Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1275/2025 28.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 28 saylı evin 25 saylı mənzilini Cavabdeh bağışlamasından imtina edilməsi, 52 saylı Notariat ofisində bağlanmış 4Ə-824 nömrə ilə reyestrdə qeydə alınmış bağışlama müqaviləsinin ləğv edilməsi, daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi, mənzilə mülkiyyət hüquqlarının bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1940-cı ildə anadan olmuşdur, hazırda 84 yaşı var. Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 28 saylı evin, 25 saylı mənzili 1995-ci ildən onun xüsusi mülkiyyətində olmuşdur, yəni həmin mənzilə 29 il sahiblik etmiş, mənzil onun üçün çox dəyərli olmuşdur, demək olar ki, bütün həyatını həmin mənzildə yaşamışdır. Həmin dəyərli mənzilini qoca və xəstə olduğundan fikirləşmişdir ki, yaşlı vaxtında yanında oğlunun oğlu, nəvəsi Cavabdeh qalacağından, ona qayğı göstərəcəyindən ona bağışlasın. Beləliklə, mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 28 saylı evin, 25 saylı mənzilini xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 52 saylı notariat ofisində aralarında bağlanmış bağışlama müqaviləsi əsasında cavabdeh, nəvəsi Cavabdeh bağışlamışdır. Mənzilini bağışlamaqda məqsədi nəvəsinin yaşlı, tənha vaxtında yardıma möhtac olduğundan yanında olması, səhhəti ilə və həyat şəraiti ilə maraqlanması, qoca yaşlı nənəsinə köməklik etməsi olmuşdur. Hazırda 84 yaşında, qoca və xəstə vəziyyətdə tənha və mənzilsiz qalmışdır. Mənzilini bağışlamağına baxmayaraq, bunun müqabilində bir dəfə də olsun cavabdeh onunla maraqlanmamışdır, bir gün belə onun yanında qalmamışdır, ona heç bir qayğı göstərməmişdir. Bunun əksinə mənzili ona bağışlayandan sonra onunla telefonla aqressiv danışmağa başlamış, 2024-cü ildən isə ümumiyyətlə, onunla bütün əlaqələrini kəsmişdir, bununla da cavabdeh xəstə 84 yaşlı nənəsinə ailə hüquq münasibətdə üzərinə düşən vəzifələrini kobudcasına pozmuşdur. Bundan sonra o, belə qənaətə gəlmişdir ki, mənzili bağışlamaqdan imtina etsin. Cavabdehin təqsiri ucbatından qoca yaşında xəstə vəziyyətdə tənhalığa düçar olmuşdur. Halbuki, onun nəvə nəvazişinə, isti ailə münasibətinə, nənə kimi qayğıya ehtiyacı vardır. Cavabdeh nəvə kimi qoca və xəstə nənəsinə ailə hüquq münasibətdə üzərinə düşən vəzifələrini kobudcasına pozmuşdur. Hazırda çörək almağa belə gedə bilmir. Bağışlama müqaviləsinin razılıqla ləğv edilməsi ilə bağlı cavabdehə yazılı bildirişlə müraciət etmiş, lakin bir nəticə verməmişdir. Onun ailə üzvü kimi nəvəsinə qiymətli mənzilini əvəzsiz olaraq verməkdə məqsədi aralarında mövcud olan mənəvi bağların sarsılmaz birliyindən irəli gəlmişdir. Bununla yanaşı, cavabdeh nəvə hədiyyə verən nənənin ailə üzvü kimi qarşısında ailə münasibətlərindən irəli gələn vəzifələr daşıyır. Həmin vəzifələr məhz sağlam ailə münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir. Lakin bu hallara rağmən hədiyyə alan cavabdeh nəvəsi 84 yaşlı nənəsinə qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz etmişdir. Ona görə də o, bağışlamaqdam imtina etməklə, sağlam ailə münasibətlərinə xələl gətirən ailə üzvünün varlanmasının qarşısını alır. Hazırki vəziyyətdə cavabdeh 84 yaşlı nənəsinə münasibətdə ailə münasibətlərindən irəli gələn vəzifələrini kobudcasına pozmuş, yəni, 84 yaşlı nənəsinə qarşı səhhəti və yaşayış tərzi ilə maraqlanmamaqla, qayğı göstərməməklə, öz nəvə borcunu yerinə yetirməmişdir. Bununla da cavabdeh qoca və yaşlı 84 yaşlı nənəsinə münasibətdə ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri həm hərəkət, həm də hərəkətsizliklə pozmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsini müdafiə edərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilmiş cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: xx.xx.2019-cu il tarixli Daşınmaz əmlakın bağışlama müqaviləsindən görünür ki, hədiyyə verən İddiaçı ünvan 1 ünvanında yerləşən mənzili hədiyyə alan Cavabdeh bağışlamışdır. Bağışlama müqaviləsində hədiyyə alan Cavabdeh Rusiya Federasiyası vətəndaşı olması göstərilmişdir. Həmçinin bağışlama müqaviləsindən görünür ki, Cavabdeh müqavilənin bağlanmasında iştirak etməmiş, onu müqavilə bağlanan zamanı X4 təmsil etmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 28, 25 saylı mənzil xx.xx.2019-cu il tarixdən Cavabdeh xüsusi mülkiyyətindədir. xx.xx.2024-cü il tarixli bildirişdən və eyni tarixli poçt göndəriş qəbzindən görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı Cavabdeh bildiriş verərək, bağışlama müqaviləsinin ləğv edilməsinə razılaşmasını təklif etmişdir. Bildiriş onunla əsaslanıdırlmışdır ki, mənzili nəvəsinə bağışlamaqda məqsədi nəvəsinin yaşlı, tənha vaxtında yanında olması, səhhəti və həyat şəraiti ilə maraqlanması olmuşdur. Hazırda onun 84 yaşı var və o, qoca və xəstə vəziyyətdə tənha qalmışdır. Baxmayaraq ki, nəvəsinə mənzili bağışlamışdır, bunun müqabilində bir dəfə də olsun, nəvəsi onunla maraqlanmamış, bir gün belə onun yanında qalmamış, ona qarşı heç bir qayğı göstərməmişdir. Nəvəsinin təqsiri ucbatından qoca yaşında xəstə vəziyyətdə tənhalığa düçar olmuşdur. Halbuki, onun nəvə nəvazişinə, isti ailə münasibətinə, nənə kimi qayğıya ehtiyacı vardır. O, nəvə kimi qoca və xəstə nənəsinə ailə hüquq münasibətdə üzərinə düşən vəzifələri kobubcasına pozmuşdur. xx.xx.2025-ci il tarixli Ambulator kitabçadan çıxarışdan görünür ki, İddiaçı şəkərli diabet, nevroloji ağırlaşmalarla essensial hipertenziya, stenokardiyanın digər formaları diaqnozları ilə ambulator qeydiyyatdadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, iddiaçı Mərziyyə Nəbiyevanın qızıdır, Nofəl isə qardaşının oğludur. Mənzil anasının adına olmuşdur. Onlar dörd bacı, bir qardaşdır, anası mənzilini qardaşının oğluna bağışlamışdır. Anası tək olduğu üçün evi Nofələ bağışlamışdır. Nofəl Rusiya vətəndaşıdır, bağışlama vaxtı da Rusiyada yaşayırdı. Amma nənəsinə demişdir ki, gəlib ona baxacaq, qulluq edəcək, lakin bağışlamadan sonra Nofəl öz nənəsi üçün heç bir qayğı göstərməmişdir. İddiaçı inanmışdır ki, Nofəl gələcək, ona görə məhkəmədə iddia qaldırmamışdır. Əvvəllər Nofəl ilə nənəsi telefonla danışmış, 2024-cü ildən isə əlaqə kəsilmişdir, Nofəl nənəsi ilə kobud danışmış, hətta onu mənzildən çıxaracağını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, Mərziyyə Nəbiyeva onun qaynanasıdır, o, evi 2019-cu ildə Nofələ hədiyyə etmişdir. Mərziyyə xanım yaşlıdır, qayğısına qalanı yox idi, ona görə istəmişdir ki, nəvəsi yanında olsun. Lakin, Nofəl Rusiyada yaşayır, nənəsi ilə o vaxtdan heç bir əlaqəsi yoxdur, gəlibgetmir. Bağışlamadan sonra nənəsi ilə Nofəlin əlaqəsi olmamış, o, Azərbaycana gəlməmiş, nənəsinə heç bir qulluq göstərməmiş, əlaqə də saxlamamışdır. Mərziyə xanım ona görə məhkəməyə müraciət etməmişdir ki, Nofəlin gələcəyini gözləmişdir, amma 2019cu ildən əlaqələri olmamış, Nofəl zəng etməmişdir. Daha sonra şahid X1 iddiaçının vəkilinin sualına cavab olaraq bildirmişdir ki, Nofəl iddia qaldırılana qədər nənəsi ilə əlaqə saxlamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarı: Göstərilməlidir ki, Mülki Məcəllənin 673-cü maddəsi ümumilikdə həm real, həm də konsensual bağışlama müqaviləsindən imtinanı tənzimləyir. Belə ki, həmin Məcəllənin 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən, hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, hədiyə alan bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Göstərilənlər baxımından nəzərə alınmalıdır ki, ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir. O da göstərilməlidir ki, Ailə Məcəlləsinin 12.0.1-ci maddəsinə əsasən, valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar yaxın qohum sayılırlar. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan hal qiymətləndirmə tələb edən əlamət olduğundan, onu təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu baxımdan, məhkəmələr tərəfindən hədiyyə alanın daşıdığı vəzifələrin pozulmasının nədə ifadə olunması və pozuntunun kobud olub-olmaması konkret işin hallarından (fiziki və psixoloji zərərin dərəcəsi, bəzi hallarda hədiyyə verənin və onun yaxın qohumlarının yaşı və səhhəti və s.) asılı olaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 673.3-cü maddəsinin dispozisiyasında qanunvericinin müəyyən etdiyi bir illik müddətin ötürülməsi ilə bağışlamaqdan imtina hüququnun xitamına səbəb olan müddət kəsici müddət kimi qiymətləndirilməlidir. Həmçinin bağışlama müqaviləsinin nə zaman bağlanılmasından asılı olmayaraq, hədiyyə verən məhz imtinaya əsas verən hallar ona məlum olduğu gündən yalnız bir il ərzində imtina haqqında bildirişi hədiyyə alana göndərə bilər. Bu müddətin bitməsi isə hədiyyə verənin hədiyyə predmetini geri tələb edə bilməməsi ilə nəticələnir. Məhkəmənin mövqeyi: Bağışlama müqaviləsi, iddiaçının vəkilinin və nümayəndəsinin izahatı və şahid ifadələri ilə təsdiq olunur ki, hədiyyə alan Cavabdeh bağışlama müqaviləsi bağlanan zaman Rusiya Federasiyası vətəndaşı olmuş, Rusiya Federasiyasında yaşamış və bu fakt hədiyyə verən X2 məlum olmuşdur. Bağışlama müqaviləsində hədiyyə alanın bağışlamadan sonra hədiyyə verənin yanına köçəcəyi və ona qayğı göstərəcəyi ilə bağlı heç bir razılaşma və öhdəlik müəyyən olunmamışdır. Odur ki, məhkəmə bağışlama müqaviləsi bağlanan zaman hədiyyə verənin Rusiya Federasiyası vətətəndaşı olması və Rusiya Federasiyasında yaşaması faktının hədiyyə alana məlum olması səbəbindən, hesab edir ki, bağışlama müqaviləsi bağlanandan sonra nəvənin yaşadığı və vətəndaşı olduğu ölkəni tərk edərək nənəsinin yanına köçməməsi və onunla birlikdə yaşayaraq qayğı göstərməməsi nəvənin ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələrinin kobudcasına pozulması hesab edilə bilməz. Digər tərəfdən məhkəmə qeyd edir ki, hətta hədiyyə alanın hədiyyə verənin yanına köçərək ona qayğı göstərməməsi ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələrin kobudcasına pozulması kimi qiymətləndirilsə belə, bağışlama müqaviləsinin ləğv edilməsi üçün Mülki Məcəllənin 673.3-cü maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddət ötürülmüşdür. Belə ki, bağışlama müqaviləsi xx.xx.2019-cu il tarixində bağlanmış, bağışlama müqaviləsinin ləvği barədə bildiriş məktubu isə xx.xx.2024-cü il tarixində cavabdehə göndərilmişdir. İddiaçının vəkili kəsici müddətin ötürülməməsini onunla əsaslandırmışdır ki, hədiyyə alan-nəvə 2024-cü ilə kimi hədiyyə verən-nənə ilə telefon əlaqəsi saxlamış, onunla maraqlanmışdır. 2024-cü ildən isə nəvə nənəsi ilə bütün əlaqələrini kəsmişdir, ona görə də 1 illik kəsici müddət məhz həmin tarixdən hesablanmalı olduğundan müddət ötürülməmişdir. Lakin bu əsaslandırma iş materialları və ziddiyyətli şahid ifadələri ilə təsdiq olunmur. Belə ki, iddia ərizəsində iddiaçı özü qeyd etmişdir ki, “mənzilini bağışlamağına baxmayaraq, bunun müqabilində bir dəfə də olsun cavabdeh onunla maraqlanmamışdır, bir gün belə onun yanında qalmamışdır, ona heç bir qayğı göstərməmişdir. Bunun əksinə mənzili ona bağışlayandan sonra onunla telefonla aqressiv danışmağa başlamış, 2024-cü ildən isə ümumiyyətlə, onunla bütün əlaqələrini kəsmişdir”. Həmçinin, bağışlama müqaviləsinin ləğvinə dair iddiaçı tərəfindən göndərilmiş bildirişdə qeyd edilmişdir ki, “baxmayaraq ki, nəvəsinə mənzili bağışlamışdır, bunun müqabilində bir dəfə də olsun, nəvəsi onunla maraqlanmamış, bir gün belə onun yanında qalmamış, ona qarşı heç bir qayğı göstərməmişdir”. Məhkəmə iclasında dindirilmiş şahidlər X3 və X1 ifadələrində hədiyyə alan nəvənin nənəsinə heç bir qayğı göstərmədiyini, onunla maraqlanmadığını bildirmiş, daha sonra isə ifadələrini dəyişərək 2024-cü ilə kimi nəvə Cavabdeh nənəsi İddiaçı ilə telefon əlaqəsi saxladığını bildirmişlər. Qeyd edilənlər şahid ifadələrinin ziddiyyətli olduğunu, şahidlərin qeyri-müəyyən və ziddiyyətli məlumat verdiyini göstərir. Bundan əlavə, hədiyyə alan şəxsin əvvəllər hədiyyə verənə zəng etdiyi və yalnız 2024-cü ildən bu əlaqəni kəsdiyi barədə məhkəməyə hər hansı maddi sübut (zəng qeydləri, mesajlar və s.) təqdim edilməmişdir. Beləliklə, iddiaçının özünün iddia ərizəsində və pretenziya məktubunda nəvəsinin bağışlama müqaviləsindən sonra ona heç bir qayğı göstərməməsini qeyd etməsini, ziddiyyətli şahid ifadələrini, 2024-cü ilə qədər hədiyyə alanın hədiyyə verənə telefonla zəng edərək əlaqə saxladığını təsdiq edən maddi sübutların (zəng qeydləri, mesajlar və s.) mövcud olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı Mülki Məcəllənin 673.3-cü maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddəti ötürmüş və bağışlama müqaviləsini ləğv etmək hüququndan istifadə etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli
Məhkəmə qərarları › İş №2(011)-1275/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1275/2025
28.01.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver