Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1065/2024 22.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əlavə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əlavə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə iddiaçı arasında 04 aprel 2018-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Sözügedən əmək müqaviləsinə əsasən mühafizəçi vəzifəsinə təyin olunmuşdur. Müqavilənin 4.1-ci bəndinə əsasən aylıq əmək haqqı 900 manat müəyyən olunmuşdur. Həmin müqavilənin 4.16-cı bəndində qeyd olunmuşdur ki, işçi gündə 12 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir. Lakin işəgötürən əmək müqaviləsinin tələblərini kobud şəkildə pozaraq iddiaçını müqavilə ilə müəyyən olunmuş iş saatlarından çox çalışmışdır. Belə ki, 12 saatlı iş günü olmaqla ay ərzində ümumi 22 gün çalışmışdır. Bu isə onu deməyə əsas verir ki, ay ərzində ümumilikdə 264 saat çalışmışdır. Bununla bağlı iddiaçı cavabdehə iradını bildirən zaman cavabdeh artıq iş saatlarında çalışdığına görə əlavə əməkhaqqı ilə təmin olunacağına söz vermişdir. Bir müddət cavabdehin sözünə inanaraq artıq iş saatlarında çalışsa da, sonradan cavabdehin iddiaçını aldadaraq istismar etməsinə əmin olmuşdur. Buna əsasən iddiaçı ərizə ilə işəgötürənə müraciət edərək, öz xahişi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli 004 saylı əmri ilə aralarında olan əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra iddiaçı artıq iş saatlarında çalışdırılması ilə bağlı X4 müraciət edərək, cavabdehin qanunsuz hərəkətlərinə görə məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Eyni zamanda hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlavə iş saatlarında çalışdığına görə ona ödənilməli olan əmək haqqının cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, əmək müqaviləsi ilə müəyyən olunmuş iş saatlarından əlavə saatlarda çalışdığına görə 29524 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz etməklə yanaşı, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə məhkəməyə təqdim etdiyi etiraz ərizəsində qeyd etmişdir ki, İddiaçı ilə MMC arasında bağlanmış 04 aprel 2018-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı MMC-də mühafizəçi vəzifəsinə işə qəbul olunmuşdur. Müqavilənin 4.1-ci bəndinə əsasən aylıq əmək haqqı 750 manat (gecə növbəsində işləməyə görə 20% əlavə də daxil olmaqla) müəyyən olunmuşdur. Müqavilənin 4.16-cı bəndinə əsasən işçi gündə 12 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir. Bundan sonra tərəflər arasında əmək münasibətləri əmək müqaviləsində göstərilən şərtlər daxilində davam etdirilmiş və işçiyə hər ay əmək müqaviləsində göstərilən qaydada əmək haqqı ödənilmişdir. İddiaçı iş saatlarından artıq işləməsini təsdiq edən sübut növü kimi iddia ərizəsinə əlavə etdiyi əldə edilmə mənbəyi məlum olmayan hansısa jurnaldan köçürülmüş məlumatla istinad etmiş və sübut etməyə çalışmışdır ki, guya həmin yazılarda cavabdeh tərəfindən artıq iş saatlarına cəlb olunması öz əksini tapmışdır. MMC-də mühafizəçi vəzifəsində işləyən işçilər barəsində MMC-nin Təhlükəsizlik xidmətinin rəhbəri tərəfindən imzalanmaqla təsdiq olunmuş iş cədvəli əsasında işçilərin növbəliliyi təsdiq olunmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023 – xx.xx.2023-cü il tarixləri əhatə edən MMC-nin Təhlükəsizlik Xidmətinin iş cədvəlində İddiaçı iyun ayı üzrə 21 gün işlədiyi göstərilsə də, MMC-nin Təhlükəsizlik xidmətinin rəhbəri tərəfindən imzalanmaqla təsdiq olunmuş xx.xx.2023 – xx.xx.2023-cü il tarixləri əhatə edən Təhlükəsizlik Xidmətinin iş cədvəlindən görünür ki, İddiaçı həmin ay üzrə 12 gün (6 gün gündüz, 6 gün axşam növbəsində) işləmişdir. Nümayəndə həmçinin məhkəməyə ərizə ilə müraciət edərək, hazırkı mülki iş üzrə iddiaçı tərəfindən verilmiş iddiaya iddia müddətinin tətbiq edilərək, iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 25 avqust 2023-cü il tarixli ərizənin surətindən görünür ki, İddiaçı 25 sentyabr 2023-cü il tarixdən öz xahişi ilə, tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan “İşçinin içdən azad edilməsi barədə” 07 sentyabr 2023-cü il tarixli 000000004/A nömrəli əmrin surətindən görünür ki, "xxxx" MMC-də mühafizəçi vəzifəsində işləyən İddiaçı 15 sentyabr 2023-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndinə əsasən tutduğu vəzifəsindən azad edilmişdir. İş materiallarında olan 04 aprel 2018-ci il tarixində "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 81 nömrəli Əmək Müqaviləsinə 3 nömrəli əlavədən görünür ki, 01 dekabr 2022ci il tarixindən İddiaçı aylıq əmək haqqı 1100 manat müəyyən edilmişdir. İş materiallarında olan Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, İddiaçı 04 aprel 2018-ci il tarixdən "xxxx" MMC-də mühafizəçi vəzifəsində işləmiş, aylıq əmək haqqı 04 aprel 2018-ci il tarixdə 750 manat, 12 sentyabr 2018-ci il tarixdə 855 manat, 13 mart 2019-cu il tarixdə 900 manat, 29 iyun 2022-ci il tarixdə 980 manat, 29 dekabr 2022-ci il tarixdə 1100 manat təşkil etmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 03 yanvar 2019-cu il tarixli 001/M nömrəli əmrin surətindən görünür ki, mühafizəçi İddiaçı 03 yanvar 2019-cu il tarixindən 04 aprel 2018 – 03 aprel 2019-cu il iş dövrü üzrə 7 təqvim günü müddətinə məzuniyyət verilmiş, işçinin 10 yanvar 2019-cu il tarixdən işə başlaması əmr edilmişdir. (əsas: İddiaçı ərizəsi) İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 09 iyul 2019-cu il tarixli 025/M000001 nömrəli əmrin surətindən görünür ki, mühafizəçi İddiaçı 11 iyul 2019-cu il tarixindən 04 aprel 2018 – 03 aprel 2019-cu il iş dövrü üzrə 7 təqvim günü müddətinə məzuniyyət verilmiş, işçinin 18 iyul 2019-cu il tarixdən işə başlaması əmr edilmişdir. (əsas: İddiaçı ərizəsi) İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 02 mart 2020-ci il tarixli 009/M nömrəli əmrin surətindən görünür ki, mühafizəçi İddiaçı 06 mart 2020-ci il tarixindən 04 aprel 2018 – 03 aprel 2019-cu il iş dövrü üzrə 5 təqvim günü müddətinə məzuniyyət verilmiş, işçinin 13 mart 2020-ci il tarixdən işə başlaması əmr edilmişdir. (əsas: İddiaçı ərizəsi) İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 08 yanvar 2021-ci il tarixli 000000001/M nömrəli əmrin surətindən görünür ki, mühafizəçi İddiaçı 20 yanvar 2021-ci il tarixindən 04 aprel 2018 – 03 aprel 2019-cu il iş dövrü üzrə 7 təqvim günü müddətinə məzuniyyət verilmiş, işçinin 27 yanvar 2021-ci il tarixdən işə başlaması əmr edilmişdir. (əsas: İddiaçı ərizəsi) İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 06 avqust 2021-ci il tarixli **********/M nömrəli əmrin surətindən görünür ki, mühafizəçi İddiaçı 16 avqust 2021-ci il tarixindən 04 aprel 2019 – 03 aprel 2020 il iş dövrü üzrə 14 təqvim günü müddətinə məzuniyyət verilmiş, işçinin 30 avqust 2021-ci il tarixdən işə başlaması əmr edilmişdir. (əsas: İddiaçı ərizəsi) İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 03 mart 2022-ci il tarixli ********** nömrəli əmrin surətindən görünür ki, mühafizəçi İddiaçı 16 mart 2022-ci il tarixindən 16 aprel 2022-ci il tarixinədək 04 aprel 2019 – 03 aprel 2020 il (5 gün), 04 aprel 2020 – 03 aprel 2021 il (21 gün) və 04 aprel 2021 – 03 aprel 2022-ci il ( 1 gün) iş dövrü üzrə 27 təqvim günü müddətinə məzuniyyət verilmiş, işçinin 17 aprel 2022-ci il tarixdən işə başlaması əmr edilmişdir. (əsas: İddiaçı ərizəsi) İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 06 aprel 2022-ci il tarixli ********** nömrəli əmrin surətindən görünür ki, mühafizəçi İddiaçı 18 aprel 2022-ci il tarixindən 10 may 2022-ci il tarixinədək 04 aprel 2021 – 03 aprel 2022 il iş dövrü üzrə 20 təqvim günü müddətinə məzuniyyət verilmiş, işçinin 11 may 2022-ci il tarixdən işə başlaması əmr edilmişdir. (əsas: İddiaçı ərizəsi) İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 05 iyul 2022-ci il tarixli ********** nömrəli əmrin surətindən görünür ki, mühafizəçi İddiaçı 16 iyul 2022-ci il tarixindən 05 avqust 2022-ci il tarixinədək 04 aprel 2022 – 03 aprel 2023 il iş dövrü üzrə 21 təqvim günü müddətinə məzuniyyət verilmiş, işçinin 06 avqust 2022-ci il tarixdən işə başlaması əmr edilmişdir. (əsas: İddiaçı ərizəsi) İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 21 iyul 2023-cü il tarixli ********** nömrəli əmrin surətindən görünür ki, mühafizəçi İddiaçı 01 avqust 2023-cü il tarixindən 14 avqust 2023-cü il tarixinədək 04 aprel 2023 – 03 aprel 2024 il iş dövrü üzrə 14 təqvim günü müddətinə məzuniyyət verilmiş, işçinin 15 avqust 2023-cü il tarixdən işə başlaması əmr edilmişdir. (əsas: İddiaçı ərizəsi) İş materiallarında olan cavabdeh "xxxx" MMC-nin direktoru tərəfindən məhkəməyə təqdim edilmiş məktubdan görünür ki, MMC-də iş vaxtının uçotu, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2016-cı il tarixli, Q-02 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Standartlarına və İctimai Sektor üçün X2 Standartlarına uyğun olaraq memorial order forması əsasında sintetik uçotun aparılması Qaydası”nın 6.3.1.2-ci bəndinə əsasən iş vaxtının uçotunu özündə əks etdirən tabellər əsasında həyata keçirilir. Qaydanın 6.3.2-ci bəndinə əsasən tabellər üzrə iş vaxtının uçotu struktur bölmənin rəhbəri tərəfindən imzalanır. Struktur bölmənin rəhbərləri tabel uçotunun düzgünlüyünə cavabdeh olurlar. Qaydanın 6.3.3-cü bəndinə əsasən tabellər hər ay müəyyən edilmiş müddətlərdə doldurulur, müvafiq şəxslər tərəfindən imzalanır və əmək haqqının hesablanması üçün mühasibatlığa təhvil verilir və bundan sonra mühasibatlıq tərəfindən işçilərin əmək haqları hesablanaraq işçinin əmək haqqı kartına köçürülür. İddiaçı tərəfindən məhkəməyə surət təqdim edilmiş, “Texniki təhlükəsizlik təlimatının və TX əməkdaşlarının gündəlik vəzifələrinin qeydiyyat jurnalı” və Post 1, Post 3, Post 4 “İnzibati heyətin təhvil-təslim jurnalları”nın tərtib olunması barədə "xxxx" MMC-nin rəhbərliyi tərəfindən hər hansı göstəriş (əmr, sərəncam, qərar və s.) verilməmiş və belə bir vahid forma təsdiq olunmamışdır. MMC-də əmək funksiyasını yerinə yetirən işçilər (mühafizəçilər) onlara ayrılmış kartlardan istifadə etməklə MMC-yə giriş-çıxışı həyata keçirirlər. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4736 saylı, 09 sentyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında qoyulmuş sual üzrə İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 04 aprel 2018-ci il tarixli, 81 saylı Əmək müqaviləsinə əsasən iddiaçının 04 aprel 2018-ci il tarixdən 07 sentyabr 2023-cü il tarixədək, eyni zamanda 07 sentyabr 2022-ci il tarixdən 07 sentyabr 2023-cü il tarixədək işlədiyi dövr ərzində həmin Cəmiyyət tərəfindən iddiaçıya, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək haqqı məbləği və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 74 nömrəli, 05 aprel 2001-ci il tarixli qərarının tələbləri nəzərə alınmaqla hesablanmış və ödənildiyi müəyyən edilmişdir. Qeyd edilmişdir ki, iş materiallarında olan tabel uçot vərəqələri, əmək haqqı hesablanmasına dair cədvəllər və s. sənədlərə əsasən İddiaçı "xxxx" MMC-də 01 sentyabr 2016-cı ildən 01 iyul 2020-ci ilədək olan dövr ərzində müqavilədə göstərilən iş vaxtından əlavə işləməsi ilə bağlı hər hansı ilkin mühasibat sənədləri, o cümlədən işçinin əlavə işə cəlb edilməsi ilə bağlı daxili əmrlər, tabel uçot vərəqələri, əlavə əmək haqqı hesablanmasına dair cədvəllər və s. öz əksini tapmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, o, cavabdeh "xxxx" MMC-nin işçisi olmuşdur. O, cavabdeh təşkilatda 2017-ci ilin sentyabrından 2023cü ilin may ayına qədər mühafizəçi işləmişdir. O, binanın müşahidə kameralarına nəzarət, giriş-çıxışa nəzarət, gələn maşınların qeydiyyatına nəzarət etmişdir. Orada bir neçə jurnal var idi. Məsələn görülən işlərlə bağlı təlimat jurnalı, eyni zamanda, binaya giriş-çıxışla bağlı maşınların qeydiyyatı jurnalı, postun təhvil-təslim jurnalı var idi. Təhvil-təslim jurnalına əsasən postlar təhvil-təslim edilirdi. İş vaxtları üç gün səhər, iki gün ev və iki gün gecə və bəzən üç gün gecə, iki gün səhər gün ev olurdu. Bir gün səhər az, bir gün gecə çox işləmişlər. Anar Nəcəfov da bu qrafiklə işləmişdir. O, işdən öz istəyi ilə çıxmış və öz ixtisasına görə iş tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, o, "xxxx" MMC-də işləyir. İddiaçı ilə bir yerdə işləmişdir. O, postlarda jurnal görməmişdir. İşçilərin giriş-çıxış kartı olmuşdur. Vüqar Məstiyevin təsdiq etdiyi cədvələ əsasən iş saatları müəyyən olunurdu. Sənəd yazılı olmalıdır. İş materiallarındakı cədvəl kimi cədvəl görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, İddiaçı işçiləri olmuşdur. İşçilərinin özlərinin giriş-çıxış kartı var. Həmin məlumatlar sistemə düşür. Əgər iddiaçıya qarşı haqsızlıq olunurdusa niyə 5 il 5 ay müddətə işləmişdir. Kitab nəqliyyat vasitələri və açarlarla bağlıdır. Vüqar Məstiyev belə bir kitab görmədiyini, həmin imzanın da ona məxsus olmadığını bildirmişdir. Tabel cədvəli V.Məstiyev tərəfindən tərtib və təsdiq olunur.Həmin cəvdəl mühasibatlığa göndərilir. Ona uyğun da maaşlar verilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra bu məcəlləyə istiad olunacaq) işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Maddə 2 (1-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Maddə 2 (2-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə görə, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 2 (3-cü hissə). İşəgötürən - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Maddə 3 (3-cü hissə). Əmək münasibətləri– əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Maddə 3 (4-1-ci hissə). Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. (Maddə 154; 1-ci hissə) Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. (Maddə 157; 3-cü hissə) Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqına əlavə ödəmənin konkret məbləği əmək müqaviləsi və ya kollektiv müqavilə ilə müəyyən edilir. (Maddə 166) İşçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. (Maddə 155; 1-ci hissə) İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində ödənilir. (Maddə 165) Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. (Maddə 83; 2-ci hissə). Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddə 172 (5-ci hissə). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Maddə 296 (4-cü hissə). İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Maddə 296 (5-ci hissə). Əmək Məcəlləsinin 3-cü maddəsi müəyyən edir ki, işçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontraktı) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs, İşəgötürən isə — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontraktı) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarını müəyyən edən həmin Məcəllənin 9-cu maddəsinə görə, işçi qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququna malikdir. Həmin Məcəllənin fərdi əmək mübahisələrinin predmetini müəyyən edən 288-ci maddəsində əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi fərdi əmək mübahisələrinin predmeti kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 292-ci maddəsinə görə İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən, 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 294-cü maddəsinin 2-ci hissəsinə əsasən, kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Məhkəmə qeyd edir ki, hazırki tələb əmək haqqı ilə bağlı pulun tutulması ilə əlaqədar olduğundan iddia müddəti tətbiq olunduğu halda, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə istinad olunmalıdır. Digər tərəfdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsi fərdi əmək mübahisələrinin həllində iddia müddətlərini tənzimləyir. İddia müddəti isə Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən yalnız mübahisə tərəfinin ərizəsinə əsasən tətbiq olunur ki, hazırki işdə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qanunun məzmunundan göründüyü kimi mübahisə tərəfinin məhkəmə qərarı çıxarılana kimi iddia müddətinin tətbiqi barədə ərizə verməsi iddia müddətinin tətbiqi üçün yetərlidir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarı, H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). Qeyd olunmalıdır ki, qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarı). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC və İddiaçı arasında bağlanmış 04 aprel 2018-ci il tarixli əmək müqaviləsinə əsasən işçi İddiaçı mühafizəçi vəzifəsinə işə qəbul edilmiş, aylıq əmək haqqı 04 aprel 2018-ci il tarixdə 750 manat, 12 sentyabr 2018-ci il tarixdə 855 manat, 13 mart 2019-cu il tarixdə 900 manat, 29 iyun 2022-ci il tarixdə 980 manat, 29 dekabr 2022-ci il tarixdə 1100 manat təşkil etmişdir. 07 sentyabr 2023-cü il tarixdə "xxxx" MMC-də mühafizəçi vəzifəsində işləyən İddiaçı 15 sentyabr 2023-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndinə əsasən tutduğu vəzifəsindən azad edilmişdir. Hazırda iddiaçı “əlavə əmək haqqının ödənilməsi” tələbi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsi ilə müəyyən olunmuş iş saatlarından əlavə saatlarda çalışdığına görə 29524 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələblərini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iddia tələbi üzrə əlavə əmək haqqının ödənilməsi tələbinə 1 illik iddia müddəti tətbiq olunmalıdır. Belə ki, iddiaçı cavabdeh təşkilatda 04 aprel 2018-ci il tarixdən faktiki işlədiyi dövrdə real olaraq almaqla hüququnun pozulduğunu bildiyi halda, görə Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş bir illik iddia müddətini ötürmüşdür. Eyni zamanda məhkəməyə təqdim edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4736 saylı, 09 sentyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında qoyulmuş sual üzrə İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 04 aprel 2018-ci il tarixli, 81 saylı Əmək müqaviləsinə əsasən iddiaçının 04 aprel 2018-ci il tarixdən 07 sentyabr 2023-cü il tarixədək, eyni zamanda 07 sentyabr 2022-ci il tarixdən 07 sentyabr 2023-cü il tarixədək işlədiyi dövr ərzində həmin Cəmiyyət tərəfindən iddiaçıya, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək haqqı məbləği və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 74 nömrəli, 05 aprel 2001-ci il tarixli qərarının tələbləri nəzərə alınmaqla hesablanmış və ödənildiyi müəyyən edilmişdir. Qeyd edilmişdir ki, iş materiallarında olan tabel uçot vərəqələri, əmək haqqı hesablanmasına dair cədvəllər və s. sənədlərə əsasən İddiaçı "xxxx" MMC-də 01 sentyabr 2016-cı ildən 01 iyul 2020-ci ilədək olan dövr ərzində müqavilədə göstərilən iş vaxtından əlavə işləməsi ilə bağlı hər hansı ilkin mühasibat sənədləri, o cümlədən işçinin əlavə işə cəlb edilməsi ilə bağlı daxili əmrlər, tabel uçot vərəqələri, əlavə əmək haqqı hesablanmasına dair cədvəllər və s. öz əksini tapmamışdır. Beləliklə, iddiaçının “əlavə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası qanunvericiliklə müəyyən edilmiş 1 illik müddət ötürülməklə verildiyindən, həmçinin iddiçının əlavə işə cəlb edilməsi sübutlara təsdiq edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əlavə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1065/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1065/2024
22.11.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver