Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-104/2022 21.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə (bundan sonra Cavabdeh MTK) qarşı “əmək haqqı və pul tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MTK-ya qarşı “əmək haqqı və pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan onun xeyrinə 7000 (yeddi min) manat əmək haqqı öhdəliyinin icra edilməməsi nəticəsində əldə edəcəyi 12450 (on iki min dörd yüz əlli) manat gəlirin (əldən çıxmış fayda) vurulmuş mənəvi zərərə görə 5000 (beş min) manat təzminatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1958-ci ildə Qax rayonunun Qaşqacay kəndində doğulmuşdur. 1975-ci il tarixdə həmin kənddə orta məktəbi və 1984-cü ildə Bakı Politexnik Texnikumunun Mexanik-texnoloq fakültəsini bitirmişdir. Həmin dövrdən əmək fəaliyyətinə başlamışdır. Həmin dövrdən bugünə qədər elektrik-qaynaqçısı ixtisasında çalışmışdır. Uzun müddət Azər adlı şəxslə birlikdə işləmişlər. O da qaynaqçı ixtisasında işləyir. 2019-cu ilin sentyabr ayına qədər Azərlə birlikdə Balaxanı qəsəbəsindəki sexdə işləmişlər. Azər ona tikinti sexində iş olduğunu deyəndə, o da şərtlərin necə olmasını soruşub. Azər isə bildirib ki, sabah iş icraçısı İlham sexə gələcək. Səhəri gün İlham sexə gəldi. Özü ilə layihələri də gətirmişdi. Bildirdi ki, 15 mərtəbəli 4 bloklu və 24 mərtəbəli 1 bloklu binaların damında metal konstruksiyaları quraşdırmalıdırlar. Ona bildirdilər ki, onu rəsmən işə götürəcəklər. Rəsmi əmək haqqı 600 (altı yüz) manat olacaq. Görülən işlərin zəhmət haqqını ayrıca alacaq. İlham onları 06.09.2019-cu il tarixdə kooperativin inzibati binasına apardı. Onları kadrlar üzrə mütəxəssis Eyvaz adlı şəxsə təqdim etdi. O, şəxsiyyət vəsiqəsini və əmək kitabçasını Eyvaz müəllimə verdi. Dedi ki, 07.09.2019-cu il tarixdən əmri veriləcək və əmək müqaviləsi bağlanacaq. Əmək haqqı 600 (altı yüz) manat olacaq. Qalan vəsaiti ona iş icraçısı İlham verəcək. 07.09.2019-cu il tarixdə Bakı şəhəri Səttar Bəhlulzadə 26 ünvanında yerləşən 15 mərtəbəli binanın damında quraşdırma işlərinə başladılar. 4 blokun damının quraşdırılması üçün 24800 (iyirmi dörd min səkkiz) manata razılaşdılar. Briqada 6 nəfərdən ibarət idi. Azər onun köməkçisi daha 4 nəfər fəhlə var idi. Adları Natiq, Nazim, Əziz idi. Birinin isə adını unudub. Normalda blokun quraşdırılmasına 5-6 ay tələb olunurdu. Onlar gündə 14-15 saat işləməklə 2 aya işləri tamamladılar. 24800 (iyirmi dörd min səkkiz yüz) manatın 50% fəhlələrə, 25% Azərə, 25%-i, yəni (24800:4=6200) 6200 (altı min iki yüz) manatı ona çatmalıydı. Lakin, ayda təxminən 400- 500 manat verirdilər. O da, istəyirdi ki, bu vəsaiti birlikdə götürsün. Digər 24 mərtəbəli bina Bayraq meydanının yaxınlığında Park bulvar 1 ünvanında yerləşirdi. Həmin binanın aim işlərini 1000manata razılaşdılar. Həmin məbləğdən ona 2500 (iki min beş yz) manat çatacaqdı. 2 aya həmin işləri yekunlaşdırdılar. Ona əmək haqqı kartı verməmişdilər. 07.09.2019-cu ildən başlyraq, hər gün kadrlar üzrə mütəxəssis Eyvaz müəllim isə davamiyyəti yoxlayır və jurnala imza qoydururdu. Pandemiya başladığından, 31 mart 2020-ci il tarixdən etibarən onlara arayış verdilər. Həmin arayışı polis əməkdaşlarına əqdim edirdilər. 20.03.2020-09.05.2020-ci il tarixlərində Binəqədi qəsəbəsində yerləşən köhnə məktəbin idman zalını quraşdırdılar. 12000 (on iki min) manata razılaşdılar ki, onun da 3000 (üç min) manatı ona çatmalıydı. 09.05-27.08.2020-ci il tarixədək Sovxoz Ramanıda məcburi köçkünlərin təhsil aldığı məktəbin idman zalının damını quraşdırdılar. İşləri 15000 (on beş min) manata razılaşdılar. 27 avqust 2020-ci il tarixdə işləri yekunlaşdırdılar. Həmin məbləğdən ona 3750 (üç min yeddi yüz əlli) manat çatmalıydı. İş icraçısı İlham bildirdi ki, hələlik iş yoxdur. Lakin, kooperativdə rəsmən işləyirsiniz. Qalan məbləği birdəfəyə verəcəklər. 07.09.2019-cu il tarixdən 27.08.2020-ci il tarixədək işlədiyi dövrdə ümumilikdə 3000 manat almışdır. Həmin vəsaiti ona hissə-hissə iş icraçısı İlham vermişdi. 4 iş sahəsindən alacğı ümumi məbləğ isə 6200+2500+3750=15450 manat təşkil edirdi. Əlavə olaraq, hər ay kooperativdən 600 manat da almalıydı. 27 avqust 2020-ci ilə qədər olan iş günləri 11 ay 20 gün təşkil edirdi. Bu da 11x600+6600+20 günə görə 400 manat cəmi əmək haqqı 7000 manat təşkil edir. Nəzərə alınsa ki, 15450 manatdan 3000 manatını İlham ona vermişdir (15450-3000=12450 manat). Ümumilikdə gördüyü işlərə görə kooperativin ona 12450 manat pul borcu və 7000 manat əmək haqqı borcu var. 2020ci ilin avqust ayının 27-dən başlayaraq kooperativdən pulunu tələb etməyə başladı. Nə az, nə də çox 6aydan sonra ona məlum oldu ki, onu aldadırlar. 2021-ci ilin fevral ayının 24-də cavabdehdən tələb etdi ki, borcunu və əmək haqqını versinlər. Kadrlar üzrə mütəxəssis Eyvaz müəllim bildirdi ki, 2020-ci ilin avqust ayında onu işdən azad etmişlər. O, çox əsəbləşdi, bildirdi ki, 6 aydır gəlib-gedir. Nə o, nə də iş icraçısı İlham ona barədə həçnə deməyib. Beləliklə, 24.02.2021-ci il tarixdə ona əmək kitabçasını və əmək müqaviləsinə xitam verilməsinə dair bildirişi verdilər. O, tələb etdi ki, əmək müqaviləsinin bağlanmasına dair bildirişi də versinlər. Həmin müqaviləni aldıdan sonra ona məlum oldu ki, 2019-cu ilin sentyabr ayından, 2020-ci ilin aprel ayına qədər onu müqaviləsiz işlədiblər. Yəni işə götürdükdən 8 ay sonra əmr veriblər. Qanunla qorunan hüquqlarını kobud şəkildə pozublar. Xeyli miqdarda vəsaitini, əmək haqqını mənimsəyiblər. 31.03.2020-ci il tarixdə cavabdeh onun barəsində arayış versə də, əmri 07.04.2020-ci il tarixdə vermişdir. Qeyd edilənlərə əsaslanaraq məhkəmədən iddiasının təmin edilməsini, Cavabdeh MTK-dan onun xeyrinə 7000 (yeddi min) manat əmək haqqı öhdəliyinin icra edilməməsi nəticəsində əldə edəcəyi 12450 (on iki min dörd yüz əlli) manat gəlirin (əldən çıxmış fayda) vurulmuş mənəvi zərərə görə 5000 (beş min) manat təzminatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin əsaslı olduğunu hesab etdiyini bildirdi. Əlavə olaraq, məhkəmə iclasında 07.09.2019-cu il tarixindən Cavabdeh Mənzil Tikinti Kooperativində işlədiyini, vaxtlı –vaxtında işə getdiyini, işə daxil olarkən və işdən çıxarkən gündəliyə imza ataraq təstiq etdiyini, Cavabdeh MTK-nın bəzi obyektlərində də fərqli zamanlarda işlədiyini bildirmişdir. Bütün əziyyətlərinə baxmayaraq, maaşını tam və vaxtında ala bilməmişdir. Dəfələrlə verəcəklər vədi ilə onu inandırıblar, lakin ödənişini verməyiblər. Verilən ödəniş də əlbəəl verilmiş, məbləği isə 200-300 manat olmuşdur. Qeyd edilənlərə əsaslanaraq məhkəmədən iddia tələbinin təmin edilməsini, Cavabdeh MTK-dan onun xeyrinə 7000 (yeddi min) manat əmək haqqı öhdəliyinin icra edilməməsi nəticəsində əldə edəcəyi 12450 (on iki min dörd yüz əlli) manat gəlirin (əldən çıxmış fayda) vurulmuş mənəvi zərərə görə 5000 (beş min) manat təzminatın tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsindən məlum olur ki, iddiaçı ilə əvvəl bir yerdə işləmişdir. Sonra Balaxanıda yerləşən Milli Arxiv idarəsinin arxasında olan Cavabdeh MTK-ya İbrahimlə 07.09.2019-cu ildə iş görməyə getdilər. 1 ay o, yəni İslamov Fəxri onlarla işləyib çıxdı. O, orada fəhlə işləyirdi ona görə də müdirin adını bilmir. Kümbə düzəldirdi, binaları rəngləyirdi. Məhkəmə iclasında dindirilmiş digər şahid X1 ifadəsindən məlum olur ki, iddiaçı ilə Sovet vaxtında bir yerdə işləmişdir. Dost olublar, bir –birilərinə gəliş-gedişləri olub. Uzun illərdi ki, ailə dostudurlar. Cavabdeh MTK-nı o, İbrahimə görə tanımışdır. İşsiz idi. İbrahim dedi ki:- “yanında boş iş yeri var, işləmək istəyirsənsə gəl işlə”. Günə 30 manatdır. O da getdi, İbrahimin əlinin altında işləyirdi. Şuşa şəhərciyinin məktəbi Binəqədidə məktəbdə işlədilər. 3-5 gün sonra dedi ki, çörək pulunu ver, verə bilmədi. Onun 300 manata yaxın pulu var idi, İbrahimlə uzun müddət dostluq etdiklərinə görə pul istəməyib çıxdı, o isə orda qaldı. O, şirkətin adını bilmirdi, İbrahimə görə ora getmişdi. Ona əmək kitabçası verilməmişdir. Sadəcə gediş-gəliş üçün icazə kağızı verilmişdir. Bundan sonra dövlətdən verilən işsizlik müvaniəti kəsildi. İşdən pul verilmədiyi üçün məcbur qalaraq ordan çıxdı. 2020-ci ilin iyun, iyul aylarında birgə işləyiblər. Fasilərlə 2 ay işləmişdilər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır və aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan əmək mqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" MTK ilə İddiaçı arasında 07.04.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xxxxxxx000100 nömrəli bildirişdən görünür ki, "xxxx" MTK ilə İddiaçı arasında 07.04.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə 04.08.2020-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan ЖТ 017949 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1980-ci ildə Bakı politexnikumuna daxil olmuş, 1984-cü ildə həmin texnikumun “Sənayə avadanlıqlarının quraşdırılması və təmiri” ixtisası üzrə tam kursu bitirmişdir. Əmək kitabçasının surətindən görünür ki, İddiaçı 07.04.2020-ci il tarixdə 15/K nömrəli əmrlə "xxxx" MTK-da dam ustası peşəsinə işə qəbul edilib, 04.08.2020-ci il tarixdə isə 57/K nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən, yəni tərəflərdən birinin təşəbbüsü ilə işdən azad edilib. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsindən çıxarışdan görünür ki, Cavabdeh Mənzil Tikinti Koperativinin hüquqi ünvanı ünvan 2aycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin 30 dekabr 2021-ci il tarixli, **********3 nömrəli məktubundan və ona əlavə edilən sənədlərdən görünür ki, Cavabdeh MTK əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X5 işə cəlb etmiş, nəticədə Cavabdeh MTK tərəfindən İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmiş, müvafiq protokol/qərardad baxılması üçün aidiyyatı üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ bəndinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin məcəllənin 178-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında da qeyd edilir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Göstərilənlərdən görünür ki, Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər. Zərərlə bağlı müddəalar Mülki Məcəllənin ümumi hissəsinin digər normalarında da nəzərdə tutulmuşdur. Bundan əlavə olaraq, mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır: Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətdən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Cavabdeh MTK ilə aralarında olan şifahi razılaşmaya əsasən 2019-cu ilin sentyabr ayından Cavabdeh MTKda əmək fəaliyyəti ilə məşğul olsa da (şahid ifadəsi ilə müəyyən olunur), onunla əmək müqaviləsi 07 aprel 2020-ci il tarixdə, yəni 7 ay sonra bağlanmışdır. Belə ki, cavabdeh MTK ilə daha əvvəl də oxşar halların yaşanmasına, yəni əmək müqaviləsi bağlanmadan şəxsin əmək fəaliyyətinə cəlb edilməsi halının mövcud olmasına (X2 məhkəmənin sorğusuna olan cavabından müəyyən olunur) və daxili inamına əsaslanaraq, belə qənaətə gəlir ki, həqiqətən də İddiaçı 2019-cu ilin sentyabr ayından Cavabdeh MTK-da əmək fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Bu səbəbdən də, iddiaçıya həmin müddət üçün əmək haqqı ödənilməlidir.Həmçinin, iddiaçının məhkəməyə əlavə ödənişlərlə bağlı cavabdehlə aralarında razılaşma olmasını, əldən çıxmış faydanın nədən ibarət olmasını və s. təsdiq edən heç bir sübut təqdim edə bilməməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçıya faktiki işlədiyi 7 ay müddət üçün əmək haqqı miqdarı aylıq 600 manat olmaqla (tərəflər arasında bağlanmış əmək müqaviləsi ilə müəyyən edilmiş əmək haqqı məbləği miqdarının 600 (altı yüz) manat olması nəzərə alınmaqla) ödənilməmiş əmək haqqının miqdarı 4200 (dörd min iki yüz) manat məbləğində müəyyən edilməli, mənəvi zərərin həcmi isə 1000 (bir min) manat həcmində müəyyən edilərək qismən təmin edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, sadalanan xüsusatlarla və istinad edilən hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə (bundan sonra Cavabdeh MTK) qarşı “əmək haqqı və pul tələbinə dair” iddia tələbi qismən təmin edilsin. İddiaçı 07.09.2019-cu il tarixdən 07.04.2020-ci il tarixədək şifahi razılaşma əsasında Cavabdeh Mənzil Tikinti Kooperativində əmək fəaliyyəti ilə məşğul olması nəzərə alınaraq ona ödənilməyən (7 aylıq əmək haqqı aylıq 600 manatdan hesablanmaqla) 4200 manat məbləğində əmək haqqı və mənəvi zərərə görə 1000 (bir min) manat məbləğində kompensasiya, cəmi 5200 (beş min iki yüz) manat məbləğində pul ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-104/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-104/2022
21.01.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver