Məhkəmə qərarları › İş №2(011)-1548/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1548/2023

15.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1548/2023 15.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, İşin faktiki halları:

1. Tərəflər nikah münasibətlərinə daxil olmuşlar. Tərəflərin birgə nikahından iki övladları, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X6 doğulmuşdur. Tərəflərin nikahları pozulmuşdur. Tərəflər hazırda ayrı yaşayırlar. Uşaqlar iddiaçı ilə birlikdə yaşayırlar.

2. İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri:

3. İddiaçı 21 yanvar 2007-ci il təvəllüdlü X5 və 27 dekabr 2007-ci il təvəllüdlü X1 üçün hər ay sabit pul məbləğində hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehlə birgə nikahdan 21 yanvar 2007-ci il təvəllüdlü X5 və 27 dekabr 2007-ci il təvəllüdlü X6 doğulmuşdur. Cavabdehlə aralarında olan nikah 15 sentyabr 2018-ci il tarixində pozulmuşdur. O, uzun müddəidir ki, uşaqlarıyla birlikdə cavabdehdən ayrı yaşayır. Övladlarının saxlanılmasında çətinlik çəkir. Bu da maddi tərəfdən ona böyük sıxıntılar gətirir. Ona görə də X5 və X2 üçün cavabdehdən aliment tələb edir. Həmçinin hazırki mübahisə ilə əlaqədar ailə mediasiyası keçirilmişdir. Keçirilən ilkin mediasıya sesiyasında cavabdeh iştirak etməmiş və bundan yayınmışdır.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

5. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

6. Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, əvvəl alimentdən imtina edərək sosial yardım alsa da, 2022-ci ilin iyun ayından etibarən sosial yardımın verilməsi dayandırılıb. Ona görə də, alimentin təyin edilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb.

8. Cavabdeh məhkəmə baxışı zamanı iddia tələbinə etiraz edərək, təmin edilməməsini xahiş edir.

9. Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Konstitusiyası:

10. 34-cü maddənin İV bəndi: Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

11. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

12. Maddə 75.4 Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

13. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

14. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

15. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 112.1.3. İddianın qiyməti, aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir

19. Maddə 119.2 İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

20. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu

21. Maddə 9.1.2 Aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

İşə baxan məhkəmənin mövqeyi:

22. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

23. Məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşaqların valideyni olduğundan, uşaqlar hazırda iddiaçı ilə birlikdə yaşadıqlarından və alimentin ödənilməsi barədə tərəflər arasında razılıq olmadığından iddiaçı hazırkı iddia tələbini irəli sürməkdə haqlıdır.

24. Lakin, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən alimentin tutulması barədə əsaslı olsa da, tutulacaq alimentin məbləği hissəsində qismən əsaslıdır.

25. Valideynlərin uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıması (AM-nin 58.2-ci maddəsi), habelə uşaqlarına görə aliment ödəməklə onları saxlamaq vəzifəsi (AM-nin 75.1-ci maddəsi) qanunda imperativ qaydada müəyyən edilmişdir.

26. Ailə Məcəlləsində yetkinlik yaşına çatmayan uşaqlara görə alimentin tutulmasnın 3 qaydası müəyyən edilmişdir: 1) alimentin, uşaqların sayından asılı olaraq valideynin qazancının, yaxud başqa gəlirlərinin müəyyən hissəsi miqdarında tutulması; 2) alimentin sabit pul məbləğində tutulması; 3) alimentin həm sabit, həm də valideynin qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında tutulması. Son iki qaydada aliment onu tələb edən şəxsin xahişi ilə tutulur. Hazırkı mübahisə üzrə atanın-iddiaçının rəsmi iş yeri olmadığından və alimentin sabit pul məbləğində tutulması tələbi olduğundan ikinci qayda tətbiq ediləcəkdir

27. Məhkəmə qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi uşaqların maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla, əvvəlki səviyyədə saxlanılmasına, habelə onların hüquq və mənafelərinin qorunmasına xidmət etməlidir. Ona görə də, maddi durumu imkan verdiyi halda, uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu həm valideynin uşağı saxlamaq vəzifəsinə, həm də uşaqların sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə mütənasib olsun.

28. İddiaçı cavabdehdən sabit pul məbləğində hər ay hər uşaq üçün 220 manat aliment tələb etsə də, məhkəmə hesab edir ki, alimentin həmin məbləğdə tutulması, daimi qazancının olmaması səbəbindən, iddiaçını həddən artıq ağır maddi duruma sala bilər.

29. İddiaçı da cavabdehin tələb etdiyi alimenti ödəyə biləcək maddi duruma sahib olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə, həm uşaqların maddi cəhətdən təmin olunması zəruriliyini, həm də cavabdehin maddi imkanını nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün cavabdehdən aliment tutulmalıdır.

30. Alimentin həcminə gəldikdə isə, məhkəmə belə qənaətə gəlir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində müəyyən edilməlidir.

31. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşalarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində müəyyən edilməlidir.

32. Alimentin tutulmasının hansı vaxtdan hesablanması məsələsi ilə bağlı məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsində alimentin məhkəməyə müraciət etdiyi vaxtdan tutulması müəyyən edildiyindən, aliment iddiaçının bu barədə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq tutulmalıdır.

33. Məhkəmə, dövlət rüsumunun tutulması məsələsinə münasibətdə hesab edir ki, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduqlarından və cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması üçün əsaslar məhkəmə tərəfindən müəyyən olunmadığından, cavabdehdən ilkin mediasiya sessiyası keçirilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar