Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-941/2024 08.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Cavabdehlə 2008-ci il tarixdə faktiki nikah münasibətlərinə daxil olmuş və bu münasibətdən xx.xx.2010-cu il təvəllüdlü X2 anadan olmuşdur. 2 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən X2 barəsində xx.xx.2023-cü il tarixdə 166 saylı atalığın müəyyən edilməsi akt qeydi rəsmiləşdirilmişdir. Uşağın atası Cavabdeh müəyyən edilmişdir. Cavabdeh uşaqla maraqlanmır və onun tərbiyə olunmasında iştirak etmir. Uşağın bütün yükü onun üzərinə düşür. O, özü də işləmir. Nə uşağın, nə də özünün tələbatlarını ödəyə bilmir.
Tərəflərin izahatları
3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olduğunu bildirdi.
İş materialları
5. AZ-İ seriyalı, 451718 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı doğulan xx.xx.2010-cu il təvəllüdlü X1 atası olması müəyyən edilmişdir.
6. AZ-İV seriyalı, 921237 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2010-cu il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
İşin faktiki halları
7. Tərəflərin faktiki nikah münasibətlərində olması və bu münasibətdən bir uşaqlarının olması, Cavabdeh İddiaçı doğulan xx.xx.2010-cu il təvəllüdlü X1 atası olmasının müəyyən edilməsi və həmin uşağın hazırda ananın yanında qalmasına dair hallar işin mübahisəsiz halı olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Hazırda iddiaçı cavabdehdən övladının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment təyin edilməsini xahiş edir. Cavabdeh tərəf iddia tələbi ilə razıdır.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Konstitusiyası
Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34. Nikah hüququ İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
9. Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 100. Alimentin tutulması barədə tələbin verilməsi müddətləri 100.2 Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
10. Uşaq Hüquqları haqqında Qanun
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
11. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə
6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 234. Qətnamənin icra edilməsi. 34.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında;
13. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il qərarı
Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
14. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu
Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.
Məhkəmənin mövqeyi
15. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
16. Məhkəmə qeyd edir ki, tərəflər faktiki nikah münasibətlərinə daxil olmuş və bu münasibətdən bir övladları anadan olmuşdur. Eyni zamanda həmin uşaq barəsində atalıq müəyyən edilmişdir - Cavabdeh İddiaçı doğulan xx.xx.2010-cu il təvəllüdlü X1 atası olması müəyyən edilmişdir. İddiaçı tərəfin izahatı və məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı və övladından ayrı yaşayır. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbində iddiaçı cavabdehdən övladının saxlanması üçün hər 235 manat sabit pul məbləğində aliment təyin edilməsini xahiş edir və cavabdeh də öz növbəsində iddia tələbi ilə razı olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, təyin ediləcək aliment real və eyni zamanda qətnamənin icrası üçün mümkün olmalıdır. Bu baxımdan məhkəmə yetkinlik yaşına çatmayan uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu və ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat məbləğində aliment təyin edilməsi qanuni və əsaslıdır.
17. Ailə Məcəlləsinin 100-cü maddəsinə əsasən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır.
Məhkəmə xərcləri
18. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
19. AR MPM-nin 112.1.3-cü maddəsinə görə, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
20. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 60 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı verilsin. İş üzrə ödənilməli olan 48.20 (qırx səkkiz manat iyirmi qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə ailmentə aid hissədə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.