Məhkəmə qərarları › İş №2(011)-1203/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1203/2021

19.08.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1203/2021 19.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi ilə işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş, iddiaçı ilə həmin müəssisə arasında bağlanmış əmək müqaviləsinin xitam olunması barədə 27 iyun 2020-ci il tarixli əmrin ləğv edilməsi və məcburi işburaxmaya görə cavabdeh müəssisə tərəfindən 24 iyun 2020-ci il tarixdən işə bərpa olunan tarixədək olan müddət üçün orta əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1983-cü ildən əmək fəaliyyətinə başlamışdır. O, 25 il mexanizator-traktorist kimi müxtəlif müəssisələrdə işləmişdir. İddiaçı 2019-cu ildə Cavabdeh MMC-də X1 Komleksinin əsaslı təmirində tikinti, hörgü işi üzrə usta kimi işə başlamışdır. 2020-ci ilin aprel ayından iddiaçını həmin müəssisədə bağban kimi işə qəbul etmişlər. Onun əmək haqqının məbləği 450 manat olmuşdur və iddiaçı əmək haqqını kart vasitəsilə almışdır. İddiaçı işlədiyi dövrdə işinin öhdəsindən layiqincə gəlmişdir. 2020-ci ilin 24 iyun tarixində iddiaçıya iş yerindən 15 gün fasilə veriləcəyi bildirilmişdir. 15 gündən sonra tikinti təmir işlərinin davam etməsinə baxmayaraq iş icraçısı iddiaçıya 15 gün də gözləməsini, onu çağıracaqlarını bildirmiş, lakin onu işə çağırmamışlar. Hazırda iddiaçının işlədiyi işə əlavə bir neçə adam bağban vəzifəsinə qəbul olunmuşdur. İddiaçı Dövlət Əmək Müfəttişliyinin Quba bölməsinə müraciətindən sonra 27 iyun 2020-ci il tarixli əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi ona məlum olmuşdur. Həmin əmr barədə məlumat və əmrin surəti hələ də iddiaçıya verilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. İş materiallarından görünür ki, İddiaçı ərizə ilə cavabdeh müəssisəyə müraciət edərək, 06 aprel 2020-ci il tarixdən müəssisəyə bağban vəzifəsinə qəbul edilməsini xahiş etmişdir. 13 aprel 2020-ci il tarixdə Cavabdeh MMC ilə İddiaçı arasında əmək müqaviləsi bağlanmış və işçi müəssisəyə bağban vəzifəsinə qəbul edilmişdir. 27 iyun 2020-ci il tarixdə İddiaçı ərizə ilə müəssisəyə müraciət edərək, həmin tarixdən onun tutduğu bağban vəzifəsindən azad edilməsini xahiş etmişdir. 27 iyun 2020-ci il tarixli əmrlə iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış mübahisə əmək münasibətlərindən irəli gəldiyindən hazırkı işə baxılarkən məhz əmək qanunvericiliyinin normalarına riayət edilib-edilməməsi yoxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsində cavabdeh şirkət tərəfindən onu işdən azad edərkən heç bir qanunvericilik normasına əsaslanmadığına, formal olaraq əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə və bununla da onun hüquqlarının pozulmasına istinad etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən, əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, iddiaçı onun məlumatı və razılığı olmadan onunla bağlanmış əmək müqaviləsinə cavabdeh müəssisə tərəfindən xitam verildiyini və bununla da hüquqlarının pozulduğunu bildirsə də, həmin dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, yalnız iddiaçının öz şəxsi mülahizələrinə əsaslanmışdır. Məhkəmə araşdırması zamanı iddiaçı iş materiallarında olan 27 iyun 2020-ci il tarixli tutduğu bağban vəzifəsindən azad edilməsi ilə bağlı ərizə barədə məlumatı olmadığını bildirmiş, ərizədə icra edilmiş imzanı mübahisələndirmişdir. Məhkəmə tərəfindən xətşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2021-ci il tarixli ekspert rəyindən görünür ki, 06 aprel 2020-ci il tarixli ərizədə “imza” qrafasındakı imza, 27 iyun 2020-ci il tarixli ərizədə “imza” qrafasındakı imza, 13 aprel 2020-ci il tarixli fərdi əmək müqaviləsinin 5-ci vərəqəsində “işçi” qrafasındakı imza, işçinin adı, atasının adı, soyadı göstərilməklə ünvanı yazılarından aşağıda “imza” qrafasındakı imza-İddiaçı tərəfindən icra olunmuşdur. Məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, 13 aprel 2020-ci il tarixdə Cavabdeh MMC ilə İddiaçı arasında əmək müqaviləsi bağlanmış və iddiaçı öz ərizəsi əsasında müəssisəyə bağban vəzifəsinə qəbul edilmişdir. 27 iyun 2020-ci il tarixdə İddiaçı ərizə ilə müəssisəyə müraciət edərək, həmin tarixdən onun tutduğu bağban vəzifəsindən azad edilməsini xahiş etmişdir. Həmin sənədlərin iddiaçının özü tərəfindən yazılıb imzalanması məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir. Daha sonra 27 iyun 2020ci il tarixdə işəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr qəbul etmişdir. Cavabdeh təşkilat tərəfindən verilmiş 27 iyun 2020-ci il tarixli əmrdə Əmək Məcəlləsində təsbit olunmuş hər hansı normanın pozulması müəyyən edilməmişdir. Mübahisələndirilən əmrin qəbulu zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş bütün prosedurlara riayət olunmuş və qanunauyğun olmuşdur. İddiaçı öz istəyi ilə ərizə yazaraq müəssisədə tutduğu bağban vəzifəsindən azad edilməsini xahiş etmiş və nəticədə işəgötürən onunla bağlanmış əmək müqaviləsini Azərbaycan Respublikası ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə istinad etməklə ləğv etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, hazırkı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada rüsum ödəməkdən azad edilmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı-cavabdeh tərəfindən verilmiş, iddiaçı ilə həmin müəssisə arasında bağlanmış əmək müqaviləsinin xitam olunması barədə 27 iyun 2020-ci il tarixli əmrin ləğv edilməsi və məcburi işburaxmaya görə cavabdeh müəssisə tərəfindən 24 iyun 2020-ci il tarixdən işə bərpa olunan tarixədək olan müddət üçün orta əmək haqqının ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar