Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1427/2021 01.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərlar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X4, cavabdehin vəkili X5 iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə mənəvi zərərə görə 1.000.000 manat kompensasiyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Türkan qəsəbəsi, Yenikənd 1 ünvanında yaşadığı dövrdə, xx.xx.2012-ci il tarixdə atası X6 və qardaşı X12 ilə birlikdə Xəzər rayonu, Türkan qəsəbəsi, Sovxoz küçəsi 23 ünvanında yaşayan nənəsi X2 evinə qonaq getmişdir. Həmin gün hava soyuq olduğundan evdə olan “Ceyran” tipli qaz sobasını yandıraraq nənəsi, atası və qardaşı ilə birlikdə bir otaqda yatmışdırlar. xx.xx.2012-ci il tarixdə saat 05 radələrində otaqda yatarkən partlayış baş vermiş, mənzil yararsız hala düşmüş, nənəsi, qardaşı və atası yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişlər. Aldıqları yanıq xəsarətlərindən nənəsi X8 xx.xx.2012-ci il tarixdə, qardaşı X12 isə xx.xx.2012-ci il tarixdə müalicə aldıqları xəstəxanada vəfat etmişdirlər. Faktla bağlı cinayət işi qaldırılmış, “Cavabdeh” X11 Rayon Qaz idarəsində cilingər işləyən əməkdaşı X9 barəsində ittiham aktı tərtib edilərək Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 1-(003)-361/12 saylı hökmü ilə X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirlibilinərək müəyyən vəzifə və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökm qanuni qüvvəyə minmişdir. Keçirilmiş ekspertizanın rəyinə əsasən bədənində aşkar olunmuş xəsarətlər- ağır dərəcəli yanıq şoku ilə nəticələnmiş üzün, hər iki əlin, hər iki çiynin, hər iki aşağı ətrafın ll-lll dərəcəli (32 %) yanıq yaraları yüksək hərarətin təsirindən törənmişlər, törənmə müddətləri onun 5 saylı Kliniki Xəstəxanasına müraciətindən əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2012-ci il tarixə və şəraitə uyğundur və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddir. Baş vermiş hadisə nəticəsində cox böyük maddi və mənəvi ziyana məruz qalmışdır. Nənəsinin və qardaşının ölümü, özünün və atasının ağır yanıq xəsarətləri alması nəticəsində üzun müddət stresdən cıxa bilməmişdir. Eyni zamanda məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, həm nənəsinin, həm də qardaşımın hadisə nəticəsində vəfat etməsi, həm də hadisə nətiçəsində özünün yanıq xəsarətləri alması nətiçəsində sarsıntı və iztirab keçirir. Bundan əlavə aldığı yanıq yaraları hal-hazırda da müalicə olunmamışdır. Onların müalicə olunması və eyni zamanda estetik əməliyyat olunması üçün kifayət qədər vəsait tələb olunur və bu vəsaitləri qaşılaya bilmir. Bununda nətiçəsində mənəvi təhqirə məruz qalır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X13 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında çıxış edən cavabdehin vəkili X14 iddia tələbini qəbul etməyərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, toplanmış materialları tam və hərtərəfli araşdıraraq, məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 1(003)-361/2012 saylı hökmünün surətindən görünür ki, X9 Azərbaycan Respublikası CM-in 225.2-ci maddəsi ilə təqsirli bilinərək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum- edilməklə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.Hökmün surətindən həmçinin görünür ki, təqsirləndirilən şəxs X9 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” X11 Rayon X22 5 saylı Yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətində 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsində işləyərkən üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi “Azərbaycan Respublikasında yanğın təhlükəsızliyi qaydalarının 1.9.1, 7.8, “Tikinti Norma və Qaydalarımın 4.22 və “Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının 3.89 bəndinin tələblərini pozaraq, ünvan 2 ünvanda yerləşən, X7 məxsus evdə daxili qaz avadanlıqlarına texniki baxışı yanğın təhlükəsizliyi qaydalarının tələblərinə uyğun keçirməmiş, daxili qaz xətlərində mövcud olmuş qüsurları vaxtında aşkar edib aradan qaldırmalı olduğu halda bunu etməyərək, evin qaz xəttinə birləşdirilmiş və sonluğunda tıxac olmayan qaz xəttini aşkar etməmiş, təhlükəsizlik qaydalarının kobud pozuntusu hesab edilən və insanların həyat və sağlamlığına ciddi təhdid olan bu qüsurun aradan qaldırılması üçtin heç bir tədbir görməmişdir. Bu səbəbdən də, X7 məxsus evin çöl tərəfdən divarın dibi ilə yeraltı çəkilmiş qaz xəttinə birləşdirilmiş borunun açıq ucundan çıxan qaz evin həmin qaz xətti ilə yanaşı yerləşən zirzəmisinə, oradan isə yataq otağına dolmuşdur. Otaqda əmələ gəlmiş onsentrasiyalı qaz-hava qarışığı xx.xx.2012-ci ildə saat 05 radələrində otaqda olan “Ceyran” tipli qaz sobasının açıq alovundan alışaraq partlayış baş vermişdir. X3 müvafiq ehtiyyatsızlığı nəticəsində həmin vaxt otaqda olan ev sahibi X8, oğlu X6, nəvələri X10 və X12 ağır dərəcəli yanıq xəsarətləri almışlar. Evə tikinti üzrə 6.890 manat, əmtəə üzrə 1.020 manat, ümumilikdə 7.910 manat ziyan dəymiş, partlayış ağır nəticələrə səbəb olmuşdur. X8 xx.xx.2012-ci ildə, X12 isə xx.xx.2012-ci ildə müalicə aldıqlan xəstəxanada ölmüşlər. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-10823/2016 saylı qətnaməsinin surətindən görünür ki, X1 cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi qismən təmin edilərək, cavabdehdən mənəvi ziyana görə 70.000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Beləliklə, iddiaçının və onun atasının ağır xəsarət alması, qardaşının və nənəsinin ölməsi cavabdeh «Cavabdeh» X11 X22 5 saylı yaşayış yerlərində qaz cihazlarına nəzarət xidmətinin nəzarətçi-çilingəri işləyən Güləli Məcidovun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi ilə əlaqədar yaranması qanuni qüvvəyə minmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 1(003)-361/2012 saylı hökmü ilə müəyyən olunduğundan onun təqsirli hərəkətləri nəticəsində iddiaçıya dəymiş mənəvi zərər cavabdeh tərəfindən ödənilməlidir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası MM-nin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarda daha sonra qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasə şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir.
2. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər.
3. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir.
4. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı baş vermiş hadisədə nənəsini və qardaşını itirmiş, özünün və atasının sağlamlığına ağır dərəcəli xəsarət vurulmuşdur. Hadisədən sonra özü və atası müalicə almaq məcburiyyətində qalmışlar. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdehin işçisinin təqsiri nəticəsində iddiaçının nənəsinin və qardaşının ölməsi, özünün və atasının yanıq xəsarətləri almaqla sağlamlıqlarına ağır dərəcəli xəsarət vurulması nəticəsində iddiaçı mənəvi və fiziki iztirablar keçirdiyindən və bununla da, ona mənəvi zərər dəydiyindən, dəymiş mənəvi ziyan cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Lakin mənəvi zərərin həcmi 10.000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsində isə göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən vurulmuş mənəvi zərərə görə 10.000 (on min) manat məbləğində kompensasiya və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Sərdar Mehrəliyev