Məhkəmə qərarları › İş №2(011)-1290/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1290/2022

01.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1290/2022 01.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı 23 iyul 2020-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay qazancının (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında alimentin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin mübahisəsiz hallarına görə, tərəflərin faktiki nikahlarından bir övladları - 23.07.2020-ci il təvəllüdlü X3 doğulmuşdur. 2 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19.08.2020-ci il tarixli, AZ-İ 386718 seriyalı atalığın müəyyən edilməsi haqqında şəhadətnamə ilə Cavabdeh X1 atası hesab edilmişdir. Tərəflər hazırda ayrı yaşayırlar. Uşaq iddiaçı ilə birlikdə yaşayır. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, cavabdeh ilə 2017-ci ilin mart ayında faktiki nikah münasibətinə daxil olmaqla ailə həyatı qurmuşdur. Faktiki nikahdan bir övladları anadan olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra ilk vaxtlar münasibətləri normal olsa da, sonradan pozulmuş və cavabdeh ailəni tərk edib getmişdir. Cavabdeh isə nə ona, nə də uşağa maddi cəhətdən köməklik göstərmir. Cavabdeh hazırda Gəncə şəhəri Nizami Gəncəvi prospekti 60 ünvanında yerləşər N nömrəli hərbi hissədə işləyir və orta aylıq əmək haqqı 1500 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının vəkili iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbi ilə razı olmadığını və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının vəkilinin və cavabdehin izahatlarını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşağın valideyni olduğundan, uşaq hazırda iddiaçı ilə birlikdə yaşadığından və alimentin ödənilməsi barədə tərəflər arasında razılıq olmadığından iddiaçı hazırkı iddia tələbini irəli sürməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda məhkəmə tərəfindən aliment tutulur. Qeyd edilən qanunvericilik aktı normalarının müəyyən etdiyi imperativ qaydaya əsasən alimentin ödənilməsi barədə tərəflər arasında razılıq olmadıqda, birinci növbədə aliment uşaqdan ayrı yaşayan valideynin qazancından və ya başqa gəlirlərindən, uşaqların sayından asılı olaraq, hissəvi olaraq tutulur. İş materiallarında olan N saylı hərbi hissənin maliyyə xidmətinin rəisi tərəfindən verilmiş 04.02.2022-ci il tarixli arayışın surətindən görünür ki, cavabdeh N saylı hərbi hissədə xidmət edir və onun aylıq maaşı 1687,20 manat təşkil edir. Məhkəmə qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi uşaqların maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla, yüksək səviyyədə saxlanılması, habelə onların hüquq və mənafelərinin qorunmasına xidmət edir. Valideynin uşaqları saxlamaq vəzifəsi Ailə Məcəlləsində imperativ qaydada nəzərdə tutulmuşdur. Həmçinin, valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (AM-nin 58.2-ci maddəsi). Valideynlərin bu vəzifələrinin yerinə yetirilməsində isə uşaqların maddi cəhətdən təmin olunması xüsusi rol oynayır. Ona görə də, maddi durumu imkan verdiyi halda, uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu valideynin uşağı saxlamaq vəzifəsinə, habelə uşaqların sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə mütənasib olsun. Yuxarıda qeyd edilən əsasları, eləcə də, alimentin tutulmasının tərəflərin birgə nikahından doğulmuş uşaqların rifahının və maddi vəziyyətinin daha da yüksək təmin olunmasına xidmət edəcəyini nəzərə alaraq, məhkəmə hesab edir ki, cavabdehin qazancından və digər gəlirlərindən alimentin tutulması hissəsində iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İşin hallarından da göründüyü kimi, iddiaçı aliment tələbi ilə bağlı 07.01.2022-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, aliment iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 07.01.2022-ci ildən başlayaraq tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. 07.01.2022-ci il tarixdən başlayaraq 23.07.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Cavabdehdən 70 (yetmiş) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar