Məhkəmə qərarları › İş №2(011)-139/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-139/2021

16.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-139/2021 16.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərlar Bəşərəddin oğlunun sədrliyi, Abbaslı Elman Semur oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənəvi ziyan tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənəvi ziyan tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə görə 30.000 manat məbləğində mənəvi ziyana görə kompensasiyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onunla eyni binada, mənzilinin üstündəki mənzildə yaşayır. Cavabdehin məsuliyətsizliyi nəticəsində onun mənzilinə çirkli sular axıdılmışdır və nəticədə xəstələnmiş, həkimlərdə qalmışdır. Ancaq Cavabdeh buna məhəl qoymadan məzilinin stayaklarını su borularını təmir etdirməmişdir ki, nəticədə onun mənzli yararsız vəziyyətə düşmüşdür. Dəymiş ziyanla bağlı məhkəmədə iddia qaldırmış və məhkəmə araşdırması olmuşdur. Yekun qətnamə çıxarılmışdır.Hazırda xəstələnmişdir və xəsdələnməsinə səbəb qonşu mənzildən çirkab suların axıdılması və üfunət olmuşdur. Binaya su axşam saat 8-də verilir, cavabdeh isə gün ərzində suyu açıq qoyur və nəticədə mənzilinə çirkli sular axıdılmışdır. Uzun illər aralarında buna görə mübahisələr olmuşdur və nəticədə illərdir xəsələnmişdir. Yaşadığı mənzilə cavabdeh tərəfindən axıdılmış çirkli sular nəticəsində xəstələnməsi və uzun müddət xəstə yatması həkimlərə, dava-dərmana verdiyi xərclər kimi, cavabdehdən mənəvi ziyan kimi pul tələb edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında çıxış edən Cavabdeh iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, toplanmış materialları tam və hərtərəfli araşdıraraq, məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4538/2019 saylı, 27.12.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabden Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənılməsi tələbinə dair iddiası qismən təmin edilərək, 755 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmiş mübahisəsiz halları ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 103 saylı binanın 3-cü mərtəbəsində yerləşən cavabdehə məxsus 149 saylı mənzil həmin binanın ikinci mərtəbəsində yerləşən iddiaçıya məxsus 147 saylı mənzilin üst mərtəbəsində (üstündə) yerləşir. Məhkəmə Ekspertiza Mərkəzinin 14397 saylı, 21.11.2019-cu il tarixli rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının mənzilinin 13,4 kv.m-dən ibarət yaşayış otağının divarları və tavanı üzərində sarımtıl su sızma ləkələrinin, mənzilin mətbəx tikilisinin divarları və tavanı üzərində sarımtıl su sızma ləkələrinin və döşəmənin boya qatının qabarması kimi halların olması müşahidə olunur. Ekspertin gəldiyi nəticə ondan ibarət olmuşdur ki, iddiaçıya məxsus mənzilin tavanında, divarlarında və döşəməsində su sızma ləkələrinin olduğu nəzərə alınaraq, həmin mənzilin yuxarı mərtəbəsindəki 149 saylı mənzildən suyun sızması müəyyən edilmişdir. Qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04.02.2021-ci il tarixli 2(103)-361/2021 saylı qətnaməsi ilə qismən təmin edilmiş, qətnamə qismən ləğv edilərək, Cavabdeh 1123 manat pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31.05.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır” “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli Qərarının 10-cu bəndində izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü,peşə və sənəti,cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmçinin, həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə iclasında, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulması və nəticədə iddiaçının mənəvi zərərə məruz qalması qanuni qüvvəsini almış məhkəmə aktları ilə sübuta yetirildiyinə görə, onun təqsirli hərəkətləri nəticəsində iddiaçıya dəymiş mənəvi zərər cavabdeh tərəfindən ödənilməlidir. Lakin, məhkəmə qanunvericiliyin tələblərini və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin müvafiq məsələ üzrə formalaşdırdığı hüquqi mövqeyini, həmçinin, maddi ziyanla bağlı qəbul olunmuş məhkəmə aktlarını nəzərə alaraq hesab edir ki, mənəvi zərərin həcmi 500 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsində isə göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində kompensasiya və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar