Məhkəmə qərarları › İş №2(011)-1611/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1611/2023

16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1611/2023 16.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X5 qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh2, Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olmuş ünvan ünvanında yerləşən 0,0434 ha torpaq sahəsi ilə bağlı iddiaçının etibarnamə üzrə nümayəndəsi X2 ilə Cavabdeh2 arasında Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı Notariat Ofisində bağlanmış 18 fevral 2021-ci il tarixli, 4Ə-139 reyestr nömrəli alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı Daşınmaz Əmlakın dövlət reyestrindən Cavabdeh2 adına aparılmış qeydiyyat yazısının və onun adına verilmiş **********89 reyestr nömrəli, 06 mart 2021-ci il tarixli Çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 nömrəli sərəncamı ilə Buzovna tərəvəzçilik-südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0,10 hektar hesabı ilə 50 ailə üçün 5 hektar torpaq fondu, 1,5 hektar küçə altına olmaqla cəmi 6,5 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsindən fərdi yaşayış evi tikmək üçün iddiaçıya da verilmişdir. İddiaçı ona ayrılmış torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılması, özəlləşdirilməsi, Dövlət Reyestrindən çıxarışın və digər sənədlərin alınması, torpaq sahəsi üzərində sərəncam vermək, satmaq, bağışlamaq və digər səlahiyyətlər də daxil olmaqla Cavabdeh2 15 fevral 2021-ci il tarixdə Bakı şəhəri 40 saylı Notariat Ofisində etibarnamə vermişdir. Həmin etibarnamə verildiyi gündən iki gün sonra Xəyyam etibarnamənin üzərinə ləkə düşdüyü üçün oxunmasının mümkün olmadığını iddiaçıya bildirərək görüşmələrini xahiş etmişdir. İddiaçı etibarnamənin yenidən götürülməsi üçün iddiaçının Xəyyama etibarnamə verdiyi 40 saylı Notariat Ofisinə getmələrini istəmiş, Xəyyam isə oranın uzaq olduğunu, görüşdükləri yerə yaxın olan Əmlak Xidmətləri Məkanında Notariat Ofisinin olduğunu, etibarnamənin hazır olduğunu, sadəcə imza çəkmək lazım olduğunu bildirmişdir. İddiaçı Xəyyamı çoxdan tanıdığı və ona inandığı üçün onun təklifini qəbul edərək onunla birlikdə Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı Notariat Ofisinə getmiş, orada etibarnaməni oxumadan imza etmişdir. Bir neçə ay bundan əvvəl iddiaçıya məlum olmuşdur ki, o, Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı Notariat Ofisində Cavabdeh2 yox Xəyyamın oğlu X1 etibarnamə vermişdir və həmin etibarnamə əsasında X2 ilə atası Cavabdeh2 arasında bağlanmış 18 fevral 2021-ci il tarixli formal alğı-satqı müqaviləsi bağlanmış və iddiaçıya məxsus ünvan ünvanında yerləşən torpaq sahəsi Cavabdeh2 adına rəsmiləşdirilmiş, Dövlət Reyestrində onun adına qeydiyyatdan keçmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X4 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh2 teleqram ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə prosesinin başqa vaxta keçirilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Cavabdeh Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı Notariat Ofisi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, 15 fevral 2021-ci il tarixdə Bakı şəhəri 40 saylı Notariat Ofisində İddiaçı Cavabdeh2 etibarnamə vermiş, etibarnamə əsasında iddiaçıya məxsus ünvan ünvanında yerləşən torpaq sahəsi üzərində sərəncam vermək, satmaq, bağışlamaq daxil olmaqla bir sıra səlahiyyətlər cavabdehə verilmişdir. Daha sonra 17 fevral 2021-ci il tarixdə Əmlak Xidmətləri Məkanında 12 saylı Notariat Ofisində İddiaçı Cavabdeh2 oğlu X1 eyni məzmunda etibarnamə vermişdir. 18 fevral 2021-ci il tarixdə satıcı İddiaçı əvəzinə X2 ilə alıcı Cavabdeh2 arasında Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı Notariat Ofisində daşınmaz əmlakın alğısatqı müqaviləsi bağlanmış, ünvan ünvanında yerləşən torpaq sahəsi Cavabdeh2 satılmış, 06 mart 2021-ci il tarixli Çıxarışa əsasən torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onun adına rəsmiləşdirilmişdir. İddiaçı bu alğı-satqı müqaviləsini mübahisələndirmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 13-cü maddəsinin 1-ci bəndinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 1-ci bəndinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə uyğun olaraq Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 362.1-ci maddəsinə görə, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı: İlk növbədə aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. İşə baxan məhkəmənin mövqeyi: Hazırkı iş üzrə iddiaçı tərəf Cavabdeh2 ilə onun oğlu arasında bağlanmış və notariat ofisində təsdiq edilmiş alğı-satqı müqaviləsinin aldatma yolu ilə bağlanmasına istinad edərək qanunun müddəalarına uyğun olaraq müqavilənin etibarsız hesab edilməsini və onun nəticələrinin ləğv edilməsini xahiş etmişdir. Hazırkı mülki iş materiallarından görünür ki, iddiaçı Cavabdeh2 torpaq sahəsinin rəsmiləşdirilməsi ilə bağlı 15 fevral 2021-ci il tarixdə etibarnamə vermişdir. İddiaçının iddiasına əsasən o bu etibarnaməni ona aid torpaq sahəsi üzrə sənədləşmə işlərinin aparılması üçün vermişdir. 17 fevral 2021-ci il tarixdə iddiaçının istinadına əsasən cavabdeh etibarnamənin üzərinə ləkə düşməsi səbəbindən ona ikinci etibarnamənin verilməsinə nail olmuşdur. İddiaçı etibarnamə yenidən dostu və uzun müddətdir tanıdığı Cavabdeh2 verdiyini düşündüyündən etibarnamənin mətni ilə tanış olmadan imza etmişdir. İş materiallarında olan 17 fevral 2021 tarixli etibarnamənin mətnindən görünür ki, iddiaçıya aid torpaq sahəsinə birinci etibarnamə verilən tarixdə, yəni 15 fevral 2021-ci il tarixdə iddiaçının adına ünvan ünvanında yerləşən 0,0434 ha torpaq sahəsinə dair çıxarış verilmişdir. Cavabdeh iddiaçının adına çıxarış aldıqdan sonra iddiaçını yenidən notariat kontoruna apararaq bu dəfə oğlu X7 adına etibarnamə verilməsinə nail olmuşdur. Bundan sonra o, 18 fevral 2021-ci il tarixdə iddiaçıya məxsus torpaq sahəsinə dair oğlu ilə (iddiaçının adından) özü arasında alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsinə nail olmuşdur. Mülki qanunvericiliyin tələblərinə əsasən, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz (AR MM-nin 359.3-cü maddəsi). Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. Yuxarıda istinad olunan hallar məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, alğısatqı müqaviləsi etibarsızdır. Belə ki, Mülki Məcəlləyə əsasən məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Hazırkı işdən görünür ki, cavabdeh iddiaçının etibarından sui-istifadə edərək onun iradəsinə zidd olaraq alğı-satqı müqaviləsini öz xeyrinə bağlanmasına nail olmuşdur. Belə ki, iş materiallarında və araşdırmanın nəticəsindən bunun əksini aşkar etmək mümkün olmamışdır. Cavabdeh məhkəmənin gedişatından xəbardar olmuş, məhkəmə iclaslarında iştirak etməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş və iddiaçının iddiasını təkzib edəcək hər hansı dəlil, sənəd, sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması nəticəsində iddiaçının verdiyi etibarnamə əsasında iddiaçının maraqları daxilində əqd bağlanması halı aşkar edilməmiş, bunun əksi olaraq cavabdehin maraqları daxilində hərəkət etməsi müəyyən edilmişdir. Bu hal isə birbaşa məcəllənin tələblərinin pozulması deməkdir. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi bildirmişdir ki, iddiaçıya aid torpaq sahəsi onun ata-anasına məxsus torpaq sahəsi ilə həmsərhəddir. İddiaçı 2022-ci ilin əvvəllərində atasının evində olduğu zaman cavabdeh polislə birlikdə həmin ünvana gələrək iddiaçının torpaq sahəsindən çıxmasını tələb etmişdir. Əsas olaraq da alğı-satqı müqaviləsini gətirmişdir. İddiaçı yalnız bu məsələdən sonra aldandığını bilmişdir. Bundan sonra o, dəfələrlə cavabdehlə əlaqə saxlamağa çalışsa da, cavabdeh bu günə qədər də onunla görüşməkdən imtina etmişdir. Buna görə də o, məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Beləliklə, məhkəmə qeyd edir ki, 18 fevral 2021-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsi etibarsızdır. Belə olan halda iddia tələbi təmin edilməli, iddiaçıya məxsus olmuş ünvan ünvanında yerləşən 0,0434 ha torpaq sahəsi ilə bağlı iddiaçının etibarnamə üzrə nümayəndəsi X2 ilə Cavabdeh2 arasında Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı Notariat Ofisində bağlanmış 18 fevral 2021-ci il tarixli, 4Ə-139 reyestr nömrəli alğı-satqı müqaviləsi etibarsız hesab edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı Daşınmaz Əmlakın dövlət reyestrindən Cavabdeh2 adına aparılmış qeydiyyat yazısı və onun adına verilmiş **********89 reyestr nömrəli, 06 mart 2021-ci il tarixli Çıxarış ləğv olunmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, cavabdehlərdən 100 manat dövlət rüsumu alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçıya məxsus olmuş ünvan ünvanında yerləşən 0,0434 ha torpaq sahəsi ilə bağlı iddiaçının etibarnamə üzrə nümayəndəsi X2 ilə Cavabdeh2 arasında Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı Notariat Ofisində bağlanmış 18 fevral 2021-ci il tarixli, 4Ə-139 reyestr nömrəli alğı-satqı müqaviləsi etibarsız hesab edilsin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı Daşınmaz Əmlakın dövlət reyestrindən Cavabdeh2 adına aparılmış qeydiyyat yazısı və onun adına verilmiş **********89 reyestr nömrəli, 06 mart 2021-ci il tarixli Çıxarış ləğv edilsin. Cavabdehlərdən müştərək qaydada 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar