Məhkəmə qərarları › İş №2(011)-1188/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1188/2025

11.02.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1188/2025 11.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 və onun nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və ünvan 2otariat ofisinə qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh2 və ünvan 2otariat ofisinə qarşı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən onunla Cavabdeh2 arasında Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi ünvanında yerləşən, 679 saylı bağ evinə və həmin bağ evinin yerləşdiyi, ümumi sahəsi 0,119079 ha torpaq sahəsinə dair 05 avqust 2022-ci il tarixdə ünvan 2otariat ofisində bağlanılmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi ünvanında yerləşən 679 saylı bağ evi və ona aid olan 0,119079 ha torpaq sahəsi əldə etmişdir və həmin bağ evi və torpaq sahəsinə 03 iyun 2011-ci il tarixdə adına DƏDRXtərəfindən çıxarış verilmişdir. 25 avqust 2022-ci il tarixdə adına olan bağ evini qızı Cavabdeh2 ünvan 2otariat ofisində bağışlama müqaviləsi əsasında bağışlamışdır. Qeyd etdiyi bağışlama müqaviləsi bağladıqdan bir müddət sonra qızı Cavabdeh2 ona qarşı olan münasibətini tam dəyişmiş, yaşadığı Xətai rayonunda yerləşən mənzilə onu buraxmamış, mənzilin qapısının qıfılını dəyişmiş və açarları ona təqdim etməkdən imtina etmiş, telefon zənglərinə ümumiyyətlə cavab verməmiş və mobil nömrəni “bloka” salmışdır. Bir sözlə, açıq-aşkar ona qarşı hörmətsizlik münasibəti göstərir, aralarında olan ailə münasibətlərini kobudcasına pozur. Qızı Cavabdeh2 bu hərəktələrindən sonra bağışladığı bağ evinə dair bağışlama müqaviləsinin ləğv olunması ilə bağlı pretenziya məktubu göndərmiş, lakin tərəfindən heç bir cavab verilməmişdir. Beləliklə, belə qənaətə gəlmək olar ki, qızının məqsədi mülkiyyətində olan bağ evini ələ keçirmək və bununla da, əsassız olaraq varlanması olmuşdur. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında bildirmişdir ki, cavabdehin anası ilə münasibətləri yaxşıdır, amma bugün qızı ilə ailə münasibətləri pisdir. Lakin qızını o özü böyütmüş, məktəbə, universitetə o aparmışdır. İddia tələbində müqavilənin ləğv edilməsini o səbəblə qoymuşdur ki, müqavilə ilə nə veribsə, onun qaytarılmasını tələb edir. Cavabdehin evi, maşını var, iddiaçı isə pensiyaçıdır. Hazırda müddətdən söhbət gedə bilməz. Açarın yeni surətini istəməmişdir. O, cavabdehin anasına da demişdir ki, 69 yaşı var, öləndən sonra nə istəyirlər etsin, onu vərəsəlikdən hüququndan məhrum etməmişəm. Buna görə də görə cavabdehin anasına dedim ki, qızına çatdırsın ki, onunla barışıq sazişi bağlasın. Cavabdeh bugün də deyir ki, onunla münasibəti yoxdur. Onu kim böyüdüb? Qızı ilə arasında münasibətlər necə olmaya bilər? O, soyuqqanlı adamdır, qızına olan münasibətlərini biruzə verən deyildir. Bağ evinin açarını dəyişiblər. Onun işçi otağını dəyişiblər, həmin otağa qarderob düzəltdirmişlər. Əşyalarının bir hissəsini anası notariat ofisində saxlayir, şəkilləri isə evdə qalmışdır. İddiaçı həmçinin ona verilən suallara cavabda qeyd etmişdir ki, o, Gülüş xanıma 1-2 saat ərzində qapının açılmasını, qapı açılmadığı təqdirdə isə evi yandıracağını demişdir. Cavabdehin anası notariusdur, o gəlib təsdiq edə bilərki, qızı onu evdən qovub. Köhnə maşını satmış, anasından pul alaraq üstünü düzəldib, yeni maşın almışdır. Cavabdeh ondan maşının dövlət qeydiyyat nişanını istəmiş, lakin o verməmiş, bildirmişdir ki, nə vaxt ölərəm, onda götürər. Bağ evində yaşayır. Əvvəlcədən bağda yaşamış, mütəmadi olaraq ora gəlibgedirdi. Qızı ona deməyib ki, bağı evini boşalt, deyə də bilməz, çünki bağ evi onundur. 10 il olar ki, cavabdehin anası ilə arasında olan nikah pozulub. Novxandakı evi iddiaçı təmir etmişdir, Gülüş xanım təmir üçün 2 ay maddi vəsait vermişdir. Bağışlama müqaviləsi olandan sonra o, bilmişdir ki, qızı blogerdi, necə həyat tərzi sürür. O, cavabdehin anasına deyib ki, o bağ evini geri götürəcək, qızı onunla yaxınlaşsın notairisa, orda həll edək. Qızı ondan birbaşa nəsə istəməyib, daima anasına deyib. O, bilmirdi ki, qızı blogerdi, sosial şəbəkələrdə şəkillər paylaşır. Cavabdeh2 və onun nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddiaya etiraz edərək, bildirmişdirlər ki, iddiaçı iddia ərizəsini onunla əsaslandıraraq göstərmişdir ki, “Bildirirəm ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi ünvanında yerləşən 679 saylı bağ evi və ona aid olan 0,119079 ha torpaq sahəsi əldə etmişəm və həmin bağ evi və torpaq sahəsinə 03 iyun 2011-ci il tarixdə adıma DƏDRX tərəfindən çıxarış verilmişdir. 25 avqust 2022-ci il tarixdə adına olan bağ evini qızı Cavabdeh2 ünvan 2otariat ofisində bağışlama müqaviləsi əsasında bağışlamışam. Qeyd etdiyi bağışlama müqaviləsi bağladıqdan bir müddət sonra qızım Cavabdeh2 mənə qarşı olan münasibətini tam dəyişmiş, yaşadığım Xətai rayonunda yerləşən mənzilə məni buraxmamış, mənzilin qapısının qıfılını dəyişmiş və açarları mənə təqdim etməkdən imtina etmiş, telefon zənglərimə ümumiyyətlə cavab verməmiş və mobil nömrəmi «bloka» salmışdır. Bir sözlə açıq-aşkar mənə qarşı hörmətsizlik münasibəti göstərir, aramızda olan ailə münasibətlərimizi kobudcasına pozur. Qızım Cavabdeh2nm bu hərəktələrindən sonra bağışladığım bağ evinə dair bağışlama müqaviləsinin ləğv olunması ilə bağlı pretenziya məktubu göndərmiş, lakin tərəfindən heç bir cavab verilməmişdir. Beləliklə, belə qənaətə gəlmək olar ki, qızımın məqsədi mülkiyyətimdə olan bağ evini ələ keçirmək və bununla da əsassız olaraq varlanması olmuşdur.” İddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 673.1, 673.1.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1 və 673.3-cii maddələrinin şərh edilməsinə dair» 26 aprel 2024-cü il tarixli Qərarına istinad edərək göstərmişdir ki, hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir. Buna görə də iddiaçı idda tələblərinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının qaldırdığı iddia tələbi və iddia ərizəsində göstərilənlərlə bağlı bildirmək istəyirlər ki, tələb tam əsassız olmaqla rədd edilməlidir. Belə ki, xx.xx.2024- cü il və xx.xx.2025-ci il tarixli məhkəmə iclası tərəflərin iştirakı ilə aparılmış və tərəflərə qaldırılmış tələbə dair öz münasibətlərini bildirmək təklifi verilmişdir. O, da öz növbəsində, ilk məhkəmə iclasında məhkəmənin nəzərinə çatdırmışdır ki, cavabdeh şəxsən məhkəmə iclasında iştirak etdikdən və atası ilə aralarında olan münasibətlərə fikir bildirdikdən sonra, hazırki etiraz ərizəsini məhkəməyə təqdim edəcək. Bununla bağlı qeyd edirlər ki, iddiaçı iddia ərizəsində yuxarıda göstərilənləri, yəni, iddiaçı bağışlama müqaviləsi bağladıqdan bir müddət sonra qızı Cavabdeh2 ona qarşı olan münasibətinin tam dəyişməsini, yaşadığı Xətai rayonunda yerləşən mənzilə onu buraxmaması, mənzilin qapısının qıfılının dəyişməsi və açarlarının ona təqdim etməkdən imtina etməsi, telefon zənglərinə ümumiyyətlə cavab verməməsi və mobil nömrəsini «bloka» salmasını, bir sözlə açıq-aşkar ona qarşı hörmətsizlik münasibətini göstərməsini, aralarında olan ailə münasibətlərini kobudcasına pozmasını göstərsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bildiyimiz kimi, Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunmalıdır ki, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdeh öz izahatında bildirmişdir ki, valideyinlərinin nikahlarının hələ o uşaq olarkən pozulmasına baxmayaraq, iddiaçı həmin dövrdə bir neçə il onlardan ayrı yaşamış və sonra tərəflər artıq birlikdə yaşamağa başlamışlar. Son dövrdə tərəflər, iddiaçının iddia ərizəsində göstərdiyi, Xətai rayonu ərazisində yerləşən, Meqafan adlı kompleksdə olan mənzildə, iddiaçı, cavabdeh və cavabdehin anası ilə birgə yaşamışlar. Tərəflər bu mənzildə birgə yaşasalar da, iddiaçının cavabdehlə heç bir zaman ata-övlad münasibətləri olmamış, cavabdehə bir ata kimi qayğı göstərməmiş, baxmayaraq ki, cavabdeh daim atasına qayğı göstərsə də, bu qayğı heç bir zaman qarşılıqlı olmamışdır. Belə ki, iddiaçı heç bir zaman cavabdehlə maraqlanmamış, onun hansı təhsil müəssisələrində oxuması, orada necə təhsil alması, hansı maddi vəsaitlər hesabına tələbatlarının qarşılanması ilə maraqlanmamışdır. İddiaçı hər zaman keçmiş həyat yoldaşından, yəni cavabdehin anasından pul vəsaitləri alaraq, onun vəsaitləri hesabına öz vəziyyətini yaxşılaşdırmışdır. Bunu iddiaçı özü də məhkəmədə verdiyi izahatında təsdiq etmiş və göstərmişdir ki, aldığı təqaüd məbləği az olduğundan, verilən vəsait onun özünə belə çatmır. Qeyd olunmalıdır ki, iddiaçı cavabdehin məhkəmə iclasına gəlməsini gördükdə, buna əsəbləşərək, “buna bax, mənim yanımda danışmağa qorxan adam, gəlib qarşıma məhkəməyə çıxıb” kimi sözlər işlətməsi isə onu göstərir ki, iddiaçının qızına münasibətləri heç də özünün iddia ərizəsində göstərdiyi kimi deyil. İddiaçının iddia ərizəsində göstərilənlərə nəzər yetirildikdə, iddiaçı cavabdehi valideyininə qarşı üsyan edən, valideyininə hörmət etməyən bir şəxs kimi qələmə verməyə çalışır və cavabdehin məhkəməyə onun qarşısında çıxış etmək üçün gəlməsi belə, iddiaçının ürəyincə olmamış və cavabdehin üzərinə gedərək, onu mənəvi olaraq əzmək, alçaltmaq istəmişdir. Cavabdeh öz izahatında atasına münasibətinin daim normal olmasını, ad günlərində belə atasının ona hədiyyə almamasına baxmayaraq, atasına daim hədiyyə almasını, heç bir zaman Xətai rayonunda yerləşən mənzildən qovmamasını, hətta atasının telefonunda qızına aid xatirə olaraq hər hansısa bir anı qeyd edilən bir şəkil və videonun belə olmamasını göstərmişdir. Cavabdeh atasının ona heç bir zaman qayğı göstərmədiyini, bu uzun illər ərzində ona bir dəfə də olsun, zəng edib maraqlanmadığını məhkəməyə bildirmişdir. Daha sonra cavabdeh məhkəmədə göstərmişdir ki, atası daim cavabdehin anasına, “Novxanıdakı bağ qızımızındır” demiş və həmin bağ evinin cavabdehə bağışlanması da məhz iddiaçının istəyindən irəli gəlmişdir. Cavabdeh atasından uzun illər ərzində yeganə dəyəri olan, bağışlanan hədiyyəni qəbul etmişdir. Bağışlanılan əmlak cavabdehin adına keçsə də, iddiaçı onun atası olduğundan, iddiaçı daim bu əmlakdan istifadə etmiş, orada yaşamış və hazırda da yaşamağa davam etdirməkdədir. İddiaçının iddia ərizəsində göstərilən, guya cavabdeh onu Xətai rayonunda yerləşən mənzildən qovması, mənzilin açarını dəyişməsini, Dubaya getdiyini deməsi, sonradan geri dönməsi və bu mənzilə buraxmaması kimi fikirləri tam absurtdur. Belə ki, cavabdehin verdiyi izahatından da göründüyü kimi, iddiaçı cavabdehin anası ilə yaşadığı mübahisədən sonra adı çəkilən mənzildən könüllü olaraq getmiş, özünə məxsus bütün geyim və şəxsi əşyalarını götürüb aparmışdır. Cavabdeh iddiaçının dediklərinə münasibət bildirəndə göstərmişdir ki, atasının danışdıqlarının absurt olması onunla da təsdiq olunur ki, heç bir şəxs yay aylarında Dubaya istirahətə gedə bilməz. Burada bir sual yaranır ki, əgər cavabdeh mənzilin giriş qapısının qıfıllarını dəyişmişdirsə, necə oldu ki, iddiaçı bu mənzildə olan bütün əşyalarını sərbəst şəkildə toplayaraq, götürüb bağ evinə getmişdir. Mənzilin qıfıllarının dəyişməsinə dair cavabdeh məhkəməyə bildirmişdir ki, atası evdən getdikdən br neçə ay sonra, mənzilin özünə məxsus olan açarlarını itirdiyindən, kənar şəxslərin bu açarları götürüb mənzilə daxil olmalarının qarşısını almaq üçün, mənzilin giriş qapısının qıfıllarını dəyişmişdir. Bu zaman iddiaçı artıq bir neçə ay idir ki, ona bağışladığı bağa köçüb orada yaşayırdı. Aparılan məhkəmə iclasında iddiaçının məhkəməyə verdiyi izahatlarındakı dəlillərindən də biri ondan ibarət olmuşdur ki, iddiaçı bağın qızına bağışlanmasının səbəbi olaraq göstərmişdir ki, “bu bağda təmir işləri apardığından, maddi vəziyyəti ağır olduğundan, cavabdehin anasından ona maddi kömək göstərməsini xahiş etmiş və cavabdehin anasının, yəni özünün keçmiş arvadının tələbi ilə bu bağı veriləcək maddi yardımın müqabilində cavabdehə bağışlamışdır. Daha sonra iddaçı göstərmişdir ki, adı çəkilən bağ evini 25 avqust 2022-ci il tarixində qızı Cavabdeh2 ünvan 2otariat ofisində bağışlama müqaviləsi əsasında bağışladıqdan sonra, elə həmin vaxt avqust ayının sonlarında bir dəfə cavabehin anası ona maddi yardım göstərmiş və daha sonra ona heç bir vəsait verməmişdir. İddiaçının məhkəmədə verdiyi izahatından da görünür ki, iddiaçı adı çəkilən bağ evini cavabdehə, onun anasının iddiaçıya verəcəyi maddi vəsait hesabına bağışlamışdır. Belə ki, bu bağışlamanın müqabilində, cavadehin anası ona külli miqdarda maddi yardım göstərməli idi. Yəni, iddiaçının bildirdiklərindən görünür ki, iddiaçı keçmiş arvadının tələblərini icra etmiş, bağı qızına bağışlamış, lakin keçmiş arvadı onu aldadaraq, ona pul vəsaitlərini verməmişdir. İddiaçının verdiyi məlumata əsasən, bu hal da, 2022-ci ilin sentyabr ayında baş vermişdir.” Göstərilənlərlə bağlı bildirmək istəyirlər ki, iddiaçı öz bağını hansısa maddi maraq müqabilində bağı qızına bağışlamamışdır. Hal bu ki, cavabdehin anası müqavilə tərəfi olmamış və bağ evi ilə bağlı üzərinə öhdəlik götürə bilməzdir. Buna baxmayaraq, əgər iddiaçı bunu bildirirsə, o zaman iddiaçı hansı səbəblərə görə, hazırki müqavilənin ləğv edilməsini 2022-ci ilin sentyabr ayında və ya həmin vaxtdan bir il ərzində tələb etməmişdir. Bildiyimiz kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1 və 673.3-cii maddələrinin şərh edilməsinə dair» 26 aprel 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, “müraciətdə qaldırılan digər məsələ Mülki Məcəllənin 673.3-cü maddəsi ilə nəzərdə tutulan müddətin iddia və ya kəsici müddət olması və bu müddətin axımının hansı andan başlaması ilə əlaqədardır. Həmin maddəyə uyğun olaraq, imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Nəzərə alınmalıdır ki, iddia müddəti pozulmuş hüquqların məhkəmə müdafiəsi ilə bağlı nəzərdə tutulmuş müddət olaraq hüquq münasibətləri iştirakçılarının öz hüquqlarını vaxtında müdafiə etməsinə, müqavilə və maliyyə intizamının möhkəmləndirilməsinə, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin aradan qaldırılmasına, məhkəmələr tərəfindən zamanla mötəbərliyinin yoxlanılması qeyri-mümkün olan sübutlara istinad edilməsini aradan qaldıraraq mübahisələrin obyektiv əsaslarla həll edilməsinə və s. yönəlmişdir. Kəsici müddət isə mülki hüququn həyata keçirilməsi üçün müəyyən edilmiş zaman kəsiyi olmaqla, hüququn pozulub-pozulmamasından asılı olmayaraq bu müddətin bitməsi hüquqa xitam verilməsi ilə nəticələnir. Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 2023-cü il 15 fevral tarixli Qərarlarında iddia və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı ifadə etdiyi hüquqi mövqeyinə əsasən, tələb hüququna xas olan iddia müddətindən fərqli olaraq kəsici müddət əqdi mübahisələndirmək hüququna və iddialara aiddir. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olduğu halda, kəsici müddət subyektiv hüququn mövcudluğu ilə şərtlənir, həmin müddətin bitməsi hüququn özünün xitamı ilə nəticələnir. İddia müddətinin axımı dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. İddia müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir (bu səbəbdən də cavabdehin ərizəsi ilə tətbiq edilir), kəsici müddət isə üçüncü şəxslərin və ümumiyyətlə mülki dövriyyənin maraqları naminə müəyyən edilir (bu səbəbdən də məhkəmənin öz təşəbbüsü ilə (ex officio) tətbiq edilir. O da qeyd edilməlidir ki, Mülki Məcəllənin 673.1 və 673.2-ci maddələrində göstərilən halların baş verdiyi təqdirdə hədiyyə verənin imtina haqqında bildirişi birtərəfli qaydada hədiyyə alana göndərməsi ilə hədiyyə predmetini geri tələb etməsi qarşı tərəfin hüquqi vəziyyətinin dəyişməsi ilə nəticələnir. Hüquq doktrinasında isə belə bir hüququn (formalaşdırıcı hüququn) həyata keçirilməsi qarşı tərəfin iradəsindən asılı olmayaraq birtərəfli qaydada sonuncunun hüquqi vəziyyətində dəyişikliklərə səbəb olduğu nəzərə alınaraq, hüquqi müəyyənliyin təmin edilməsi baxımından həmin hüququn istifadəsi üçün müəyyən edilmiş müddət kəsici müddət kimi qəbul edilir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 673.3-cü maddəsinin dispozisiyasında qanunvericinin müəyyən etdiyi bir illik müddətin ötürülməsi ilə bağışlamaqdan imtina hüququnun xitamına səbəb olan müddət kəsici müddət kimi qiymətləndirilməlidir. Həmçinin bağışlama müqaviləsinin nə zaman bağlanılmasından asılı olmayaraq, hədiyyə verən məhz imtinaya əsas verən hallar ona məlum olduğu gündən yalnız bir il ərzində imtina haqqında bildirişi hədiyyə alana göndərə bilər. Bu müddətin bitməsi isə hədiyyə verənin hədiyyə predmetini geri tələb edə bilməməsi ilə nəticələnir. Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: - Konstitusiyanın 17-ci maddəsinin İ hissəsinin tələbləri baxımından Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyi ilə müəyyən edilən hallarda və həddə əmlak və şəxsi qeyri-əmlak münasibətlərindən irəli gələn vəzifələri ehtiva edir; - Mülki Məcəllənin 673.1.2-ci maddəsinin dispozisiyasında əks olunan “kobudcasına pozulduqda” müddəası qiymətləndirmə tələb etdiyindən, məhkəmələr tərəfindən bağışlamaqdan imtina məsələsi həll edilərkən işin hallarından asılı olaraq hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun onun üzərinə qoyulmuş vəzifələrin pozulmasının nədən ibarət olması dəqiq olaraq müəyyən edilməlidir; - bağışlama müqaviləsinin nə zaman bağlanılmasından asılı olmayaraq, bağışlamaqdan imtinaya əsas verən hallar hədiyyə verənə məlum olduğu gündən Mülki Məcəllənin 673.3-cü maddəsində müəyyən edilmiş bir illik müddətin keçməsi ilə hədiyyə verənin bağışlamaqdan imtina hüququna xitam verilir. İddiaçının ərizəsində göstərdiyi əsaslarla hazırki iddia ilə məhkəməyə müraciət etməsinin səbəbi isə, sadəcə olaraq qızına bağışladığı bağ evini geri almaqdan və onu hədiyyədən məhrum etməkdən ibarətdir. Burada da, iddiaçı öz hərəkətləri və qaldırdığı tələbi ilə, qızına qarşı olan kəskin münasibətini göstərməkdə davam etdirir. Göründüyü kimi, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsinin səbəbi heç də ailə dəyərləri ilə bağlı münasibətlərdən irəli gələn pozuntu olmamışdır. Belə ki, yuxarıda göstərdiyimiz kimi, keçirilən məhkəmə iclasında iddiaçının cavabdehə qarşı olan rəftarı və münasibəti, cavabdehin elə məhkəmədə verdiyi məlumata əsasən, iddiaçının ona qarşı olan xoşagəlməz hərəkətləri bunu göstərir ki, iddiaçı heç bir zaman cavabdehə öz əziz bir övladı-qızı kimi münasibət bəsləməmiş, bağ evinin bağışlanmasından əvvəl aralarında hansı münasibətlər olmuşdursa, bu münasibətlər bağışlamadan da sonra davam edir. Tərəflərin münasibətləri dəyişməmiş və necə olmuşdursa, o şəkildə də qalır. Onu da qeyd etmək istərdik ki, iddaçını heç bir şəxs nə Xətai rayonunda yerləşən mənzildən qovmamış, nə də bağ evindən qovmur. İddiaçı 2024cü ilin yay aylarından hazırki vaxtadək cavabdehə bağışladığı bağ evində yaşamağa davam edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddia tələblərinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Cavabdeh ünvan 2otariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən İddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 27.45 kv/m olan bağ evinin və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.119079 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən tam hissəni qızı olan hədiyyə alan Cavabdeh2 mülkiyyətinə vermişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh2 ünvanlanan pretenziyadan görünür ki, cavabdehə hədiyyə etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi ünvanında yerləşən 679 saylı bağ evinə dair 25 avqust 2022-ci il tarixdə ünvan 2otariat ofisində aralarında bağışlama müqaviləsinin ləğv edilməsini təklif etmiş, əks halda məhkəməyə müraciət etmək məcburiyyətində qalacağını bildirmişdir. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemində əldə edilmiş məlumatdan görünür ki, ünvan 3 ünvanında yerləşən bağ evi Cavabdeh2 mülkiyyətindədir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Həmin Məcəllənin 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Həmin Məcəllənin 673.1.2-ci maddəsinə hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, həmin Məcəllənin 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən, hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, hədiyə alan bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Həmin Məcəllənin 673.3-cü maddəsinə əsasəni imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Həmin Məcəllənin 674-cü maddəsinə əsasən aşağıdakı hallarda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir: 674.1.1. bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda; 674.1.2. hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda. Həmn Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının, cavabdehin və cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı mübahisəli müqavilənin ləğv edilməsi üçün əsaslar mövcud deyildir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 27.45 kv/m olan bağ evinin və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.119079 ha olan torpaq sahəsini Cavabdeh2 mülkiyyətinə vermişdir. Hazırda iddiaçı daşınmaz əmlakın bağışlanmasından sonra cavabdehin ona olan münasibətini dəyişdiyini, həmçinin onun digər uşaqlarının olduğunu əsas gətirərək, müqavilənin məhkəmə qaydasında ləğv edilməsini tələb edir. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir və əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur ki, qeyd edilən müqavilədə hər hansı bir cavab xidməti şərtləndirilməmişdir və öhdəliklə şərtləndirilmədiyindən hədiyyə cavabdeh tərəfindən qəbul edilmişdir. Göründüyü kimi, bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməyən əvəzsiz müqavilə kimi müəyyən edilmişdir. Bağışlama müqaviləsinin əvəzsiz olması onda ifadə olunur ki, hədiyyə alan hədiyyənin müqabilində hədiyyə verənin bəhrələnməsinə və ya hər hansı maddi təminat əldə etməsinə yönələn öhdəliklər daşımır və belə öhdəliyin nəzərdə tutulması istisna edilir. Mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır. Qeyd olunmalıdır ki, hər bir mülki-hüquq müqaviləsinin özünə məxsus şərtləri (müqavilənin standart şərtləri və s. şərtlər) vardır və müqavilələr bu şərtlərə riayət olunmaqla bağlanılmalıdır. MM-in 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi bir qayda olaraq hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməsinə baxmayaraq qanunverici bağışlama müqaviləsinin öhdəliklə şərtləndirilməsini, yəni bağışlamanı müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilməsini istisna etməmişdir. Hazırkı mülki mübahisədə isə tərəflər arasında öhdəliklə şərtləndirilən bağışlama müqaviləsi bağlanılmamışdır. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən də göründüyü kimi Cavabdeh2 xx.xx.2022-ci il tarixli notarial qaydada vermiş olduğu ərizə ilə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmasını tələb etmişdir. Bu da onu deməyə əsas verir ki, hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə tərəflər arasında real və əvəzsiz bağışlama müqaviləsi bağlanmışdır. Hazırki iddianın hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası MM-in 673.1ci maddəsi hədiyyə verənin bağışlamaqdan imtinasının 3 əsasını müəyyən edir: 1) Hədiyyə alanın hədiyyə verənə (onun yaxın qohumuna) qarşı ağır cinayət törətməsi, 2) Hədiyyə alan tərəfindən ailə hüquq münasibətlərinə uyğun vəzifələrini kobud pozması və ya 3) Bağışlama ilə bağlı öhdəliklərin icra olunmaması. İddiaçı məhz ikinci əsasa istinad edərək bağışlama müqaviləsinin ləğv edilməsini xahiş etmiş və mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh bağışlanmış əmlakın müqabilində atası olan iddiaçıya qayğı göstərməsinə dair öhdəliklərini yerinə yetirməmiş, yaşlı olan iddiaçının evə daxil olmasına maneələr yaratmışdır. Lakin işin faktiki halları araşdırılarkən hədiyyə alan olan cavabdehin hədiyyə verən iddiaçıya münasibətdə ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrinin kobud pozulması halları müəyyən edilməmişdir. Bundan başqa tərəflərin müstəqil iradəsi ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı iddia tələbini bağışlama müqaviləsinin ləğv edilməsinin əsası olaraq Mülki Məcəllənin 673-cü maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarına istinad etmiş, cavabdeh tərəf də öz mövqeyini məhz müqavilədən imtina ilə bağlı müddəalar ilə əsaslandırmış və hər iki tərəf o istiqamətdə izahatlar vermişdir. Buna görə də, məhkəmə bağışlamaqdan imtina üçün əsasların olub-olmaması barədə hüquqi qiymətləndirmə apararaq aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyi ilə müəyyən edilən hallarda və həddə əmlak və şəxsi qeyri-əmlak münasibətlərindən irəli gələn vəzifələri ehtiva edir. Həmin Plenum qərarında qeyd edilmişdir ki, qanunvericilikdə ailə hüquq münasibətlərindən irəli gələn vəzifələr sırasında aşağıdakılar təsbit edilmişdir: valideynlərin uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək borcu (Konstitusiyanın 34cü maddəsinin İV hissəsi);- uşaqların valideynlərə hörmət etmək, onların qayğısına qalmaq borcu, 18 yaşına çatmış əmək qabiliyyətli uşaqların əmək qabiliyyəti olmayan valideynləri saxlamaq borcu (Konstitusiyanın 34-cü maddəsinin V hissəsi, Ailə Məcəlləsinin 82.1-ci maddəsi); - ər-arvadın ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurması, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməsi, övladlarının inkişafı üçün əlverişli şərait yaratması və onların sağlamlığının qayğısına qalması (Ailə Məcəlləsinin 29.4-cü maddəsi);- valideynlərin uşaqların əsas ümumi təhsil almasını təmin etməsi, onların hüquq və mənafelərini müdafiə etməsi, valideynlik hüquqlarını həyata keçirərkən uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməsi və s. (Ailə Məcəlləsinin 58.4, 59.1, 60.2-ci maddələri). X1 həmçinin qeyd edilmişdir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan hal qiymətləndirmə tələb edən əlamət olduğundan, onu təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu baxımdan, məhkəmələr tərəfindən hədiyyə alanın daşıdığı vəzifələrin pozulmasının nədə ifadə olunması və pozuntunun kobud olub-olmaması konkret işin hallarından (fiziki və psixoloji zərərin dərəcəsi, bəzi hallarda hədiyyə verənin və onun yaxın qohumlarının yaşı və səhhəti və s.) asılı olaraq müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 674.1-ci maddəsinə əsasən bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda, hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir. Göründüyü kimi mülki qanunvericilik bağışlamanın ləğvini bağışlama imtina hüququnun həyata keçirilmədən iki meyarla əsaslandırmışdır. Belə ki, iddiaçı mülkiyyətində olan bağ evini öz iradəsi əsasında sərəncam verərək qızına bağışlamış, sonuncu da hədiyyəni qəbul etmiş və həmin əmlak onun adına qeydə alınmışdır. Bağışlama müqaviləsinin ləğv edilməsi üçün hər hansı bir əsas yoxdur. Hazırki iddia tələbinin təmin edilməsi üçün mülki qanunvericiliyin normaları baxımından əsaslar yoxdur. Ümumiyyətlə tərəflər arasında olan münasibətlərin xarakterinə məhkəmə hüquqi qiymət verərək, qeyd edir ki, onlar arasında hazırkı münasibətlər nə müqavilənin digər əsaslarla ləğv edilməsi, nə də bağışlamaqdan imtina üçün əsas deyildir. Çünki məhkəmə iclasları zamanı nə iddiaçı tərəfindən, nə də cavabdeh tərəfindən müqavilə bağlanmazdan əvvəlki münasibətlərin də normal olması barədə, məhz müqavilə bağlandıqdan sonra münasibətlərin pisləşməsi barədə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Lakin keçirilmiş məhkəmə iclaslarında da onlar arasındakı münasibətlərin gərgin olduğu müəyyən edilmişdir. Məhkəmə eyni zamanda iddia müddəti ilə bağlı məsələyə aydınlıq gətirərək qeyd edir ki, hazırkı mübahisədə müqavilənin ləğv edilməsi ilə bağlı iddia müddəti də iddiaçı tərəfindən ötürülmüşdür. Belə ki, X1 qeyd edilmişdir ki, Mülki Məcəllənin 673.1 və 673.2-ci maddələrində göstərilən halların baş verdiyi təqdirdə hədiyyə verənin imtina haqqında bildirişi birtərəfli qaydada hədiyyə alana göndərməsi ilə hədiyyə predmetini geri tələb etməsi qarşı tərəfin hüquqi vəziyyətinin dəyişməsi ilə nəticələnir. Hüquq doktrinasında isə belə bir hüququn (formalaşdırıcı hüququn) həyata keçirilməsi qarşı tərəfin iradəsindən asılı olmayaraq birtərəfli qaydada sonuncunun hüquqi vəziyyətində dəyişikliklərə səbəb olduğu nəzərə alınaraq, hüquqi müəyyənliyin təmin edilməsi baxımından həmin hüququn istifadəsi üçün müəyyən edilmiş müddət kəsici müddət kimi qəbul edilir. Mülki Məcəllənin 673.3-cü maddəsinin dispozisiyasında qanunvericinin müəyyən etdiyi bir illik müddətin ötürülməsi ilə bağışlamaqdan imtina hüququnun xitamına səbəb olan müddət kəsici müddət kimi qiymətləndirilməlidir. Həmçinin bağışlama müqaviləsinin nə zaman bağlanılmasından asılı olmayaraq, hədiyyə verən məhz imtinaya əsas verən hallar ona məlum olduğu gündən yalnız bir il ərzində imtina haqqında bildirişi hədiyyə alana göndərə bilər. Bu müddətin bitməsi isə hədiyyə verənin hədiyyə predmetini geri tələb edə bilməməsi ilə nəticələnir. Göründüyü kimi daşınmaz əmlakın bağışlanması müqaviləsi xx.xx.2022-ci il tarixində bağlanmış, iddiaçı müqavilə bağlandıqdan sonra münasibətlərin pisləşdiyini bildirsə də xx.xx.2024-ci il tarixində məhkəməyə müraciət etmiş, habelə iddia ərizəsinə əlavə etdiyi pretenziya məktubunda tarix qeyd edilməmiş və ya pretenziyanın cavabdehə çatdırılmasını təsdiq edən qaimə, qəbz və s. sənəd əlavə edilməmişdir. Heç cavabdehin bağışlama müqaviləsi ilə bağlı üzərinə götürdüyü “iddia edilən” öhdəlikləri icra etmək niyyətində olmamasını bağışlama müqaviləsinin bağlandığı vaxtdan 2 ildən artıq müddət keçəndən sonra iddiaçının başa düşməsi ağlabatan görünmür. Çünki məhkəmənin xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iddiaçı dolayı yolla da olsa, bağ sahəsinin qızına bağışlanmasını, bağın təmiri ilə bağlı cavabdehin anası tərəfindən ödənişlərin edilməsi barədə razılaşdığı, yalnız iki ay müddətində ona ödəniş edildiyini bildirmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və ünvan 2otariat ofisinə qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi” tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar