Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1560/2022 30.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X1, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Pakistan Milli Bankının Bakı Filialına qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Pakistan Milli Bankının Bakı Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Pakistan Milli Bankının Bakı Filialından 123.373,36 manatın tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında aşağıda göstərilən tarixlərdə və şərtlərlə əmək müqavilələri bağlanmış, iddiaçı ilə əmək müqavilələrində ABŞ dolları ilə müəyyən olunmuş məbləğlərinə bərabər tutulan məbləğlərin ödəniş gününə Mərkəzi Bankın rəsmi məzənnəsinə çevrilərək manat ilə ödənilməsi nəzərdə tutulmuşdur. Lakin 2015-ci ilin fevral ayında baş vermiş devalvasiyadan, həmçinin sonrakı devalvasiyalardan sonra manatın ABŞ dollarına olan məzənnəsi kəskin surətdə aşağı düşməsinə baxmayaraq, cavabdeh tərəfindən ödənişlər müqavilədə nəzərdə tutulan qaydada deyil, sadəcə 1 ABŞ dolları=1 manat kimi hesablanmaqla ödənilmişdir. İddiaçı ilə Pakistan Milli Bankının Bakı Filialı arasında bağlanmış 31 oktyabr 2008-ci il tarixli əmək müqaviləsinə əsasən, o, İnsan Resursları və Administrasiya üzrə Müdir müavini vəzifəsinə qəbul edilmiş, illik əmək haqqı 11.100 ABŞ dolları (aylıq 925 dollar) müəyyən edilmişdir. Cavabdehin 19 mart 2010-cu il tarixli, 22 saylı əmri ilə İddiaçı aylıq əmək haqqı məbləği 01 mart 2010-cu il tarixdən 125 ABŞ dolları, 25 sentyabr 2012-ci il tarixli, 130 saylı əmri ilə daha 63.67 ABŞ dolları artırılaraq aylıq əmək haqqı 1146,06 ABŞ dolları müəyyən edilmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 31 oktyabr 2008-ci il tarixdə əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı İnsan Resursları və Administrasiya üzrə müdir müavini vəzifəsinə təyin edilmiş, onun illik əmək haqqı məbləği 11.100 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İddia ərizəsindən və cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, iddiaçının aylıq əmək haqqı 1146,60 ABŞ dolları həddində müəyyən edilmişdir. İddiaçı iddia tələbində ölkədə baş vermiş devalvasiyadan sonra 21 fevral 2015-ci il tarixdən 01 fevral 2021-ci il tarixədək olan dövrdə ona əmək haqqının tam ödənilmədiyinə istinad edərək, həmin dövr üçün ödənilməmiş əmək haqqının ödənilməsi barədə hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk öncə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq belə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə əmək münasibətlərindən irəli gəldiyindən hazırkı işə baxılarkən məhz əmək qanunvericiliyinin normalarına riayət edilib-edilməməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. Həmin Məcəllənin 172.1-ci maddəsinə görə, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Məhkəmə baxış iclasında cavabdeh tərəf etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, 2012-ci ildə bank işçilərinin maaşının artırılması barədə əmr çıxarılmış, iddiaçıya ödənilən əmək haqqının manatla olan məbləği 850 manat məbləğində müəyyən edilmiş, həmin vaxtdan iddiaçıya əmək haqqının ödənilməsində hər hansı qanun pozuntusuna yol verilməmişdir. İddiaçının əmək haqqının ödənilməsində hər hansı pozuntu edilmiş olsaydı belə, iddiaçı bununla bağlı 1 illik iddia müddətini ötürmüşdür. Odur ki, iddiaçının iddia tələbi əsassız olmaqla rədd edilməlidir. Məhkəmə cavabdeh tərəfin etirazının iddiaçıya ödənilən əmək haqqının manatla əvəz edilməsi ilə bağlı məlumatının olması hissəsini araşdıraraq belə hesab edir ki, cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi 10 iyun 2011-ci il tarixli 51 saylı əmrə əsasən iddiaçıya ödənilən əmək haqqının manatla olan dəyərinin 850 manat məbləğində müəyyən edilmişdir. Daha sonra 12 sentyabr 2012-ci il tarixli məktuba əsasən isə iddiaçının əməkhaqqının artması ilə bağlı yəni 1082,39 ABŞ dollarından 1146,06 ABŞ dolları olması səbəbi ilə 900 manat həddində olması qeyd edilmişdir. İstinad edilən sənədlərdən bəlli olur ki, tərəflər dollarla ödənilməli olan əməkhaqqının azərbaycan manatına nisbətdə necə hesablanmalı olması ilə bağlı razılığa gəlmişlər və mərkəzi bankın rəsmi səhifəsinə uyğun olaraq istinad edilən dövr üzrə 1 ABŞ dollarının 1 AZN-nə olan məzənnəsinə dair hesablama aparılmışdır. Cavabdeh tərəf istinad edilən əmrin iddiaçı tərəfindən də imzalanmasını əmək müqaviləsinin dəyişdirilməsi ilə bağlı razılıq kimi qəbul edilməli olunmasına istinad etmiş və həmin sənədin əmək müqaviləsinə əlavə kimi qəbul edilməli olmasını qeyd etmişdir. Cavabdeh tərəfin mövqeyinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Beləliklə tərəflər arasında iddiaçıya məxsus əmək haqqının 900 manat müəyyən edilməsinə dair əmək müqaviləsinə hər hansı dəyişikliklər nəzərdə tutan razılaşma mövcud olmamışdır. Sözügedən razılaşma mövcud olsaydı belə, bu qanunvericiliyin tələblərinə zidd olardı. Belə ki, bu məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan əmək, sosial və iqtisadi normalara nisbətən işçilərin vəziyyətini pisləşdirən müqavilənin və sazişin şərtləri etibarsızdır. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin nümayəndəsi tərəfindən verilmiş ərizəyə qiymət verərək hesab edir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin tələblərinə əsaslanaraq hesab edir ki, pul tələbi ilə əlaqədar işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etmək hüququ mövcuddur. Hazırkı iş üzrə iddiaçının 2012-ci ildə əmək haqqı artırılaraq 1146,06 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Həmin pulun manatla məzənnəsi isə 900 manat həddində olmuşdur. Ölkədə baş vermiş devalvasiyadan sonra 21 fevral 2015-ci il tarixdən məzənnə fərqinin yaranmasına baxmayaraq, iddiaçı həmin dövrdən 2022-ci ilədək hər hansı iddia tələbi irəli sürməmişdir. O, hazırkı iddia tələbi ilə məhkəməyə 19 yanvar 2022-ci il tarixdə müraciət edərək, bir illik iddia müddətini ötürmüşdür. Yuxarıda sadalananlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən bütün istinad etdiyi dövrü əhatə edən tələb etmə müddəti ötürüldüyündən, iddia tələbi qismən təmin edilməli və yanvar 2021-ci il tarixdən iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi yanvar 2022-ci il tarixədək olan son bir illik müddətə aid olan əmək haqqı üzrə tam şəkildə ödənilməyən məbləğ iddiaçıya geri qaytarılmalıdır. İddiaçı tərəfin vəsatəti əsasında iddiaçıya ödənilməli olan əmək haqqının miqdarının müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 may 2022-ci il tarixli, 9/1430 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan sənədlərə əsasən İddiaçı əmək haqqı bank kart hesabı məlumatlarına əsasən 25 fevral 2015-ci il tarixdən 21 yanvar 2022-ci il tarixədək ümumilikdə 85.025,25 manat məbləğində pul vəsaiti mədaxil olunmuşdur. Tədqiqatla 21 fevral 2015-21 yanvar 2022-ci il tarixədək olan dövr üzrə (məzənnə fərqi və əmrlər nəzərə alınmaqla) İddiaçı ödənilməli olan əmək haqqı fərqi 69.943,38 manat məbləğində müəyyən olunmuşdur. İstinad edilən rəyə əsasən 2021-ci il üçün iddiaçıya ödənilməli olan əmək haqqı məbləği 11.302,61 manat, 2022-ci il üçün isə 844.64 manat olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Pakistan Milli Bankının Bakı Filialından ekspert rəyinə əsasən, 2021-ci il üçün iddiaçıya ödənilməli olan əmək haqqı məbləği 11.302,61 manat, 2022-ci il üçün isə 844.64 manat olmaqla, cəmi 12.147,25 manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarında olan ekspertizanın keçirilməsinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatının dəyəri 100 manatdır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 126.44 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Eyni zamanda, iş üzrə ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat cavabdeh Pakistan Milli Bankının Bakı Filialından alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Pakistan Milli Bankının Bakı Filialından əmək haqqı kimi 12.147,25 (on iki min yüz qırx yeddi manat iyirmi beş qəpik) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh Pakistan Milli Bankının Bakı Filialından 126.44 (bir yüz iyirmi altı manat qırx dörd qəpik) manat dövlət rüsumu və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-1560/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1560/2022
30.06.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver