Məhkəmə qərarları › İş №2(011)-1348/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1348/2024

13.06.2024 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1348/2024 13.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, X2, Cavabdeh15, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh16, Cavabdeh8, Cavabdeh9, Cavabdeh14, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh17, X5, X3 qarşı “paylı mülkiyyətin bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, X2, Cavabdeh15, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh16, Cavabdeh8, Cavabdeh9, Cavabdeh14, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh17, X5, X3 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında 0.02 ha torpaq sahəsi üzərində inşa edilmiş 1.398 kv metrlik 4 mərtəbədən ibarət yaşayış binasında 2-ci mərtəbədə 2 otaq olmaqla ümumi sahəsi 56.4 kv metr olan mənzilin paylı mülkiyyətdən ayrılması, paylı mülkiyyət münasibətlərinə xitam verilməsi və mənzilin tam pay olmaqla xüsusi mülkiyyət hüququnun qeydə alınmasının üçüncü şəxs olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanda 0,02 ha torpaq sahəsi üzərində inşa edilmiş 1.398 kv metrlik 4 mərtəbədən ibarət yaşayış binasında 2-ci mərtəbədə 2 otaq olmaqla ümumi sahəsi 56.4 kv metr olan mənzil əldə etmiş, xüsusi mülkiyyət hüququ ilə həmin mənzil iddiaçının mülkiyyətindədir. Cavabdehlərlə yanaşı iddiaçının da mülkiyyətində olan mənzilə giriş-çıxışı ayrı olmaqla digər paylı mülkiyyətçilərlə ümumi istifadə etdikləri hər hansı bir ortaq əmlak yoxdur. Paylı mülkiyyətçilər və iddiaçı eyni yaşayış binasında ayrı-ayrı giriş çıxışları olan sahələrdən istifadə edirlər. Buna baxmayaraq mülkiyyət hüquqları birgə paylı mülkiyyət kimi dövlət qeydiyyatından keçmiş və digər payçıların iradəsindən asılı olmaqla iddiaçı mülkiyyətində olan əmlakdan tam mülkiyyət hüququ ilə istifadə edə bilmir. Odur ki, hesab edir ki, paylı mülkiyyətdə olan iddiaçıya məxsus olan ünvan 2 ünvanda 4 mərtəbədən ibarət yaşayış binasında 2-ci mərtəbədə yerləşən 2 otaq olmaqla ümumi sahəsi 56.4 kv metr olan mənzilin ayrılmasını tələb etməkdə haqlıdır. Çıxarışdan da görünür ki, hər bir mülkiyyətçinin payı dəqiq müəyyən edilmiş, mərtəblər və paylı mülkiyyətdə olan sahələr dəqiq qeyd edilmişdir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsi, cavabdeh AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi cavabdehlər siyahısından çıxarılması, ünvan 2 ünvanda 0,02 ha torpaq sahəsi üzərində inşa edilmiş 1397,97 kv metrlik 4 mərtəbədən ibarət yaşayış binasında 2-ci mərtəbədə 2 otaq olmaqla ümumi sahəsi 61 kv.metr olan mənzildən iddiaçının naturada payının ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etietibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. İşin faktiki halları: İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 1.398 kv.metr olan, 0.02 ha torpaq sahəsində yerləşən binanın 2ci mərtəbəsində yerləşən ümumi sahəsi 56.4 kv.metr olan 2 otaq 19 avqust 2020-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Çıxarışdan görünür ki, həmin binanın müxtəlif mərtəbələrində yerləşən sahələrə dair cavabdehlərin də mülkiyyət hüququ tanınmışdır. İddiaçı hazırda həmin binada ona məxsus payın naturada ayrılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə sözügedən binanın mülkiyyətçilərinin paylarına uyğun şəkildə naturada bölgüsünün mümkün olub-olmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 09 aprel 2024cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, rəyin təsviri hissəsində qeyd olunanları nəzərə alaraq, ünvan 2 ünvanında 0.02 ha torpaq sahəsi üzərində inşa edilmiş 1398 kv. metrlik 4 mərtəbədən ibarət yaşayış binasında 2-ci mərtəbədə 2 otaq olmaqla ümumi sahəsi 56.4 kv. metr olan İddiaçı mənzilinin binanın digər mülkiyyətçilərindən İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun bəndlərinin və Məhkəmə Tikinti-X4 Metodlarının tələblərinə uyğun qaydada naturada təcrid mənzillər şəklində texniki cəhətdən ayrılması mümkündür. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli ünvan 3 ünvanında yerləşən yaşayış binasında yerləşən sahəsi 56.4 kv.metr olan 2 otaqlı mənzil İddiaçı mülkiyyətindədir. İddiaçıya daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən, daşınmaz əmlakın ümumi sahəsi 1398 kv.metr olaraq göstərilmiş və digər cavabdehlərlə birlikdə iddiaçı göstərilən binada paylı mülkiyyət hüququna malikdir. Göründüyü kimi, ünvan 3 ünvanında yerləşən yaşayış binasında yerləşən sahəsi 56.4 kv.metr olan 2 otaqlı mənzilinin iddiaçının payına uyğun olaraq naturada ayrılması üçün heç bir maneə yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli yaşayış evinin İddiaçı məxsus olan payının naturada ayrılması texniki cəhətdən mümkün olduğundan, həmçinin ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün olduğundan, mövcud iddia tələbi təmin edilərək, iddiaçının istifadəsində olan hissə onun payına uyğun olaraq ayrılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 3 ünvanında yerləşən yaşayış binasında yerləşən İddiaçı mülkiyyətində olan sahəsi 56.4 kv.metr olan 2 otaqlı mənzil onun payına uyğun olaraq naturada ayrılmalıdır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Həmçinin iş materiallarında olan bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 50 manat təşkil edir. Odur ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməli, eyni zamanda keçirilmiş ekspert tədqiqatının dəyəri olan 50 manat İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. ünvan 3 ünvanında yerləşən yaşayış binasında yerləşən İddiaçı mülkiyyətində olan sahəsi 56.4 kv.metr olan 2 otaqlı mənzil onun payına uyğun olaraq naturada ayrılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Keçirilmiş ekspert tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar