Məhkəmə qərarları › İş №2(010)-995/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-995/2022

28.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-995/2022 28.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil oğlunun iştirakı ilə İddiaçı Cavabdeh oğluna qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı qızı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəflərin birgə nikahından doğulmuş 28.07.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin və 50 manat məbləğində mediasiya xərcinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh oğlu ilə nikahları 27.10.2012ci ildə rəsmiləşdirilmişdir. Birgə nikahdan 28.07.2013-cü il təvəllüdlü X2 adlı övladları dünyaya gəlmişdir. Münasibətləri əvvəlcə yaxşı olsa da, sonralar aralarında olan münasibətlər pisləşmişdir. 07.09.2021-ci il tarixdən etibarən cavabdehlə ayrı yaşıyırlar və cavabdeh ona uşağın saxlanılması üçün heç bir köməklik göstərmir. Uşağın saxlanılması üçün ona valideynləri tərəfindən köməklik göstərilir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil oğlu iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: - AZ İ № 808704 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh oğlu ilə İddiaçı qızı nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1511 nömrə ilə qeyd edilmişdir. Arvada Əliyeva soyadı verilmişdir. -Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X2 28.07.2013-cü il tarixdə anadan olmuşdur. Atası Cavabdeh oğlu, anası İddiaçı qızıdır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh rəsmi nikaha daxil olaraq evlənmiş, birgə nikahlarından bir övladları doğulmuşdur. Hazırda tərəflərin arasındakı nikah pozulmamışdır, onlar ayrı yaşıyırlar və birgə nikahdan doğulmuş X2 anası – İddiaçı yanındadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəllənin 78.1-ci maddəsində isə göstərilmişdir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə qeyd edir ki, iddia tələbində qeyd olunan aliment məbləğinin ödənilməsi üçün iddiaçı tərəfindən cavabdehin həmin alimenti ödəməyə zəruri vəsaitinin kifayət qədər olması sübuta yetirilmədiyindən əsaslı deyildir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayanların saxlanılması üçün minimum yaşayış həddinə uyğun məbləğ seçilməlidir. Tərəflərin birgə nikahından doğulmuş 28.07.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin təyin edilməsi qanunauyğun və məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda, məhkəmə hesab edir ki, alimentin tutulması, iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə 18.01.2022-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin tutulması haqqında qətnamələr dərhal icra olunur. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nın müvafiq maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh Əlı̇ yev Məmməd Sahı̇ b oğlundan 18.01.2022-ci il tarixdən hesablanmaqla 28.07.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Əlı̇ yeva Güllü Musa qızına ödənilsin. Mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində rüsum cavabdeh Əlı̇ yev Məmməd Sahı̇ b oğlundan tutularaq iddiaçı Əlı̇ yeva Güllü Musa qızına verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar