Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1066/2023 14.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil1, Cavabdehlərin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X3 və Bakı şəhəri 2 saylı “ASAN xidmət” mərkəzinin notariat kontoruna qarşı “əqdin etibarsızlığı və əmlak” tələblərinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, X3 və Bakı şəhəri 2 saylı “ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Maraqlı şəxs2 Fəhrad qızının üçüncü şəxs qismində cəlb olunduqları “əqdin etibarsızlığı və əmlak” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, cavabdeh tərəf olan Cavabdeh1 ilə iddiaçı tərəf İddiaçı arasında xx.xx.2016-cı il tarixində rəsmi nikah bağlanmışdır. Bu nikahdan xx.xx.2017 təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Tərəflər arasında münasibətlər pozulması səbəbilə, hal- hazırda ünvan 1i Rayon Məhkəməsinin icraatında nikahın ləğvi tələbi üzrə mülki məhkəmə mübahisəsi mövcuddur. Hal- hazırda mübahisə predmeti olan Bakı şəhəri, ünvan 1i rayonu, Bəkir Çobanzadə küçəsi, 2572-ci məhəllə, ev 53 A, 192 saylı mənzil ünvanında yerləşən, ümumi sahəsi 105,80 kv.m olan mənzil tərəflərin birgə nikah dövründə əldə etdiyi mənzildir. Tərəflər həmin mənzildə hal-hazırda yaşayır. Eyni zamanda iddiaçı tərəf həmin mənzildə övladları ilə birgə pasport qeydiyyatındadır. Cavabdeh1 Sərhəd Xidmətinin mayor rütbəli zabiti olduğu üçün iddiaçını aldadaraq dövlətin ona kirayə haqqı adı ilə veriləcək müvainətin əldə edilməsinin mübahisə predmeti olan mənzilin atasının adına ( digər cavabdehə) müvəqqəti və formal olaraq bağışlanmasına bağlı olduğu və kirayə haqqına dair Dövlət Sərhəd Xidmətinin nəzərə aldıqdan sonra mənzili yenidən öz adına geri rəsmiləşdirəcəyini qeyd etsə də, bu günə qədər formal olaraq bağlanmış “bağışlama müqaviləsini”nin ləğv edərək, yenidən öz adına geri qaytarılmasını təmin etməmişdir. Cavabdeh1 həm iddiaçı tərəf olan İddiaçı aldadaraq, ona məxsus birgə nikan dövründə əldə edilmiş əmlaka dair hüquqularını məhdudlaşdırmış, eyni zamanda Dövlət Sərhəd Xidmətini aldadaraq qanunsuz olaraq vəsaitləri mənimsəmişdir. xx.xx.2022- ci il tarixli 3M -103 saylı Cavabdeh1 ilə Maraqlı şəxs2 arasında bağlanmış “kirayə müqaviləsi” mübahisə predmeti olan Bakı şəhəri, ünvan 1i rayonu Bəkir Çobanzadə küçəsi, 2572- ci məhəllə, ev 53A, m 192 ünvanında yerləşən, ümumi sahəsi 105.80 kv m olan mənzil üzrə cavabdehlər arasında bağlanmış xx.xx.2022- ci il tarixli, 4Ə-İ33 saylı “bağışlanma müqaviləsi”ndən təxminən 01 ay sonra formal olaraq rəsmiləşdirilmişdir. Əlavə olaraq "xxxx" MMC tərərfındən xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubunda cavabdeh tərəf olan Cavabdeh1 2018-ci ildən halhazırkı müddətə qədər yaşaması faktı öz təsdiqin tapmışdır. Göründüyü qədər Cavabdeh1 atası ( digər cavabdeh) X9 ilə arasında rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-133 saylı “ bağışlanma müqaviləsi" formal və uydurma əqddir. Sözügedən xx.xx.2022ci il tarixli, 4Ə-133 saylı “bağışlanma müqaviləsi”nin etibarsız hcsab edilməsi, əmlakın əvvəlki hüquqi vəziyyətə qaytarılması, həmin əmlakın “birgə nikah dövründə əldə edilmiş əmlak” statusunun tanınması, həmin əmlak üzrə iddiaçı tərəf olan İddiaçı ½ hissəsinə mülkiyyət hüququnun tanınması və hüquqlarının AR ƏMDK yanında DƏDRX-də qeydiyyata alınması mütləq və zəruridir. Bundan əlavə birgə nikah dövründə əldə edilmiş ** SN *** dövlət qeydiyyat nişanlı “Toyota Land – Cruiser” markalı avtomobil xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında cavabdeh tərəfındən satılaraq, başqa bir avtomobil alınmışdır. Lakin həmin avtomobil hal-hazırda cavabdehin mülkiyyətində olmadığından onun üzərindən mübahisələndirmək mümkün deyildir. Cavabdeh əldə edilmiş pul vəsaitinin birgə nikah dövründə əldə etmiş ** SN *** dövlət qeydiyyat nişanlı “Toyota Land – Cruiser” markalı avtomobil xx.xx.2018- ci il tarixli alqı- satqı müqaviləsində əldə etdiyi məbləği ailə məsrəflərinə sərf etməmiş, əksinə digər bahalı avtomobil alaraq istifadə etmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, 2 saylı Bakı Asan Xidmət Mərkəzinin Notariat Ofisi tərəfındən cavabdehlər Cavabdeh1 və X9 arasında Bakı şəhəri, ünvan 1i rayonu Bəkir Çobanzadə küçəsi, 2572- ci məhəllə, ev 53A, m 192 ünvanında yerləşən, ümumi sahəsi 105.80 kv m olan mənzil üzrə bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-133 saylı “ bağışlanma müqaviləsi”nin etibarsız hesab edilməsi, əmlakın əvvəlki hüquqi vəziyyətə qaytarılması (Cavabdeh1 mülkiyyətinə), həmin əmlakın “birgə nikah dövründə əldə edilmiş əmlak” statusunun tanınması, həmin əmlak üzrə iddiaçı tərəf olan İddiaçı ½ hissəsinə mülkiyyət hüququnun tanınması və mülkiyyətçi hüquqlarının AR ƏMDK yanında DƏDRX - də qeydiyyata alınmasına və Cavabdeh1 birgə nikah dövründə əldə edilmiş, ** SN *** dövlət qeydiyyat nişanlı, “Toyota Land – Cruiser” markalı avtomobilin xx.xx.2018- ci il tarixli alqı-satqı müqaviləsində əldə edilmiş pul vəsaitinin ½ hissəsinə iddiaçı tərəf İddiaçı hüquqlarının tanınması və həmin alqı-satqı müqaviləsindən əldə edilmiş pulı vəsaitinin ½ hissəsinin Cavabdeh1 tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə əlavə olaraq qeyd etmişdir ki, Bakı şəhəri, ünvan 1i rayonu, Bəkir Çobanzadə küçəsi, 2572-ci məhəllə, ev 53 A ünvanında yerləşən, ümumi sahəsi 105,80 kv.m olan 192 saylı mənzil tərəflərin birgə nikah dövründə əldə etdikləri mənzildir. Həmin mənzili əldə edərkən təmirsiz olduğu üçün iddiaçı ümumilikdə evə 60000 manat təmir xərci edilmişdir. Hal-hazırda cavabdehlər İddiaçı birgə nikah dövründə əldə etdiyi, hal-hazırkı mübahisə predmeti olan, Bakı şəhəri, ünvan 1i rayonu, Bəkir Çobnazadə küçəsi, 2572-ci məhəllə, ev 53A, 192 saylı mənzilə buraxmırlar və mənzildən istifadə hüququnun həyata keçirməsinə məhdudiyyət qoymuşlar. İddiaçı və 2 azyaşlı övladı Bakı şəhəri, ünvan 1i rayonu, Bəkir Çobanzadə küçəsi, 2572-ci məhəllə, ev 53A, 192 saylı mənzilə pasport qeydiyyatındadırlar. İddiaçı xx.xx.2023-cü il tarixdə yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 2 saylı Bakı ASAN Xidmət mərkəzinin Notariat Ofisi tərəfindən cavabdehlər Cavabdeh1 və X9 arasında Bakı şəhəri, ünvan 1i rayonu, Bəkir Çobanzadə küçəsi, 2572-ci məhəllə, ev 53A, m 192 ünvanında yerləşən, ümumi sahəsi 105,80 kv.m olan mənzil üzrə bağlanmış xx.xx.2022-ci il tarixli, 4Ə-133 saylı “bağışlanma müqaviləsi” nin etibarsız hesab edilməsi, əmlakın əvvəlki hüquqi vəziyyətə qaytarılması (Cavabdeh1 mülkiyyətinə) həmin əmlakın “birgə nikah dövründə əldə edilmiş əmlak” statusunun tanınması, birgə nikah dövründə Bakı şəhəri, ünvan 1i rayonu, Bəkir Çobanzadə küçəsi, 2572-ci məhəllə ev 53 A, m. 192 ünvanında yerləşən, ümumi sahəsi 105,80 kv.m olan mənzilə, ümumilikdə (iddiaçı və cavabdeh tərəfindən) sərf edilmiş 60000 manat təmir xərcinin ½ hissəsinin (30000 manatın) və dövlət rüsumu olaraq ödənilmiş pul vəsaitinin Cavabdeh1 tutularaq, İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini, Cavabdeh1 barəsində “xüsusi qərardad” elan edilib, aidiyyəti üzrə prokurorluğa göndərilməsini xahiş etmişdir. Məhkəmənin baxış iclasında çıxış edən iddiaçının nümayəndəsi Vəkil1 ilk öncə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etsə də, nümayəndəsi Vəkil2 iddiaya mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Bundan sonra Vəkil1 iddia tələblərini müdafiə edərək, iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən cavabdehlər Cavabdeh1 və X2 nümayəndəsi Vəkil2 iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etməklə yanaşı, məhkəməyə etiraz ərizəsi təqdim edərək, qeyd etmişdir ki, tərəflər rəsmi nikah münasibətlərinə xx.xx.2016-cı il tarixdə daxil olmuşlar. Sözügedən mənzil nikahdan əvvəl cavabdehə əvəzsiz qaydada verilmişdir. Belə ki, Azərbaycan Respublikası cənab Prezidentinin göstərişinə əsasən, Bakı şəhəri İcra hakimiyyəti Başçısının 604 saylı xx.xx.2014-cü il tarixli sərəncamı ilə bir qrup idmançı və idman xadimi mənzillə təmin edilmiş, həmin sərəncamın 10-cu bəndinə əsasən Cavabdeh1 Əcəmi MMC-nin ünvan 1i rayonu, B.Çobanzadə küçəsi, 2572-ci məhəllə, ev 53A ünvanındakı 2 saylı yaşayış binasının 1-ci girişinin 16-cı mərtəbəsində ümumi sahəsi 90,6 kv.m yaşayış sahəsi 52 kv.m olan 2 otaqlı 90 saylı mənzil verilmişdir. "xxxx" MMC-nin rəhbərliyi xx.xx.2014-cü il tarixli, 33 saylı məktubla BŞİH başçısına müraciət edərək, layihədə olan dəyişiklərlə əlaqədar olaraq 15 saylı xx.xx.2012-ci il tarixli məktubu ilə BŞİHnin mənzil fonduna 2 saylı binadan ayırdığı mənzillərin sıra sayında və mərtəbələrində dəqiqləşmələr aparıldığını bildirmiş, yeni göstəricilərin nəzərə alınmasını xahiş etmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 604 saylı xx.xx.2014-cü il tarixli sərəncamında qismən dəyişiklik edilməsi barədə 645 saylı xx.xx.2014-cü il tarixli Sərəncamından Çıxarışa əsasən Cavabdeh1 Əcəmi MMC-nin ünvan 1i rayonu, B.Çobanzadə küçəsi, 2572-ci məhəllə, ev 53A ünvanındakı 2 saylı yaşayış binasının 1-ci girişinin 16-cı mərtəbəsində ümumi sahəsi 90,6 kv.m, yaşayış sahəsi 52 kv. m olan 2 otaqlı 90 saylı mənzilin yeni sıra sayı 192, ümumi sahəsi, 105.80 kv.m olan mənzil verilmişdir. Nümayəndə həmçinin vurğulamışdır ki, mübahisənin predmeti olan mənzil 2014-cü ildə verildikdən sonra Nicatın atası tərəfindən təmir edilmişdir. Belə ki, Nicatın atası usta olduğu üçün mənzillərin təmiri ilə məşğuldur, ona görə bu mənzilin də təmirini onun briqadası tərəfindən aparılmışdır. Odur ki, İddiaçı tərəfindən verilmiş iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir. İş üzrə digər cavabdehlər Bakı şəhəri 2 saylı “ASAN xidmət” mərkəzi notariat kontoru, həmçinin üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Maraqlı şəxs2 Fəhrad qızı məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada dəfələrlə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə digər cavabdehlərin və üçüncü şəxslərin nümayəndələrinin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada dəfələrlə xəbərdar edildiklərini, lakin məhkəməyə gəlmədiklərini nəzərə alaraq, işə həmin cavabdehlərin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin, onların nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri ünvan 1i rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 095907 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X8 arasında 12 mart 2016-cı il tarixdə nikah bağlanmış və 82 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan 2 saylı Bakı “ASAN Xidmət” qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 950401 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 15 mart 2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh1, anası İddiaçıdır. İş materiallarında olan 2 saylı Bakı “ASAN Xidmət” qeydiyyat şöbəsi tərəfindən verilmiş. AZ-İV seriyalı, 582800 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 29 noyabr 2020-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh1, anası İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsi tərəfindən Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Vəkil1 ünvanlanmış 14 noyabr 2022ci il tarixli məktubdan görünür ki, DİN-in Baş X18 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə Cavabdeh1 adında 19 iyul 2017-ci il tarixdən “Toyota Land- Cruiser” markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmış, 15 avqust 2018-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxaraq özgəninkiləşdirilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 10 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, X1 rayonu, Çobanzadə küçəsi 2572 məhəllə ev 53A ünvanda yerləşən yaşayış binasının B bloku, 18-ci mərtəbə, 192 saylı, 2 otaqlı mənzildə ailə tərkibi ilə birgə 2018-ci il tarixdən yaşayır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* №-li arayışından görünür ki, Bakı şəhəri ünvan 1i rayonu, Çobanzadə küçəsi 2572 məhəllə ev 53A, 192 saylı mənzildə İddiaçı qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri ünvan 1i rayonu, Çobanzadə küçəsi 2572 məhəllə ev 53A, mənzil 192 (yeni qaydalarla: AZ 1096, Bakı şəhəri, ünvan 1i rayonu, Naxçıvanski küçəsi 21, M 18, m 6) xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 26 yanvar 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ilə X9 arasında Bakı şəhəri ünvan 1i rayonu, Çobanzadə küçəsi 2572 məhəllə ev 53A, mənzil 192 (yeni qaydalarla: AZ 1096, Bakı şəhəri, ünvan 1i rayonu, Naxçıvanski küçəsi 21, M 18, m 6) ünvanında yerləşən ümumi sahəsi 105.8 ha olan mənzilə dair daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş ərizədən görünür ki, İddiaçı Cavabdeh1 məxsus olan Bakı şəhəri ünvan 1i rayonu, Çobanzadə küçəsi 2572 məhəllə ev 53A, mənzil 192 (yeni qaydalarla: AZ 1096, Bakı şəhəri, ünvan 1i rayonu, Naxçıvanski küçəsi 21, M 18, m 6) ünvanında yerləşən ümumi sahəsi 105.8 ha olan mənzilin bağışlanmasına etiraz etmədiyini ərizəsində qeyd etmişdir. İş materiallarında olan 22 ferval 2022-ci il tarixli kirayə müqaviləsinin surətindən görünür ki, Maraqlı şəxs2 Fəhrad qızı ilə Cavabdeh1 arasında ünvan 9 ünvanında yerləşən mənzil aylıq 500 manat kirayə haqqı olmaqla, xx.xx.2027-ci il tarixədək Cavabdeh1 kirayəyə verilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının 604 saylı xx.xx.2014-cü il tarixli sərəncamında qismən dəyişiklik edilməsi barədə 645 saylı xx.xx.2014-cü il tarixli Sərəncamdan çıxarşdan görünür ki, Cavabdeh1 "xxxx" MMC-nin ünvan 1i rayonu, 2572-ci məhəllə, Çobanzadə küçəsi, ev 53A ünvandakı 2 saylı yaşayış binasının 1-ci girişinin 16cı mərtəbəsində ümumi sahəsi 90,6 kv.m yaşayış sahəsi 52 kv.m olan 2 otaqlı, 90 saylı mənzil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı ünvan 11 ünvanlanmış 30 noyabr 2022-ci il tarixli, **********26 nömrəli məktundan görünür ki, Cavabdeh1 adına Bakı şəhəri, ünvan 1i rayonu, Bəkir Çobanzadə küçəsi, ev 53A,192 saylı mənzil (yeni qaydalarla: AZ 1096, Bakı şəhəri, ünvan 1i rayonu, Naxçıvanski küçəsi 21, M 18, m 6) xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir, lakin Cavabdeh3 xüsusi notariusu H.Y.Vəliyev tərəfindən 4Ə-133 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlanma müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmişdir. Cavabdeh1 adına xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək respublikanın digər ərazilərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli vəsatətdən görünür ki, iddiaçı məhkəmədən iddia ərizəsinin baxılmamış saxlanması barədə qərardad qəbul edilərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin əsillərinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, o, İddiaçı dayısıdır, Cavabdeh1 onun əmisi nəvəsidir. İddiaçı ilə Cavabdeh1 2017-ci ildə nikaha daxil olmuşdurlar. O, toy məclisində iştirak etmişdir. Ailə qurduqdan sonra NZS-də yaşamışlar. Həmin mənzil iddiaçının qayınatasının evi idi. Orada xeyli yaşamış, sonradan- 2018-ci ildən öz evlərinə köçmüşdürlər. Gediş-gəlişləri olmuşdur. O, tərəflər mübahisəli mənzilə köçməmişdən əvvəl, təmir zamanı orada iki dəfə olmuşdur. Evin təmirinə Nicatın atası nəzarət edirdi və özü də orda ustalıq edirdi. Yeznəsi Akif onunla birgə həmin mənzilə demək olar ki, bütün tikinti materialları alıb aparmışdır. Həmin vaxt onun maşını var idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin normalarına istinad ediləcək) 666.1-ci maddəsi müəyyən edir ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama aşağıdakı hallarda etibarlıdır: daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə. (668-ci maddə). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. (Maddə 337.1) Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirlməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. (Maddə 337.2) Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. (Maddə 339.2) Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdi mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. (Maddə 339.3) Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. (Maddə 354.1). Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. (Maddə 354.2.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında Plenum qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra bu Məcəllənin maddələrinə istinad ediləcək) 32.1-ci maddəsi təsbit edir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəyə uyğun olaraq ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 34.1-ci maddəyə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 35-cı maddə müəyyən edir ki, nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, iddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları isə məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmədə bilavasitə tədqiq edilmiş subutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh1 xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuş, tərəflərin birgə nikahından 15 mart 2017-ci il təvəllüdlü X4, 29 noyabr 2020-ci il təvəllüdlü X5 doğulmuşdur. İddiaçı mübahisənin predmeti olan Bakı şəhəri ünvan 1i rayonu, Çobanzadə küçəsi 2572 məhəllə ev 53A ünvanda yerləşən 192 saylı mənzilin (yeni qaydalarla: AZ 1096, Bakı şəhəri, ünvan 1i rayonu, Naxçıvanski küçəsi 21, M 18, m 6) birgə nikah dövründə əldə edildiyinə əsaslanaraq, həmin mənzilin bölünməsini tələb etsə də, mülki işdə olan sübutlarla təsdiq edilir ki, həmin mənzil Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən Bakı şəhəri İcra hakimiyyəti Başçısının 604 saylı xx.xx.2014-cü il tarixli sərəncamı ilə cavabdehə əvəzsiz qaydada verilmişdir. Həmçinin iddiaçı həmin mənzilin birgə vəsait hesabına təmir edildiyini iddia etsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən şahid qismində təqdim edilmiş X7 işin faktiki hallarına dair qeyri-dəqiq məlumatlar verərək, mübahisəli mənzilin təmirinin cavabdehin usta olan atasının nəzarəti və iştirakı ilə aparıldığını təsdiq etmişdir. Beləliklə, mübahisəli mənzilin birgə nikah dövründə birgə vəsait hesabına əldə edildiyi, yaxud təmir edildiyi təsdiq edilməmişdir. Bununla yanaşı təsdiq edilmişdir ki, mübahisəli mənzillə bağlı xx.xx.2022-ci il tarixdə bağışlama müqaviləsi bağlanmış, həmin daşınmaz əmlak Cavabdeh1 tərəfindən X3 bağışlanmışdır. İddiaçı əslində mübahisə predmeti olan daşınmaz əmlakın bağışlamaq niyyəti olmadan cavabdeh X2 adına keçirilməsini bildirsə də, bununla bağlı müvafiq mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bunun əksinə olaraq işdə olan İddiaçı notarial qaydada təsdiq edilmiş ərizəsi ilə təsdiq edilmişdir ki, iddiaçı həmin əqd bağlanarkən Cavabdeh1 məxsus olan Bakı şəhəri ünvan 1i rayonu, Çobanzadə küçəsi 2572 məhəllə ev 53A, mənzil 192 (yeni qaydalarla: AZ 1096, Bakı şəhəri, ünvan 1i rayonu, Naxçıvanski küçəsi 21, M 18, m 6) ünvanında yerləşən ümumi sahəsi 105.8 ha olan mənzilin bağışlanmasına etiraz etmədiyini bildirmişdir. Beləliklə, mübahisənin predmeti olan mənzil Cavabdeh1 tərəfindən əvəzsiz qaydada əldə edildiyindən həmin mənzillə bağlı bağışlama müqaviləsi xx.xx.2022-ci il tarixdə mülki qanunvericilikdə nəzərdə tutulmuş tələblərə, o cümlədən notarial qaydaya riayət edilməklə bağlandığından iddia tələbi həmin mənzillə bağlı bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak statusunun tanınması ilə bağlı hissədə təmin edilməməlidir. Bununla yanaşı iddiaçı mübahisəli mənzilin təmirinə birgə nikah dövründə birgə vəsait hesabına 60 000 manat təmir xərcinin sərf edildiyini bildirsə də, məhkəmədə bunu da sübut edə bilməmişdir. Odur ki, iddia tələbləri mübahisəli mənzilin təmirinə sərf edilmiş 60 000 manat xərcin ½ hissəsinin Cavabdeh1 tutulması hissəsində də təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanıb, mülki işdə olan sübutları qiymətləndirib, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, mübahisənin predmeti olan mənzilin birgə nikah dövründə birgə vəsait hesabına əldə edilməsi təsdiq edilmədiyindən, həmçinin həmin mənzillə bağlı bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş əsaslar müəyyən edilmədiyindən, habelə mübahisəli mənzilin təmirinə sərf edilmiş xərcin tutulması tələbi də sübutlarla təsdiq edimədiyindən iddia tələbləri təmin edilməməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1, X3 və Bakı şəhəri 2 saylı “ASAN xidmət” mərkəzinin notariat kontoruna qarşı “əqdin etibarsızlığı və əmlak” tələblərinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1066/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1066/2023
14.02.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver