Məhkəmə qərarları › İş №2(011)-1619/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1619/2022

02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1619/2022 02.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1700 manat məbləğində sığorta ödənişinin, 37,40 manat məbəğində dövlət rüsumunun, cəmi 1737,40 manat məbləğində pulun Cavabdeh tutulub iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13.09.2021-ci il tarixində Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ yolunda "Bakı Sığorta” ASC-də "Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış "Mercedes Benz 190 minik” markalı, ** OB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən, yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə X3 idarə etdiyi “Mercedes Benz minik” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir.AR DİN Suraxanı RPİ DYPŞ-nın “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə” arayışına, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən, “Mercedes Benz 190 minik” markalı, ** OB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmişdir. Daha sonra Cavabdeh AR İXM-nin 327.1 və 332.4-cü maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmışdır. Həmin məhkəmənin 15.09.2021-ci il tarixli, 3(010)-1160/2021 saylı qərarına əsasən Cavabdeh AR İXM-nin 327.1 və 332.4-cü maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. İXP ******* saylı inzibati xəta haqqında protokoldan və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15.09.2021 -ci il tarixli, 3(010)-1160/2021 saylı qərarından məlum olur ki, Cavabdeh “Mercedes Benz 190 minik” markalı, ** OB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmadan idarə etmişdir, “Mercedes Benz 190 minik” markalı, ** OB *** dövlət qeydiyyat nişanlı avtomobilin PBA********** saylı sığorta şəhadətnaməsindən (müqavilə) göründüyü kimi, həmin avtomobil “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə "xxxx" ASC tərəfindən sığortalanmışdır, əmlaka dəymiş zərərin qiymətləndirilməsinə dair akta əsasən hadisə nəticəsində “Mercedes Benz minik” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1700 məbləğində müəyyən edilmişdir. 07.10.2021 -ci il tarixli, 674/21 saylı sığorta aktına və 08.10.2021-ci il tarixli, №AZ0010564 saylı ödəniş tapşırığına əsasən 1700 manat məbləğində sığorta ödənişi hadisə nəticəsində zərər dəymiş “Mercedes Benz minik” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3 "xxxx" ASC-də olan hesabına köçürülmüşdür. 04.10.2021 -ci il tarixli, BS-C-21/3883 saylı Geriyə tələb (subroqasiya) məktublarından görünür ki, "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 1700 manat məbləğində sığorta ödənişinin 5 gün müddətində cavabdeh tərəfindən geri ödənilməsi tələb edilmişdir. AD № 838918 saylı X2 Şəhadətnaməsindən məlum olur ki, “Mercedes Benz 190 minik” markalı, ** OB *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan AD № 838918 saylı X2 şəhdaətnaməsinin surətindən görünür ki, Mercedes Benz 190 minik markalı **-OB-*** dövlət qeydiyyat nişanlı maşının sahibi Cavabdehdur. İş materiallarında olan AD № 259796 saylı X2 şəhdaətnaməsinin surətindən görünür ki, Mercedes Benz minik markalı **-CH-*** dövlət qeydiyyat nişanlı maşının sahibi X7r. İş materiallarında olan ƏN-İİ-№ 10255 saylı 05.08.2007-ci il tarixli etibarnamənin surətindən görünür ki, X1 Benz minik markalı **-CH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 04.07.2027-ci il tarixədək X4 idarə etməyi, qeydiyyatdan çıxarmağı, qeydiyyat salmağı, bağışlamağı və s. səlahiyyətləri vermişdir. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, Xətai rayon DYPŞ bildirir ki, 2021-09-13 il tarixdə saat 10:55 dəqiqədə Hövsan Zığ yolu yol-nəqliyyat hadisəsi baş vermişdir, hadisənin növü toqquşmadır, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan avtomobilin mülkiyyətçisi və sürücüsü Cavabdehdur, avtonəqliyyat vasitəsi Mercedes Benz 190 minik markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobildir, zərərçəkən maşının mülkiyyətçisi X10, hadisə zamanı idarə edən X5r. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 3(010)-1160/2021 saylı 15.09.2021-ci il tarixli Qərarı ilə işin müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 13.09.2021-ci il tarixdə 10:55 radələrində idarə etdiyi Mercedes Benz 190 minik markalı **-OB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən yol nişanlarının tələblərinə əməl etməmiş, və X3 idarə etdiyi Mercedes Benz minik markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur.Həmin Qərar ilə Cavabdeh Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə təqsirli bilinərək, 400 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan 13.09.2021-ci il tarixli İXP ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh AR İXM-nin 327.1-Ci və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş xətanı törətmişdir. İş materiallarında olan əmlaka dəymiş zərərin qiymətləndirilməsinə dair AKT-ın surətindən görünür ki, Mercedes E220 **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin yekun cəmi ehtiyat hissələr və görülən iş nəzərə alınmaqla 1700 manatdır. İş materiallarında olan 07.10.2021-ci il tarixli 674/21 iş PBA-382/21 nömrəli “Sığorta aktı”-nın surətindən görünür ki, sığorta növü Avtonəqliyyat vasitəsi sahilərinin mülki məsuliyyətinin icbari sığortasıdır, sığortalı Cavabdehdur, sığorta predmeti “Mercedes Benz” minik markalı **-CH-*** dövlət qeydiyyat nişanlı maşındır, sığorta başlama tarixi 11.05.2021, sığorta bitmə tarixi 11.05.2022-ci ildir, 1700 manat sığorta ödənişi X3 "xxxx" ASC Nizami filialında olan hesabına ödənilmişdir. İş materiallarında olan 08.10.2021-ci il tarixli AZ0010564 №-li ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən X4 071021 tarixli akt, 674 21 PBA 382 21 müqavilə təyinatı və əsası ilə 1700 manat ödənilmişdir. İş materiallarında olan 18.01.2022-ci il tarixli ********* saylı ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 37,40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh məxsus “Mercedes Benz 190” minik markalı **-OB-*** dövlət qeydiyyat nişanlı minik markalı nəqliyyat vasitəsi iddiaçı "xxxx" ASC tərəfindən 11.05.2021-ci il tarixdə “Avtonəqliyyat vasitəsi sahilərinin mülki məsuliyyətinin icbari sığortası” növündə sığortalanmışdır, cavabdeh tərəfindən idarə olunan həmin avtomobil 13.09.2021-ci il tarixdə etibarnamə əsasında X6 tərəfindən idarə olunan “Mercedes Benz” minik markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sonuncuya zərər dəymiş, cavabdeh isə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 3(010)-1160/2021 saylı 15.09.2021-ci il tarixli Qərarı ilə İXM-nin 327.1 və 332.4-cü maddələri ilə təqsirli bilinərək cərimə olunmuşdur, iddiaçı tərəfindən zərərçəkən M.Ə.Şahbalayevə 1700 manat sığorta ödənişi edilmişdir. Məhkəmə hesab edir ki, zədələnmiş avtomobilin sahibinə dəymiş zərər iddiaçı tərəfindən aradan qaldırıldığından, o, sığorta ödənişini subroqasiya qaydasında cavabehdən tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya ərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-cü maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, 1700 manat pul vəsaiti Cavabdeh alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırki iddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından 37,40 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1700 (min yeddi yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37 (otuz yeddi) manat 40 (qırx) qəpik tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar