Məhkəmə qərarları › İş №2(011)-1195/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1195/2021

16.09.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1195/2021 16.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı – işdən çıxarıldığı üçün Cavabdeh ASC tərəfindən iddiaçıya ödənilməli olan əmək haqqının ödənilməmiş 15 (on beş) günlük iş dövrü üçün nəzərdə tutulan əmək haqqının iddiaçıya ödənilməsi, 2018-ci ilin oktyabr ayından başlayaraq 15.10.2020-ci il tarixədək olan iş dövrü üçün istifadə edilməmiş məzuniyyətlərə görə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan məzuniyyət müavinətinin ödənilməsi, tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2018-ci ilin oktyabr ayından başlayaraq 15.10.2020-ci il tarixədək Cavabdeh ASC-nin 1 saylı Tikinti Quraşdırma sahəsinin Abşeron sahəsində “rəngsaz" vəzifəsində çalışmışdır. İşlədiyi illər ərzində daima işinə məsuliyyətlə yanaşmış və öz vəzifəsini lazımi qaydada icra etmişdir. 14.10.2020-ci il tarixdə Cavabdeh ASC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, yəni işçilərin sayı və ya ştatları ixtisar edildiyindən əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı 9 həftə qabaqcadan xəbərdarlıq edilməyi barədə 01-FA/725 nömrəli yazılı xəbərdarlıq təqdim olunmuşdur. Həmçinin, Cavabdeh ASC tərəfindən təqdim edilmiş 14.10.2020-ci il tarixli 01-FA/725 nömrəli xəbərdarlıqda qanunla nəzərdə tutulmuş xəbərdarlıq müddətini gözləmədən əmək müqaviləsinə xitam verilməsi barədə öz razılıq ərizəsini təqdim edəcəyi təqdirdə AR Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə əsasən orta aylıq əmək haqqının 2 misli məbləğinin birdəfəlik ödəniləcəyi bildirilmişdir. Yalnız bundan sonra, o xəbərdarlıq müddəni gözləmədən əmək müqaviləsinə xitam verilməsi barədə öz razılıq ərizəsini Cavabdeh ASC-yə təqdim etmiş. Beləliklə, 15.10.2020-ci il tarixdə əmək müqaviləsinə xitam verildi. Bundan sonra Cavabdeh ASC tərəfindən birdəfəlik ödənilməli olan orta aylıq əmək haqqının 2 misli məbləğində pul miqdarını və həmçinin işdən çıxarılmazdan əvvəlki dövrü əhatə edən və gecikdirilmiş ümumi 3 (üç) aylıq orta aylıq əmək haqqımın kart hesabına yüklənmədiyini müşahidə etdikdən sonra məsələnin aydınlaşdırılması üçün banka yaxınlaşmış, lakin bank tərəfindən ona təqdim olunan çıxarışdan da göründüyü kimi Cavabdeh ASC tərəfindən iddiaçıya ödənilməli olan məbləğdən işlədiyi 15 (on beş) gün üçün nəzərdə tutulan ödəniş verilməmişdir. Bu məsələ ilə banka iradını bildirmiş, lakin onlar tərəfindən iddiaçıya bankla bağlı hər hansı problem olmadığını və məsələni Cavabdeh ASC ilə dəqiqləşdirməyi məsləhət görüldü. “Azenco" ASC-də çalışdığı illər ərzində bir dəfə belə əmək məzuniyyətinə çıxmamışdır. Belə ki, anasının səhhəti ilə bağlı problemləri mövcud idi və həmçinin vəziyyəti getdikcə ağırlaşırdı. Bu səbəbdən qanunla nəzərdə tutulmuş 27 (iyirmi yeddi) gün müddətinə məzuniyyətə çıxmaq üçün rəhbərliyə müraciət etsə də, rəhbərlik tərəfindən iş yükünün çox olması və buna görə də, müraciətinin qəbul olunmadığı bildirilmişdir. Belə olan halda işlədiyi müddət ərzində Cavabdeh ASC tərəfindən AR Əmək Məcəlləsilə nəzərdə tutulmuş məzuniyyət hüququ pozulmuşdur. Həmçinin, cavabdeh tərəfindən məzuniyyət müddəti 21 (iyirmi bir) gün qeyd olunaraq və Cavabdeh ASC qanun pozuntusuna yol verərək ona haqqı olan məzuniyyət müavinətini də ödəmədi. Dəfələrlə hazırki iş üzrə Cavabdeh ASC-dən məzuniyyət müavinətinin ödənilməsi üçün müraciət etsə də, cavabdeh tərəfindən bugünədək heç bir hərəkət həyata keçirilməmişdir. Bunun əksinə olaraq isə istədiyin yerə şikayətlə müraciət et, sənə bu məbləği ödəməyəcəyik kimi əsassız cavab verilmişdir. Bu qədər uzun müddət ərzində haqlı olduğum halda bürokratik süründürməçiliyə məruz qalmağı ona mənəvi iztirablar vermişdir. Bu səbəbdən hesab edir ki, Azərbaycan Respublikasının vətəndaşı kimi hüquqlarının kobud surətdə pozulmuş və bilərəkdən təmin olunmamışdır. 2018-ci ilin oktyabrından 15.10.2020-ci ilədək olan iş dövrü kifayət qədər uzun müddətdir və həmin dövr üçün ödənilməli olan 15 (on beş) günlük qalıq əmək haqqı və 3 (üç) il müddətinə ödənilməmiş məzuniyyət müavinəti kifayət qədər böyük məbləğdə pul edir. İşlədiyi 3 (üç) il ərzində maaşını vaxtlı vaxtında almamağı, gecikdirilmiş aylar üzrə maaşın da tam formada ödənilməməsi azmış kimi, hələ işlədiyi 15 (on beş) günlük qalıq əmək haqqımın və 3 (üç) illik dövr üçün nəzərdə tutulan məzuniyyət müavinətinində ona ödənilməməsi onun maddi vəziyyətini xeyli çətinləşdirmiş, ailəsinin dolanışığını təmin etməyi üçün bir sıra şəxslərə borclanmağı ilə nəticələnmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi X3 məhkəmədə iddiaya etiraz edərək, bildirdi ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi tələblərin heç bir faktiki və hüquqi əsası yoxdur. İddiaçı məhkəməyə müraciət etmək üçün qanunvericiliklə müəyyən olunmuş iddia müddətini də (məzuniyyət müavinatı hissəsində) ötürdükdən sonra özündə yalnız formal mülahizələri əks etdirən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin, iddiaçı öz iddia ərizəsində hüquqlarının pozulmasını əks etdirən faktları qeyd etməmişdir ki, bu da bir daha iddianın əsassızlığının göstəricisidir. Bu səbəbdən də İddiaçı Baylar oğlunun iddia tələbi rədd edilməlidir. Cavabdeh ASC-nin nümayəndəsi X3, iddia müddətini tətbiq edərək İddiaçı Baylar oğlunun Cavabdeh ASC-yə qarşı istifadə etmədiyi əmək məzuniyyətlərinə görə ödənilməli olan pul məbləğinin ödənilməsi tələbinə dair iddiasının rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan, "xxxx" MMC ilə işçi İddiaçı arasında 02.05.2005-ci il tarixində bağlanılmış 530 nömrəli Əmək müqaviləsinin surətindən görünür ki, Müqaviləyə əsasən işçi Cavabdeh ASC-nin 6 nömrəli Mülki Tikinti və Təmir İdarəsin 4-ci dərəcəli rəngsaz vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin İddiaçı ünvanladığı 01-FA/725 nömrəli 14.10.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ”b” bəndinə əsasən onunla bağlanılmış əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı 9 (doqquz) həftə qabaqcadan xəbərdar edilir. İş materiallarında olan Cavabdeh ASC-nin 15.10.2020-ci il tarixli 20/37-irş nömrəli Əmrinə əsasən 1 saylı Tikinti Quraşdırma sahəsinin Tikinti sahəsinin 4-cü dərəcəli rəngsazı İddiaçı əmək müqaviləsinə, 15.10.2020-ci il tarixindən Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatın ixtisar edilməsi) xitam verilmiş, Məzuniyyətinin istifadə olunmamış dövrü 70 t.g. (2017/2018-19(21-2) t.g., 2018/2020-42 t.g., 2020-9 t.g.) və orta aylıq əmək haqqının 2 misli miqdarında müavinət ödənilsin. İş materiallarında olan Cavabdeh ASC-nin arayışına əsasən, İddiaçı Cavabdeh ASCnin 1 saylı Tikinti Quraşdırma sahəsində 4-cü dərəcəli rəngsaz işləyib və 15.10.2020-ci il tarixdə 20/37-irş əmrinə əsasən işdən azad olmuşdur. İddiaçı bir günə görə əmək haqqı aşağıdakı qaydada tapılaraq 70 günə görə 1358 manat 70 qəpik Son haqq-hesab hesablanmışdır. İddiaçı oktyabr ayının 10 iş gününə görə 217 manat əmək haqqı və əmrə əsasən istifadə olunmamış məzuniyyət dövrü 70 günə görə 1358 manat 70 qəpik Son haqq-hesab, 1179 manat 92 qəpik ixtisara görə müavinat cəmi 2755 manat 62 hesablanmışdır və həmin məbləğdən tutulmalar- 4 manat 34 qəpik həmkarlar ittifaqına üzvlük haqqı, 89 manat 34 qəpik təqaüd fonduna, 7 manat 88 qəpik işsizlikdən sığorta fonduna ayırmalar - 101 manat 56 qəpik tutulduqdan sonra 15 oktyabr 2020-ci il tarixdə "xxxx" ASC-dəki AZ02AZEN******************** bank hesabına 2654 manat 06 qəpik köçürülmüşdür. Həmin tarixdə İddiaçı 2020-ci ilin avqust ayına görə hesablanmış 434 manat əmək haqqından 40 manat 25 qəpik tutulduqdan sonra 393 manat 75 qəpik və sentyabr ayına görə hesablanmış 477 manat əmək haqqından 45 manat 63 qəpik tutulduqdan sonra 431 manat 37 qəpik əmək haqqı köçürülmüşdür. İş materiallarında olan 15.10.2020-ci il tarixli 2131 və 2132 nömrəli Ödəniş tapşırıqlarına əsasən Cavabdeh ASC tərəfindən İddiaçı "xxxx" ASC-dəki AZ02AZEN******************** bank hesabına 2654,06 manat son haqq-hesab, 2020-ci ilin avqust ayına görə hesablanmış 393,75 manat və sentyabr ayına görə hesablanmış 431,37 manat köçürülmüşdür. Beləliklə, mülki iş həqiqi halları ilə müəyyən edildi ki, İddiaçı şəxsi vərəqəsinin surətinə əsasən, İddiaçı işlədiyi müddət ərzində işçi İddiaçı işlədiyi müddətdə istifadə etmədiyi məzuniyyət günləri 2017-2018-ci iş ili üzrə 26 təqvim günü, 2018-2019-cu iş ili üzrə 26 təqvim günü, 2019-2020-ci iş ili üzrə 27 (21+6) təqvim günü və 2020-ci iş ili üzrə isə 9 təqvim günü hesablanmalı olduğu halda Cavabdeh ASC tərəfindən 70 təqvim günü miqdarında hesablanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir (Maddə 83). Beləliklə məhkəmə iddia tələbini Cavabdeh ASC tərəfindən iddiaçıya ödənilməli olan əmək haqqının ödənilməmiş 15 (on beş) günlük iş dövrü üçün nəzərdə tutulan əmək haqqının iddiaçıya ödənilməsi hissəsində araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya Cavabdeh ASC tərəfindən əmək müqaviləsinə xitam verilən vaxt, yəni 15.10.2020-ci il tarixdə oktyabr ayının 10 iş gününə görə 217 manat əmək haqqı hesablanaraq ödənilmişdir. Odur ki, iddia qeyd edilən hissədə əsassız hesab edilərək rədd edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (Maddə 139). Həmin Məcəlləyə əsasən Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. Əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktik olaraq verildiyi gündən hesablanıla bilər. Məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir (Maddə 140). Həmin Məcəlləyə əsasən müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir (Maddə 143). Məhkəmə yuxarıda sadalanan qanunvericilik aktının müddəalarını nəzərə alaraq, iddia tələbini, 2018-ci ilin oktyabr ayından başlayaraq 15.10.2020-ci il tarixədək olan iş dövrü üçün istifadə edilməmiş məzuniyyətlərə görə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan məzuniyyət müavinətinin ödənilməsi hissəsində araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissədə qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının Cavabdeh ASC-də işlədiyi dövrdə istifadə etmədiyi məzuniyyət günlərinə görə ödənilməmiş məzuniyyət günlərinin sayı 18 gün təşkil edir. Odur ki, istifadə edilməmiş məzuniyyət günlərinə görə 18 təqvim günü üzrə iddiaçıya ödənilməli məzuniyyət haqqı hesablanaraq cavabdeh tərəfindən iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərdən keçirərək, iddiaçının iddia müddətini ötürməsi ilə bağlı belə qənaətə gəlir ki, hazırkı iddia ilə bağlı iddia müddəti tətbiq edilməməlidir. Belə ki, mülki iş materiallarından görünür ki, Cavabdeh ASC-nin 15.10.2020-ci il tarixli 20/37-irş nömrəli Əmrinə əsasən İddiaçı əmək müqaviləsinə, 15.10.2020-ci il tarixindən Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatın ixtisar edilməsi) xitam verilmiş, son haqq-hesab ödənişi 15.10.2020-ci il tarixdə ödənilmişdir. İddiaçı məhkəməyə 25.11.2020-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Sadalanan xüsusatlarla və istinad edilən hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğudan qismən təmin edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İstifadə edilməmiş 18 (on səkkiz) məzuniyyət gününə görə pul əvəzi Cavabdeh ASC tərəfindən hesablanaraq iddiaçı X1 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar