Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1174/2023 23.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, mebel ustası kimi fəaliyyət göstərən Cavabdeh ilə yaşadığı fərdi yaşayış evinə 1300 manat müqabilində mebel yığılması barədə razılığa gəlmişlər və 22 may 2022-ci il tarixdə mebel düzəltmək üçün yaşadıqları evdə 800 manat məbləğində pulu 2 nəfər ustanın və həyat yoldaşının yanında vermişdir. Daha sonra iddiaçı mebelin gətirilməsini tezləşdirmək məqsədi ilə cavabdehin işçisi Məmmədov Azad adlı şəxsin kart hesabına 500 manat məbləğində pul köçürmüşdür. Lakin xeyli müddət keçməsinə baxmayaraq mebel hazırlanmamışdır, gətirib quraşdırmamışdır və iddiaçıdan aldığı pulu geri qaytarmamışdır. O, cavabdehdən dəfələrlə pulu tələb etsə də qaytarmamış, yaşadığı ünvana gəlib hətta iddiaçıya hədə-qorxu gəlmişdir, məqsədi odur ki, iddiaçıdan aldığı pulu qaytarmasın. Qeyd olunur ki, bu hadisə ilə bağlı ərizə ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət etmiş, lakin heç bir tədbir görülməmiş, mübahisənin həlli ilə bağlı aidiyyəti üzrə məhkəmə orqanına müraciət edilməsi tövsiyyə edilmişdir. Lakin xeyli müddət keçməsinə baxmayaraq o, cavabdehdən pulu tələb etdikdə cavabdeh pulu qaytarmaqdan imtina etmişdir, verdiyi vədi yerinə yetirməmişdir. O, cavabdehin mebeli vəd verdiyi vaxtda gətirib təhvil verəcəyinə inanmışdır. Ona görə də Cavabdeh 1300 manat məbləğində pul alınaraq iddiaçıya qaytarılmalıdır. Cavabdehin təqsiri üzündən o, çox ciddi stress keçirmiş, əsəb gərginliyinə görə mənəvi zərərə məruz qalmışdır. Aldadılmağı, pul vəsaitindən məhrum edilməsi və uzun müddət mebelin quraşdırılmaması, pulun qaytarılması əvəzinə hədələnməyi onun şüuruna mənfi psixoloji təsir etmiş, sağlamlığı pozulmuşdur. Cavabdeh tərəfindən ona vurulmuş mənəvi 500 manat məbləğində dəyərləndirmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 1300 manat pulun və mənəvi zərərə görə 500 manat məbləğində pul vəsaitinin tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını şahid ifadəsini dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər BPİ-nin Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli 33015803/R-1222 nömrəli məktubun surətindən görünür ki, 22 may 2022-ci il tarixdə Binəqədi qəsəbəsi 1-ci mədən korpus 2-də İsmayıllı İlkinə mebel düzəltməsi üçün 1300 manat beh verməsi, həmin şəxsin indiyədək pulu qaytarmaması, nə də mebeli düzəltməməsi barədə Binəqəsi RPİ-nin 43-cü PB-ən ünvanlanmış ərizəyə cavab olaraq Cavabdeh adlı şəxs ilə aralarında yaranmış mübahisənin mülki xarakterli olması müəyyən edilmişdir. Mülki mübahisələrin həlli ilə bağlı aidiyyəti üzrə məhkəmə orqanına müraciət etməsi bildirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, X2 500 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan Binəqədi RPİ-nin 43-cü PB-nin polis sahə rəisi, polis mayoru Zaur Orucov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə icraatına Bakı şəhəri, Binəqədi qəsəbəsi, DSK yolunda yaşayan İddiaçı 22 may 2022-ci il tarixdə Binəqədi qəsəbəsi, 1-ci mədən korpus 2-də İsmayıllı İlkinə 1300 manat beh verməsi, həmin şəxsin indiyədək pulu qaytarmaması, nə də mebeli düzəltməməsi barədə Binəqəsdi RPİ-nin 43-cü PB-yə ünvanladığı ərizəsi daxil olmuşdur. İddiaçı izahatında 22 may 2022-ci il tarixdə Binəqədi qəsəbəsi 1-ci mədən korpus 2-də İnstagram şəbəkəsindən tanış olduğu Cavabdeh adlı şəxsə mebel düzəltməsi üçün aralarında olan şifahi razılaşmaya əsasən, ilkin olaraq 800 manat beh verməsini, xx.xx.2022-ci il tarixdə 500 manat yenidən pul verməsini, 2022-ci ilin sentyabr ayının əvvəlində onların ünvanına onlara aid olmayan mebel gətirdiklərini, hazırda həmin yararsız mebelin onun evində olmasını, həyat yoldaşının 1-ci Qarabağ müharibəsi veteranı olmasını, özünün şəkər xəstəsi olduğunu, həmin şəxsin onlara maddi və mənəvi ziyan vurmasını bildirmişdir. Beləliklə, araşdırma zamanı İddiaçı ilə Cavabdeh adlı şəxs arasında yaranmış mübahisənin mülki xarakterli olması müəyyən edilmişdir. Mülki mübahisələrinin həlli ilə bağlı aidiyyəti üzrə məhkəmə orqanına müraciət edilməsi nəzərlərinə çatdırılmışdır. İş materiallarında olan Bakı şəhər BPİ-nin Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-13-46-6/2-8318- 1223 nömrəli məktubdan görünür ki, İddiaçı ərizəsi əsasında Cavabdeh ilə telefon əlaqəsi saxlanılan zaman həmin şəxs hazırda rayonda olmasını, ərizədə qeyd olunan xüsusatların mülki xarakterli olduğu üçün izahat verməkdən imtina etməsini, İddiaçı şikayəti üçün aidiyyəti üzrə məhkəmə orqanına müraciət etməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirmişdir ki, o, ustadır. May ayının 22-də mətbəx mebeli üçün ölçülər ona deyilmişdir. İlkin ona kanalizasiya xəttini, aspiratorun yerini haradan təyin ediləcəyini bildirmişdir. O, da işləməyə başlamışdır. İlkinə 800 manat pul təqdim olunmuşdur. Daha sonra M.Miriyev pilləkənləri qoymaq üçün gözləmişdir. O, İlkinlə danışmış, İlkin sabah gələcəyini bildirmişdir. Mebeli İlkin düzəltməli idi. O, Yavərin telefonu ilə İlkinlə danışmış və ondan dəqiq hansı vaxt gələcəyini soruşmuşdur. İlkin avqust ayında mebel gətirmişdir. Mətbəxin ölçüləri təqribən 5 metr olduğu halda, mebelin uzunluğu 6 metr idi. Mebelin məsafəsi qalmış, qapılar olmamışdır. Sonradan İlkin mebeli gətirəcəyini desə də, gətirməmişdir. Bir dəfə İlkin onunla əlaqə saxlamış, mebelin hündürlüyünü soruşmuş, o da məsafəni İlkinə demişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra Mülki Məcəllənin maddələrinə istinad ediləcək) müəyyən edir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. (389.1-ci maddəsi) Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. (329.2-ci maddə) Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. (390-cı maddə). Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. (390.5.-ci maddə). Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.(405-ci maddə) Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. (385.1-ci maddə) Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfı mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1-ci maddəsi) Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin şərtlərini təfsir edərək belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilə hüquqi təbiətinə görə podrat müqaviləsinin əlamətlərini ehtiva edən müqavilə olduğu üçün hazırki iddianın həlli üçün mülki qanunvericiliyin podratla bağlı normaları tətbiq edilməlidir. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. (752.1-ci maddə) Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. (752.2-ci maddə) Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.(769-cu maddə) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (442-ci maddə) Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (448-ci maddə) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəyə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin maddələrinə istinad ediləcək) 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəyə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddə isə müəyyən edir ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır." Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara, şahid ifadəsinə əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materialları, iddiaçının izahatı və şahidin verdiyi izahatla təsdiq edilir ki, İddiaçı ilə Cavabdeh arasında mətbəx mebelinin hazırlanması ilə bağlı şifahi razılaşma olmuşdur. İddiaçı öhdəliklərini icra etsə də, cavabdeh tərəfindən öhdəliklər icra edilməmişdir. Belə ki, iddiaçı cavabdehə ayrı-ayrı vaxtlarda 800 və 500 manat olmaqla, ümumilikdə 1300 manat pul vəsaiti vermişdir. Razılaşmaya əsasən cavabdeh tərəfindən mətbəx mebeli quraşdırılmamış, iddiaçı tərəfindən ödənilmiş 1300 manat pul vəsaiti iddiaçıya geri qaytarılmamışdır. İddiaçı bununla bağlı Bakı şəhər BPİ-nin Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsinə müraciət etmiş, cavabdeh mübahisənin mülki xarakterli məsələ olduğunu bildirmiş, izahat verməkdən imtina etmiş, iddiaçıya məhkəməyə müraciət etməsini bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilə öhdəliyinin tam icra edilməməsi, iddiaçıya maddi zərərin vurulması mülki işdə olan sübutlarla təsdiq edildiyi üçün Cavabdeh 1300 manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsində hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğu üçün təmin edilməli, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya dəyən mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 1300 (bir min üç yüz) manat pul vəsaiti və 500 (beş yüz) manat məbləğində mənəvi ziyan, ümumilikdə 1800 (bir min səkkiz yüz) manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1174/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1174/2023
23.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver