Məhkəmə qərarları › İş №2(011)-111/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-111/2025

21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-111/2025 21.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Cavabdehn nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Farhad Goodarzidən ödəməli olduğu qalıq borcu olan 22937 (iyirmi iki min doqquz yüz otuz yeddi) manat məbləğində əsas borcun və ödənilmiş 159 (yüz əlli doqquz) manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə aramızda bağlanmış 13 fevral 2023-cü il tarixli 12/02 saylı podrat müqaviləsinə əlavə olunmuş 01 saylı qiymətlərin razılaşdırılması protokoluna Əsasən cavabdehə məxsus olan ümumi sahəsi 112 kvadrat olan mənzilin interyer dizaynı və təmir edilməsi ilə bağlı razılığa gəlinmişdir. Mənzilin interyer dizaynı və təmir işləri müqavilənin ayrılmaz hissəsi olan xx.xx.2023-ci il tarixli razılaşdırılmış smetaya uyğun həyata keçirilib. Aramızda bağlanmış müqavilə üzrə dizayn və təmirinin ümumi dəyərinin 71337 (yetmiş bir min üç yüz otuz yeddi) azn, ödəniş şərtlərinin isə 30%, 30%, 30% və təhvildən sonra 10% olmaqla 4 növbəli olaraq həyata keçirilməsində razılığa gəlinib. "xxxx" MMC olaraq biz tərəfindən əvvəlcədən aramızda razılaşdırılmış müqavilədə qeyd olunan mənzildə dizayn və təmir işləri həyata keçirilmişdir. Lakin biz podrat müqaviləsinə əsasən üzərimizə düşən bütün öhdəlikləri həyata keçirməyimizə baxmayaraq Cavabdeh üzərinə düşən öhdəlikləri icra etmir. Tərəflər arasında razılaşdırılmış smeta cədvəlinə uyğun cavabdeh tərəfindən bizə ümumi 36300 manat ödənilmişdir, ancaq qalıq borcu olan 22937 (iyirmi iki min doqquz yüz otuz yeddi) manat pulu ödəməkdən qərəzli şəkildə boyun qaçırmışdır. Həmçinin ekspert rəyində qiymətlər aşağıdır və məhdud cavab verilib. Bu səbədən yeni rəy təqdim etməli olmuşuq. Orada eyni zamanda sahikar mənfəəti nəzərə alınmayıb. Məsələn, 10 manata indi heç kim kafel vermir, 15 manatdır minimum. Sahibkar mənfəəti 25 faiz olmalıdır. Müqavilə üzrə işlər mərhələli görülməli idi. Ondan 22 mindən çox borcu qalıb. 71 mindən 36300 ödənilib. Biz işi tam başa çatdırmamışıq. 22937 manat tərəf bizə borcludur, bütün işləri biz görmüşük, cavabdeh tərəf görməyib. Marja sahibkar mənfəəti deyil. Ona görə də 10 faiz hesablanmamalıdır. Sonda Vəkil1 qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə yazılı etiraz təqdim edərək izahatında bildirdi ki, iddiaçı "xxxx" MMC cavabdehə qarşı 22937 manat məbləğində borcun və 159 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, iddia ərizəsində göstərilənlərə etirazımı bildirərək qeyd etmək istəyirəm ki, göstərilənlər tamamilə uydurmadır. Belə ki, iddia ərizəsində mənim tərəfimdən iddiaçıya 36300 manat ödənilməsi qeyd edilmişdir, halbuki mən iddiaçıya 36700 manat ödəniş etmişəm. Bunu Etiraz ərizəmə əlavə etdiyim ödəniş qəbzləri ilə təsdiq edirəm. İddia ərizəsinə əlavə edilən smetadan görünür ki, hörgü üçün 180x180x100 ölçülü kərpic 3080 ədəd istifadə edilib, kərpicin bir ədədinin qiyməti 0,30 manat qeyd edilib, bu materiala cəmi 924 manat məbləğ hesablanıb. Halbuki, mənə məxsus mənzildə cəmi 1500 ədəd kərpic istifadə edilib. Bu isə kərpicin bir ədədi 0,30 manat olmaqla cəmi 450 manat məbləğində pul hesabı edir. Bundan başqa smetada sementin bir kisəsinin qiyməti 7,50 manat olmaqla 3080 ədəd kərpicin hörgüsü üçün 13 kisə M400 marka Sement istifadə edilməsi qeyd edilib. Halbuki mənə məxsus mənzildə 1500 ədəd kərpic istifadə edildiyindən həmin kərpiclərin hörgüsündə cəmi 8 kisə M400 markali Sement istifadə edilib. Bu isə sementin bir kisəsi 7,50 manat olmaqla cəmi 60 manat məbləğində pul hesabı edir. Bundan başqa smetada mənzildə aparılan kərpiclərin hörgüsü 1 m2 6 manat olmaqla 100 m2 qeyd edilib. Halbuki mənzildə 60 m2 kərpic hörgü işi aparılıb. Bu isə hörgünün 1 m2 6 manat olmaqla cəmi 36 manat məbləğində pul hesabı edir. Bundan başqa smetada plasmas köşə bir ədədi 3 manat olmaqla 50 adda istifadə edildiyi qeyd edilib. Halbuki mənzildə 20 ədəd plasmas köşə istifadə edilib. Bu isə plasmas köşənin bir ədədi 3 manat olmaqla cəmi 60 manat məbləğində pul hesabı edir. Bundan başqa smetada Emulsiya Fab yuyulan 25 kq bir ədədi 120 manat olmaqla 12 ədəd istifadə edildiyi qeyd edilib. Halbuki mənzildə 6 ədəd Emulsiya Fab yuyulan 25 kq istifadə edilib. Bu isə Emulsiya Fab yuyulan 25kq-lıq boyanın bir ədədi 120 manat olmaqla 720 manat pul hesabı edir, bunu etiraz ərizəmə əlavə etdiyim fotoşəkillərlə təsdiq edirəm, bundan başqa, smetada 1 ədəd 780 manat dəyərində Kollektor üçün yeşik qeyd edilib, amma həmin kollektor iddiaçı tərəfindən mənzilimə quraşdırılmayıb. Bundan başqa smetada 120 m2 sahəyə dəyəri 1882 manat hesablanmaqla hamarlayıcı qatın verilməsi qeyd edilib, amma həmin iş iddiaçı tərəfindən mənim mənzilimdə görülməyib. Bundan başqa smetada 190 m2 sahəyə dəyəri 13533 manat hesablanmaqla keramoqranitin və kafellərin vurulması qeyd edilib, amma həmin iş iddiaçı tərəfindən mənim mənzilimdə görülməyib. Həmin işləri mən öz vəsaitim hesabına görmüşəm, bunu etiraz ərizəmə əlavə etdiyim qəbzlərlə və aktla təsdiq edirəm, bundan başqa smetada 70 p/m sahəyə dəyəri 3450 manat hesablanmaqla daxili qapılar və plintusun vurulması qeyd edilib amma həmin iş iddiaçı tərəfindən mənim mənzilimdə görülməyib. Həmin işləri mən öz vəsaitim hesabına görmüşəm, bunu etiraz ərizəmə əlavə etdiyim qəbzlərlə və aktla təsdiq edirəm. Bundan başqa smetada mənə məxsus mənzildə 6757 manat dəyərində santexnika işlərinin aparılması qeyd edilib, amma həmin işlər iddiaçı tərəfindən mənim mənzilimdə görülməyib. Həmin işləri mən öz vəsaitim hesabına görmüşəm, bunu etiraz ərizəmə əlavə etdiyim qəbzlərlə və aktla təsdiq edirəm. Bundan başqa smetada mənə məxsus mənzildə qalınlığı 1x2.5 olan bir topu 45 manat olmaqla 10 top naqil istifadə edildiyi qeyd edilib. Halbuki mənzildə iddiaçı tərəfindən həmin qalınlıqda 3 top naqil istifadə edilib. Bu isə həmin naqilin bir topu 45 manat olmaqla cəmi 135 manat məbləğində pul hesabı edir. Bundan başqa smetada mənə məxsus mənzildə qalınlığı 1x4 olan bir topu 65 manat olmaqla 10 top naqil istifadə edildiyi qeyd edilib. Halbuki mənzildə iddiaçı tərəfindən həmin qalınlıqda 4 top naqil istifadə edilib. Bu isə həmin naqilin bir topu 65 manat olmaqla cəmi 260 manat məbləğində pul hesabı edir. Bundan başqa smetada mənə məxsus mənzildə 160 manat dəyərində xortum istifadə edildiyi qeyd edilib. Halbuki mənzildə iddiaçı tərəfindən 100 manat xortum istifadə edilib. Bundan başqa smetada mənə məxsus mənzildə bir ədədi 40 manat olan 20 ədəd Elektrik yuvaları Geviss istifadə edildiyi qeyd edilib. Halbuki mənzildə iddiaçı tərəfindən həmin elektrik yuvaları istifadə edilməyib. Bundan başqa smetada mənə məxsus mənzildə bir metrəsi 1,5 manat olan 30 metr gizli işıq istifadə edildiyi qeyd edilib. Halbuki mənzildə iddiaçı tərəfindən həmin gizli işıqlar istifadə edilməyib. Bundan başqa smetada mənə məxsus mənzildə bir ədədi 1 manat olan 10 ədəd izolent istifadə edildiyi qeyd edilib. Halbuki mənzildə iddiaçı tərəfindən izolent istifadə edilməyib. Bundan başqa smetada mənə məxsus mənzildə bir ədədinin dəyəri 9 manat olan 8 ədəd Avtomat B25 istifadə edildiyi qeyd edilib. Halbuki mənzildə iddiaçı tərəfindən həmin Avtomat B25 istifadə edilməyib. Bundan başqa smetada mənə məxsus mənzildə bir ədəd 26 manat dəyərində Avtomat B40 istifadə edildiyi qeyd edilib. Halbuki mənzildə iddiaçı tərəfindən həmin Avtomat B40 istifadə edilməyib. Bundan başqa smetada mənə məxsus mənzildə dəyəri 300 manat olan digər elektrik materialları istifadə edildiyi qeyd edilib. Halbuki mənzildə iddiaçı tərəfindən həmin 300 manat dəyərində digər elektrik materialları istifadə edilməyib. Ümumiyyətlə digər elektrik materiallarının nədən ibarət olması smetada qeyd edilməyib. Bundan başqa smetada mənə məxsus mənzildə köməkçi vasitələr kimi 1 ədədinin dəyəri 3 manat olan 15 ədəd vanna yazılıb, amma cəmi 4 ədəd vanna istifadə edilib. 1 ədədinin dəyəri 3 manat olan 10 ədəd vedrə yazılıb, 4 ədəd istifadə edilib. 1 ədədinin dəyəri 6 manat olan 15 ədəd Profil (lezva) 3m-lik yazılıb, 7 ədəd istifadə edilib. 1 ədədinin dəyəri 1.2 manat olan 10 ədəd Patron yazılıb, 1 ədədi istifadə edilib. 1 ədədinin dəyəri 35 manat olan 2 ədəd Almaz daşı yazılıb, 1 ədəd istifadə edilib. 1 ədədinin dəyəri 1,5 manat olan 10 ədəd lampa yazılıb, amma 1 ədədi istifadə edilib. Bundan başqa smetada mənə məxsus mənzildə 6 ay üçün aylıq 750 manat olmaqla 4500 manat maaş hesablanmış prorab olacağı yazılıb, mənzilimdə heç zaman prorab olmayıb. Bundan başqa smetada sonda materialın qaldırılması yük lifti ilə 200 manat yazılıb. Halbuki hər bir görüləcək işlərdə materialların qaldırılmasına pul hesablanıb. Bu məbləğ isə heç bir materialın qaldırılmasına xidmət etmir. Bundan başqa smetanın sonunda digər materialların daşınmasına 400 manat nəqliyyat xərci yazılıb, amma istifadə edilməyib. Smetada mühəndis, vergi, avadanlıq və marja material və işlərin cəmi hesablanmış 64852 manat dəyərinə əlavə olaraq 3% hesablanıb. Halbuki smetada göstərildiyi kimi materiallar, işlər və xərclər mənim mənzilimdə həyata keçirilməyib. Yəni 3% məbləğində əlavə faktiki görülmüş işlərə hesablana bilər. Müqaviləni və hesabatı tanıyırıq, sadəcə görülmüş işləri mübahisələndiririk. Smetada olan işlər tam deyil, bəzi işlər görülməyib. İş materiallarına mütəxəssis rəyi kimi əlavə edilən sənəd rəy yox hesabatdır. Razılaşdırılmış smetada 10 faiz nəzərdə marja kimi. Bu elə sahibkar mənfəətidir. Tərəf özü təqdim edib ki, smeta əlavəsində görülməyən işlərdə kermoqranit vurulmayıb. Sistemə əlavə etmişik ki, hansı işlərin görülməsini qəbul edirik, hansıları biz görmüşük. Bizim qəbzimiz var ki, kermoqraniti biz görmüşük. 1500 ədəd kərpic vurulub. Ekspert rəyində ona görə rəy verməyib o hissəyə ki, artıq ora bizim tərəfimizdən hörülüb və üstünə oboy vurulub. Biz sübut etməli deyilik ki, orada nə qədər kərpic var ya yox. Etirazımızda bunlara münasibət göstərmişik. Ekspert müəyyən eməyib ki, işləri kim görüb, çünki bəzi işləri biz görmüşük. Biz kiminsə haqqına girmirik, lakin artıq da vermək istəmirik, orada bəzi qeyd olunanları biz özümüz almışıq. 25 faiz mənfəət isə heç bir yerdə qeyd olunmayıb. Təhvil alanda video və şəkillərimiz var. Sonda Vəkil2 iddia ərizəsinə etirazda göstərilən halların nəzərə alınmasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında xx.xx.1980-ci il tarixdə İran İslam Respublikasında anadan olan X3 şahid qismində ifadə verərək bildirmişdir ki, cavabdehin həyat yoldaşıyam, həmin zaman çəkilişləri mən aparmışam. Mən bu şirkəti internetdən tapdım. Saat 1-2-də günorta gəlirdim usta olmurdu orada. Kirayə qalırdım o müddətdə 800 manat pul verirdim. Daşları mən özüm aldım, kermoqranitin pulunu şəxsən mən vermişəm. Smetadan xəbərim var. Kərpic məsələsində onu deyə bilərəm ki, 3 divara kərpic vurulmalı idi. 1500 kərpic yazıblar, amma orada 600-700 ədəd istifadə olunub. Mənə səslər atıb ki, mən prorab yox ustayam. Orada prorab olmayıb. Horgü hissəsindən kərpic az eləyib. Keramoqranit, qapıları mən almışam. Trap və unitazı mən almışam, havalandırma, əl duşu, smistitel, unitaz yanı, duş başlığı mən almışam, elektrik ustasına 3 mindən 1500 manat mən ödəmişəm, iddiaçı 2-3 dənə naqil alıb cəmi, lampa alınmayıb, əlavə görülən işlərdən divar səs izolyasiyası, material +işçi + nəqliyyat və materialların əl ilə qaldırılması edilməyib. Digər əlavə işlər görülüb. Görülməyən işləri də iddiaçı özü deyir görülməyib. Smetada olan cəmi 27 ədəd qeyd edilən məsələ yoxdur. Təhvil vermədilər mənə mənzili, sonra yoldaşım özü həll elədi, cəmi 9 aya tamam edildi iş. İddiaçıya 36700 manat pul ödənilib. Ödənişini mən və həyat yoldaşım həyata keçirdik. Biz tərəfimizdən 19440 manat xərclənib və bununla iş bitib, köçmüşük evə, lakin həmin puldan iddiaçı tərəf bizə ödəniş etməyib. Mənzilin təmirində 700-800 kərpic olub. Onların təmir etdikləri sahədə hazırda sayını mümkün etmək olmur, lakin sahəni hesablayıb demək olar. Bizə deyilib ki, 23 min pul istənilib. Mən isə 5000 min təklif etdim. Mənzilin təmirində prorab olmayıb. O usta olub, Elxan olub. Tələb etdim ki, prorab yoxdur, dedilər ayrı ayrı ustalardı onlar həm də prorabdır. Mənzilin təhvil təslimi ilə bağlı akt imzalamışam. İddiaçı mənə video göndərməyib, hamısı mənim özümündür. Məhkəmə iclasında xx.xx.2000-ci il tarixdə İran İslam Respublikasında anadan olan X4 şahid qismində ifadə verərək bildirmişdir ki, cavabdehin qonşusuyam. Nəzarətçi kimi gedirdim ora. Orada baş verənlər barədə məlumatları verirdim cavabdehə. Çox vaxtlar səhər gedirdim, hər gün etmirdim amma. Materialların istifadəsi ilə bağlı deyə bilərəm ki, onlardan kermoqraniti və qapını cavabdeh alıb. Mənə dedilər ki, sifariş vermişik qapıları. Prorab mən orada olanda olmayıb. Nəzarəti mən edirəm deyən olmayıb. Kərpicin sayını dəqiq bilmirəm. Mənzilidə olan santexnika əşyalarını kim alıb bilmirəm. Orada bəzən 3, bəzən 5 adam işləyirdi. 1 ay yarım getdim, hər gün iş var idi, amma mən hər gün getmirdim. Bəzən mən gec gedirdim. Kermoqraniti mən təhvil aldım firmadan və pulunu ödədim, miqdarını bilmirəm amma. Bir miqdarını özləri ödəmişdilər, qalanını mənə verdilər ki, ödə. Mənə zəng elədilər ki, qapıları istəyirlər gətirələr. Prorab nəzarət edir dedilər, amma görmədim onu, mən deyirdim onlara ki, filan şeyi elə. İşçilərin adlarını bilmirəm, telefon nömrələri yoxdur. Mən nəzarət edirdim, müdaxilə edirdim bəzən, cavabdehin mənə dediyini onlara deyirdim. Mən ustalara nəsə deyəndə mənə etiraz etmirdilər. Fərhad adlı biri var idi, elektrik işini görürdü. Onlar elektrik işini görəndə təmirli deyildi divar, ağ idi, rəng vurulmamışdı, əvvəl elektrik işi görülmüşdü. Mən gələndə alçipan var idi. Evdə iki yataq otağı var, bir ədəd də zal. Məhkəmə iclasında xx.xx.1972-cı il təvəllüdlü X2 şahid qismində ifadə verərək bildirmişdir ki, cavabdehin yoldaşını ev yiyəsi kimi tanıyıram, məni onunla Şirkət rəhbəri Tərlan tanış edib. Mənim hazırda iddiaçı ilə hər-hansı müqaviləm yoxdur. Emulsiya, şpaklovka işləri görülüb. Orada prorab olmayıb. Mən də prorab maaşı almamışam. Görüdüyüm işlər kağızdadı yazmışam ora. Ev-ev yazıram mən gördüyüm işi. Evdəki işlə bağlı smeta ilə tanış olmamışam. İstifadə olunan materialı prorab kim idisə o gətirirdi, o iddiaçının yeznəsi Elşən idi. Onun vəzifəsi ancaq mal gətirmək idi. Prorab deyildi, mal gətirirdi. Şirkətdə işləyir o, həmin mənzildə prorab deyildi, başqa yerdə prorab idi. Onu mənzildə görmüşəm, amma prorab kimi yox. Prorab ustaların üstündə durmalıdır. Cavabdehin yoldaşı mənə zəng elədi ki, niyə işi düzgün görmürsüz. Tərlan ona demişdi ki mən prorabam, mənim adımdam deyib cavabdehin yoldaşına. Tərlan özündə qeyd eləmişdi məni prorab kimi. Tərlan da dedi ki, sən niyə deyirsən prorab deyiləm. Mənzilin təmirində emulsiya istifadə olunub, görmüşəm onu. Suvaq işlərini mən eləməmişəm, cavabdehin yoldaşı da təmir işlərini görüb, onları mən eləmişəm, onun adından, iddiaçının adından yox. Mən ACOB-da işləməmişəm, sadəcə Tərlan mənə dedi ki, belə bir iş var. Mən ona ustalar gətirmişəm, işi təşkil etmişəm. Demişdi 2 ev var, işləmək lazımdır, mən cavabdehin evini işlədim. Materialların daşınmasını Elşən həyata keçirirdi. Mənzildə istifadə olunan kərpic təqribən 900 ədəd olar, bir az da çox 1000-1200 kərpic olardı, ondan çox olmaz. Kitabda yazmışam dəqiq sayını, ustanı mən gətirmişdim deyə hər şeyin qeydiyyatını aparmışam. Mənə demişdi hörgüçü tap gətir, mən də gətirdim, pulunu verirdi o, pulu mən verirdim hörgüçünün. Pulu mənə verirdilər, mən də ustaya verirdim. Tərlandan pulu alırdım, verirdim ustada. Mənə amma pul verilməyib prorab kimi. Usta ölçürdü, ona uyğun nə qədər kərpic deyirdisə, onun sayında gətirirdilər. Kermoqraniti cavabdehin yoldaşı edib, onların ustaları yox idi, mən gətirirdim ustanı. Tərlan bu işdə mənə borclu deyil. Başqa evdən borcludur. Bu işdə bilmirəm kiməsə borcu var, amma eşitməmişəm kimsə desin ki, bu evə görə kiməsə borcu var. Mən nə qədər işləmişəmsə pulumu götürmüşəm. Bu işin təmirinə 5 min yazmışam, həmin pulu da almışam. 3 nəfər işləmişik. Malyar işini də görmüşəm. Smetaya artıq yazıbsa, artığını özünə götürüb. Kvadratını 7 manat demişdim Tərlana, o isə mənə 10 manat demişdi. Daxili qatla bağlı usta görüb işi, mən görməmişəm, tullantıları onlar daşıyıb. İş materiallarından görünür ki, İddiaçı MMC Cavabdeh xx.xx.2023-cü il tarixdə pretenziya göndərərək ondan 5 iş günü müddətində borcun ödənilməsini tələb etmişdir. İş materiallarında olan Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İran İslam Respublikasının vətəndaşı, xx.xx.1985-ci il təvəllüdlü Farhad Gppdarzı sonuncu dəfə Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyata alınmışdır. İş materiallarında olan Sifarişçi Cavabdeh ilə Podratçı İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 13/02 saylı Podrat Müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Podratçı, Sifarişçinin sifarişinə əsasən Müqavilənin əlavələrində nəzərdə tutulan xidməti göstərməyi, Sifarişçi isə göstərilən xidmətin qarşılığında bu müqavilə ilə razılaşdırılmış məbləğdə və ödəmə qaydasında xidmət haqqını ödəməyi öhdəliyinə götürür. İşlərin təhvil-təslim aktı Sifarişçinin və Podratçının səlahiyyətli təmsilçiləri tərəfindən imzalanmasından sonra sifariş yerinə yetirilmiş hesab edilir. İş materiallarında olan ACOB inşaat MMC va Goodarzi Farhad arasında bağlanmış 12 fevral 2023-cü il tarixli 12/02 saylı müqavilǝyǝ 01 saylı X1 Protokolundan görünür ki, tərəflər Bakı şəhərində yerləşən, ümumi sahəsi 112 kvadrat olan mənzilin interyer dizaynı və təmir edilməsi ilə bağlı aşağıdakılar barədə razılığa gəldilər: Evin ümumi təsviri: Ümumi istifadə sahəsi 112 kv.m olan 1 ədəd mənzil. Qiymətləndirmə: İnteryer dizayn və təmir işləri bu müqavilənin ayrılmaz hissəsi olan xx.xx.2023 cü il tarixli razılaşdırılmış smetaya əsasən həyata keçiriləcək. Təmir işlərinin gedişatı zamanı smetada taqdim olunan material və qiymətlər əsas götürüləcək. Layihədə və ya materiallarda hər hansı səbəbdən dəyişiklik olarsa smetada təqdim olunan marka və ya qiymətlər əsas götürülərək smeta dəyərinə müvafiq dəyişikliklər ediləcək. Ödəniş şərtləri 30%, 30%, 30% və təhvildan sonra 10% olmaqla 4 növbəli olaraq həyata keçiriləcək. Ödəniş əsasında görülən işlərin həcmi smetaya əsasən hesablanacaq və ödənilən ödəniş həcmində işlərin həyata keçirilməsi halında növbəti ödəniş ödəniləcəkdir. Bu müqavilə üzrə dizayn və təmirin ümumi dəyəri 71337 (yetmiş bir min üç yüz otuz yeddi) AZN olaraq razılıqa gəlinib. QEYD 1. Smetada qeyd olunmayan heç bir material və xidmət qiymətə daxil deyil, əlavə görüləcək xidmət və ya alınacaq material üçün sifarişçi tərəfindən ödəniş olmalıdır. QEYD 2: Dizaynda olan divar panelləri, bütün növ mebellər, lüstur va spotlar, Kombi, Soyutma sistemləri, duş kabin və unitaz smetaya daxil deyil. QEYD 3: İşin tamamlanma müddəti xx.xx.2023 cü il tarixidir. Layihədə və material seçimində ola biləcək dəyişiklik və həmçinin ödəniş gecikmələri əlavə vaxt olaraq hesablanacaq. QEYD 4: Mətbəx mebeli ada xaric podratçı tərəfindən hədiyyə olacaq. Mətbəx mebeli mdf boya, bulum aksesuar və tökmə mərmərdən istifadə olunaraq hazırlanacaq. QEYD 5: Hamam otaqlarının üzərində dəmir profil və diktən istifadə olunaraq anbar hazırlanacaq. Bu xidmət podratçı tərəfindən hədiyyə olunacaq. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2023 və xx.xx.2023-cü il tarixli smeta cədvəlindən görünür ki, 112 m2 istifadə sahəsində materiallar və xərclərin yekun məbləği 71337,31 manat təşkil edir. Həmin smeta cədvəlinə əsasən əlavə görülən işlərin məbləği 7978 manat, görülməyən iş və materialların məbləği 20078 manat təşkil edir. İş materiallarında olan ACOB inşaat MMC-nin Kassa mədaxil orderlərinin qəbzlərindən görünür ki, Goodarzi Farhad təmir xidməti üçün ACOB inşaat MMC-yə xx.xx.2023-cü ildə 21400 manat, xx.xx.2023-cü ildə 9350 manat, xx.xx.2023-cü ildə 5950 manat, cəmi 36700 manat ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, X6 aktı öz imzası ilə təsdiq edərək Farhad Goodarzi adlı şəxsə məxsus olan Bakı şəhəri, Ağ şəhər, Mərkəzi Bulvar küçəsi, ev 22, Kortyard binasında yerləşən 6702 nömrəli mənzildə təmir işləri gördüyünü, gördüyü işlərin – daş və materialların əl ilə mənzilə daşınması, metlaxların yerə vurulması, metlaxların ara doldurulması, divar və yerin daşlanması, daşların kəsilməsi, mərmər duş kabinin qurulması, zibillərin mənzildən aşağıya əl ilə daşınmasından ibarət olduğunu qeyd etmişdir. İş materiallarında olan qaimə fakturalardan görünür ki, Goodarzi Farhad 214 + 2000 + 9010 + 2550 + 10010 + 19000 + 626 + 1261,53 + 4306,78 məbləğində müxtəlif satış mağazalarından mal almışdır. İş materiallarında olan məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli 10/3675 nömrəli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən 6702 saylı mənzildə yerinə yetirilmiş tikinti-təmir işlərinin usta haqqı və inşaat materiallarının qiyməti də daxil olmaqla mövcud bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 45553,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Həmin rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan AECS-nin ünvan 2 ünvanında yerləşən sahəsi 112 kv.m olan mənzilin təmir-tikinti işlərinə çəkilmiş xərcin müəyyən edilməsi haqqında xx.xx.2024-cü il tarixli TT 12-036/24 saylı Hesabatından görünür ki, qeyd olunan mənzildə görülmüş təmirtikinti işlərinə çəkilmiş xərclərin dəyəri 59795,8 manat təşkil edir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı 161 manat ödəniş etmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, cavabdehə məxsus ünvan 2 ünvanında yerləşən sahəsi 112 kv.m olan 6702 saylı mənzilin təmir-tikinti işlərinin görülməsi ilə bağlı tərəflər arasında xx.xx.2023-cü il tarixli podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə 1 saylı Əlavədə iddiaçı tərəfindən həyata keçiriləcək dizayn və təmir işlərinin ümumi dəyəri 71337,31 manat müəyyən edilib, ödəniş şərtləri 30%, 30%, 30% və təhvildən sonra 10% olmaqla 4 növbəli olaraq həyata keçirilməsi, işin xx.xx.2023-cü il tarixə kimi yekunlaşması nəzərdə tutulub və podrat müqaviləsinin şərtlərinə əsasən əlavə görüləcək xidmət və ya alınacaq material üçün sifarişçi (cavabdeh) tərəfindən əlavə ödəniş edilməsi nəzərdə tutulmuşdur ki, bu da İddiaçı MMC-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli smetaya əsasən 7978 manat (əlavə görülən işlərin dəyəri) təşkil edir, smetaya əsasən iddiaçı tərəfindən görülməyən iş və materialların dəyəri isə 20078 manatdır. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC-nin Kassa mədaxil orderlərinə əsasən Goodarzi Farhad tərəfindən təmir xidməti üçün İddiaçı MMC-yə 36700 (21400+9350+5950) manat ödəniş edilmiş, smetada qeyd olunmuş və icrası iddiaçı tərəfindən görülməli olan işlərdən ümumi dəyəri 3765 manat tikinti işləri (trap dəmir – 80 manat (2 ədəd); unitaz baçoku Groh – 660 manat (2 ədəd); naqil 1x2.5 – 450 manat (10 top); naqil 1x4 – 650 manat (10 top); lampa – 15 manat (10 ədəd); divar səs izolyasiyası material+işçilik+nəqliyyat – 910 manat; materialların əlnən qaldırılması (yük lifti olmaması) – 1000 manat) cavabdeh tərəfindən həyata keçirilmişdir. Bununla belə, cavabdehin mülki hüquqi məsuliyyətini, o cümlədən onun tərəfindən qalıq pul vəsaitinin ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, müqavilə üzrə görüləcək işlərin ümumi dəyəri 71337,31 manat, əlavə görülən işlərin dəyəri 7978 manat, iddiaçı tərəfindən görülməyən işlərin dəyəri isə 20078 manat olmaqla, smeta üzrə ödənilməsi nəzərdə tutulan məbləğ 59237,31 (71337,31+7978-20078) manat olmuş, həmin məbləğdən 36700 manat cavabdeh tərəfindən ödənilmişdir ki, yerdə qalan məbləğ 22537,31 (59237,31 - 36700) manat təşkil edir. Məhkəmə, həmçinin qeyd edir ki, müqavilə və smeta üzrə yerinə yetirilməli olan işlərdən ümumi dəyəri 3765 manat təşkil edən təmir-tikinti işləri cavabdehin özü tərəfindən yerinə yetirilmiş, smetada qeyd olunan qiyməti 0,3 manat olmaqla ümumi dəyəri 924 manat təşkil edən 3080 ədəd kərpic əvəzinə 1200 ədəd kərpic işlənmiş, ümumi dəyəri 564 manat təşkil edən 1880 ədəd kərpic işlədilməmişdir ki, bu da müqavilə üzrə cavabdehin ödəməli olduğu məbləğin müəyyən edilməsi zamanı nəzərə alınmalıdır. Beləliklə, işin müəyyən olunmuş hallarında görünür ki, tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə cavabdehin ödəməli olan məbləğ 18208,31 (22537,31 - 3765-564) manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Farhad Goodarzidən 18208,31 manat pul alınaraq İddiaçınə ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti (18208,31 manat) nəzərə alınmaqla, dövlət rüsumuna görə ödənilmiş 144,63 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Farhad Goodarzidən 18208 (on səkkiz min iki yüz səkkiz) manat 31 (otuz bir) qəpik pul və 144 (yüz qırx dörd) manat 63 (altmış üç) qəpik dövlət rüsumu alınaraq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar