Məhkəmə qərarları › İş №2(011)-1374/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1374/2024

25.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1374/2024 25.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, İşin faktiki halları:

1. İddiaçı ilə cavabdeh xx.xx.2019-cu il tarixdə nikaha daxil olmuşlar və onların nikahı eyni tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 1662 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. Onların birgə nikahından bir övladları, xx.xx.2020-ci il təvəllüdlü X6 doğulmuşdur. Tərəflərin nikahı Bakı şəhər Xətai rayon Məhkməsinin 2(011)- 5472/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, birgə nikahdan doğulmuş uşağın iddiaçının yanında saxlanılması qət edilmişdir.

2. X7 davranış pozğunluğunun yüngül təzahürü, dil və nitq inkişafının ləngiməsi diaqnozu təyin edilmiş və bununla bağlı uşaq "xxxx" MMC-də müxtəlif həkimlərin tibbi seanslarında iştirak etmişdir.

3. Cavabdeh "xxxx" QSC-də Baş satıcı vəzifəsində işləyir və onun aylıq əmək haqqısı 889 manatdır.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri:

4. İddiaçı birgə nikahdan doğulmuş yetkinlik yaşma çatmayan xx.xx.2020-ci il təvəllüdlü X1 üçün 300 manat olmaqla alimentin cavabdehdən tutulması, alimentin tutulmasının iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən hesablanması, cavabdehdən X5 faktiki çəkilmiş 800 manat əlavə xərclərə cəlb edilməklə cavabdehdən çəkilmiş xərclərin 400 manatı tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş yetkinlik yaşma çatmayan xx.xx.2020-ci il təvəllüdlü X1 üçün 300 manat olmaqla alimentin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehlə aralarında nikah qeydə alınmışdır. Birgə nikahdan bir övladları doğulmuşdur. İlk əvvəllər münasibətləri normal olsa da, axır vaxtlar münasibətləri kəskinləşmiş, cavabdehlə bir yerdə yaşamağı baş tutmamışdır və aralarında olan nikah əlaqələri faktiki və hüquqi olaraq kəsilmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, yetkinlik yaşma çatmayan uşağın anasının himayəsində saxlanılmışdır. Məhkəmə qətnaməsi ilə aliment tutulmamışdır. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

5. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

6. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

7. Cavabdeh məhkəmə baxışı zamanı izahat verərək bildirdi ki, alimenti ödəməkdən imtina etmir, ancaq maddi imkanı yaxşı deyil, aylıq 800-850 manat məbləğində əmək haqqı alır. Əmək haqqının ¼ hissəsi miqdaında alimenti ödəməyə razıdır.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Konstitusiyası:

8. Maddə 17.İİ Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

9. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

10. Maddə 75.4 Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

11. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

12. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

13. Maddə 13. Uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14. Maddə 112.1.3. İddianın qiyməti, aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

15. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsi. Aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

İşə baxan məhkəmənin mövqeyi:

17. Məhkəmə tərəflərin izahatlarını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır.

18. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, qanun valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsini imperativ qaydada tələb edir. Bir-birindən ayrı yaşayan valideynlər isə bu vəzifələrini, başlıca olaraq uşaq yetkinlik yaşına çatanadək aliment ödəməklə yerinə yetirmiş olurlar. İddiaçı hazırkı iddia ilə cavabdehdən sabit pul məbləğində alimentin tutulmasını tələb edir.

19. Məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşağın valideyni olduğundan, uşaq hazırda iddiaçı ilə birlikdə yaşadığından və alimentin ödənilməsi barədə tərəflər arasında razılıq olmadığından iddiaçı hazırkı iddia tələbini irəli sürməkdə haqlıdır.

20. Ailə Məcəlləsində yetkinlik yaşına çatmayan uşaqlara görə alimentin tutulmasnın 3 qaydası müəyyən edilmişdir: 1) alimentin, uşaqların sayından asılı olaraq valideynin qazancının, yaxud başqa gəlirlərinin müəyyən hissəsi miqdarında tutulması; 2) alimentin sabit pul məbləğində tutulması; 3) alimentin həm sabit, həm də valideynin qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında tutulması. Son iki qaydada aliment onu tələb edən şəxsin xahişi ilə tutulur. Hazırkı mübahisə üzrə atanın-iddiaçının rəsmi iş yeri olsa da, tutulacaq aliment uşağın mənafeyinə uyğun olmadığından ikinci qayda tətbiq ediləcəkdir

21. Məhkəmə qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi uşaqların maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla, yüksək səviyyədə saxlanılması, habelə onların hüquq və mənafelərinin qorunmasına xidmət edir. Valideynin uşaqları saxlamaq vəzifəsi Ailə Məcəlləsində imperativ qaydada nəzərdə tutulmuşdur. Həmçinin, valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (AM-nin 58.2-ci maddəsi). Valideynlərin bu vəzifələrinin yerinə yetirilməsində isə uşaqların maddi cəhətdən təmin olunması xüsusi rol oynayır. Ona görə də, maddi durumu imkan verdiyi halda, uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu valideynin uşağı saxlamaq vəzifəsinə, habelə uşaqların sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə mütənasib olsun.

7. İşin hallarından da görünür ki, tərəflərin birgə nikahlarından doğulan uşağın səhhətində çatışmazlıq var və uşaq uzun müddət həkim müayinə və müalicələrində olmalıdır. Belə ki, 12 nömrəli uşaq poliklinikasının xx.xx.2023-cü il tarixdə verdiyi ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, X7 davranış pozğunluğunun yüngül təzahürü, dil və nitq inkişafının ləngiməsi diaqnozu təyin edilmişdir. Həmçinin, "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayşda qeyd edilmişdir ki, Əsma Quluzadə xx.xx.2023-cü il tairxdən xx.xx.2023-cü il taixədək “Loqos” Psixoloji və X8 və Gənclik filiallarında psoxoloq və psixo-pedaqoq həkimlərin seanslarında iştirak etmişdir.

22. Şərh edilənlərdən də göründüyü kimi, tərəflərin birgə nikahından doğulmuş Əsma Quluzadənin sağlamlığının bərpa olunması üçün müalicələr alması zəruridir. Onun bu vəziyyətdə olması və sağlamlığının bərpa olunması üçün isə əlavə maddi dəstəyə ehtiyacı vardır. Məhkəmə, məhz halı nəzərə alaraq hesab edir ki, cavabdehin, özünün təklif etdiyi kimi, əmək haqqının ¼ hissəsi məbləğində alimentin tutulmasını Əsma Quluzadənin maraqlarına uyğun deyil. Həmçinin, iddiaçı da məhkəmə iclasında iddia tələbinin həcmini azatlmasını onunla əsaslandırmışdır ki, hazırda Əsma Quluzadənin müalicəsinə çəkdiyi xərclərin dəyərini rəsmi olaraq təqdim edə bilmədiyindən, eləcə də bununla bağlı sonralar cavabdehə qarşı iddia tələbləri irəli sürməmək üçün və övladının həm digər maddi ehtiyaclarını, həm də müalicə xərclərini qarşılamaqdan ötrü alimentin 300 manat sabit pul məbləği həddində tələb edir.

23. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşalarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, uşağın səhhəti ilə bağlı diqqətə layiq halı, tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay 300 manat məbləğində müəyyən edilməlidir.

24. Alimentin tutulmasının hansı vaxtdan hesablanması məsələsi ilə bağlı məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsində alimentin məhkəməyə müraciət etdiyi vaxtdan tutulması müəyyən edildiyindən, aliment iddiaçının bu barədə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq tutulmalıdır.

25. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsində alimentin alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilmişdir. Tutulan alimentin 1 illik məcmusu isə 3600 manatdır (300 manat x 12 ay = 3600 manat). Bu halda, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə uyğun olaraq 56 manat təşkil edi.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. 56 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar