Məhkəmə qərarları › İş №2(011)-1163/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1163/2025

19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1163/2025 19.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 17000 manat məbləğində pulun tutulub iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 Cavabdeh2 MMC ilə əvəz edilməsini xahiş etmiş, daha sonra isə həm Cavabdeh1, həm Cavabdeh2 MMC-nin cavabdeh kimi cəlb edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, internet səhifəsində reklamını gördüyü "xxxx" MMC-nin rəhbəri olan Cavabdeh1 2 mərtəbəli bağ evini təmir etdirmək istədiyini bildirmişidir. "xxxx" MMC-nin direktoru olan Cavabdeh1 ona bildirmişdir ki, təmir olunan evə baxmalıdır və lazım olan materialların siyahısını çıxarıb sonra qiyməti razılaşarlar. Onlar evə birlikdə getmiş və lazım olan tikinti materiallarının siyahısını çıxarmaqla hesablayıb bildirmişdir ki, hər kv.metr üçün bütün materiallar və usta-fəhlə də daxil olmaqla 250 manat pul ödənilməlidir. Bildirdi ki, əlavə işlər görülsə əlavə hesablanacaqdır. Qarşılıqlı anlaşma əsasında 07 fevral 2023-cü il tarixində ümumi təmir işinin məbləği 49300 manat olsa da, onunla 17000 manat məbləğində rəsmi müqavilə bağlanmışdır. Onların razılaşmasına əsasən müqavilənin həcmi sonradan hissə-hissə artırılmalı idi. Lakin sonradan Cavabdeh1 bildirmişdir ki, onsuz da təmir işlərini görürlər, müqavilə olsa da, olmasa da, işlərini görəcəklər. Sonradan onların etibarından sui-istifadə edərək yalan danışdığını bilmişdir. Dəfələrlə Eminlə əlaqə yaratmış və danışmış, hər dəfə onları arxayın etmişdir ki, narahat olmasınlar, onların pulunu qaytaracaqdır. Lakin bu günə kimi borclu olduğu 17000 manatı qaytarmaqdan yayınır. Belə ki, 49300 manat hissə-hissə pul alsa da, 32300 manatlıq təmir işləri görmüş, 17000 manat borcu qalmışdır. Dəfələrlə borcluya desə də, o söz versə də, borcu qaytarmamışdır. Qeyd olunanlara əsasən Cavabdeh1 öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün ona olan 17000 manat əsas borcu və əlavə çəkdiyi xərclər borclu tərəfindən ödənilməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı izahatında bildirmişdir ki, cavabdehlər barədə məlumatı TV-də olan reklam vasitəsilə almışdır. Eminlə görüşüb-danışmış, daha sonra isə müqavilə bağlamış və təmiri Mehraboğlu şirkətinə həvalə etmişlər. Müqavilə bağlanarkən 10000 manat çeklə ödəmişlər. İki ay təmir işləri normal getmiş, qalan təmir yarımçıq qalmışdır. Həmin iki ayda Cavabdeh1 onlardan tez-tez pul almışdır. Birinci mərtəbə ilə bağlı müqavilə bağlamış, etibar qazandığından ikinci mərtəbə ilə bağlı müqavilə bağlamamışlar. Hər mərtəbəyə görə ayrılıqda 17000 manat ödənilməli idi, lakin, razılaşmışlar ki, əlavə işlər və keyfiyyətli avadanlıqlar seçilsə məbləğ dəyişə bilər. Birinci mərtəbədə görülən əlavələr və ikinci mərtəbə ilə bağlı görülən işlərə dair müqavilə bağlamamış, Eminlə şifahi razılaşmaya gəlmişlər. Evin sahəsi hər mərtəbədə 68 kv.metr olmuş, təmirin kv.metrini 250 manata razılaşmışlar. Onlar keyfiyyətli təmir ləvazımatları seçdiyi üçün təmir 34000 manatdan baha başa gəlmişdir. Sonrakı ödənişləri əlbəəl Eminə etmişlər. 10000 manat ödənişdən sonra təxminən 30000 də ödəniş etmişlər. Usta pulu da həmin məbləğə daxil idi. Cavabdeh1 tərəfindən təxminən 10-15 min manatlıq texniki avadanlıqlar alınmışdır. İlk 10000 manatı çeklə vermişlər. Sonra Ümrə ziyarətinə gedərkən 10000 manat da cavabdehə əlbəəl pul vermişlər. Onlar Ümrədə olarkən övladları bildirmişdiri ki, iş getmir. O, cavabdehlə əlaqə saxlayarkən cavabdeh materialın gəlibçatmadığını bildirmişdir. Onlar Ümrədən qayıdandan sonra bir qədər də təmir işi görülmüş, sonra isə tamamilə dayanmışdır. Təmir işlərinin çoxu birinci mərtəbə görülmüşdür, yarımçıq qalan işlər isə əsasən ikinci mərtəbədə olmuşdur. Ümumilikdə cavabdehə 56000 manat pul vermişlər. Hazırda evi başqa ustaya təmir etdirmişlər, birinci mərtəbəyə 30000 manat, ikinci mərtəbyə isə 25000 manat xərcləri çıxmışdır. Qəbzləri olmadığı üçün həmin məbləğləri tələb edə bilmir. Ona görə də, cavabdehlərdən yarımçıq qalmış təmirə çəkilən 17000 manatı tələb edir. Cavabdehlər tərəfindən görülən işlər yarımçıq və keyfiyyətsizdir. Cavabdehlər təxminən onların evində 20000 manatlıq iş görmüşdür. Qeyd edilənlərə əsasən, iddiaçı cavabdehlərdən 17000 manat məbləğində pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X1 33-cü PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, ona məxsus Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün "xxxx" MMC ilə müqavilə bağladığını, müqavilə əsasında həmin şirkətin 37000 manatlıq iş görsə də, 17000 manatlıq işi yarımçıq saxladığını bildirmişdir. Araşdırma zamanı Cavabdeh1 izahatının alınması mümkün olmamışdır. xx.xx.2023-cü il tarixli Xidmət göstərilməsinə dair müqavilədən görünür ki, Cavabdeh2 MMC ilə X1 arasında təmir-tikinti xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmış, müqaviləyə əsasən işlərin qiyməti bir kv.metr üçün 250 manat, ödənişin ilkin ödəniş 10000 manatın müqavilə imzalandıqdan sonra, ikinci mərhələdə isə 7000 manat olacağı razılaşdırılmışdır. xx.xx.2023-cü il tarixli kassa mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh2 MMC-yə 10000 manat ödəniş edilmişdir. CD diskdə təqdim edilmiş videoyazıdan görünür ki, iddiaçıya məxsus evin təmiri yarımçıq qalmışdır. CD diskdə təqdim edilmiş səs yazısından görünür ki, Cavabdeh1 İddiaçı ilə telefon danışığı zamanı iddiaçıya borcu olduğunu etiraf etmiş, lakin hansı məbləğdə borcu olduğunu etiraf etməmiş və iddiaçı ilə borc məbləğini dəqiqləşdirdikdən sonra hissə-hissə ödəniş edəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, iddiaçının gəlinidir. Cavabdehləri TV vasitəsilə tanımışlar. Cavabdelər ilk əvəl çox inandırırcı davranmış, sonradan isə ustalar gəlməməyə, məsuliyyətsizlik etməyə başlamışlar. Tərəflər arasında müqavilə bağlanılmışdır. Ödənişin hamısı olunmuşdur. Qəbzlə 17000 manat, sonradan isə 4000, 7000, 10000 manat ödəniş olunmuşdur. Təmirin hamısı 60000 manata razılaşdırılmışdır. Təxminən 40000 manatlıq təmir olunmuşdur. İlk əvvəl birinci mərtəbə, sonradan ikinci mərtəbə üçün müqavilə bağlanılmışdır. Hər kv.m-i 270 manata razılaşmışlar. Təmir çox keyfiyyətsiz idi. Birinci dəfə olan ödənişdən başqa, qalan ödənişlərin hamısı onun yanında olunmuşdur. Mehraboğlu şirkəti suvaq, ağartma, isti polun çəkilməsi işlərini görmüş, qalan bütün işləri yenidən başqa ustaya etdirmişlər. Cavabdehlər tərəfindən işlər keyfiyyətli şəkildə görülmədiyindən vurulan kağızların hamısı atmışdır. Yarımçıq qalan işlərin görülməsi üçün ustay ilə evin hər kv.metrini 400 manata razılaşmışlar. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: İddia ərizəsi və iddiaçının izahatı ilə müəyyən olunur ki, iddiaçı cavabdehlər "xxxx" MMC və Eminə qarşı iddia qaldıraraq, ümumilikdə 49300 manat məbləğində pul ödənişi etdiyini, bunun müqabilində isə yalnız 32300 manatlıq təmir işlərinin görüldüyünü, qalan 17000 manatlıq işin isə cavabdehlər tərəfindən tamamlanmadığını və başqa ustalar tərəfindən tamamlandığını bildirərək, bu məbləğin cavabdehlərdən tutulmasını tələb edir. İddiaçı ilkin olaraq "xxxx" MMC ilə yazılı müqavilə bağlandığını və həmin müqavilə üzrə birinci mərtəbənin (68 kv.m) hər kv.m üçün 250 AZN olmaqla, ümumilikdə 17000 manat məbləğində təmir işləri görülməli olduğunu qeyd edir. Həmçinin qeyd edir ki, razılaşmışlar ki, əlavə işlər və keyfiyyətli avadanlıqlar seçilsə məbləğ dəyişə bilər. Birinci mərtəbədə görülən əlavələr və ikinci mərtəbə ilə bağlı görülən işlərə dair müqavilə bağlamamış, Cavabdeh1lə şifahi razılaşmaya gəlmişlər. Evin sahəsi hər mərtəbədə 68 kv.metr olmuş, təmirin kv.metrini 250 manata razılaşmışlar. Onlar keyfiyyətli təmir ləvazımatları seçdiyi üçün təmir 34000 manatdan baha başa gəlmişdir. Müqavilə üzrə yalnız 10000 manat məbləğində ödənişin MMC-yə verilməsi mədaxil qəbzi ilə sübut olunmuşdur. Sonrakı ödənişləri əlbəəl Eminə etmişlər. Məhkəmə qeyd edir ki, iddiaçının izahatı və iş materiallarında olan sübutlarla iddiaçı ilə "xxxx" MMC arasında təmir işlərinin görülməsi üçün 17000 manatlıq müqavilə bağlandığı, bu müqavilə üzrə 10000 manatın "xxxx" MMC-yə mədaxil qəbzi ilə ödənildiyi, "xxxx" MMC tərəfindən təqdim edilən heç bir əlavə ödəniş qəbzinin olmadığı, təmir işlərinin yarımçıq qaldığı və sonradan başqa usta tərəfindən tamamlandığı sübut olunur. İşdə olan sübutlarla, xüsusən, Cavabdeh1 səs yazısı ilə həmçinin təsdiq olunur ki, onunla iddiaçı arasında "xxxx" MMC ilə bağlanmış müqavilədə nəzərdə tutulmuş işlərdən əlavə işlərin görülməsi razılaşdırlmışdır, 10000 manatdan başqa digər ödənişlər qəbz olmadan Cavabdeh1 edilmiş, təmir işləri yarımçıq qalmış və Cavabdeh1 iddiaçıya borcu olduğunu etiraf etmişdir. Məhkəmə qeyd edir ki, təmir işlərinin görülməsi ilə bağlı müqavilənin şifahi bağlanması istisna edilməsə də, Cavabdeh1lə iddiaçı arasında hansı əlavə işlərin görülməsi, həmin işlərin görülməsi üçün hansı məbləğdə razılaşma olması, hansı konkret işlərin görüldüyü və qalan borcun dəqiq məbləği sübutlarla dəqiq təsdiq olunmur. Belə ki, iddiaçının özünün iddia ərizəsində, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardakı izahatında, məhkəmə iclasında verdiyi izahatda, eləcə də, şahidin ifadəsində ödənilən, cavabdehlər tərəfindən görülən və görülməli olan işlərin və yarımçıq qalan işlərin məbləğləri barədə ziddiyyətli izahatlar və ifadələr verilmişdir. Həmçinin iddiaçı tərəfindən evin təmiri başa çatdırıldığından ekspertiza keçirilərək görülən və yarımçıq qalan təmir işlərinin məbləğini müəyyən etmək mümkün olmamışdır. İşin qeyd edilən mübahisəsiz və mübahisəli hallarını nəzərə alaraq, məhkəmə iddianın "xxxx" MMC-yə aid hissəsində qeyd edir ki, MMC ilə yalnız evin birinci mərtəbəsininin təmirinə dair 17000 manatlıq müqavilə bağlanmış, müqavilə üzrə MMC-yə yalnız 10000 manat ödəniş edildiyi sübut olunmuş, qalan ödənişlərin MMC-yə edildiyi sübut edilməmişdir. Eyni zamanda iddiaçının özü də təmir işlərinin əsasən birinci mərtəbədə görüldüyünü bildirmişdir. Odur ki, məhkəmə hesab edir ki, "xxxx" MMC-yə yalnız 10000 manat ödəniş edildiyi və şirkətin ödənilin pulun qarşılığında təmir işlərini yerinə yetirdiyi və əlavə ödəniş almadığı sübut olunduğundan, "xxxx" MMC-nin müqavilə öhdəliklərini pozduğu sübut edilməmişdir. Bu səbəbdən "xxxx" MMC-yə qarşı irəli sürülmüş tələb əsassız hesab edilərək təmin edilməməlidir. İddianın Cavabdeh1 aid hissəsində məhkəmə qeyd edir ki, iddiaçı ilə Emin arasında təmir işlərinin görülməsi ilə bağlı şifahi razılaşma olduğu, onun pul ödənişlərini şəxsən qəbul etdiyi, lakin təmir işlərinin tam yerinə yetirilmədiyi, səs yazısında borcu olduğunu etiraf etdiyi sübut olunmuşdur. Lakin, yuxarıda da qeyd edildiyi kimi Cavabdeh1 tərəfindən görülməli olan, görülən və yarımçıq qalan işlərin məbləği, eləcə də onun iddiaçıya olan borcunun məbləği iş materiallarında olan sübutlarla dəqiq təsdiq olunmur. Cavabdeh1 iddiaçı ilə telefon danışığı zamanı ona borcu olduğunu etiraf etsə də, borcun məhz 17000 manat olduğunu etiraf etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh1 münasibətdə iddiaçının pul tələbi əsaslı olsa da, pulun məbləği yalnız iş materiallarında olan sübutlara əsasən müəyyən edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, yazılı müqavilə üzrə görülməli olan işlərin dəyəri 17000 manat olmuşdur. "xxxx" MMC-yə bu məbləğin yalnız 10000 manat hissəsinin ödənildiyi və MMC-nin bu pulun qarşılığında təmir işlərini gördüyü sübut olunmuş, 7000 manatın MMC-yə ödənildiyi isə sübut olunmamışdır. İddiaçının izahatı və iş materiallarındakı sübutlardan görünür ki, qalan 7000 manat Cavabdeh1 tərəfindən qəbul olunmuş, lakin həmin pul MMC-yə köçürülməmiş, eləcə də, Cavabdeh1 özü tərəfindən təmir işləri tam başa çatdırılmamışdır. Bununla da, Cavabdeh1 əsassız varlanmışdır. Cavabdeh1 iddiaçı ilə telefon danışığında ona borcu olduğunu etiraf etməsi nəzərə alındığında məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıya 7000 manat məbləğində ödəniş etməli olduğu iş materialları ilə təsdiq olunmuşdur. Beləliklə, məhkəmə qeyd edir ki, əlavə işlərin və ödənişlərin konkret həcmi sənədlərlə dəqiqləşdirilməsə də, məhkəmə mövcud sübutlar (müqavilə məbləği, ödənilən hissə, qalan məbləğin Cavabdeh1 ödənilməsi, Emin Nəbyevin iddiaçıya borcu olduğunu etiraf etdiyi səs yazısı ) əsasında 7000 manatlıq ödənişin Cavabdeh1 tərəfindən alındığını nəzərə alaraq, onun MMC-yə ödənilməli olan 7000 manat məbləğində əsassız varlandığını müəyyən etdiyindən, həmin məbləğin Cavabdeh1 iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 7000 manat və 90 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar