Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1056/2025 28.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək tələbində göstərmişdir ki, xx.xx.2023 – xx.xx.2024-cü il tarixlərdə çalışdığı Cavabdeh MMC-dən xx.xx.2024 – xx.xx.2024-cü il aralıqlarında olan əmək haqqını və son haqq-hesab ödənişini ala bilməmişdir. Dəfələrlə rəhbər Teymur Hacıyevlə şifahi danışıqların olmasına və eyni zamanda xx.xx.2024-cü il tarixinə ödənilmə ilə bağlı razılaşma sənədinin olmasına baxmayaraq hələ də ödənişi ala bilməmişdir. Bu barədə iddiaçı X1 müraciət etmişdir. Araşdırılma aparılmış və şirkət cərimə olunmuşdur. Lakin yenə də, nəticəsiz qalmışdır. Müfəttişlikdən məktubla məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. İddiaçı rəhbərlə, yəni Teymur Hacıyevlə razılığa gəlməyə çalışsa da, iddiaçı şikayət etdiyi üçün onu günahlandırıb, ödəniş üçün vəsaitin olmadığını bildirmişdir. İddiaçı işlədiyi müddətdə Cavabdeh MMC olaraq fəaliyyət göstərmiş, şirkət onlayn çalışmışdır. Şikayət etməyən iş yoldaşlarının pulu ödənilmiş, ancaq iddiaçı şikayət etdiyinə ona əmək haqqının ödənilməyəcəyi bildirilmişdir. İddiaçı mediasiya şurasına şikayətini bildirmiş, ancaq cavabdeh mediasiya şurasına da gəlməmiş, telefonla bildirmişdir ki, pulu yoxdur, ödəmir. Hal-hazırda Teymur Hacıyev özü başqa şirkət açıb işləyir. İddiaçı göstərilənləri nəzərə alaraq, cavabdehdən 2 aylıq əmək haqqı, məzuniyyət və son haqq-hesabın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, 2 aylıq əmək haqqı və son-haqq hesab ödənilməmişdir. Cavabdehlə aralarında razılaşma olmuş, cavabdeh iyul ayında ödəniş edəcəyini bildirmiş, lakin ödəniş etməmişdir. Müraciət etdikdə vəsaitin olmadığını bildirmiş, lakin digər əməkdaşlarla əlaqə zamanı müəyyən edilmişdir ki, Əmək müfəttişliyinə şikayət edənlərdən başqa, digər əməkdaşlara ödəniş olunmuşdur. Məhkəmə iclası barədə Cavabdeh MMC-yə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hazırkı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı verilmiş 01 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə ünvanladığı müraciətlərinə Xidmətin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciəti ilə əlaqədar izahat və əmək haqqı bank hesabından çıxarışa ehtiyac otduğundan ünvanına (Bakı şəhəri, Suraxanı rayonu yeni Romana küçəsi) 3-17-5/2-A- 2 33/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktub ünvanlanmış, lakin araşdırmaya müvafiq qaydada izahatı və əmək haqqı bank hesabından çıxarışı təqdim etməlidir. Araşdırma zamanı Cavabdeh MMC-nin Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanlarına xx.xx.2024-cü il tarixli 3-17-5/2-48035/2024 nömrəli məktubla müraciət olunaraq ona aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, lakin müəssisə tərəfindən sənədlər təqdim edilmədiyindən müraciətin araşdırılmasını tam başa çatdırmaq mümkün olmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə tərəflərindən baxış keçirilərkən İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixində bağlanmış əmək müqaviləsinə dair bildirişinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi məlum olmuşdur. İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilərkən elektron xitam əmrində 14 təqvim günü əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsi nəzərdə tutulsa da, tərəflərindən təqdim edilmiş əmək haqqı bank hesabından çıxarışa baxış keçirilərkən ona son haqq-hesabın ödənilmədiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.4-cü maddəsinin (işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) tələbləri pozulmuş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin (işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) tərkibi yarandığından Cavabdeh MMC-nin vəzifəli şəxsi barəsində İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilmiş, həmin Məcəllənin eyni maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin Cavabdeh MMC-nin vəzifəli şəxsinə ona ödənilməli olan son haqq-hesabın yenidən hesablanıb ödənilməsi barədə göstəriş xarakterli məktub ünvanlanmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Cavabdeh MMC tərəfindən X2 Xidmətinin Bakı şəhər çarəsinə sənədlər təqdim ediləcəyi təqdirdə müraciətə yenidən araşdırılaraq cavablandırılacaqdır. Qeyd olunan məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra bu məcəlləyə istiad olunacaq) işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Maddə 2 (1-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Maddə 2 (2-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə görə, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 2 (3-cü hissə). İşəgötürən - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Maddə 3 (3-cü hissə). Əmək münasibətləri– əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Maddə 3 (4-1-ci hissə). Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. (Maddə 154; 1-ci hissə) Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. (Maddə 157; 3-cü hissə) İşçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. (Maddə 155; 1-ci hissə) Əmək Məcəlləsinin 3-cü maddəsi müəyyən edir ki, işçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontraktı) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs, İşəgötürən isə — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontraktı) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarını müəyyən edən həmin Məcəllənin 9-cu maddəsiə görə, işçi qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququna malikdir. Həmin Məcəllənin fərdi əmək mübahisələrinin predmetini müəyyən edən 288-ci maddəsində əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi fərdi əmək mübahisələrinin predmeti kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 292-ci maddəsinə görə İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında 27 sentyabr 2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış, həmin əmək müqaviləsinə 03 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verilmişdir. İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilərkən elektron xitam əmrində 14 təqvim günü əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsi nəzərdə tutulsa da, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, təqdim edilmiş əmək haqqı bank hesabından çıxarışa baxış keçirilərkən İddiaçı son haqq-hesab ödənilməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı verilmiş 01 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.4-cü maddəsinin (işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) tələbləri pozulmuş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin (işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) tərkibi yarandığından Cavabdeh MMC-nin vəzifəli şəxsi barəsində İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilmiş, həmin Məcəllənin eyni maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hazıradək iddiaçıya əmək haqqı və son haqqhesab ödənilməmişdir. Beləliklə, məhkəmə mülki işdə olan sübutlara, işin faktiki hallarına və yuxarıda qeyd edilən qanunvericilik normalarına əsaslanaraq, belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən İddiaçı xeyrinə ödənilməmiş 2 aylıq əmək haqqı və son haqq-hesab hesablanaraq tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh MMC-dən İddiaçı xeyrinə ödənilməmiş 2 aylıq əmək haqqı və son haqqhesab hesablanaraq tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1056/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1056/2025
28.02.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver