Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1549/2023 28.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X1 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin anasıdır. O, təqaüdçüdür, əmək qabiliyyəti yoxdur. Aldığı 280 manat təqaüd iddiaçının kommunal xərclərinə, dərmanlarına, ərzaqına çatmır. Cavabdeh iddiaçını saxlamaqdan boyun qaçırır. Cavabdeh işləyir, stabil əmək haqqı alır, iddiaçını saxlamağa kifayət qədər imkanı vardır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edərək, onun təmin olunmamasını xahiş etdi. O, öz izahatında bildirdi ki, himayəsində iki azyaşlı övladı vardır. Aylıq gəliri azdır. İddiaçıya hər ay 200 manat aliment ödəməyə imkanı yoxdur. Anasının özünün təqaüddən gələn və evlərinin kirayəsindən gələn kifayət qədər vəsaiti mövcuddur. İşin faktiki halları: Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh iddiaçının övladıdır. Cavabdeh "xxxx" MMC-də satış məsləhətçisi vəzifəsində çalışır. Onun aylıq əmək haqqı 431.02 manat təşkil edir. Cavabdeh 20 oktyabr 2007-ci il tarixdə ailə həyatı qurmuşdur, həmin nikahdan onun iki azyaşlı övladı vardır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 82.1-ci maddəsinə görə, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. 82.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. 82.3-cü maddəsinə görə, övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə Ailə Məcəlləsinin müddəalarından irəli gələrək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normasına əsaslanaraq belə hesab edir ki, maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynin saxlanılması əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladların borcudur. Lakin bunun əsas şərti olaraq qanunvericilik valideynin maddi yardıma ehtiyacı olmasını və əmək qabiliyyətinin olmamasını göstərmişdir. Bu halda aliment tələbi ilə müraciət edən iddiaçı tərəf özünün maddi yardıma ehtiyacının olması, həmçinin aliment tələb etdiyi övladının buna zəruri vəsaitə malik olması ilə bağlı mötəbər sübut təqdim etməlidir. Hazırkı iş üzrə iddiaçı cavabdehdən onun xeyrinə hər ay 200 manat aliment tutulmasını xahiş etsə də, məhkəmə baxış iclaslarında iddiasının əsasını təşkil edən halı sübuta yetirə bilməmiş, məhkəməyə hər hansı əsaslı sübut təqdim etməmişdir. Sübuta yetməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iş materiallarını araşdıraraq məhkəmə belə hesab edir ki, İddiaçı hər ay 280 manat təqaüd alması, Cavabdeh isə aylıq 431.02 manat məvacib alması, himayəsində iki azyaşlı övladının olması iş materialları ilə sübut olunmuşdur. Əlavə olaraq məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdeh iddiaçının kirayə verdiyi əmlakının mövcud olduğunu bildirməsi və iddiaçının da bu halı təkzib etməməsi məhkəməyə iddiaçının təqaüdündən əlavə gəlirinin olması qənaətinə gəlməyə imkan verir. Beləliklə, yuxarıda istinad olunan halların toplusu iddiaçının maddi yardıma ehtiyacı olması halını istisna edir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı cavabdehdən iddiaçının saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması barədə iddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-1549/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1549/2023
28.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver