Məhkəmə qərarları › İş №2(011)-1165/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1165/2021

26.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1165/2021 26.01.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 400 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdehlə xx.xx.2013-cü il tarixdə ailə qurmuşdur. Birgə nikahlarından münasibətlərindən xx.xx.2014-cü il təvəllüdlü X5 adlı bir uşaqları vardır. Hal- hazirda Xətai rayon məhkəməsində cavabdehin nikahın pozulması müraciətinə əsasən aralarında olan nikahın pozulması barədə mülki işə baxılır. Boşandiqdan sonra uşaq onunla birlikdə yaşayacağina görə cavabdeh azyaşlı uşağa üçün aliment ödəməyə məsuldur. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, Bakı Şəhəri Xətai rayon məhkəməsində nikahın pozulması tələbinə dair işə baxılır. Lakin nikahın pozulması tələbi barədə iddiasında aliment tələbinə baxılmadığından iddiaçı ona qarşı ayrıca aliment tələbi barədə iddia tələbi irəli sürür. İddia tələbində aliment məbləği konkret göstərilməyib, ümumi qazancın dörddə bir hissəsi tələb edilir. Bu isə azyaşlı uşaq üçün onun qazancından tutulacaq məbləğə münasibətdə həddən artıq olur. Digər tərəfdən gələcəkdə iş yerinin dəyişdirilməsi, işsiz qalma ehtimalları da nəzərə alındıqda, bu uşağın stabil aliment almasına maneəçilik törədə bilər. Ona görə də xx.xx.2014-cü il təvəllüdlü oğlu X5 üçün hər ay sabit 400 manat məbləğində aliment ödəyə bilər. Onu da qeyd edir ki, iddiaçı özü də müəllimə işləyir, əmək fəaliyyətli şəxsdir. Qeyd edilənləri nəzərə alaraq, xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay ondan iddiaçının xeyrinə 400 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq, göstərdi ki, cavabdeh kompyuter mütəxəssisi kimi şirkətdə işləyir və kifayət qədər yüksək əmək haqqı alır. Ona görə də, cavabdehin aldığı əmək haqqının qanunda nəzərdə tutulmuş hissəsindən alimentin tutulmasını tələb edir, alimentin sabit pul məbləğində tutulmasına etiraz edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X4 iddia ərizəsinə etiraza uyğun izahat verərək, xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay cavabdehdən iddiaçının xeyrinə 400 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixdə rəsmi nikah qeyd edilmiş, tərəfləfin birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X5 anadan olmuşdur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarının saxlamdıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1 və 76.1.1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə- qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Məhkəmə işin hallarını, uşaqların hazırda analarının yanında yaşamalarını nəzərə alaraq qanunvericiliyin sadalanan normalarına əsaslanaraq qeyd edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulmasına xx xxxxxx 2021-ci il tarixdən başlansın. Qətnamə dərhal icra edisin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar