeh2 MTK-dan alınaraq Cavabdeh1 qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 ilə Cavabdeh2 MTK arasında ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının blok 3, 14-cü mərtəbəsində ümumi sahəsi 53,02 kvadratmetr olan, 1 otaqlı, 80 saylı mənzillə bağlı bağlanmış xx xxxxxxx 2018-ci il tarixli, 324 saylı müqavilə etibarsız hesab edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 “A” ünvanında inşa olunan yaşayış binasının İİİ blok, 14-cü mərtəbəsində, ümumi sahəsi 43.3 kv.metr olan, 1 otaqdan ibarət 80 nömrəli mənzil tərəflər arasında bağlanmış xx xxxxxxx 2012-ci il tarixli müqavilə əsasında Cavabdeh2 MTK tərəfindən İddiaçı təhvil verilsin. xx xxxxxxx 2018-ci il tarixli, 324 saylı müqavilə üzrə ödənilmiş 21367(iyirmi bir min üç yüz altmış yeddi) manat Cavabdeh2 MTK-dan alınaraq Cavabdeh1 qaytarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar